05 may 2021 16:53
1225

Füzuli hava limanı eyni anda 8 təyyarə qəbul edəcək - FOTO/VİDEO

May ayında uçuş-enmə zolağı asfaltlanacaq

İşğaldan azad olunan ərazilərimizdə sürətlə yenidənqurma və bərpa işləri həyata keçirilir. Bir tərəfdən ərazilər minalardan təmizləndikcə aidiyyati qurumlar tərəfindən də infrastruktur layihələri icra olunur. Yadınızdadırsa hələ müharibənin gedişatı zamanı azad olunan ərazilərdə yollar salınır, elektrik dirəkləri basdırılır, naqillər çəkilir, kəndlərin adı olan löhvhələr yerləşdirilirdi. Hazırda görülən işlərin miqyası daha da genişlənməkdə davam edir. Artıq ən iri layihələrin belə icrasına başlanılıb. Sözsüz ki, belə meqa layihələrdən biri də Füzulu rayon mərkəzinin yaxınlığında inşa olunan hava limanıdır.

Tikintiyə başlamazdan öncə hava limanının aerodrom ərazisinin 250 min kvadratmetr sahəsinin minalardan təmizlənməsi ilə bağlı xarici ölkələrdən mütəxəssislər dəvət olunub. Ərazinin minalardan təmizlənməsinin sürətləndirilməsi üçün İngiltərə istehsalı olan unikal “AARDVARK” modelli mexanizm alınaraq işlərə cəlb olunub.

Lazım olan ərazi minalardan tam təmizləndikdən sonra isə tikinti işlərinə başlanılıb. Layihələndirmənin tərkibinə bir sıra obyektlər daxildir. Belə ki, bu obyektlərə aerovağzal (terminal) binası, 3000x45 metr ölçüdə asfalt-beton örtüklü uçuş-enmə zolağı, perron, yönəldici yol, uçuş-enmə zolağının işıq-siqnal sistemlərinin, aeronaviqasiya və meteoroloji avadanlıqlarının quraşdırılması, 3 ədəd transformator yarımstansiyalarının tikintisi, köməkçi binalar, qurğular və xarici mühəndis kommunikasiyalarının inşası (elektrik, qaz, su və rabitə) daxil olacaq.

Ərazidə tikintiyə nəzarət edən Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin məsul əməkdaşı Valeh Əmiraslanov “İki sahil”ə müsahibəsində bildirdi ki, Füzuli Beynəlxalq hava limanında uzunluğu 3000 metr, eni 45 metr olan asfalt-beton örtüklü uçuş-enmə zolağının tikintisinə peşəkarlığı ilə seçilən və müasir texniki bazaya malik olan “AzVirt” MMC şirkəti tərəfindən başlanılıb. Layihəyə əsasən, ümumilikdə 238 min kvadratmetr sahədə asfalt-beton örtüklü uçuş-enmə zolağı, yönəldici yol və perronun tikintisi planlaşdırılır.

V. Əmiraslanov bildirdi ki, terminalın özül hissəsində də işlər sürətlə həyata keçirilir: “Terminalın özül hissəsi tamamlanmaq üzrədir, hazırda metal konstruksiya işləri həyata keçirilir. Terminalın qarşısında isə təyyarələrin dayanacaq yeri, yəni perron olacaq. Perronda eyni anda 8 təyyarə dayana biləcək, may ayında uçuş-enmə zolağınında asfalt beton işlərinə başlanılacaq. Çalışanlar əsasən yerli mütəxəssislərdir. Yalnız işıq siqnal sisteminin, hava hərəkətinin idarə edilməsi qurğularının və naviqasiya sisteminin quraşdırılmasında xarici mütəxəssislər çalışır. Digər işlər yerli peşəkar mütəxəssislərimiz tərəfindən həyata keçirilir. 400-450 nəfər durmadan çalışır. İnşallah sentyabırn 5-ə hava limanının açılışı planlaşdırılır”.

Təbii ki, Füzuli Beynəlxalq hava limanı regionda böyük əhəmiyyətə malik olacaq. Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov da limanın əhəmiyyətini yüksək qiymətləndirir: “Artıq işğaldan azad olunan ərazilərimizdə bərpa və yenidənqurma işləri gedir. Gördüyünüz kimi hazırda bizim olduğumuz Füzuli Beynəlxalq hava limanı bərpa və yenidənqurma işlərinin bir hissəsidir. Şühbəsiz ki, liman istifadəyə verildikdən sonra Qarabağa turistlərin gəlişi rahatlaşacaq. Hava limanından həm daxili, həm də xarici uçuşlar həyata keçiriləcək. O zaman deməyə əsas yaranır ki, bu məkan təkcə Qarabağ və digər rayonlarla yanaşı bütünlükdə region üçün də strateji əhəmiyyətə malik olacaq. Bildiyiniz kimi, hava limanı quru nəqliyyat vasitəsi olan Zəngəzur dəhlizinə, sözügedən dəhliz isə şərq-qərb dəhlizinə inteqrasiya olunacaq. Bu da onu deməyə imkan verir ki, hava nəqliyyatı vasitəsi ilə həm sərnişin, həm də yükdaşımalarda kifayət qədər ciddi mövqe əldə olunacaq.

Aparılan monitorinqlər, təhlillər göstərir ki, işğaldan azad olunmuş ərazilərə beynəlxalq aləmdə həm turistlərin, həm də iş adamlarının ciddi marağı var. Hava limanı bu baxımdan da xüsusi əhəmiyyətə malik olacaq. Qarabağa gələn turist və iş adamları təyyarə ilə bir başa Füzuliyə gələrək “Zəfər yolu” ilə rahat bir şəkildə Şuşaya gedə biləcəklər. İnşallah planlaşdırıldığı kimi, bu ilin sentyabrın 5-də liman istifadəyə veriləcək”.

Taleh Bağırov, “İki sahil”,

Bakı-Füzuli-Bakı