30 aprel 2021 23:58
725

Heydər Əliyev siyasətinin uğurlu davamı Azərbaycana Zəfər sevincini yaşatdı

Heydər Əliyev-98 

Azərbaycan 18 oktyabr 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin ilk illərində yaşadıqlarımız yaddaşlardadır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası  bugünkü uğurlarımızı şərtləndirdi. Azərbaycanı müstəqilliyimizin ilk illərinin xaosundan, anarxiyasından, özbaşınalıqlarından, iqtisadi böhranından, informasiya blokadasından xilas edən Ümummilli Lider illər keçdikcə ölkəmizin dünyaya günəş kimi doğacağını böyük inam və qətiyyətlə səsləndirdi. Azərbaycanın bu günündən 30 il  öncəki Azərbaycana baxdıqda keçilən yolun zənginliyini, bütün çətinliklərə uğurla sinə gərildiyini, ən əsası Ulu Öndərin görmək istədiklərinin real həyatda öz əksini tapdığının şahidinə çevrilirik.

Ümummilli lider Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət nəticəsində Azərbaycan qısa müddətdə sabitlik diyarına, iqtisadi möcüzələr ölkəsinə, dünya birliyinin layiqli üzvünə çevrildi. Ulu Öndər  idarəçilik təcrübəsinə istinad edərək müstəqillik yollarında ilk addımlarını atan ölkənin qarşısında dayanan vəzifələri açıqlayarkən beynəlxalq aləmdə təqdimatın, təsdiqin rolunu xüsusi qeyd edirdi. Bildirirdi ki, bir dövlətin varlığını təsdiqləməsi üçün  iki və çoxtərəfli çərçivədə əlaqələrin qurulması, diaspor quruculuğu əsasdır. Eyni zamanda bu çağırış da edildi ki, suverenliyimizi daimi yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq bu gün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik  tələb olunur. Ulu öndər Heydər Əliyevin 23 may 2001-ci il tarixli «Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında» Sərəncamında da bu reallıq öz əksini tapmışdır ki, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il 16 dekabr tarixli qərarı ilə dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın birliyinin, həmrəyliyinin zəruriliyini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Sonra bu bayramın bütün ölkədə rəsmi qeyd edilməsi barədə Azərbaycan Respublikasının Ali Soveti  qərar qəbul etdi. Beləliklə, 1991-ci ildən etibarən Azərbaycanda hamımız üçün əziz bir bayram olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü təntənə ilə qeyd olunur. Bu bayramı ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Dahi şəxsiyyət Heydər Əliyevin «Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmağını istəyirsə, kim Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o bu bayraq altında, bu sözlər altında, bu amal ətrafında birləşməlidir» çağırışı bütün dünya azərbaycanlılarını bir araya gətirdi. Öncə ayrı-ayrı ölkələrdə Azərbaycan  mərkəzlərinin, diaspor təşkilatlarının yaradılmasına nail olan ümummilli lider Heydər Əliyev sonra onların bir mərkəzdən idarə olunmasının vacibliyini önə çəkdi və 23 may 2001-ci il tarixli  sərəncamına uyğun olaraq həmin ilin 9-10 noyabr tarixlərində Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Bu qurultay dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın birliyi, həmrəyliyi istiqamətində mühüm hadisə oldu. Ulu Öndər proqram xarakterli çıxışında bir daha bildirmişdi ki, Azərbaycan harada yaşamasından asılı olmayaraq 50 milyonluq azərbaycanlının Vətənidir. Dünya azərbaycanlılarına bu çağırış da edilmişdir: «Bizim hamımızın bir Vətəni var – bu Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla  bir vurmalıdır.» Artıq hər 5 ildən bir keçirilən Dünya Azərbaycanlılarının qurultayları günbəgün güclənən birliyin, həmrəyliyin təsdiqidir.

Beynəlxalq aləmdə yeri və rolunu uğurlu siyasəti ilə möhkəmləndirən Azərbaycanın iki və çoxtərəfli çərçivədə əlaqələri genişlənir. Möhkəm təməl uğurların açarıdır. Ulu öndər Heydər Əliyevin ilk gündən  Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması istiqamətində atdığı addımların miqyası bugünkü uğurlarımızdan daha aydın görünür.  Ən əsası ermənilərin və erməni diasporunun əsassız iddiaları sayəsində ABŞ Konqresinin  Azərbaycana qarşı tətbiq etdiyi «907-ci» düzəlişin əsassızlığı öz təsdiqini tapdı. Ulu öndər Heydər Əliyevin xarici ölkələrə elə bir səfəri yox idi ki, Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ probleminin əsl mahiyyətini dünya ictimaiyyətinin diqqətinə çatdırmasın. Təbii ki, tarixi həqiqətlərə söykənən təbliğatın ömrü hər zaman uzun olur. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın bu günü üçün həmin bazanı formalaşdırdı.

Son 17 ildə Heydər Əliyev yolunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycana  möhtəşəm uğurlar qazandırır.  Xarici siyasətimizin aydın, açıq olduğunu ən yüksək tribunalardan bəyan edən cənab İlham Əliyev Azərbaycanın siyasətində müstəqil olduğunu bir daha diqqətə çatdırır.  «XXI əsr informasiya mübarizəsi əsridir. İnternetin mövcudluğu əlbəttə ki, bu mübarizəni daha da kəskinləşdirir. Biz buna hazır olmalıyıq, biz öz reallıqlarımızı  dünya birliyinə çatdırmalıyıq. Burada əlbəttə ki, əsas vəzifəni ilk növbədə dövlət öz üzərinə götürür. Ancaq media nümayəndələri də  çalışmalıdırlar ki, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ  münaqişəsi ilə bağlı ədalətli mövqeyimizi  dünya birliyinə çatdırsınlar.  Müxtəlif dillərdə internet  resursları yaradılmalıdır. Dağlıq Qarabağla bağlı  tarixi həqiqətlər dünya birliyinə çatdırılmalıdır. Belə olan halda biz informasiya mübarizəsində  daha da böyük uğurlara nail ola biləcəyik.» Dövlətimizin başçısı İlham Əliyevin bu fikirləri dövlət maraqlarımızın qorunmasında vahid fikrin nə qədər böyük rol oynamasının təsdiqidir.

Son 17 il  Azərbaycan tarixinə biri-birindən əhəmiyyətli uğurlar yazdı. Bunların ümumiləşdirilmiş ifadəsi isə Azərbaycanın Zəfər Günüdür. Təbii ki, hər bir mühüm hadisə onu şərtləndirən amilləri bir daha nəzərdən keçirməyi zərurət kimi ortaya qoyur. Son 17 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin dövlət və xalq üçün xidmətlərini bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. 44 gündə 44 il danışılacaq tarix yazılıbsa, 17 ilin uğurlarını bir yazıda təhlil etməyin mümkünsüzlüyü aydın görünür. Əsas olan budur ki, cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycana ən yüksək zirvələri fəth etdirir. İmzaların arasında imzasını görməkdən qürür duyduğumuz Azərbaycanın bu gün üçrəngli bayrağının işğaldan azad olunmuş torpaqlarımızda dalğalanması ərazi bütövlüyümüzün bərpa olunmasının, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin icrasının təqdimatıdır.  

44 gün davam edən və Azərbaycanın Qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsi bir çox məqamlara işıq saldı. Bir daha  təsdiqləndi ki, dünya ikili standartlardan yaxa qurtara bilmir, ədalət meyarı zamana və məkana görə tətbiq edilərək, maraqların arxasında əriyir, ölkələr arasında  münasibətlərdə «əbədi dost yox, əbədi maraqlar» prinsipi əsas götürülür, ən əsası dəyişən dünyada güc amili öndə dayanır. Azərbaycan bütün hallarda beynəlxalq hüququn norma və prinsiplərini əsas götürür, 30 ilə yaxın müddətdə  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ  münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq üçün istər danışıqlar yolu ilə, istərsə də  iqtisadi imkanlara söykənərək ordumuzun maddi-texniki bazasını möhkəmləndirərək lazım gələrsə,  hərb meydanında mübarizəyə hazırlıq həyata keçirdi. Dövlətimizin başçısı İlham Əliyev xalqa müraciətlərində daim  bu məqama diqqət yönəldirdi ki,  dünya dəyişir, münasibətlər dəyişir, beynəlxalq hüquq işləmir, güc amili önə çıxır, “kim güclüdür o da haqlıdır” prinsipi üstünlük təşkil edir: «Bütün bunları mənim çıxışlarımda görmək olar. Çünki mən beynəlxalq vəziyyəti düzgün təhlil etmişəm. Demək istəmirəm ki, biz də bu yolla gedək. Yox. Bizim yolumuz ədalət yoludur və beynəlxalq hüquq yoludur. Biz beynəlxalq hüququn kənarında bir iş görməmişik. Ancaq demişəm ki, güc amili ön plana çıxır və biz buna hazır olmalıyıq və hazırlıq işləri gedirdi, bütün bu illər ərzində, həm iqtisadi sahədə, həm beynəlxalq münasibətlər sahəsində, ilk növbədə, ordu quruculuğu sahəsində. Bu gücü topladıq, lazım olan anda vurduq, əzdik düşmənin başını. Elə əzdik ki, onu əbədi yadda saxlayacaq, əbədi. O damğanı vurduq. Azərbaycan xalqı müzəffər xalqdır. Azərbaycan Ordusu müzəffər ordudur. Biz döyüş meydanında qələbə qazanmışıq, siyasi müstəvidə qələbə qazanmışıq, torpaqlarımızı işğalçılardan azad etmişik.»

Azərbaycan Ordusu gücü, qüdrəti sayəsində  beynəlxalq hüququn mövcudluğunu bütün aparıcı dövlətlərə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırdı. Azərbaycan yeni reallıqlar yaratdı. O reallıqları ki, erməni yalanları, mifi dağıdıldı, dünyaya göstərildi ki, yenilməz ordu Azərbaycan Ordusu, məğlubedilməz xalq Azərbaycan xalqıdır. Azərbaycan ədaləti, haqqı bərpa edərək dünyaya sözün əsl mənasında tarix, hüquq dərsi keçdi.

Dövlətimizin başçısı İlham Əliyev xalqa müraciətlərində də bu məqamı xüsusi qeyd etmişdir ki, Azərbaycanın döyüş meydanındakı Qələbəsi siyasi müstəvidə qələbəsini şərtləndirdi.  Baxmayaraq ki, Azərbaycan daim sülh danışıqlarının tərəfdarı olduğunu bəyan edib. Hətta müharibənin davam etdiyi günlərdə də cənab İlham Əliyev Ermənistan tərəfin irəli sürdüyümüz şərtləri qəbul etdiyi təqdirdə danışıqlar masası ətrafında oturmağa hazırıq. Ermənistanın baş naziri Nikol Paşinyan münaqişənin diplomatik həllinin mümkün olmadığını bildirsə də, Azərbaycan Ordusunun gücü qarşısında diz çökərək məlum  Bəyanatı imzalamağa məcbur edildi. Bir məqamı da unutmayaq ki,  işğalçı dövlətin siyasətində qonşu dövlətlərə qarşı əsassız torpaq iddiası, terroru dəstəkləmək kimi cinayət əməlləri əsas yer tutursa və dünya buna göz yumursa, rəhbərlikdə köçaryanların, sarkisyanların, paşinyanların təmsil olunmasından asılı olmayaraq daim beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə pozulacaq, işğalçı Ermənistan utanmadan guya haqlı olduğunu bəyan edəcək, ona dəstək fonunda beynəlxalq təşkilatların, böyük dövlətlərin mövqeyinə inamsızlıq yaranacaq, bir sözlə, ədalət meyarı özü-özlüyündə bütün ölkələrə demokratiya dərsi keçən dövlətlərin maraqlarına uyğun olaraq və onların iştirakı ilə əriyəcək. Azərbaycan nəinki bölgədə, eyni zamanda, regionda erməni faşizmindən xilas etdi.

Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bundan sonra inkişaf yolunda  daha sürətlə gedəcək. Azərbaycan Ordusunun gücü sayəsində işğaldan azad edilmiş torpaqlarımızda, eyni zamanda,10 noyabr Bəyanatına uyğun olaraq geri qaytarılan Ağdamda, Kəlbəcərdə, Laçında  yeni həyat başlayır. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!  Heydər Əliyev siyasəti Azərbaycana bundan sonra da  möhtəşəm uğurlar qazandıracaq. Qarabağ cənnətməkana çevriləcək.

 Yeganə Əliyeva, «İki sahil»