18 sentyabr 2026 22:07
75

Naxçıvanda “Arşın mal alan” təqdim olunub

18 Sentyabr – Milli Musiqi Günü münasibətilə Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən teatrın binasında və Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin dünyaşöhrətli “Arşın mal alan” operettası əsasında hazırlanmış tamaşa nümayiş etdirilib.

“İki sahil” xəbər verir ki, teatrdan bildirilib ki, tədbirdə əvvəlcə Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədov çıxış edərək tamaşa haqqında məlumat verib, əsərin məzmunu və ideyası barədə danışıb. Sonra Üzeyir Hacıbəylinin ölməz əsəri əsasında hazırlanan “Arşın mal alan” tamaşası təqdim olunub. Tamaşada XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətində mövcud olan adət-ənənələr, məhəbbət və ailə münasibətləri yumor və musiqi elementləri ilə əks etdirilib. Aktyorların obrazlı ifası, Üzeyir Hacıbəylinin musiqisi və səhnə həlləri tamaşaçılara xoş ovqat bəxş edib. Naxçıvan Dövlət Kukla Teatrının kollektivi tərəfindən təqdim olunan tamaşa şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

Tamaşa Üzeyir Hacıbəylinin zəngin yaradıcılığının, Azərbaycan milli musiqisinin və teatr sənətinin təbliği baxımından əhəmiyyət daşıyıb. Bu cür mədəni tədbirlər, həmçinin uşaqların milli-mənəvi dəyərlər və Azərbaycan mədəniyyəti barədə biliklərinin zənginləşdirilməsinə xidmət edir.