16 may 2021 21:15
2215

“Xarıbülbül” musiqi festivalı yaddaşlara necə həkk olunub?

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə mayın 12-13-də ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı keçirilib. “Xarıbülbül” musiqi festivalında ifa edilən hər bir musiqi Cıdır düzündən səslənərək,  yeni bir ahənglə dağlarda, qayalarda, Topxana meşəsində əks-səda verib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsindən sonra ilk dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı yaddaşlara necə həkk olunub? Bu sualla bir neçə ictimai siyasi xadimə müraciət etdik.

Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva:

“Bəri başdan deyim ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinə çox böyük qayğı göstərərək onun inkişafına çalışırdı. Ulu Öndər Şuşaya adi bir şəhər deyil, zəngin tarixi, qədim abidələri olan Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxır və görürdü. 1970-ci illərin ikinci yarısında ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə bir neçə xüsusi qərar da qəbul edilmişdi. Ulu Öndərin siyasi kursunun davamçısı Ali Baş Komandanımız İlham Əliyevin 7 may tarixində “Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Sərəncam imzalaması ilə bu unikal diyarın Azərbaycan mədəniyyətinin paytaxtı olması rəsmiləşdirilmişdir.

Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalının keçirilməsi, uzun illərdən bəri “Qarabağ şikəstəsi”nin göylərə ucalıb əks-səda yaradaraq torpağımıza enməsi, bizi çox qürurlandırdı. Bəli, milli mənliyi olan hər kəs qürur içindəydi. Həmin anda Şuşada olmaq, bu möhtəşəmliyi görmək, hiss edib duymaq arzusu ilə çırpınan bir çox ürəklər içində mənim də ürəyim alovlanır, Şuşa ilə bir çarpırdı... Bu sevinci bizə yaşadan Ali Baş Komandanımıza və ordumuza daim minnətdarıq!

Prezidentimizin çıxışı həm tədbirin gedişinə, həm insanların əhvalına əsrarəngiz təsir etdi. Ölkəmizdə yaşayan müxtəlif xalqların rəqs və ifaları Azərbaycanda multikulturalizmin dərin köklərindən xəbər verməkdə idi. Bu sevinci bizə yaşadan Ali Baş Komandanımıza və Azərbaycan Ordusuna daima minnətdarıq! Qarabağ Azərbaycandır!”

Xalq artisti Mənsum İbrahimov:

“Sözün düzü, "Xarıbülbül” musiqi festivalı ilə bağlı fikirlərimi sözlə ifadə etmək mənim üçün çox çətindir. Amma bir neçə kəlmə söyləməyə çalışacağam. Bəli, 32 ildən sonra “Xarıbülbül” musiqi festivalı yenidən bərpa olundu. Həmin tədbirin iştirakçısı kimi deyə bilərəm ki, o gün Şuşa, ümumiyyətlə, Qarabağımız mənə çox sevincli göründü. Şuşa sevinirdi ki, onun sahibləri qayıdıblar. Sevinirdi ki, dünyaya bir daha mesaj verilir ki, bu torpağın əsl sahibi Azərbaycandır. Bu mənada mən bu festivalı tarixi  hadisə kimi dəyərləndirirəm.

Bütün ölkə əhalisinin, Vətəndən uzaqda yaşayan soydaşlarımızın, dostlarımızın, eləcə də düşmənlərimizin gözü Şuşada - Cıdır düzündə təşkil edilmiş bu möhtəşəm festivala dikilmişdi. Halbuki ötən ilin may ayında Şuşada, Cıdır düzündə işğalçılar yallı gedirdilər... Şükür qovuşdurana. Bu xoşbəxtliyi bizə yaşadan müzəffər ordumuza, şəhidlərimizə, qazilərimizə, Ali Baş Komandanımıza ömrümüz boyu borcluyuq”.

Yeri gəlmişkən onu da deyim ki, mən "Xarıbülbül” musiqi festivalında “Qaçaq Nəbi” mahnısını ifa etdim.”

Azərbaycan Milli Konservatoriyasının müəllimi, xanəndə, “Əməkdar müəllim” Qəzənfər Abbasov:

“Xarıbülbül” musiqi festivalında ümummilli lider Heydər Əliyevin vaxtı ilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik” fikirlərini və Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində dediyi “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” sözlərini əks etdirən videoçarxa baxarkən dövlət başçımızın kövrəldiyini görəndə göz yaşlarıma hakim ola bilmədim. Həmin səhnə yaddaşıma ən həzin, kövrək musiqi kimi elə həkk  olundu ki…”

Musiqişünas Səadət Qarabağlı:

“Mən "Xarıbülbül” musiqi festivalına televizorda baxdım. Əlbəttə, çox böyük qürur və fərəh hissi keçirdim. Möhtəşəm idi. Əvvəla, Şuşanın mənzərələrini görmək qeyri-adi bir hiss idi. 28 il yarım həsrətində olduğumuz müqəddəs Şuşaya vizual da olsa dönmək mənim üçün böyük səadət idi. O duyğularımı izhar etməyə söz də acizdir. Və belə bir füsunkar diyarda, Şərqin konservatoriyasında musiqi bayramı keçirmək özü bu məmləkətin başdan-başa mədəniyyət beşiyi olmasının bariz nümunəsidir. Festivalın proqramı olduqca gözəl idi. Səslənən musiqilər, dəyərli ifalar dinləyiciləri valeh edirdi. Kənan Bayramovun ifasında "Bayatı-Şiraz"ı sevinc gözyaşları içində dinlədim. Üzeyir bəy Hacıbəylinin əvəzsiz  musiqiləri sanki Şuşanın 28 il yarımlıq nisgilinə məlhəm oldu. Fikrət Əmirovun, Qara Qarayevin, Niyazinin və başqa bəstəkarlarımızın əsərləri əsrarəngiz Şuşamıza layiq seçilmişdir. İfaçılar da  öz missiyalarının öhdəsindən məharətlə gəldilər. Hətta mən deyərdim ki, onlar uzun ayrılıqdan sonra dahilər diyarında, sənət beşiyində, gözəl, dünyada bənzəri olmayan Şuşamızda imtahan verdilər və sınaqdan üzüağ çıxdılar. Bu musiqi bayramı münasibətilə bütün xalqımızı təbrik edirəm.”

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov:

“Xüsusi vurğulamaq lazımdır ki, 30 ilə yaxın davam edən erməni işğalı səbəbindən uzun fasilədən sonra Azərbaycan musiqisinin beşiyi olan Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalının keçirilməsi hər birimizdə sonsuz fəxarət və böyük qürur hissləri yaratdı. Cıdır düzündə iki gün davam edən və Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinə həsr olunan möhtəşəm festival, sözün əsl mənasında, tarixi Zəfərimizdə böyük pay sahibi olan milli birlik və milli həmrəyliyin bayramı kimi qeyd edildi.

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” deyən və bu istiqamətdə qətiyyətli addımlar atmaqda davam edən Prezidentimiz hər birimizdə Şuşanın və doğma Qarabağımızın bütün dilbər guşələrinin dirçəldiləcəyinə, eləcə də həmin torpaqlarda Azərbaycan xalqının əbədi yaşayacağına bir daha tam əminlik yaratdı”.

Qvami Məhəbbətoğlu, “İki sahil”