19 aprel 2021 11:51
1031

Neft sənayesi üzrə ali təhsil alan ilk azərbaycanlı qadın - VİDEO

Şərqdə ilk dəfə səsvermə hüququ qazanan Azərbaycan qadını hər zaman bilik və bacarığı ilə ilklərə imza atıb.

SOCAR “telegram” səhifəsində ilk qadın nazirimiz Tahirə Tahirova haqqında paylaşım edib.

Paylaşımda qeyd olunur ki, neft sənayesi üzrə ali təhsil alan ilk azərbaycanlı qadın mütəxəssis, ilk qadın nazirimiz – xarici işlər naziri Tahirə Tahirovadır.

Məlumat üçün billdirək ki, Diplomat xanım 1913-cü il noyabr ayının 7-də Türkmənistanın Bayraməli vilayətində ziyalı ailəsində anadan olub. O, müsəlman aləmində böyük hörmətə və ensklopedik biliyə malik şuşalı Şeyxülislam Mirzə Həsən Tahirzadənin nəvəsi idi.  1935-ci ildə Azərbaycan Sənaye İnstitutunu (AzSİ) bitirib. Neft sənayesi üzrə ali təhsil alan ilk azərbaycanlı qadın-mütəxəssis əmək fəaliyyətinə 1936-cı ildən elmi işçi kimi başlayıb, 1940-cı ildə isə Azərbaycan Neft Elmi-Tədqiqat İnstitutuna direktor təyin olunub. Böyük Vətən müharibəsi dövründə cəbhənin fasiləsiz neft təchizatına cavabdeh olub.

Yüksək postlarda çalışan T.Tahirova 1957 -ildə Azərbaycan SSR Xarici İşlər naziri vəzifəsinə təyin olunsa da, icrasına 1959-cu ildən başlayır və 1983-cü ildə nazirlik fəaliyyətinə son qoyur. SSRİ Ali Sovetinin (4-cü çağırış), Azərb. SSR Ali Sovetinin (3, 5, 7-ci çağırış) deputatı olub.

Tahirə Tahirova 1991 ci il, oktyabrın 26-da Bakıda vəfat etmişdir.