20 aprel 2021 20:55
1115

Təmiz adım, qorxmaz ömrüm mənim ən böyük var-dövlətim, tükənməz sərvətimdir - Əjdər İsmayılov

Bu günlərdə filologiya elmləri doktoru, professor, çoxminli Yeni Azərbaycan Partiyasının qurucularından olan, Əjdər İsmayılovun ad günü qeyd olunur. «İki sahil» olaraq qədirbilənliklə yolumuzu onun hazırda yaşadığı bağ evinə –Nardaran kəndinə saldıq. Yolboyu mavi-mavi dalğaları ilə atılıb-düşən Xəzər dənizinə tamaşa edir, ləpələrin sahilə sanki bir balıq kimi atdığı mavi suların necə çapalaya-çapalaya əriyib yox olduğunun şahidi olurduq. Şəhərin basdırığından və səs-küyündən uzaqlaşıb dəniz havasını ciyərlərimizə doyumsuzluqla çəkir, Əjdər müəllimə və bu mövzunu bizə həvalə edənlərə ürəyimizdə öz dua və sənalarımızı edirdik. Adi, sadə bağ evində professor öz kitablar dünyasında «dincəlir», ağır-ağır ləngərli yerişi ilə, var-gəl edirdi. Söhbətə başlayan kimi bu yaxınlarda 800 səhifəlik elmi-nəzəri kitabının nəşri üçün son tamamlama işlərini gördüyünü dedi. Birbaşa sözə, kitaba, yaradıcılığa keçdiyimiz üçün daha ordan-burdan söz salıb, heç onun səhhəti ilə maraqlana bilmədik. Amma gördük ki, maşallah professor özünü yaxşı hiss edir. Bağ evində, qonşuluqdakı Xəzər dənizinin səs-küyünə, çılğınlığına baxmayaraq,  professorun iş otağında  sakitlik idi. O, isə təmkinlə asta-asta yaradıcılıq işlərini davam etdirirdi.

Əjdər İsmayılov haqqında qısa arayış:

1938-ci ildə qədim Naxçıvanın Şərur rayonunda anadan olmuşdur. Güllü-çiçəkli, bahar ətirli aprel günlərinin birində. Əvvəllər Naxçıvan Dövlət Universitetində dərs demiş, elmi fəaliyyətə də məhz o dövrdə başlamışdır. Qəlbi, ruhu Vətən, xalq məhəbbəti ilə çırpınan minlərlə gənclərə dərs demiş, onları Azərbaycanın müstəqilliyi və azadlığı yolunda dolayısı ilə də olsa mübarizəyə səsləmişdir. 1970-ci illərdə namizədlik, 1981-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. Əsl elm fədaisi kimi bütün mənalı ömrünü filalogiyaya, Azərbaycan ədəbiyyatının ən qədim tarixinə həsr edərək, özlərinə saxta tərcümeyi-hal düzüb qoşan erməni yalanlarını ifşasına həsr etmişdir. Əlli ildən çoxdur ki, elmi araşdırma  sahəsində yorulmadan çalışır.  Bildiyimiz kimi, Vətən, xalq yolunda fədailik etmək kimi ilahi çağırış ona öz dərin, adlı-sanlı soykökündən gəlmişdir. Əjdər müəllimin babası Naxçıvanda hörmət-izzət sahibi olan Məşədi Mahmud olmuşdur. Atası isə istiqlalçı Tağı kişi kimi Şərur rayonunda adlı-sanlı bir insan idi. Azərbaycanın azadlığı, müstəqilliyi amacı ilə yaşayan atası həmişə o şanlı əqidədə, məslək yolunda gizli-aşkar mübarizə aparırdı. Əjdər müəllimin yaradıb rəhbərlik etdiyi «Turan» Araşdırmalar Mərkəzi İctimai Birliyi həmişə Azərbaycan-Türkiyə əbədi qardaşlığının ictimai-siyasi əlaqələrinin iki qardaş xalqın qədim eyni adət və ənənələrini həmişə təbliğ etmişdir. Bu barədə söhbət düşərkən  Əjdər müəllim, dedi: «Turan» Araşdırmalar Mərkəzi İctimai Birliyini yaratmağa məni  sövq edən Cavid Əfəndinin «Xəyyam» əsəri oldu. O əsər elə bil hər gün, hər saat məni izləyir, hər günümə, hər saatıma göz qoyurdu. Çünki əsərdəki türkçülük, turançılıq ideyaları məni çəkirdi. O müqəddəs yollarla, qəlbimizi başdan-başa fəth eləyən türkçülük ideyaları ilə yaşamağım həmin birliyi  yaratmaqda mənə əsl böyük başqan və müəllim oldu. Sonralar «Xəyyam»la bağlı fundamental elmi  əsər yazdım. Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat İnstitutunda onun müzakirəsi zamanı ən mötəbər sözü rəhmətlik Məmməd Cəfər müəllim dedi.

Əjdər İsmayılovun ən böyük xidmətlərindən biri də o olmuşdur ki, «Bir millət, iki dövlət» (ulu öndərimiz Heydər Əliyevin ruhu şad olsun) devizi altında elmi-ədəbi, fəlsəfi araşdırmalar aparmışdır. O, bir tədqiqatçı alim, tarixçi, filoloq kimi bədnam qonşularımız olan ermənilərin öz tarixləri, ədəbiyyatları haqqında yaydıqları şişirdilmiş yalanları tutarlı, gerçək dəlillərlə ifşa etmiş, onu saysız-hesabsız mətbu orqanlarda çap etdirmişdir. İndinin özünə qədər də Ermənistanın üzdəniraq riyakar alimləri professorun ünvanına saysız-hesabsız hədyanlar yağdırırlar. Vətənpərvər alim, yorulmaz tədqiqatçı, Cavidşünas Əjdər İsmayılov 1982-ci ildə Azərbaycannı görkəmli oğlu Heydər Əliyevin canıyananlığı və qətiyyəti ilə uzaq Sibir meşələrində cəza evlərində qətlə yetirilmiş Hüseyn Cavidin nəşinin doğma Vətənə, -Naxçıvana gətirilməsi və orada dəfn olunması mərasimində fəal iştirak etmişdir. Həmin kədərli, həm də qürurverici günlərin möhürlü sənədi olan fotoşəkilə həyəcansız baxmaq olmur.  Fotoşəkildə ata, oğul qəm və ələm içərisində …görünür. Hər ikisinin yerə dikilən gözlərində baxışlarında qəlb parçalayan, könül ağladan qəm-qüssə əməlli-başlı adamı öz ağuşuna alır. Atasının yanındakı qəmli-qüssəli balaca Cavid indi maşallah böyük kişi olub, ailə başçısıdır. Söhbət zamanı Əjdər müəllim «Təmiz adım, qorxmaz ömrüm mənim ən böyük var-dövlətim, tükənməz sərvətimdir» dedi. Görkəmli ictimai-siyasi xadim olan Əjdər İsmayılov onu da əlavə etdi ki, mən sadəcə elm adamıyam.  Azərbaycan ədəbiyyyatının qədim qatlarının tarixini araşdırıram. Amma, eyni zamanda, həm də siyasətçiyəm. Biz də ondan elə bu sözü gözləyirdik. Ona görə də fürsəti fotə verməyib onunla siyasi mövzulara keçid aldıq:

- Əjdər müəllim, mən sizi ilk dəfə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinə qarşı hasar kimi qoyulmuş «yaş senzi» ilə əlaqədar xalqımızın etiraz mitinqlərində görmüşəm. Siz orada mikrafon arxasındı əsl vətəndaş pafosu ilə çıxış edirdiniz…

Professor mənalı-mənalı güldü, üzünün dərin qırışları açıq-aydın görünürdü. Elə bil acılı-şirinli o illərin xətt-xətt çəkib izlər qoyduğu üzündə işıq cizgiləri göründü:

- O zaman yer var idi ki, mən orada çıxış etməyim? -  dedi.

Professorun təbəssümündən hiss etdim ki, onun bu sözləri yarızarafat, yarıgerçək bir tonda dilə gətirilmişdi.

- Məşhur “91-lər” hərəkatının fəal iştirakçısı kimi o keçən illərə qayıdıb Ulu Öndərlə bağlı nə deyə bilərsiniz?

-Ümummilli Lider Heydər Əliyevlə Naxçıvanda o zaman tez-tez görüşürdüm. Hiss edirdim ki, Azərbaycanın o zamankı ağır gün-güzəranı həm özümüzün içimizdəki bədnam adamlarımız tərəfindən, həm də üzdəniraq qonşuların, ermənilərin hücumları üzündən təhlükə içində idi. Bu da Ulu Öndərə bir an da olsun dinclik vermirdi. Bir yandan da Naxçıvanın içindəki müxalif qüvvələr tez-tez fitnə-fəsada əl atır, bizə - Ulu Öndərin ətrafında olan adamlara həmlələr edirdilər. Ona görə də mən könüllülərdən ibarət mühafizə dəstəsi yaratdım. Onlar Heydər Əliyevi gözdən qoymur, daim onu mühafizə edirdilər. Bəli, elə narahatlıqların içərisində xalqı və Vətəni xilas etmək üçün bir toplum, bir partiya yaratmaq üçün təşəbbüs irəli sürdüm. Ümummilli Lideri tərəfdaşlarımla axır ki, razı sala bildik. Yeni Azərbaycan Partiyasını yaratmaq təşəbbüsü sonra bütün Azərbaycana yayıldı. Bakıdan vətənsevən ziyalılar dəstə-dəstə Naxçıvana gəlirdilər. Beləliklə, məşhur “91-lər” hərəkatı yarandı. Və biz Yeni Azərbaycan Partiyasının təməlini qoyduq.  

Sonralar yəqin sizə də məlumdur ki, Naxçıvanda Ulu Öndərin həyata keçirdiyi cahanşümul işlər başladı. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributları bərpa edildi. 1918-ci ildə yaranmış dövlət himni həmişəlik olaraq «yuxudan ayıldı», əbədi ömrünə qoşuldu. Səkkizguşəli ulduzumuz ilk dəfə Naxçıvanda bərq vurmağa başladı. «Sovet, sosialisti» sözləri Muxtar Respublikanın adından çıxarıldı. Qanlı 20 Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət verildi. Artıq Naxçıvana gəlib-gedən Azərbaycan ziyalılarının ardı-arası kəsilmirdi. Xalq qətiyyətlə Ümummilli Liderini Azərbaycanın Prezidenti görmək istəyirdi. O illəri bu gün bax beləcə qürur hissləri ilə xatırlayırıq. Əbədiyaşar Heydər Əliyevin qurub-yaratdığı müasir müstəqil Azərbaycan dövlətinin bu gün müzəffər, yenilməz, Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında qazandığı bütün qələbələr, 44 günlük tarixi hərbi uğurlarımız artıq dünya şöhrəti qazanmışdır. İqtisadi, sosial sahələrdə cənab İlham Əliyevin həyata keçirdiyi bütün işlər və beynəlxalq arenada əldə etdiyi siyasi uğurlar bu gün bizə əsas verir deyək ki, Ulu Öndərimizin ruhu şaddır və dövlət sükanı ehtibarlı əllərdədir.

-Əjdər müəllim, yüksək qonaqpərvərliyinizə, xoş və gərəkli müsahibənizə görə kollektivimizin adından sizə minnətdarlığımızı bildiririk.

Tahir Məmmədov, «İki sahil»