03 may 2021 22:14
617

Azərbaycan müstəqil siyasət həyata keçirir, heç bir dövlətin qarşısında öhdəliyi yoxdur

Tarixi səhvlərə işıq düşdükcə, ədalət və beynəlxalq hüquq deyilən məfhumların bəzi dövlətlərin əlində alətə çevrildiyi  açıqlanır, yaranan etimadsızlıq mühiti münasibətlərin sərinləşməsinə gətirib çıxarır

Aprelin 24-də ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələrini   “erməni soyqırımı adlandırması hər zaman qardaş, dost Türkiyənin yanında olan Azərbaycanda etirazla qarşılandı. Dövlətimizin başçısı İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon  danışığında bu qərarın yanlış olduğunu qeyd edərək  onu tarixi səhv adlandırmışdır. Cənab İlham Əliyev bu bəyanatın qəbuledilməzliyini önə çəkərək açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bildirmişdir. Daim bir-birlərinin yanında olan iki dost, qardaş ölkələr arasında münasibətlərin bütün sahələrdə yüksələn xətt üzrə inkişafından məmnunluq ifadə edilmişdir.

Qeyd edək ki, Co Bayden bu bəyanatından öncə aprelin 23-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışığında  ABŞ tərəfinin iki ölkə arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsində, anlaşılmazlıqların səmərəli şəkildə aradan qaldırılmasında və konstruktiv ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu bildirmiş,  iyunda keçiriləcək NATO Sammitində ikitərəfli və regional məsələlərin bütün istiqamətlərini müzakirə etmək məqsədilə ikitərəfli görüşlərin keçirilməsi ilə bağlı razılıq əldə edilmişdir. Mövqenin bir gündə dəyişməsi təəccüb doğurmaya bilməz. Bu fakt hər kəsə məlumdur ki, ABŞ və Fransa erməni diasporunun daha  çox olduğu və geniş fəaliyyət göstərdiyi ölkələrdəndir. Güclü diaspor hansı bir ölkənin siyasətinə təsir imkanlarına malik olsa da tarixi saxtalaşdırmağa xidmət edən təbliğat necə həqiqət kimi qəbul edilə bilər? Lakin biz bunu dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların atdıqları addımlarda görür və ədalət meyarının  bu dövlətlər üçün heç bir məna kəsb etmədiyinin daha qabarıq şəkildə özünü büruzə verdiyinin şahidi oluruq. Çünki Azərbaycan və Türkiyə belə ədalətsiz yanaşmaları daim özünə qarşı görür, amma bundan heç də məyus olmur, əksinə, daha da güclənir, reallığa əsaslanan təbliğatını daha da dərinləşdirir, dünya dövlətlərinin bağlanan gözlərini, tutulan qulaqlarını açmağa səy göstərirlər. Bir məqamı da xüsusi qeyd etməliyik ki, belə güclər özləri   həmin hadisələri yaşadıqdan sonra  ədalət meyarını yada salmaq məcburiyyətində olurlar. 1992-ci ildə erməni diasporunun yalan təbliğatının ayaq  tutub yeriməsi,  Azərbaycan haqqında məlumatsızlıq nəticəsində ABŞ Konqresi ölkəmizə qarşı “Azadlığa Dəstək  Aktı”na ədalətsiz “907-ci düzəliş”in əlavə edilməsi barədə qərar qəbul etdi. Bu həmin dövrlər idi ki, ABŞ hökuməti ölkələrə qarşı münasibətlərini nəzərdən keçirərək əlaqələrin qurulmasında maraqlı idi. Erməni disporunun bu istəyinin əsasında Azərbaycanı iqtisadi cəhətdən zəiflətmək,  asılı vəziyyətə salmaq dayanırdı. 10 ilə yaxın dövrdə Azərbaycan bu ədalətsiz qərarın tətbiqi şəraitində yaşadı. Lakin ermənilərin və erməni diasporunun istəklərinin əksinə olaraq Azərbaycan daha da qüdrətləndi, iqtisadi imkanları ilə dünyanın diqqətində oldu. 1994-cü ildə ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin imzalanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyası sürətləndi, iqtisadi imkanlarının artması üçün möhkəm zəmin yarandı. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin sayı artdı. Ölkəmizin həyata keçirdiyi “açıq qapı” siyasəti  yeni dostlar, tərəfdaşlar qazandırdı, ən əsası hər bir ölkə, şirkət qoyacaqları investisiyaların təhlükəsizliyinə tam əmin oldular.  1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra əsas diqqəti Azərbaycan ətrafında yaradılan informasiya blokadasının yarılmasına yönəldən ulu öndər Heydər Əliyevin gərgin səyləri, düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində əldə olunanlar diplomatik uğurlar, eyni zamanda, 2001-ci il sentyabrın 11-də ABŞ-da baş verən terror aktı rəsmi Vaşinqtonun xarici siyasətində dəyişiklik etməsini şərtləndirdi. ABŞ hökuməti “907-ci düzəliş”in ədalətsiz olduğunu təsdiqləyərək onun fəaliyyətinin bir illik dondurulması barədə qərar qəbul etdi. Artıq həmin qərarın qəbulundan 10 il vaxt keçsə də onun birdəfəlik ləğvinin çətinə düşməsi diqqətdən kənarda qalmır. Hər il həmin qərar yenidən təsdiqlənərək ədalətsiz “907-ci düzəliş”in fəaliyyətini bir illik dondurur.  Nəzərə alsaq ki, bu ədalətsiz qərar o ölkələrə tətbiq olunur ki, onlar işğalçılıq siyasəti yeridir, digər dövlətlərin torpaqlarını işğal altında saxlayır, onlara qarşı əsassız torpaq iddiası ilə çıxış edir. Müstəqilliyimizin ilk illərində Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə, Azərbaycanı işğalçı, Ermənistanı isə “işğala məruz qalan” dövlət kimi təqdimat etmələrinə yol açsa da, artıq bu gün tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsi ilə həqiqətlər kimin işğalçı, kimin isə işğala məruz qalan tərəf olduğunu bütün dünyaya bəyan edir. Digər tərəfdən  ABŞ 1992-ci ildə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyət göstərirsə, işğala məruz qalan tərəfi də yaxşı bilir. ABŞ Konqresi müxtəlif adlar altında Ermənistana və qondarma “Dağlıq Qarabağ Respublikası”na böyük həcmdə  vəsaitlər ayıranda da münaqişənin əsl mahiyyətinin nədən ibarət olduğunu bilirdi. Erməni diasporunun bu illər ərzində  bütün səylərinin əsasında ABŞ hökumətinə qondarma “erməni soyqırımı” ilə yanaşı,  qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanıtmaq dayanıb, amma buna heç vaxt nail olmayıb. Bu gün ABŞ Prezidentinin dedikləri tarixin təhrif olunmasından,  yerləşdiyi regionun  söz sahibi olan  Türkiyə dövlətinə qarşı  nümayiş etdirilən qərəzdən başqa bir  şey deyildi.  ABŞ Prezidentinin zamanı çatanda bu qərarın da nə qədər yalnış olduğunu etiraf edəcəyi qaçılmazdır. Artıq erməni yalanlarının ayaq tutub yeriməsi mümkünsüzdür. Çünki danışan yalnız və yalnız faktlardır. Bu, məsələnin bir tərəfidir.         

Digər tərəfi budur ki, dövlətimizin başçısı İlham Əliyev hər zaman bəyan edir ki, Azərbaycanın xarici siyasəti açıq və aydındır. Rəsmi Bakı böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə qarşılıqlı hörmət və maraq prinsipləri əsasında əməkdaşlıq əlaqələri qurur və möhkəmləndirir. Ən əsası beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan, bütün məsələlərin məhz bu prinsiplər əsasında çözülməsinə səy göstərən Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir və öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Azərbaycan müstəqil siyasət yürüdür.  Cənab İlham Əliyevin  Prezident kimi  ABŞ-a ilk səfəri zamanı mətbuat konfransında jurnalistin Azərbaycanın ABŞ qarşısında hansı öhdəliyi götürməsi barədə sualına cavabını  xatırlatmaq istərdik. Cənab İlham Əliyev bildirmişdir ki, Azərbaycan müstəqil dövlətdir. Heç bir dövlətin qarşısında öhdəliyi yoxdur. Azərbaycan-ABŞ münasibətləri qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf etdirilir.

Azərbaycan-ABŞ münasibətləri üç istiqamətdə - demokratiya, energetika və təhlükəsizlik sahəsində uğurla inkişaf edir. Aydın məsələdir ki, bir ölkə iqtisadi əlaqələr qurmaq istədiyi dövlətdə ilk olaraq sabitliyə, demokratiyanın inkişafına diqqət yetirir. Azərbaycanda iqtisadi və siyasi islahatların paralel şəkildə aparılmasının uğurlu addım olması beynəlxalq təşkilatların, o cümlədən ABŞ Dövlət Departamentinin hesabatlarında da qeyd olunur. Demokratikləşmə prosesinin sürətlənməsi ölkəmizin hərtərəfli inkişafına xidmət edən addımdır. Azərbaycan dövləti demokratik prinsiplərə sadiqliyini sözdə deyil, əməldə sübut edib. Bu gün ölkəmizdə söz, mətbuat azadlığının yüksək səviyyədə təmin olunması, insan hüquqlarının lazımi səviyyədə qorunması, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratikliyinin, azad və şəffaflığının təmin edilməsi üçün təkmil seçki qanunvericiliyinin mövcudluğu, vətəndaş cəmiyyəti quruculuğunda qeyri-hökumət təşkilatlarının rolunun artırılmasına xidmət edən tədbirlər və sair kimi addımlar demokratiyanın inkişafına yönəlib.

ABŞ regional enerji təhlükəsizliyinin gücləndirilməsi, Azərbaycanın demokratik və çiçəklənən dövlət kimi inkişafının təmin edilməsi və regional sabitliyin möhkəmləndirilməsi, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılması məsələlərində daim Azərbaycan hökuməti və xalqı ilə birgə işləmək istəyini ortaya qoyub və bu istiqamətdə addımlar atıb. Bu gün Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəsindən sonra yaratdığı yeni reallıqlar bir daha ölkəmizin  düşünülmüş və məqsədyönlü siyasətinə işıq saldı. Mövqeyindən bir addım da belə geri çəkilməyən dövlətimizin  başçısı İlham Əliyev bu mühüm məqamı da xüsusi qeyd etdi ki, Vətən müharibəsi həqiqət anı oldu. Kimin haqqın-ədalətin, kimin isə şərin yanında olduğu bir daha təsdiqləndi.

Azərbaycanın ABŞ Prezidenti Co Baydenin  qondarma «erməni soyqırımı» ilə bağlı bəyanatına kəskin etirazından sonra   ABŞ dövlət katibi Entoni Blinken ölkə  Prezidenti İlham Əliyevə telefon zəngində də   Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafına toxunaraq əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini bildirmiş, enerji təhlükəsizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlığı qeyd edərək Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsinin əhəmiyyətini vurğulamış, Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirmişdir. Telefon zənginə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Azərbaycan-ABŞ əlaqələrinin zəngin tarixə malik olmasından,  Cənub Qaz Dəhlizi layihəsinin icrasına verilən dəstəkdən, regional təhlükəsizlik sahəsində əməkdaşlıqdan,  Əfqanıstanda sülhməramlı missiyanın fəaliyyətə başladığı ilk mərhələdən Azərbaycanın oradakı iştirakının önəmindən, Ermənistan-Azərbaycan müharibəsindən sonra yaranan yeni reallıqlardan, ermənilər tərəfindən dağıdılan ərazilərimizdə həyata keçirilən   bərpa işlərindən bəhs etməklə yanaşı,  eyni zamanda, bu günlərdə ABŞ Prezidentinin dırnaqarası erməni soyqırımı ilə bağlı bəyanatı ilə əlaqədar Azərbaycan rəhbərliyinin və ictimaiyyətin narahatlığını çatdırmışdır. Dövlətimizin başçısının «Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayır» fikirləri ədaləti deyil, maraqları üstün tutan, yalanı həqiqət kimi qəbul edib inamsızlıq mühiti yaradan dövlətlərə ciddi mesaj kimi dəyərləndirilməlidir.

ABŞ Dövlət katibinin telefon zəngi zamanı söylədiyi fikirlər bir daha Azərbaycanın ABŞ üçün önəmini ortaya qoyur. Reallıq budur ki,  Azərbaycanın uğurlu siyasəti  etibarlı tərəfdaş kimi  imicinin möhkəmlənməsində, nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul olunaraq  əməkdaşlıq əlaqələrinin genişlənməsində əhəmiyyətli rol oynayır.  Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, BMT-dən sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatına sədrliyi ölkəmizin  hər bir sahədə qazandığı uğurların, artan nüfuzunun, ən əsası ədalətli mövqeyinin  təsdiqidir. Amerika Prezidenti  Co Baydenin Novruz bayramı münasibətilə  Azərbaycan xalqını təbrikində də ABŞ-Azərbaycan münasibətlərinin bu gününə işıq salınaraq  perspektivlər diqqətə çatdırılmışdır.   ABŞ Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanla əməkdaşlığını bundan sonrakı dövrdə də davam etdirməyə sadiqliyini ifadə etmişdir. Prezident Co Baydenin təbrik məktubunda əksini tapan fikirlər bu reallığı təsdiqləyir ki,  ABŞ-ın yeni Administrasiyası Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün Prezident İlham Əliyevlə bundan sonra da birgə çalışmaqda maraqlıdır və ABŞ-Azərbaycan əlaqələri strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə yüksəlib, dostluq və tərəfdaşlıq xarakteri daşıyır.

Təhlillər göstərir ki, regionda və dünyada yeni reallıqlar yaradan Azərbaycan xarici siyasətində dəyişiklik etmədən bütün dövlətlərlə münasibətlərini  beynəlxalq hüquq normaları çərçivəsində qurur və inkişaf etdirir. Ermənilərin ABŞ Prezidentinin qondarma «erməni soyqırımı» ilə bağlı bəyanatından sonra rəsmi Vaşinqtonun Türkiyə, eyni zamanda, Azərbaycanla münasibətlərinin kəskinləşəcəyini düşünüb bunu bayram etmələri də gərəksizdir. Həm işğalçı Ermənistan, həm də ona dəstək verən ABŞ kimi dünyaya ədalət dərsi  keçən dövlətlər yaxşı bilirlər ki, belə yalanların hüquqi əsası yoxdur. Türkiyənin regionda və dünyada güclənən mövqeyini qısqanclıqla qarşılayan dövlətlər qondarma «erməni soyqırımı» məsələsindən siyasi alət kimi istifadə edirlər. Haqqın-ədalətin öz yerini tutacağı gün uzaqda deyil.  Necə ki, Azərbaycan-Türkiyə birliyi, dostluğu «Qarabağ Azərbaycandır və nida işarəsi» tezisini Ermənistana və ona havadarlıq edən dövlətlərə qəbul etdirdi. Tarix heç nəyi silmir, sonda yenə də öz sözünü deyir.

Yeganə Əliyeva, «İki sahil»