Xəzər rayonu rəhbərliyi və ictimaiyyət nümayəndələri Binədə yeni qurulan Şəhidlər xiyabanını ziyarət ediblər
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində Xəzər rayonunun gəncləri də şücaət və qəhrəmanlıq göstərmiş və onlardan şəhidlik zirvəsinə ucalanlar olmuşdur.
"İki sahil" xəbər verir ki, ölkəmizin hər yerində olduğu kimi, Xəzər rayonunda da şəhidlərimizin xatirəsi daim əziz tutulur, qazi və şəhid ailələrinə mütəmadi olaraq xüsusi diqqət və qayğı göstərilir.
Rayon ərazisində yerləşən məzarlıqlarda dəfn edilmiş şəhidlərin məzarüstü abidələri inşa olunmuş, məzarlıqlar ətrafında təmir-bərpa və abadlıq işləri görülmüş və hazırda bu istiqamətdə işlər davam etdirilir.
Şəhidlərimizin uyuduqları məzarlıqlar və xiyabanlar müqəddəs bir yer kimi rayon sakinlərinin əbədi ziyarətgahına çevrilmişdir. Belə ziyarətgahlardan biri də rayonun Binə qəsəbəsində yerləşən, Vətən müharibəsi şəhidlərinin dəfn olunduğu Şəhidlər Xiyabanıdır.
Bu ilin mart ayından başlayaraq Binə qəsəbəsindəki yeni qurulan Şəhidlər Xiyabanında təmir-tikinti işləri tam olaraq başa çatmışdır.
Bununla əlaqədar 7 may 2021-ci il tarixində Xəzər rayonunun rəhbərliyi, Şəhid ailələri və ictimaiyyət nümayəndələri xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla Vətən Müharibəsi şəhidlərinin dəfn olunduğu Şəhidlər xiyabanın ziyarət etmişlər.
Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət vəkilləri Soltan Məmmədov, Rauf Əliyev, Yeni Azərbaycan Partiyasının (YAP) Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və şəhid ailələri iştirak etmişlər.
Tədbiri ilk olaraq Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov açaraq, 44 gün davam edən Vətən Müharibəsinin məhz igid, qəhrəman oğullarımızın fədakarlığı sayəsində tarixi qələbəmizlə başa çatdığını qeyd etmişdir. Torpaqlarımızın azadlığı uğrunda 2800-dən çox qəhrəmanın öz canından keçdiyini qeyd edən E.Salahov bildirmişdir ki, şəhidlərimizin xatirəsinə ucaldılan ən möhtəşəm abidə məhz işğaldan azad olunmuş torpaqlarda aparılan quruculuq işləridir.
Tədbirdə Millət vəkilləri Soltan Məmmədov, Rauf Əliyev və YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxış edərək, şəhidlərimizin keçdikləri şərəfli döyüş yollarından və dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan geniş söz açmışlar.
Tədbirdə şəhid Bəhram və İman Məmmədzadə qardaşlarının atası Elman Məmmədzadə, şəhid Şirvani Həsənağa Bəhruz oğlunun anası Şəfəq Rəfiyeva çıxış edərək, Vətən müharibəsində xüsusi şücaət göstərərək şəhid olanların ailə üzvlərinə və qazi olanlara dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmiş, dövlətimizin ərazi bütövlüyü və əmin-amanlığı naminə yumruq kimi birləşdiklərini qeyd etmişlər.
Sonra şəhidlərin məzarları üstünə əklil və gül dəstələri düzülərək, ruhlarına dualar oxunmuş, əziz xatirələri ehtiramla yad olunmuşdur.
Şəhidlərin xatirəsinə ehtiram ifadəsi olaraq Binə qəsəbəsinin Şəhidlər Xiyabanında ağacəkmə aksiyası keçirilmişdir.
Ümumi ərazisi 1500 kv metr olan xiyabanda Şəhidlərimizin ölməz ruhunun ucalığını əks etdirən abidə inşa edilmiş, 50 kv metr olan köhnə hasar sökülərək yenidən tikilmiş, 2100 kv metr mala işləri, 1100 kv metr boya işləri görülmüş, 1300 kv metr yerə daş döşənilmiş, giriş qapısı tikilmiş və darvaza qoyulmuş, yeni işıqlandırma sistemi quraşdırılmış və işıq dirəkləri basdırılmışdır.
Bundan əlavə ərazidə yeni ağac və gül kolları əkilmiş, oturacaqlar qoyulmuş, içməli su xətti çəkilmiş və bulaq tikilmişdir.