02 oktyabr 2026 16:03
187

Güclü dövlətin sosial siyasəti

Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünə nail olmaq, daxili siyasətin sosialyönümlüyünü ön planda saxlamaq, vətəndaşların sosial rifah halını yaxşılaşdırmaqdan ibarətdir. Azərbaycanda da dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial  problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Ölkə əhalisinin layiqli həyat səviyyəsini təmin etmək və sosial rifahını yüksəltmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir. Bir tərəfdən düşünülmüş və ardıcıl olaraq həyata keçirilən islahatların nəticəsi, digər tərəfdən isə Prezident İlham Əliyevin cəsarətli, inamlı addımları ölkə vətəndaşlarının gələcəyinə hesablanmış qətiyyətli siyasətinin təzahürüdür.

Təsadüfi deyil ki, son illərdə 5 sosial islahat paketi reallaşdırılıb və bu paketlərin maliyyə təminatı üçün dövlət büdcəsindən illik əlavə olaraq 8 milyard manat vəsait ayrılıb. Bu islahatlar minimum və orta aylıq pensiyada 3 dəfə, müavinət və təqaüd ödənişlərində 5 dəfə artımla nəticələnib. Hazırda dövlət büdcəsinin 40 faizdən çoxu sosialyönümlü xərclərin maliyyələşdirilməsinə yönəldilir. Əməkhaqları, pensiya, təqaüd və müavinətlərin, digər sosial ödənişlərin ardıcıl olaraq və dəfələrlə artımı təmin edilir. Bu artımlar bilavasitə dövlət siyasətinin əsasını təşkil edən “insan amili” prinsipinə söykənir. Prezident İlham Əliyev bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib. Dövlət başçısı rəsmi göstəriş verildiyini bəyan edib və bu addımların əhalinin rifahının yaxşılaşdırılmasına yönəlmiş müntəzəm uğurlu sosial siyasətin bir tərkib hissəsi olduğunu vurğulayıb: “Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq”.

İqtisadi proqnozlara əsasən, bu artımlar ölkədəki ortaaylıq əməkhaqqının artım tempinə və inflyasiya göstəricilərinə uyğunlaşdırılacaq. Qeyd edək ki, 2026-cı ilin əvvəlində pensiyalar 9,3 faiz artırılmışdı. Növbəti ümumi artım isə 2027-ci ilin yanvar ayında qanunvericiliyə uyğun olaraq 2026-cı il üzrə orta aylıq əməkhaqqının rəsmi artım faizinə uyğun şəkildə indeksləşdirilərək həyata keçiriləcək. Milli Məclisdə qəbul edilən yeni dəyişikliklərə əsasən, dövlət qulluqçuları, deputat və diplomatların pensiya təminatında köklü islahatlar aparılır, sistem fərdi hesabdakı kapitala əsaslanan vahid sığorta prinsipinə keçir və pensiya təyinatları proaktiv (elektron) formaya keçirilir. Bu tədbirlər və mütəmadi olaraq həyata keçirilən sosial islahat paketləri dövlətin vətəndaşların sosial müdafiəsini gücləndirmək xəttinə sadiqliyini nümayiş etdirir.

Bu yanaşma onu göstərir ki, sosial rifah yalnız bugünkü deyil, gələcək nəsillərin də maraqları nəzərə alınmaqla təmin edilir. Azərbaycanın borclanmaya getmədən, gələcək nəsilləri risk altına atmadan sosial öhdəliklərini yerinə yetirməsi məsuliyyətli dövlət idarəçiliyinin nümunəsidir.

Sevinc Azadi, “İki sahil”