15 may 2021 03:58
1172

Heydər Əliyev yolunun uğurla davam etdirilməsi blokada şəraitində yaşayan Naxçıvanın sürətli inkişafına yol açıb

Ötən illər ərzində dünyada baş verən bir sıra təlatümlü hadisələrin, qlobal böhranların, pandemiyanın yaratdığı ciddi çətinliklərin özünü daha açıq şəkildə büruzə verdiyi bir vaxtda Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası nəinki bütün bunların təsirlərini minimum həddə endirməyi bacardı, həm də dinamik inkişaf tempini qoruyub saxladı. Geoiqtisadi risklərin yüksəldiyi və problemlərin dərinləşdiyi bir dövrdə inkişaf dinamikasının davamlı xarakter almasına təsir göstərən əsas məqamlar isə heç şübhəsiz, ilk növbədə, ulu öndərimiz Heydər Əliyevin müəllifi olduğu iqtisadi inkişaf doktrinasının uğurla reallaşdırılması, iqtisadi siyasətin ən kiçik detallarına qədər dəqiqliklə düşünülərək həyata keçirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və vaxtında görülən digər zəruri tədbirlərdir. Muxtar respublikanın bölgələrində sosial infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin hər il daha da yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, investisiya qoyuluşunun artması, yeni müəssisələrin və iş yerlərinin açılması, əhalinin məşğulluğunun artırılması davamlı yüksəlişi xarakterizə edən amillər sırasında yer alır. Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində muxtar respublikada aparılan kompleks quruculuq işləri, məqsədyönlü tədbirlər barədə deyib: “Təəssüratlarım çox müsbətdir. Hər zaman Naxçıvanda olanda, burada inkişafı görəndə çox sevinirəm. Bu, mənim Naxçıvana 15-ci səfərimdir və hər səfər çərçivəsində bir çox obyektlərin açılışında iştirak edirəm. Naxçıvan sürətlə inkişaf edir. Bütün sahələr üzrə işlər müsbət istiqamətdə gedir...

Sənaye potensialı inkişaf edir, artır. Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb. Kənd təsərrüfatı ilə bağlı görülmüş işlər nəticəsini verməkdədir”.

İşgüzarlıq, təbiətə qayğı və torpağa bağlılıqdan qaynaqlanan xeyirxah əməllərin Naxçıvan nümunəsi

Müasir dövrümüzdə dünyanın ən ciddi problemlərindən biri də qlobal istiləşmə və ətraf mühitin ekoloji tarazlığının pozulması məsələləridir. Təbiətdəki tarazlığın qorunması təkcə bu günümüz üçün deyil, həm də gələcəyimiz üçün çox böyük əhəmiyyətə malikdir. Çünki bütün bunlar həm də bu gün çox aktual olan insan sağlamlığı ilə bağlı məsələdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev təbiətin insan sağlamlığında əhəmiyyətindən bəhs edərkən deyib: “İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır”.

Bu gün muxtar respublikada təbiətin mühafizəsi, yaşıllıqların qorunması, yeni yaşıllıqların salınması istiqamətində məqsədyönlü işlər həyata keçirilir. Bu məsələ ilə bağlı Naxçıvanda çox gözəl ənənə formalaşıb. Hər il muxtar respublikanın sakinləri bahar aylarında səliqə-sahman yaradır, yaşıllıqlar salır və bu proses ilboyu çox böyük uğurla davam etdirilir. İşgüzarlıq, təbiətə qayğı və torpağa bağlılıqdan qaynaqlanan bu xeyirxah əməllər nümunədir.

Aprelin 3-də muxtar respublikada yaz mövsümünün ilk iməciliyi keçirilib. İməcilik iştirakçıları 7 hektar ərazidə 1600 müxtəlif meyvə və üzüm tingləri əkib, aqrotexniki qulluq göstərilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, meyvə tingləri əkib.

Həmin gün, ümumilikdə, muxtar respublikanın bütün rayonlarında 20 hektar ərazidə yeni meyvə bağı və yaşıllıq zolaqları salınıb, 12 mindən artıq ting əkilib. 9 hektar ərazidə isə bərpa əkini aparılıb.

Aprelin 17-də keçirilən iməciliklərdə isə yaşıllıq zolaqları və meyvə bağlarına aqrotexniki qulluq göstərilib. Ali Məclisin Sədri iməcilikdə iştirak edib, ağaclara aqrotexniki qulluq göstərib, mövsüm ərzində badam bağında işlərin davam etdirilməsi barədə tapşırıq verib.

Naxçıvan Muxtar Respublikası ölkəmizin idman mərkəzlərindən birinə çevrilib

Son illər Naxçıvan Muxtar Respublikasında idmanın maddi-texniki bazası xeyli gücləndirilib. Bu işlərin davamlı həyata keçirilməsi və yaradılan müasir idman mühiti gənclərin bədən tərbiyəsi və idmana olan marağını artırır, idman klublarının və federasiyaların heyəti ilbəil genişlənir, 35 mindən artıq idmançı 2213 qrupda idmanla məşğul olur. Muxtar respublikada 2 Olimpiya İdman Kompleksi, 2 Üzgüçülük Mərkəzi, 1 Şahmat Mərkəzi, 7 Uşaq-Gənclər Şahmat Məktəbi, 9 Uşaq-Gənclər İdman Məktəbi, 17 stadion, 27 mini-futbol meydançası, Atıcılıq Mərkəzi, Atıcılıq Əyləncə Mərkəzi, peyntbol meydançaları, yeni tikilən tam orta məktəblərdə müasir idman zalları yaradılıb, yeni olimpiya ağırlıqqaldırma qurğuları və 967 sadətipli idman avadanlıqları istifadəyə verilib.

Görülən işlər, həyata keçirilən tədbirlər nəticəsində Naxçıvan Muxtar Respublikası ölkəmizin idman mərkəzlərindən birinə çevrilib. Muxtar respublikada keçirilən beynəlxalq səviyyəli idman yarışlarının və tədbirlərin sayı ildən-ilə artır. Buradakı mövcud infrastruktur və qazanılan zəngin təcrübə istənilən səviyyədə yarışların keçirilməsinə imkan verdiyi üçün şahmat üzrə kişilər arasında Azərbaycan çempionatı şahmat tarixində ilk dəfədir ki, Bakıdan kənarda - Naxçıvanda keçirilir.

Muxtar respublikada idman infrastrukturu daim təkmilləşdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə qəbul olunmuş “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” bu tədbirlərin davamlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Naxçıvanda bütün idman növləri ilə yanaşı, futbol idman növünə göstərilən diqqət və qayğı sayəsində bu sahədə əsaslı irəliləyişlərə nail olunub. Dövlət Proqramına əsasən tikilib istifadəyə verilən Uzunoba Təlim-Məşq İdman Kompleksinin inşası da bu sahədə görülən işlərin nəticəsidir. Kompleksdəki stadionlar Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası, eləcə də Avropa Futbol Assosiasiyaları İttifaqının standartlarına tam cavab verir və beynəlxalq yarışlar üçün uyğundur.

Aprelin 3-də Uzunoba Təlim-Məşq İdman Kompleksinin istifadəyə verilməsi münasibətlə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri deyib: “Təlim-Məşq İdman Kompleksinin qurulub istifadəyə verilməsi muxtar respublikada yenilikdir. Baxmayaraq ki, Naxçıvan və Şərur şəhərlərində olimpiya idman kompleksləri fəaliyyət göstərir. Lakin təlim-məşq kompleksi muxtar respublikada ilk dəfədir, istifadəyə verilir. Yaradılan şərait imkan verəcək ki, həm yay aylarında burada çimərlik idman növlərindən istifadə olunsun, həm də ilin bütün fəsillərində idmanın müvafiq növləri ilə bağlı məşqlər keçirilsin. Bunlar gənclərdə idmana maraq yaradacaq, onlar asudə vaxtlarını səmərəli keçirəcək və ən əsası sağlam böyüyəcəklər”.

“Bu gün təhsilin inkişafı gənclərin sağlam böyüməsindən asılıdır. Əgər onlar sağlam həyat tərzi keçirirlərsə, deməli, yaxşı təhsil ala biləcək, ailələri, cəmiyyət və dövlət üçün yararlı vətəndaşa çevriləcəklər”,- deyən Ali Məclisin Sədri kompleksin qurulmasının əhəmiyyətini vurğulayıb, görülən işlərdə əməyi olanlara təşəkkür edib.

Ali Məclisin Sədri kompleksdə muxtar respublika və beynəlxalq səviyyəli yarışların təşkili, müvafiq idman federasiyaları tərəfindən məşqlərin keçirilməsi, kompleksin internet saytının yaradılması və qurulanların qorunması ilə bağlı tapşırıqlar verib.

Müasir tələblər səviyyəsində qurulan yeni səhiyyə müəssisələri yaradılır

Muxtar respublikada səhiyyənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, müasir infrastrukturun yaradılması əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini xeyli yüksəldib. Görülən işlər Ordubad rayonunu da əhatə edib, burada müasir tələblərə cavab verən səhiyyə infrastrukturu yaradılıb. Ali Məclis Sədrinin 2020-ci il 7 yanvar tarixli Sərəncamı ilə yaradılmış Ordubad Rayon Uşaq Xəstəxanasının istifadəyə verilməsi də bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı xarakterini daşıyır. Xəstəxana müasir tələblər səviyyəsində qurulub, uşaqların dünya səhiyyə sisteminin tələblərinə uyğun müayinə və müalicəsi üçün hərtərəfli şərait yaradılıb. Görülən işlər Ordubad rayonunda uşaqların tam keyfiyyətli tibbi xidmətlə əhatə olunmasına imkan verəcəkdir.

Aprelin 9-da Ordubad Rayon Uşaq Xəstəxanasının açılışı münasibətlə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri səhiyyə müəssisəsinin istifadəyə verilməsi münasibətilə kollektivi və sakinləri təbrik edib, yaradılan şəraitdən düzgün istifadə olunacağına əminliyini bildirib.

Muxtar respublika rəhbəri təcili tibbi yardım avtomobilinin açarını təqdim edib, uşaqlarda tibbi müayinə və peyvəndlərin vaxtında aparılması, həkimlərin kurslara göndərilməsi, kadr hazırlığının diqqətdə saxlanılması, həkim briqadalarının kəndlərə göndərilməsi barədə tapşırıqlar verib.

Məktəblərdə müasir tədris şəraiti yaradılıb

Təhsil strateji əhəmiyyətli fəaliyyət sahəsi kimi ölkənin, diyarın siyasi-iqtisadi, sosial və mədəni inkişafını müəyyən edir. Qloballaşan dünyada yaşadığımız innovativ və dayanıqlı inkişaf dövrü yeni nəsildən daha mükəmməl təhsil almağı, elmi biliklərə və peşələrə dərindən yiyələnməyi tələb edir. Sevindirici haldır ki, bu məsələlər Naxçıvanda xüsusilə diqqət mərkəzində saxlanılır, təhsil infrastrukturunun quruculuğuna yeni yanaşma sərgilənir.

Bu ilin ötən dövründə Şərur rayon Şəhriyar və Ordubad rayon Nüsnüs kənd tam orta məktəbləri yenidən qurularaq istifadəyə verilib. Hazırda Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseydə, Şərur rayon Çərçiboğan, Dərvişlər, Babək Rayon Sirab, Araz, Ordubad rayon Əndəmic, Vələver, Pəzməri və Dırnıs məktəblərində tikinti-quruculuq işləri aparılır. Təhsil müəssisələrində sürətli internetə çıxışı olan 5700-dən artıq kompüter və 650-dən artıq elektron lövhə quraşdırılıb. Ordubad şəhər 1 nömrəli tam orta məktəbdə yaradılan müasir tədris şəraiti tədrisin səviyyəsinin artmasına, daha yüksək nəticələrin əldə olunmasına, bilikli və vətənpərvər gənclərin yetişdirilməsinə geniş imkanlar açır.

Aprelin 9-da Ordubad şəhər 1 nömrəli tam orta məktəb istifadəyə verilib. Ali Məclisin Sədri məktəbdə yaradılan şəraitlə tanış olub.

Məktəbdə STEAM təhsil metodunun tətbiqi üçün kabinə yaradılıb və müxtəlif avadanlıqlarla təchiz olunub. STEAM kabinəsi 2 kompüter, 1 elektron lövhə, 3D printer, robotların hazırlanması üçün müxtəlif elektron hissə və alətlər, mikrobit, arduino setləri və digər qurğularla təchiz olunub. Şagirdlər bu avadanlıqlarla tanış olaraq 3D modelləşdirmə, mikrobit, arduino ilə işləmə biliklərinə yiyələnirlər. STEAM kabinəsində şagirdlər hazırladıqları layihələri Ali Məclisin Sədrinə təqdim ediblər.

Onu da deyək ki, muxtar respublikanın təhsil müəssisələrində STEAM kabinələrinin yaradılması işləri davam edir. Ötən dövrdə Heydər Əliyev adına tam orta məktəbdə STEAM Tədris Mərkəzi, 4 məktəbdənkənar təhsil müəssisəsində və 11 tam orta məktəbdə STEAM kabinələri yaradılıb. Hazırda 38 tam orta məktəbdə STEAM kabinələrinin yaradılması istiqamətində işlər aparılır.

Ordubad şəhər 1 nömrəli tam orta məktəbin kollektivi ilə görüşdə Ali Məclisin Sədri təhsildə müasir metodların tətbiqinin əhəmiyyətini qeyd edərək deyib: “Bu gün Ordubad şəhər 1 nömrəli tam orta məktəb müasir tələblər səviyyəsində qurularaq kollektivin istifadəsinə verilir. Əgər XX əsr texnika dövrü idisə, XXI əsr yeni texnologiya əsridir. O dövrdə məktəbdə əmək təlimi otağı yaradılırdısa, bu gün STEAM kabinəsi qurulur, laboratoriyalar istifadəyə verilir, məktəb və tədris dövrün tələbinə uyğunlaşdırılır. Elektron lövhələr, kompüter sinifləri, laboratoriyalar və kabinələrlə təmin olunmuş Ordubad şəhər 1 nömrəli tam orta məktəb də yeni texnologiyaların tədrisdə tətbiq edilməsinin göstəricisidir. Belə məktəblərin tikilməsi ölkənin vəsaiti hesabına həyata keçirilir. Məktəb kollektivi yeni texnologiyaları yaxşı mənimsəməlidir ki, uşaqlara da yaxşı öyrədə bilsinlər. Ona görə ki, gənclər ölkənin gələcəyi, qurucularıdır. Qəbul olunan Dövlət proqramları, həyata keçirilən tədbirlər onların yaxşı təhsil almalarına hesablanıb”.

Ali Məclisin Sədri hərbi hazırlıq kabinəsinə baxış zamanı gənclərlə hərbi-vətənpərvərlik işinin düzgün təşkilinin əhəmiyyətini vurğulayıb, hərbi hazırlıq fənninin tədrisinin yüksək səviyyədə aparılması barədə tapşırıq verib. Ali Məclis Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq məktəbdə Ağır Atletika İdman Klubu yaradılıb. Klubun fəaliyyəti üçün 1 velosiped, 1 xizək, 3 universal güc, 3 ağırlıqqaldırma trenajorları, 3 dəst 30 kiloqramlıq ağırlıqqaldırma aləti, 15 kiloqramlıq 8 rezin qantel alınıb.

Muxtar respublika rəhbəri digər məktəblərdə də idman klublarının yaradılması, yeni texnologiyaların öyrənilməsi, gənc müəllimlərin işləməsi üçün şəraitin yaradılması, kitab müzakirələrinin keçirilməsi, yaradılanlardan səmərəli istifadə olunması, ərazidə yaşıllıqların və meyvə ağaclarının artırılması ilə bağlı tapşırıqlar verib.

Həmin gün Ali Məclisin Sədri Ordubad şəhərində qurulan futbol stadionunun layihəsinə baxıb, görülən işlərlə maraqlanıb.

Məlumat verilib ki, yeni stadionda hazırda qaçış zolaqlarının asfaltlanması, 400 yerlik oturacaqların və avtomobil dayanacağının qurulması işləri görülür. Meydançada soyunma-geyinmə otaqlarının, tribunanın, işıqlandırma sisteminin yaradılması da nəzərdə tutulub.

Ali Məclisin Sədri stadionun standartlara uyğun qurulması barədə tapşırıq verib.

İnnovativ dərnəklər yeni təfəkkürlü gənclər formalaşdırır

Muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təşkili həyata keçirilən təhsil islahatlarının əsas istiqamətlərindəndir. Xüsusilə yeni innovativ dərnəklərin yaradılması uşaqların asudə vaxtlarının səmərəli təşkili və intellektual inkişafı, onların istedad və bacarıqlarının üzə çıxarılması, yaradıcılıq qabiliyyətlərinin genişləndirilməsi, milli dəyərlər zəminində tərbiyələri üçün zəruri şərait yaradır. Aprelin 9-da Ordubad rayonunda yaradılmış innovativ dərnəklərin təqdimatı olub.

Ali Məclisin Sədri dərnəklərin fəaliyyəti ilə maraqlanıb, şagirdlərin əl işlərindən ibarət sərgiyə baxıb.

Məlumat verilib ki, Ordubad rayonunda Uşaq-Gənclər Yaradıcılıq və Texniki Yaradıcılıq mərkəzləri, Şahmat və Uşaq-Gənclər İdman məktəbləri olmaqla, 4 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisələrdə 1209 şagirdin təhsili ilə 59 müəllim məşğul olur.

Ordubad Texniki Peşə və Sürücülük məktəbinin 3-cü mərtəbəsində yerləşən Uşaq-Gənclər Yaradıcılıq və Texniki Yaradıcılıq mərkəzlərində, ümumilikdə, 37 dərnək fəaliyyət göstərir ki, onlardan 20-si yeni yaradılan innovativ dərnəkdir. Dərnəklərə 8-i sağlamlıq imkanları məhdud uşaq olmaqla, 614 şagird cəlb olunub ki, onların təlim-tərbiyəsi ilə 34 dərnək rəhbəri məşğul olur.

Muxtar respublika rəhbəri məktəbdənkənar müəssisələrin əhəmiyyətini qeyd edərək deyib: “Məktəbdənkənar müəssisələr şagirdlərin asudə vaxtlarının təşkilində və peşə seçimlərində çox əhəmiyyətlidir. Muxtar respublikada məktəbdənkənar müəssisələrin formalaşmasına bir neçə il bundan əvvəl başlanılıb. Ordubad rayonunun məktəbdənkənar müəssisələrində də 37 dərnəkdən 20-si yeni qurulub ki, onlar da, əsasən, yeni texologiyaları və milli dəyərləri əhatə edir. Bu dərnəklərin fəaliyyəti üçün bundan sonra da lazımi köməklik göstərilməlidir. Əvvəllər muxtar respublikada keçirilən sərgilərə yalnız evlərdə olan bir neçə çeşiddə qədim əl işləri çıxarılırdısa, son zamanlar belə sərgilərdə hazırlanan əl işlərinin çeşidləri artmışdır. Xüsusilə də sərgilərdə sağlamlıq imkanları məhdud şəxslərin əl işlərinin üstünlük təşkil etməsi yaradılan şəraitin nəticəsidir. Ona görə də milli dəyərləri əks etdirən dərnəklərin hər il muxtar respublikada sərgi-satışı, texniki dərnəklərin isə gələcəkdə təşkil olunacaq texnologiya festivalında iştirakı təmin edilməlidir. Uşaqlarda bu sahəyə böyük maraq var. Bu səbəbdən də onlar dərnəklərə daha çox cəlb edilməlidir”.

Ali Məclisin Sədri muxtar respublikanın bütün məktəblərində STEAM kabinələrinin qurulub başa çatdırılması, müəllimlərin kurslara cəlb olunması, şagirdlərin asudə vaxtlarının təşkili üçün məktəb və məktəbdənkənar müəssisələrdə işlərin davam etdirilməsi barədə tapşırıqlar verib.

Yeni nasos stansiyaları tikilir, kənd yaşayış məntəqələrinin elektrik sistemləri yenilənir

Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Bizim hələ ki, dövriyyədə olmayan böyük torpaq sahələrimiz vardır. Orada meliorativ tədbirlər, infrastruktur layihələri həyata keçirilməlidir ki, biz on minlərlə hektar yeni torpaqları dövriyyəyə buraxaq”.

Naxçıvan Muxtar Respublikasında meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması aqrar sahənin inkişafına mühüm töhfə verir. Hər il bu istiqamətdə silsilə tədbirlər görülür, mütərəqqi suvarma şəbəkələri və nasos stansiyaları tikilir, uzun illər əkilməyən torpaq sahələri əkin dövriyyəsinə qatılır. Həyata keçirilən bu tədbirlər bol məhsul istehsalı ilə yanaşı, həm də əhalinin məşğulluğunun təmin olunmasına hesablanıb.

Şahbuz rayonunun Külüs kəndində yeni nasos stansiyası tikilib, Şahbuzkənd, Külüs və Keçili kəndlərinin elektrik sistemləri yenilənib.

Aprelin 22-də Ali Məclisin Sədri Şahbuzkənd, Külüs və Keçili kəndlərinin elektrik sistemlərində görülən işlərlə maraqlanıb.

Ali Məclisin Sədri yarımstansiyanın qurulmasında əməyi olanlara təşəkkür edərək deyib: “Bu ərazilərin elektrik enerjisi ilə təminatında həmişə problemlər olmuşdur. Ona görə də kəndlərin elektrik sistemlərinin yenidən qurulması və yeni xəttin çəkilməsinə qərar verildi. Yeni elektrik xətti həm 3 kəndin elektrik enerjisi ilə təminatını yaxşılaşdırdı, həm də uzun illər bu ərazidə əkilməyən 340 hektar torpağın su təminatını həyata keçirməyə imkan verdi”.

“Vaxtilə torpaq sürüşməsi zamanı Keçili kəndindən köçənlər üçün evlər tikiləndə qaynaq aparatını işlətmək üçün elektrik enerjisinin gücü çatmırdı”, - deyən Ali Məclisin Sədri artıq bu gün həmin problemlərin aradan qaldırıldığını, müasir xətlərin qurulub istifadəyə verildiyini, elektrik təminatının yaxşılaşdırılmasının isə burada insanların rahat yaşayışına xidmət etdiyini bildirib.

Həmin gün Şahbuz rayonunun Külüs kəndində yeni nasos stansiyası istifadəyə verilib. Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri maraqlı bir faktı qeyd edib. Belə ki, 40 il əvvəl, hələ Sovetlər Birliyi dövründə həmin nasos stansiyasının qurulmasına cəhd göstərilib, lakin iş başa çatdırılmayıb. Çünki buraya çəkilən elektrik xəttinin gücü nəzərə alınmadığından nasos stansiyasını işlətmək mümkün olmayıb. Müstəqillik illərində muxtar respublikada enerji təhlükəsizliyi öncül istiqamət kimi götürülüb, yeni elektrik stansiyaları qurulub, bütün yaşayış məntəqələrində, xüsusilə kəndlərdə elektrik təsərrüfatı sistemləri yenilənib, yeni və dayanıqlı elektrik verilişi xətləri çəkilib, transformatorlar qurulub, yarımstansiyalar müasirləşdirilib, enerjinin tələbata uyğun verilməsinə nail olunub. Məhz bu işlərin davamı olaraq Şahbuzkənd, Külüs və Keçili kəndlərində elektrik sistemlərinin yenilənməsi, “Şahbuz” yarımstansiyasının gücünün artırılması nasos stansiyasının tikintisinə imkan verib, nəticədə, yüz hektarlarla torpaq sahəsi əkin dövriyyəsinə qatılıb. Yeni torpaq sahələrinin əkilməsi isə həm muxtar respublikanın ərzaq təhlükəsizliyinə, həm də sakinlərin rifahına töhfə verəcəkdir.

Ali Məclisin Sədri nasos stansiyasının qurulmasında əməyi olanlara təşəkkür edib və stansiyanı işə salıb.

Həmin gün Ali Məclisin Sədri əkin dövriyyəsinə qatılmış 340 hektar torpaq sahəsinə baxıb. Sahəyə suyun paylanması üçün 5200 metr su arxı çəkilib və ərazi daşdan təmizlənib. Əkin dövriyyəsinə daxil edilən 340 hektar torpaq sahəsinin 211 hektarı bələdiyyə, 129 hektarı isə xüsusi mülkiyyətdə olan torpaq sahələridir. Əkin dövriyyəsinə qatılan torpaq sahələrinə sakinlərin və kənd təsərrüfatı texnikalarının rahat gediş-gəlişinin təmin olunması məqsədilə 7,6 kilometrlik yeni yol çəkilib.

Qapalı suvarma şəbəkələri torpaqların əkin dövriyyəsinə qatılmasına şərait yaradır

Ali Məclisin Sədri yeni əkin dövriyyəsinə qatılacaq 340 hektar sahədə qurulacaq qapalı suvarma şəbəkəsinin layihəsinə baxıb. Məlumat verilib ki, qapalı suvarma şəbəkəsinin qurulmasında 42 hidrant, 10 siyirtmə, 6 suboşaldıcı və 3 təzyiqqaldırıcıdan istifadə olunacaq. Diametri 250 və 200 millimetr olan boru xətlərindən istifadə olunmaqla, ümumilikdə, 10 min 596 metr xətt çəkiləcək.

Kənd sakinləri ilə görüşündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sakinləri təbrik edərək deyib: “Bu gün Şahbuz rayonunun həyatında əlamətdar gündür. Rayonun əkin dövriyyəsinə suvarılan 340 hektar torpaq sahəsi əlavə olunur. Bu ərazilər əkin üçün tam yararlı, məhsuldar torpaqlardır. Suvarılandan sonra burada məhsuldarlıq da artacaq və rayon muxtar respublikanın iqtisadiyyatına öz töhfəsini verəcəkdir... Qısa müddətdə burada böyük işlər görülüb. Bu işlərin görülməsi üçün muxtar respublikanın büdcəsindən 1 milyon manata yaxın vəsait sərf olunub ki, torpaq mülkiyyətçiləri, bələdiyyə torpaqlarını icarəyə götürənlər torpaqlardan səmərəli istifadə edə, bol məhsul götürə bilsinlər. Dövlət dəstəyi ilə güzəştli şərtlərlə gübrələr verilir, əkinçilərə hər hektara görə vəsaitlər ödənilir. Bu ildən taxılın hər kiloqramı dövlət tərəfindən 42 qəpiyə alınacaqdır. Ona görə də torpaqlardan səmərəli istifadə olunmalı, bol məhsul əldə edilməlidir. Bu da həm əkinçilərin öz həyat şəraitini yaxşılaşdırmağa, həm də ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verəcəkdir”.

Ali Məclisin Sədri ərazidə qapalı suvarma şəbəkəsinin qurulmasına başlanılması, əkin zamanı məhsuldar və yerli şəraitə uyğunlaşdırılmış toxum sortlarından istifadə edilməsi, torpaq mülkiyyətçilərinin maarifləndirilməsi barədə müvafiq tapşırıqlar verib.

Ulu Öndərin xatirəsinə göstərilən ən böyük diqqət özünü həm də Naxçıvanın inkişafında təcəssüm etdirir

Uzun illər blokada şəraitində yaşayan bir diyarın müasir dövrün digər çətinliklərinə də sinə gərərək inkişaf etməsi Azərbaycan dövlətinin tarixi nailiyyətidir. Muxtar respublikada bütün Dövlət proqramlarının, infrastruktur layihələrinin reallaşdırılması, lazımi islahatların vaxtında aparılması uğurlu nəticələr əldə olunmasına şərait yaradıb, irimiqyaslı quruculuq, abadlıq işlərinin davam etdirilməsinə, kənd təsərrüfatı, sənaye sahəsi də daxil olmaqla, bütün istiqamətlərdə yeni-yeni uğurların qazanılmasına rəvac verib. Naxçıvanda əldə olunan möhtəşəm nailiyyətlər Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasının vətənpərvər naxçıvanlılar tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfər edən Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi: “Naxçıvan bizim əziz diyarımızdır, Heydər Əliyevin Vətənidir. Hər bir azərbaycanlı üçün əziz, doğma diyardır və Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı biz özümüz yaratmışıq. Bu gün Ulu Öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax, bu inkişafda təcəssüm etdirir”.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri