“MOLLA NƏSRƏDDİN” – 115
Bizim milli varlığımızı mədəni təməllərə bağlayan, Azərbaycançılığın ən vacib atributu olan dilimizdir. Hər şey dildən başlayır. Xalqın dilini onun çoxəsrlik həyatının güzgüsü, nəsillər arasında ötürücü əlaqə, yaddaş vasitəsi, xalqın tam və həqiqi tarixidir. Dil xalqın mahiyyəti deməkdir. Əgər o yox olarsa, xalq da yer üzündən silinər. Ona görə də, bu doğma dilimizin yad təsirlərdən qorunması, inkişaf etməsi və yüksək səviyyə qaldırılması uğrunda mübarizədə Azərbaycan ziyalısı həmişə öz mövqeyini ortaya qoyub. Ana dilinin saflığı və inkişaf etdirilməsi uğrunda mübarizə ideyası mollanəsrəddinçilərin Azərbaycançılıq ideyasının əsas tərkib hissələrindən biri idi. Bu cəhətdən Azərbaycan milli ictimai fikir tarixində mühüm yeniliklər həyata keçirən “Molla Nəsrəddin” jurnalı həm də milli ədəbi dil kimi Azərbaycan dilinin kütləviləşməsi və inkişafına misilsiz xidmət göstərmişdir. Bu baxımdan XIX əsrin ikinci yarısında ana dilimizin saflığı uğrunda M.F.Axundzadə və H.B.Zərdabi tərəfindən aparılan mübarizəni XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə və naşiri olduğu "Molla Nəsrəddin" jurnalı davam etdirmişdir. “Molla Nəsrəddin” jurnalının yaratdığı “Molla Nəsrddin” məktəbi və ədəbi cəbhəsinə çevrildiyi Azərbaycan tənqidi realistləri “türkün açıq ana dilində” yazmaq və danışmaq ənənəsini formalaşdırmaqla XX əsr Azərbaycan ədəbi dilinin inkişafına vəsilə oldular. Bu baxımdan dosent Ramiz Qasımov haqlı olaraq yazır ki, XX əsrdə Azərbaycan ədəbi dilinin formalaşması və inkişafında tənqidi realistlərin mühüm rolu olmuşdur. “...xalqın ən sadəsini, sadə avam xalq kütlələrindən başlamış, bütün geniş kütlələri vahid milli amal, məqsəd naminə oyatmaq, vəzifələrini başa salmaq üçün onların anlaya biləcəyi dildən danışmaq da konkret yaradıcılıq tərzi olaraq ortaya çıxdı və ənənəyə çevrildi”. Bu baxımdan qüdrətli söz ustadı Cəlil Məmmədquluzadənin, redaktoru olduğu “Molla Nəsrəddin” jurnalı və ümumən mollanəsrəddinçilərin xalqın səadəti, azadlığı və tərəqqisi naminə apardıqları mücadilənin əsasını ana dilinin saflığı, təmizliyi uğrunda mübarizə təşkil etmişdir. ”Molla Nəsrəddin” satirik jurnalında fəaliyyət göstərən ədəbi qüvvələr millətin oyanışına xidməti ön plana çəkirdilər, çünki Azərbaycanın milli oyanışı milli ideya uğrunda mübarizə hərəkatının çox mühüm tərkib hissəsidir. Klassik bədii və publisistk söz sənətimizdə bu cəhətin dərindən dərk edildiyi daha çox duyulmaqdadır”. Mollanəsrəddinçilərin hamısı Azərbaycan ədəbiyyatına istiqlal düşüncəsi gətirən Cəlil Məmmədquluzadənin ideyasından çıxış edirdilər.
Azərbaycanın görkəmli maarifçiləri M.F.Axundov, H.B.Zərdabi, M.Ə.Sabir, F.Köçərli, R.Əfəndiyev, N.Nərimanov, M.T.Sidqi, C.Məmmədquluzadə, M.Mahmudbəyov, Ü.Hacıbəyov və başqaları bütün fəaliyyətləri boyu məktəblərdə ana dillinin tədris edilməsi və ana dilli məktəblərin açılması uğrunda mübarizə aparmışlar. Onlar xalq maarifi uğrundakı mübarizəni, xalqı maarifləndirməyin ən güclü silahı olan ana dilinin saflığı və inkişafı uğrundakı mübarizə ilə əlaqələndirirdilər.
Azərbaycan maarifçilərinin ana dilində məktəb açmaq fikirlərini C.Məmmədquluzadə ürəkdən bəyənmiş və “Molla Nəsrəddin” jurnalını da ana dilində nəşr etmişdi. C.Məmmədquluzadə ömrünün axırına kimi ana dilinin saflığı, təmizliyi uğrunda mübarizə aparmış, onu hər cür yad təsirlərdən qorumağa çalışmışdır. Sənətkarın ədəbi-bədii yaradıcılığında ədəbi dilin saflığına göstərdiyi sayıq münasibət publisistik əsərlərində danışıq dilinə də ünvanlanırdı. Onun naşiri olduğu "Molla Nəsrəddin" jurnalında çap olunan "Dil", "Əlifba", "Dərs kitablarımız", "Ana dili" və bu qəbildən olan bir sıra məqalələri məhz ana dili probleminə həsr olunmuşdur.
“Molla Nəsrəddin” jurnalında millətə milli mənlik şüuru aşılamaq, mənəvi dirilik dərsi keçmək üçün təlimin ana dilində aparılması ideyası geniş surətdə təbliğ edilir, ana dilinin tədrisi bütün təlim işinin mərkəzinə qoyulurdu. “Molla Nəsrəddin” jurnalı ilk nömrədən başlayaraq sonuncu nömrəyə kimi ana dilində yazdı.
Heç də təsadüfü deyil ki, birinci nömrəsini “…ey mənim türk (azərbaycanlı) qardaşlarım mən ki, siz ilə türkün açıq ana dili ilə danışıram. Mən onu bilirəm ki, türk dili danışmaq eybdir və şəxsin elmimin azlığına dəlalət edir. Amma hərdən bir keçmiş günləri yad etmək lazımdır: salınız yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk dilində lay-lay deyirdi… hərdən bir ana dilini danışmaq ilə keçmişdəki gözəl günləri yad etməyin nə eybi var! – sözləri ilə başlayan “Molla Nəsrəddin” jurnalı son nömrəyə kimi öz sözünə sadiq qaldı, ana dilinə ehtiram göstərdi və onun fəal təbliğatçısına çevrildi. Jurnalın ilk nömrəsində dərc edilmiş “məcmuəmizə müştəri olanlara nəsihət”də əks mənada başa düşüləcək beş nəsihət verilirdi. Həmin “Nəsihət”də göstərilirdi ki, “məktubları elə bir dildə yazın ki, bir dənə türk kəlməsi olmasın. Türkcə yazmaq eybdir”.
“Molla Nəsrəddin” jurnalı Azərbaycan dilinin varlığı, yaşaması və tərəqqisi üçün ən mühüm vasitəni xalqın siyasi hüquqa malik olmasını, onun rəsmi dövlət dili olması hesab edirdi. Çarizm zamanı qeyri rus millətlərinin, o cümlədən, Azərbaycan xalqının da heç bir siyasi hüququ yox idi. Jurnal hüquq bərabərsizliyinə qarşı mübarizə aparırdı. “Molla Nəsrəddin” jurnalı Azərbaycan məktəblərində ana dilinin tədris edilməsini hərarətlə təbliğ etmiş və onun böyük carçısı olmuşdur. Ona görə də jurnalın apardığı mübarizə xalqını sevən, onun gələcəyini düşünən insanlar tərəfindən alqışlanırdı. “Molla Nəsrəddin” jurnalının ortaya atdığı hər bir ideya maarifçilər, maarifpərvərlər, məktəbdarlar tərəfindən dəstəklənir, elmi mübahisələr genişlənirdi. Jurnal öz fikrini açıq yazaraq, xalqı başa salırdı ki, ana dilini unutmaq olmaz, uşaqlarınızı ana dilində oxutdurun, ana dilində məktəblərin açılmasına kömək edin. “Ax, necə arzu edərdim ki, mən də sahibixtiyar olub, ürəyimin dərdlərini meydana qoyub intişar edə biləm” – deyən böyük maarifçi C.Məmmədquluzadənin arzu etdiyi bu fikirlər Azərbaycanın mütərəqqi fikirli adamlarının hamısını düşündürən ideyalar idi.
“Molla Nəsrəddin” jurnalı Azərbaycan xalqına axıra qədər sadiq qaldı, onun özü qədər qədim mədəniyyətinə və dilinə hörmət bəslədi. Ana dilinin əhəmiyyəti və məktəblərdə onun tədrisinin jurnal səhifələrində ardıcıl olaraq irəli sürülməsi Azərbaycan pedaqoji fikrinin inkişafına müsbət təsir edirdi. Bu, mütərəqqi ziyalıları ruhlandırır və onlara yeni qüvvə verirdi. “Molla Nəsrəddin” jurnalının irəli sürdüyü bu məsələləri demokratik qüvvələr alqışladılar və ona kömək etdilər. “Dəbistan”, “Rəhbər”, “Qoç-Dəvət” və başqa jurnal və qəzetlər “Molla Nəsrəddin” jurnalının səsinə səs verdilər, onlar da ana dilinin tədrisi və ana dilində məktəblərin açılması ideyasını müdafiə etməyə başladılar. “Molla Nəsrəddin” jurnalının ana dilində oxumaq, ana dilində məktəblər açmaq fikrinə mürtəce qüvvələr əks çıxır, jurnalının irəli sürdüyü yeniliklərə mənfi münasibət bəsləyirdilər. Bu mürtəce qüvvələr getdikcə artırdı. Bu, elə bir dövr idi ki, ictimai hüququndan məhrum edilmiş, hüququ tapdalanmış, siyasi şüuru zəif olan milyonlarla savadsız adamları oyatmaq lazım idi. Bu sahədə aparılan mübarizədən jurnal qorxmur və çəkinmirdi, çünki o, xalqla bağlı idi, bu mübarizədə o, xalqa arxalanırdı. Jurnalın yazdığı kimi “Molla Nəsrəddin”i təbiət özü yaratmışdı, zəmanə özü yaratmışdı. “Cəlil Məmmədquluzadə bütün ömrü boyu xalqla bağlı olmuş iti yazıçı nəzərlərini xalqın həyatına dikib, onu ən incə psixoloji təzahürlərinə qədər öyrənmiş və əks etdirmişdir”.
Azərbaycan maarifpərvərləri ana dilində məktəb açmaq, dərs kitabları, proqramlar və s. yaratmaq üçün çalışarkən bu işin həyata keçməsinə mane olanlarla da mübarizə aparmalı olurdular. Sözdə ana dilində danışmağı istəyən, lakin həqiqətdə ana dilini bilməyən, ona hörmət etməyən insanların ikiüzlülüyünü “Molla Nəsrəddin” jurnalı ifşa edirdi. Jurnal “Meymunlar” adlı felyetonunda belə insanları tənqid edərək yazırdı: “hürriyyət və hüquq davası düşəndən indiyədək heç bir müsəlman məclisi olmayıb ki, orda bir obrazovannı müsəlman ayağa durub desin: “hökumət qoymayır məktəblərdə ana dilimizi öyrənəm!”. Bir saatlığa tutaq ki, hökumət qoymur məktəblərdə ana dilimizi öyrənək. Tutaq ki, bunu hökumət qoymur. Bəs ana dilimizi istəməyi, ana dilimizə məhəbbət etməyi, ana dilimizi xoşlamağı kim qoymur?”
Mollanəsrəddinçilər Azərbaycan dilini bəyənməyən, ana dilinə laqeyd yanaşan, bütün hərəkətlərində, praktik işlərində onun qiymətini alçaldan adamlara qarşı amansız olmuş və onu jurnal səhifələrində ciddi şəkildə tənqid etmişlər. Mollanəsrəddinçilər dilimizi yabancı sözlərlə korlamağa çalışan, bəzi “təhsillilər”ə qarşı çox amansız olmuş və onların nöqsanlarını çəkinmədən tənqid etmişlər. Jurnala görə, belə ziyalılar ana dilimizi yabançı sözlərlə korlayır və ümumxalq mövqeyindən uzaqlaşdırırdılar.
C.Məmmədquluzadə xatirələrində yazırdı: “Necə ki, oxucularımıza məlumdur ki, biz “Molla Nəsrəddin” məcmuəsini açıq ana dilində yazmağa başladıq. Biz bu dilə o səbəbdən ana dili ad qoyuruq ki, bu dildə yazı yazanda və ortalığa “ana” söhbəti gələndə biz “ana”nı, “ana” da yazırıq, amma qeyri yazıçılarımız, xah o vədə və xah indi yazılarında “ana” ləfzi rast gələndə “ana” sözü əvəzinə “madər” yazırlar və həmçinin “ata” sözü əvəzinə “pədər” yazırlar.
“Molla Nəsrəddin” jurnalının səhifələrində ana dilinin saflığı uğrunda mübarizəyə dair çoxlu felyetonlara, şerlərə, son xəbərlərə, hekayələrə, Qafqaz xəbərlərinə, maraqlı şəkillərə və karikaturalara rast gəlmək olar. Bunlardan “Dili tutulub”, “Dil”, “Ana dili”, “Meymunlar”, “Bizim obrazovannılar”, “Əvvəlinci məktub”, “İkinci məktub”, “Misyonerlər” və s. göstərmək olar. “Molla Nəsrəddin” jurnalı “Ana dili” adlı məqaləsində dilimizi hörmətdən salan, onu yabancı sözlərlə korlayan ziyalıları kəskin şəkildə tənqid edirdi.
O dövrdə xalqın sürətlə savadlanması, ana dilinin inkişafı üçün ərəb əlifbasından yeni əlifba ilə əvəz olunması çox vacib, həlli təxirə salınmaz məsələlərdən biri kimi dəyərləndirilirdi. Bu məsələni böyük ictimai, pedaqoji, metodik əhəmiyyətini dərindən başa düşən C.Məmmədquluzadə onun həyata keçirilməsi uğrunda ciddi səy göstərirdi. O, M.F.Axundovun bu yolda göstərdiyi səy və təşəbbüsü yüksək qiymətləndirir və onun fikrinə ürəkdən şərik çıxırdı. Ərəb əlifbasının nöqsanlarını ətraflı şərh edən böyük demokrat yazıçı belə nəticəyə gəlirdi: “Mən elə qanıram ki, nə qədər ərəb əlifbası ilə yazı-pozu edilir, mətbuat tərəqqi tapmayacaq, dil hörmətdən düşəcək, mili ədəbiyyat puç olacaq. O millət qeyri bir güclü millətə qarışıb yox olacaqdır”.
C.Məmmədquluzadənin “Əlifba” və digər məqalə və felyetonlarında ərəb əlifbasının çatışmazlıqlarından ətraflı bəhs etmişdir.
“Molla Nəsrəddin” jurnalı Azərbaycan dilini təbliğ etməklə kifayətlənmir, bu dilin gözəlliyini, böyüklüyünü, əzəmətini tərənnüm edir, bu dildə yazmaqdan fəxr edirdi. Jurnal yazırdı ki, Azərbaycanın görkəmli oğulları olan Abbasqulu ağa Bakıxanov, M.F.Axundov, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Həsən bəy Zərdabi öz əsərlərini, nəsihətnamələrini, dram əsərlərini Azərbaycan dilində yazmışdır, onlar doğma Azərbaycan dilini sevmişlər, onun təmizliyini, səlistliyini, gözəlliyini müdafiə etmişlər, onlar arzu etmişlər ki, uşaqlarımız ana dilində dərs oxusunlar. Beləliklə, jurnal dövrünün yazıçı və ədiblərini öz əsərlərini ana dilində yazmağa çağırırdı. “…Sair millətlərin həqiqi ədibləri və yazıçıları yaxşı anlayıblar və əsərlərini ana dilində yazmaqla belə millətin əxlaqını düzəldib, ağlına və ruhuna tərbiyə veriblər və verməkdədirlər”.
Beləliklə, jurnal ana dilini qorumaqla mübarizəni təkcə özü yox, Azərbaycan xalqının yazıçılarını da mübarizəyə çağırır, onlardan kömək istəyirdi. “Molla Nəsrəddin” jurnalı “Ana dili” adlı məqaləsini bu sözlərlə qurtarır: “Millətini sevən, onun mənəvi diriliyinə çalışan, tərəqqisi yolunda əmək sərf edən yazıçılarımızdan, ədiblərimizdən və şairlərimizdən çox-çox təvəqqe edirik ki, dillərini asanlaşdırsınlar, ana dilindən uzaq düşməsinlər, meymunluqdan əl çəksinlər, fikirlərini açıq və sadə dildə yazsınlar, ta ki, xalq onların yazdıqlarını oxuyub anlasın, düşünsün və ayılsın. Ancaq bu yolla yazan ilə oxuyan arasında dostluq, ittifaq və birlik əmələ gəlir”. Mədəniyyətin tərəqqisi, onun ana dilinin inkişaf etməsindən çox asılıdır. Bunsuz milli mədəniyyət yaratmaq olmaz.
C.Məmmədquluzadə “rus-tatar” (Azərbaycan) məktəblərində ana dilinin tədrisinin və öyrənilməsinin o qədər də yaxşı olmadığını göstərirdi. O, “Tərcümeyi-halın”, “Dili tutulub” və başqa məqalə və felyetonlarda bu məsələdən geniş bəhs etmişdir. “Tərcümeyi-halın” adlı məqalədə yazırdı ki, o vaxtlar hökumət təsis etdiyi məktəblərin proqrammasında xala-xatırın qalmasın, babətindən həftədə bir neçə saat türk (Azərbaycan) dili verirdi. Qalan dərslər rus dilində gedirdi. Bu fikri o, “Dili tutulub” adlı məqaləsində daha kəskin şəkildə irəli sürürdü. Orada ana dilinin başdan soyudma bir neçə saat öyrədilməsini insanın ölümü kimi qiymətləndirirdi.
“Bakıdan məktub” felyetonunda oxuyuruq: “Biz pervı russki-tatarski şkolanın posledniy klassının uçenikləri qospodin Molla Nəsrəddinnən prasit edirik ki, bizim bu jalobamızı öz jurnalında napeçat eləsin”. “Molla Nəsrəddin” jurnalı bununla qeyd edirdi ki, müəllimlər hər iki dili yaxşı bilmədikləri üçün nəinki özlərini, həm də dərs verdikləri şagirdləri korlayırlar.
Ana dilinə xor baxan, onu qiymətləndirməyən, ana dilində danışmağı özünə əksiklik hesab edən, Avropada təhsil almış, zahirən bilikli, ziyalı görünən, lakin son dərəcə mürtəce fikirlərlə yaşayan, ana dilinin tədris edilməsinə əhəmiyyət verməyən və xalqın öz dilində, öz məktəbində savadlandırılmasında mühafizəkarlığın müdafiə edənlər “Molla Nəsrəddin” jurnalı səhifələrində şiddətli tənqid atəşinə tutulur, jurnal belə adamlara acıyır, ona gülürdü. “Mənim bir rəfiqəm var, özü də müsəlman, amma məni görəndə rus dilindən başqa savayı özgə dildə danışmaz”.
- Nə səbəbə sən mənim ilə heç müsəlmanca danışmaq istəmirsən? Yoldaşım mənə cavab verir:
- Sluşay, kak-to stıdno, koqda obrazovannıy çelovek po-tatarski qovorit… / yəni brazovan müsəlmanca danışmağı eyibdir!
- Çox sağ ol, rəfiqəm, mən bunu bilmirdim! Yaxud da “Ana dili” felyetonunda ali təhsil almış azərbaycanlıların Azərbaycan dilində danışmadıqlarını tənqid edərək yazırdı ki, ali təhsil almış bir cavan məktəbi qurtarıb evinə gəlir. Bununla görüşə gələn molla əvvəl ərəbcə, sonra farsca onunla söhbət edir. Ali təhsilli anlamır, oğlan rus dilində danışır, bu zaman molla heç bir şey anlamır. Nəhayət onlar bir-birlərini anlamayaraq ayrılırlar. Bu söhbətə qulaq asan ana otağa gəlib oğluna deyir ki, mən başa düşmədim, siz nə dildə danışırsınız. Oğlan cavab verir: “Ana, mollaynan biz ana dili danışırıq…” Anası deyir: “Yazıq ana dili”. Beləliklə, 3 nəfər azərbaycanlı bir-birini başa düşmədən ayrılırlar.
Doğma ana dilinin saflığı və mühafizəsi C.Məmmədquluzadənin “Ananın kitabı” əsərində inandırıcılıqla əsaslandırılmışdır. Akademik İsa Həbibbəyli əsər haqqında yazır: “Anamın kitabı” əsəri müəllifin milli istiqlal, dövlətçilik, müstəqillik ideallarını özündə əks etdirən çox qiymətli məxəzdir”.
Bütün bunlar həm də çarizmin müstəmləkə siyasəti ilə əlaqədar idi, ucqar xalqların dilinə, mədəniyyətinə qiymət verməməkdən irəli gəlirdi. “Molla Nəsrəddin” jurnalında bir şəkil təsvir edilir, məktəb müəllimi əlində yekə bir dil tutub uşaqların qarşısında dayanmışdır. Uşaqlar da öz dillərini çıxarıb müəllimə göstərirlər:
- Şagirdlər: “Ay Mirzə, bizim də dilimiz var, sən, Allah, qoy onu da biz öyrənək”.
- Müəllim: “Yox, olmaz. Gərək bunu soxam boğazınıza”. “Molla Nəsrəddin” jurnalının ana dili sahəsində tutduğu mövqe çox mütərəqqi və düzgün olmuşdur, ona görə də böyük xalq kütləsi onu sevə-sevə oxuyurdu. “Molla Nəsrəddin” jurnalında Qafqaz Şeyxül-islamına iki açıq məktub dərc edilmişdi. İstər birinci və istərsə də ikinci məktubda yazılır: nə üçün erməni, gürcü, rus qızları məktəblərdə başqa dərslərdən əlavə ana dilini oxuyurlar, amma Azərbaycan qızları isə öz ana dillərini oxumurlar. “Molla Nəsrəddin” jurnalının dil sahəsindəki siyasəti ardıcıl idi. Öz fəaliyyətinin 25 ili ərzində bu sahədə də demokratik cəbhə tutmuş və nəhayət qələbə çalmışdır.
Beləliklə, Cəlil Məmmədquluzadə və onun silahdaşlarının ana dilinin saflığı uğrundakı mübarizəsinə xidmət edən əsərləri ədəbiyyatımız üçün əsl milli özünüdərk kitabı, istiqlal, oyanış və maarif dərsliyidir.
Zülfiyyə İSMAYIL,
Filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Naxçıvan Bölməsi