01 mart 2016 14:17
397

"Neftsiz Azərbaycan"ın perspektivi

Avropanın xilaskarı

"Avropa  ölkələri onları çətin vəziyyətdə qoyan enerji  infrastrukturu mirasından əziyyət çəkirlər. Bu ölkələr vahid dominant tədarükçü olan Rusiyadan qaz almaq məcburiyyətindədirlər. Rusiya isə bu mövqeyindən iqtisadi və siyasi təsir vasitəsi kimi istifadə edir,  Avropanı özünün siyasi qərarlarına tabe etdirmək üçün fakt  qarşısında qoyur". Bu sözləri  ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn iki ay öncə Azərbaycan KİV-nə (Trend İnformasiya Agentliyinə) verdiyi  müsahibədə bildirmişdi. Sonradan həmin müsahibə ABŞ-ın transmilli KİV-lərində də yerləşdirilərək super dövlətin Avropanın mövcud durumuna baxışı kimi yayılmışdı (http://www.amerikaninsesi.org/content/amos_hokstayn/3155845.html). Avropanı mövcud asılılıqdan xilas etmək üçün planlaşdırılan layihələr arasında ABŞ təmsilçisi ön sırada   "Cənub Qaz Dəhlizi"nə istinad etmişdi. Bildirmişdi  ki, "Cənub Qaz Dəhlizi" Azərbaycandan  təbii qazı Avropaya çatdırmaqla, yeni marşrut üzrə qaz tədarükünü təmin edəcək, Avropanı Rusiyanın asılılığndan xilas edəcək: "Azərbaycan Avropanın milli və iqtisadi təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır və oynayacaq". 

ABŞ təmsilçisinin bu açıqlaması Azərbaycan əhalisinin depressiv dönəminə  - ölkəyə valyuta gətirən yeganə strateji məhsulun - neftin qiymətinin minimuma endiyi və ümumiyyətlə neft hasilatının azaldığı, milli valyutanın  dəyər  itirdiyi,  perspektivlə bağlı fikirlərin bulandığı bir vaxta təsadüf etdiyi üçün ciddi diqqət qazanmadı. Ölkənin strateji əhəmiyyətinin neftlə bağlı olduğunu, dünyada neft istehsalının artması ilə Azərbaycanın  Qərb üçün strateji əhəmiyyətini itirdiyini, təbii qazla bağlı söylənilənlərin isə gerçəklikdən uzaq, hələ ideya formasında olduğunu  iddia edən düşmən təbliğatı Azərbaycanın perespektivinə olan inamın qırılmasına yönəldi.  Amma ortadan keçən qısa zaman kəsiyi göstərdi ki,  Azərbaycanın dünya, xüsusən Avropa üçün strateji əhəmiyyəti təkcə neftlə bağlı deyil. O, nəinki strateji əhəmiyyətini itirməyib, əksinə, hətta "Avropanın xilaskarı"  rolunda çıxış edə biləcək qədər əhəmiyyətlidir. Fevralın 29-da Bakıda "Cənub Qaz Dəhlizi" (CQD) Məşvərət Şurasının II iclası keçirildi. Layihədə iştirakçı olan ölkələrlə yanaşı, CQD-yə siyasi himayədarlıq edən  ABŞ və Avropa Birliyi rəsmilərinin də toplantıya qatılmaları onun əhəmiyyəti barədə təsəvvür formalaşdırdı.  Məlum oldu ki, 2017-ci ilin sonlarınadək istifadəyə verilməsi planlaşdırılan 3500 km-lik kəmər təkcə "Şahdəniz mərhələ-2" qazını Avropaya çatdırmaq üçün nəzərdə tutulmayıb. O,  İran da daxil olmaqla regionda qaz ixracatçısı olan ölkələri Avropaya həm iqtisadi, həm də siyasi baxımdan bağlayacaq bir  proqram  olaraq nəzərdə tutulub. Kəmər Avropa ilə yanaşı, qardaş Türkiyəni də  Rusiyanın enerji asılılığından xilas edəcək bir infrastruktur olmaqla təkcə iqtisadi əhəmiyyət daşımır, həm də ciddi siyasi çalarlara malikdir. 

Azərbaycanın mənfəəti

CQBK  (Cənubi Qafqaz Boru Kəməri - Azərbaycan və Gürcüstan ərazisindən keçir), TANAP (Trans-Anadolu Qaz Kəməri - təbii qazı Türkiyənin şərqindən qərb sərhədinə daşıyacaq) və  TAP (Trans-Adriatik Boru Kəməri - qazı Türkiyənin qərbindən Yunanıstan və Avropa bazarına çatdıracaq) (http://musavat.com/news/siyaset/bu-gun-bakida-boyuk-guclerin-helledici-sammiti-kechirilir-sensasion-gelishmeler_329389.html) daxil olmaqla üç mərhələni birləşdirən "Cənub Qaz Dəhlizi" Avropa qədər Azərbaycan üçün də həyati əhəmiyyət daşıyır. Təsəvvür formalaşması üçün  bildirək ki,  2013-cü ildə Azərbaycan  7.3 milyard m3 qaz ixrac edib. Qarşılığında ölkəyə 701 980.20  ABŞ dolları məbləğində vəsait daxil olub (http://www.customs.gov.az/statistika/2013.12.pdf). Hazırda ixracat 8,3 milyard m3 həcmindədir. Perspektiv qaz kəmərləri reallaşandan sonra, ilkin mərhələdə Azərbaycanın 16  milyard m3 qaz ixrac edəcəyi planlaşdırılır ki, bu da indikindən təxminən 2 dəfə çoxdur. Kəmərin tam genişləndirilməsindən sonra isə (təqribən  2025-ci ilə təsadüf edir) qaz ixracının orta hesabla hər il  60 milyard m3-ə qədər artırılması nəzərdə tutulur.  Bu isə  hazırki ixracdan 7 dəfə artıq qaz ixracı və gəlir deməkdir. Neft qiymətlərinin minimuma  düşdüyü indiki  halda da  ölkəyə neft satışından gündəlik orta  hesabla 18-18.8 milyon dollar vəsait daxil olduğunu (orta hesabla təxminən 700 milyon barrel neft ixrac edilir)  nəzərə alsaq, onda təbii qaz layihələrinin reallaşdırılması və indiki  minimal neft hasilatı ilə  Azərbaycanın əvvəlki valyuta ehtiyatlarını bərpa edəcəyi gözləniləndir. 
Amma Azərbaycanın neftsiz dövr üçün  hazırladığı strateji gəlir mənbələri təkcə təbii qaz ixracı layihələri ilə  yekunlaşmır. Ölkə tranzit nəqliyyat dəhlizlərindən ciddi valyuta gəlirləri əldə etmək niyyətindədir. Mütəxəssislərin hesablamalarına görə, Şimal-Cənub, Qərb-Şərq nəqliyyat dəhlizlərinin aktivləşdirilməsindən sonra ölkənin bu sektor üzrə gəlirləri də minimum milyard dollarla ölçüləcək. 
Neft və qaz marşrutlarında olduğu kimi, nəqliyyat marşrutları da təkcə iqtisadi gəlirlərə hesablanmayıb. Azərbaycanın nəqliyyat marşrutlarının strateji əhəmiyyətini Ukraynanın baş naziri Arseniy Yatsenyuk belə izah etdi  ki, "Azərbaycanın xəttə qoşulması ilə gerçəkləşdirilən Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu - Ukraynanı Rusiyanın blokadasından xilas etdi" (http://turkustan.info/1820-Ukrayna-Rusiyan%C4%B1n-blokadas%C4%B1ndan-X%C4%B0LAS-OLDU.html). Təsadüfi deyil ki, Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə hərəkət edən ilk  konteyner qatarının Çinə çatması  yanvarın 14-də Bakıda bayram törəni kimi qeyd edildi. Elan edildi ki, bu yol həm iqtisadi baxımdan əlverişlidir (Ukraynadan başlanıb son nöqtəyə çatan marşrut vaxtı 15 sutkadan 10 sutkayadək azalır), həm də siyasi baxımından ciddi əhəmiyyət daşıyır: "İpək yolu"na yalnız Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan və Çin deyil, eyni zamanda Avropa İttifaqı ölkələri də birləşəcək. Bunun nəticəsində qatar Klaypedadan (Litva ) Çinədək hərəkət edəcək".
Azərbaycanın iradəsi ilə gerçəkləşdirilən yeni qaz və nəqliyyat marşrutlarının əhəmiyyətini Avropa siyasi dairələrinin dilindən səslənən bəyanatlar bir daha təsdiqləyir. "Cənub Qaz Dəhlizi" (CQD) Məşvərət Şurasının II iclasına qatılan  Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi  Federika  Mogerininin  bəyanatları buna sübutdur.  Xanım Mogerini Bakıda təkcə iqtisadi layihələr barədə danışmadı, həm də ciddi siyasi bəyanatlar verdi.  Dağlıq Qarabağ münaqişəsinin Avropa İttifaqı üçün (Aİ)  prioritet olaraq qalmasını vurğulayan xanım Azərbaycanın mənafeyinə uyğun tezislərə üstünlük verdi (http://news.milli.az/karabah/412058.html). 

Erməni təxribatı

Məlumat üçün bildirək ki, Azərbaycan qeyd edilən marşrut layihələrini əldə etməsi heç də asan başa gəlməyib. Eyni layihəyə Ermənistan və onun himayədarları da ciddi şəkildə iddia ediblər. 
2016-cı ilin yanvar ayında  Ermənistan nəqliyyat və rabitə naziri Qaqik Beqlaryan Yerevanla Tehran arasında Hindistanı Avropa ilə (İran-Ermənistan-Gürcüstan-Qara dəniz marşrutu ilə) birləşdircək yeni beynəlxalq nəqliyyat dəhlizinin yaradılması barədə razılıq əldə olunduğunu bildirmişdi. "Azadlıq" radiosuna açıqlamasında Beqlaryan bildirmişdi ki, onların hesablamalarına görə, bu yol Azərbaycan və Türkiyədən keçən yoldan daha qısa və ucuz olduğu üçün Avropadan dəstək alacaq. Amma Azərbaycan strateqləri ermənilərin bu arzusunu da gözlərində qoymağı bacardılar. Təhlillər göstərir ki, neftin qiymət və hasilatının azalmasına baxmayaraq, düşünülmüş strateji addımlar Azərbaycanın strateji əhəmiyyətinin azalmasının qarşısını ala bilib.