Bildiyiniz kimi, işğaldan azad olunan ərazilər minalardan təmizləndikcə paralel olaraq bərpa və yenidənqurma işləri də həyata keçirilir. Artıq azad olunan ərazilərdə bir neçə layihə tam olaraq başa çatsa da hələ uzun müddət davam edəcək meqa layihələrin icrası davam etməkdədir. Belə möhtəşəm layihələrdən biri də sözsüz ki, hər kəsin bitməsini həyəcanla gözlədiyi “Zəfər yolu”dur. Şuşanın düşməndən azad edilməsinin mənəvi rəmzi olan “Zəfər yolu” dövlətimizin başçısının tapşırıq və Sərəncamına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilir.
“Zəfər yolu” başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır. Uzunluğu 101 kilometr olan yol cənab Prezident İlham Əliyevin tapşırığına əsasən Qarabağın inkişaf planı nəzərə alınmaqla 2 hərəkət zolaqlı və ikinci texniki dərəcəyə uyğun inşa edilir.
Ərazidə olarkən müşahidə etdik ki, artıq yolboyu genişmiqyaslı tikinti işləri həyata keçirilir. İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “16 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC və “7 nömrəli Magistral Yolların İstismarı” MMC ilə subpodratçı olaraq yol tikintisi sahəsində ixtisaslaşmış və ölkəmizdə indiyədək bir neçə layihəni uğurla tamamlamış Türkiyənin “KOLİN” İnşaat Turizm San. və Tic. Anonim Şirkəti və “Azvirt” MMC birgə icra edir. Hazırda sözügedən avtomobil yolu boyunca əsasən torpaq işləri icra olunur. Xüsusi texnikalardan istifadə olunmaqla yolun profilə salınması və ikinci texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası işləri həyata keçirilir.
Yeni inşa edilən yol boyunca layihəyə uyğun olaraq yağış sularının ötürülməsini təmin etmək məqsədilə dairəvi boru və düzbucaqlı su keçidləri, həmçinin zəruri olan yerlərdə 3 yeni avtomobil körpüsünün inşası da aparılır. Körpülərin uzunluqları 33, 99 və 75 metr olmaqla yolun 0.6-cı, 26-cı və 57-ci kilometrlik hissələrində layihələndirilib.
“Zəfər yolu”na cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinin sürətləndirilməsi ilə yolun asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilməsi nəzərdə tutulur. Sözügedən prosesin həyata keçirilməsi ilə cari ilin sentyabr ayınadək yolun tam olaraq 2 hərəkət zolağı enində asfaltlanaraq istifadəyə verilməsi planlaşdırılır. “Zəfər yolu” işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilir. Avtomobil yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.
Yolun 34-dən 51-ci kilometrliyinə qədər olan hissəsinin layihə rəhbəri Bülent Mersinli “İki sahil”ə açıqlamasında bildirdi ki, hazırda yolun 17-ci kilometrliyində iş gedir: “İş sahəsində 50-dən artıq ağır texnika, 120-yə yaxın avtomobil və 350 nəfər işçi heyətimiz 24 saat gecə və gündüz növbəsi olmaqla durmadan çalışır. İnşallah ilin sonlarına doğru, sentyabr ayında “Zəfər yolu”nun bizə aid hissəsini təhvil verəcəyik. Təxmini olaraq bir milyon kub torpaq və 110 min ton asfalt işimiz olacaq. May ayında torpaq işlərini tamamlayıb asfalt işlərinə başlayacayıq”.
“Azvirt” MMC-nin iş icraçısı İlham Həsənov bizimlə söhbətində bildirdi ki, hazırda torpaq yatağı ilşəri görülür: “Hazırta sunü qurğular, dolğu, yamacların düzəldilməsi və sair görülür. Bizim iş gördüyümüz ərazidə 24 ədəd sünü qurğu, bir yol ötürücüsü olacaq. Bu yol əvvəlki Füzuli-Şuşa yolundan nisbətən fərqli ərazilərdən keçir, hündür -çökək ərazilər var, bütün bunları düzləşdiririk ki, yolda eniş yoxuş olmasın”.
Taleh Bağırov, “İki sahil”
Bakı-Füzuli-Bakı