17 may 2021 23:17
1111

Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır

Şuşada yeni məscidin təməlinin qoyulması, Şuşa Gövhərağa məscidinin, Qəbələdə Müqəddəs Məryəm Ana Alban və Müqəddəs Yelisey adına Cotari kilsələrinin bərpası ölkəmizdə multukultural dəyərlərə verilən önəmin təqdimatıdır

Azərbaycanda multikultural dəyərlərin inkişafı, tolerantlıq təcrübəsi də təqdir olunan məqamlar sırasındandır. Bütün dinlərin nümayəndələri Azərbaycanda sülh və tolerant şəraitdə yaşayır. Ölkəmizdə məscidlərlə yanaşı, sinaqoqlar, həm katolik, həm də pravoslav kilsələri fəaliyyət göstərir. Azərbaycan bütün dinlərin sülh və tolerantlıq şəraitində birgə yaşaması üçün lazımi dəstək göstərir, hətta maliyyə dəstəyi verir. Onların bərpası, yenidən qurulması görülən işlər sırasındadır. Dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsində olublar. Qeyd edək ki, kilsənin bərpasına 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən başlanılıb və 2020-ci ilin noyabr ayında 44 günlük Vətən müharibəsi dövründə başa çatdırılıb. Sonra Müqəddəs Yelisey adına Cotari kilsəsi də ziyarət olunub. Nic qəsəbəsindəki bu kilsə də Heydər Əliyev Fondu tərəfindən 2006-cı ildə əsaslı bərpa olunaraq Alban-Udi Xristian dini icmasının istifadəsinə verilib. Müqəddəs Yelisey kilsəsi 1823-cü ildə tikilib. Tolerantlığın kiçik modeli olan Nic qəsəbəsində hazırda 3 kilsə, 2 məscid var. Dünyadakı 10 minə yaxın udinin 4 minə yaxını Qəbələnin Nic qəsəbəsində yaşayır. Bütün bunlar Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanıldığını və inkişaf etdirildiyini, bütün dini konfessiyalara dövlət dəstəyi göstərildiyini təsdiqləyir.

Heydər Əliyev Fondunun Azərbaycanda mədəni və dini irsin bərpasında rolu inkaredilməzdir. Belə ki, Fond tərəfindən bu istiqamətdə görülən işlərin miqyası genişdir. İşğaldan azad edilmiş ərazilərimizdə də dini və tarixi abidələrin bərpasında və yenidən qurulmasında Fond xüsusi fəallığı ilə diqqət çəkir. Qeyd etdiyimiz kimi, Şuşada yeni məscidin təməlinin qoyulması, Şuşa Gövhərağa məscidinin bərpası və bunun ardınca Prezidentin və birinci xanımın bərpa edilmiş Qəbələdə Müqəddəs Məryəm Ana Alban kilsəsində, Müqəddəs Yelisey adına Cotari kilsəsində olmaları ölkəmizdə multukultural dəyərlərə verilən önəmin təqdimatıdır.

Daim diqqəti ermənilərin dini abidələrimizi, məscidləri dağıtmasına, burada donuz saxlamalarına yönəldən cənab İlham Əliyev bunun təkcə azərbaycanlılara deyil, bütün müsəlmanlara qarşı təhqir olduğunu bildirir. Şuşada bir məsciddən başqa bütün məscidlər tamamilə dağıdılıb. Həmin yarımçıq dağıdılmış məsiddə İslama aid mədəni və dini məkanları qoruduqlarını nümayiş etdirmək adı altında bəzi təmir işləri görməyə çalışmışdılar. «Əfsuslar olsun ki, bir xarici şirkət bu təxribatçı təşəbbüsə qoşulmuş və bizim icazəmiz olmadan qanunvericiliyimizi, sərhədlərimizi pozaraq Şuşaya gəlmişdi. Həmin xarici şirkət Azərbaycan hökumətinin icazəsi olmadan, Dağlıq Qarabağda həmin vaxt mövcud olan qanunsuz rejimin himayədarlığı altında bəzi təmir işləri görmüşdü. Beləliklə, onlar cinayətkarlarla əlbir oldular» söyləyən ölkə Prezidenti bu statistikanı da diqqətə çatdırır ki, ermənilər işğal edilmiş ərazilərdə 70 məscidi dağıdıblar. Bu məscidlərdən birində təmir işləri aparmağa çalışmaq, sadəcə olaraq, onların sanki özlərini tolerant olduqlarını, müsəlman mədəniyyətinə, müsəlmanların hisslərinə hörmət etdiklərini nümayiş etdirmək cəhdi idi.

Ermənilər belə hiyləgər siyasətləri ilə daim özlərini dünyaya «yazıq, məzlum, döyülən, əzilən» millət kimi təqdim ediblər. Amma əsl simaları 44 günlük Vətən müharibəsi dövründə dünya ictimaiyyətinə bəlli oldu. Bir məscidi saxlamaqla tolerant olduqlarını qəbul etdirmək niyyətində olan ermənilər görəsən məscidlərimizdə donuz saxlamalarını necə əsaslandıracaq və havadarları onların başına sığal çəkərkən hansı bəhanəni səsləndirəcək? Amma real olan budur ki, Ermənistana dəstək verən dövlətlər müharibə qurtaran kimi dərhal erməni xalqının abidələrinin qorunması ilə bağlı fikirlər səsləndirməyə başladılar. Amma unutdular ki, Ermənistandan fərqli olaraq Azərbaycan reallıqda tolerant ölkədir. Ölkəmizdə bütün dinlərin, millətlərin nümayəndələri dostluq, mehribanlıq şəraitində yaşayırlar. Hansısa dövlətin, beynəlxalq təşkilatın diktəsi ilə deyil, öz tolerant, multikultural dəyərlərin qorunması siyasətinə uyğun olaraq bütün xalqların abidələrini qoruyur və dünya da bunu bilir. Dövlətimizin başçısı İlham Əliyev 2016-cı ili “Multikulturalizm İli”, 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməklə, eyni zamanda, ölkəmiz 2015-ci ildə ilk Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi ilə dünyaya birlik, həmrəylik, sülh, əmin-amanlıq mesajını ünvanladı. Bu günlərdə dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən, iki gün davam edən və dünyaya səs salan «Xarıbülbül» musiqi festivalının birinci gününün müxtəlif xalqların nümayəndələrinin yaradıcılığına həsr olunması da təsadüfi deyildi. Bu da Azərbaycanın tolerant ölkə olmasını təsdiqləyən addımlar sırasındadır. Cənab İlham Əliyev Azərbaycan mədəniyyətini 28 ildən sonra Şuşaya gətirən «Xarıbülbül» festivalında ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələrinin çıxışını belə əsaslandırmışdır: «Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır.» Şuşadan, qədim torpağımızdan bütün dünyaya mesaj ünvanlandı: Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur.

Keçilən yola qısa nəzər salsaq görərik ki, Prezident İlham Əliyev dini dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirir, bütün dünyada İslam həmrəyliyinin gücləndirilməsi, İslam dəyərlərinin müdafiəsi üçün beynəlxalq səviyyədə fəal iş aparır. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı, İCESCO kimi aparıcı təşkilatların fəal üzvü olması da bu dəyərlərə verdiyi önəmin, onların qorunması istiqamətində atdığı biri-birindən əhəmiyyətli addımların nəticəsidir. Azərbaycan bütün dünyada islamofobiyaya, İslamın mahiyyətinin təhrif edilməsinə, onu terrorla eyniləşdirməyə qarşı ən kəskin şəkildə öz səsini ucaldan dövlətdir.

Ərazisində demək olar ki, milli azlıqlar olmadığı, monoetnik ölkə kimi tanınan və ksenofobiya dövlət siyasəti olan Ermənistandan fərqli olaraq Azərbaycan çoxmillətli ölkədir, cəmiyyətimizin mədəni, etnik və dini müxtəlifliyi böyük sərvətimizdir. Azərbaycan dinlərarası dialoqun gücləndirilməsinə yönəlmiş çox sayda beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də deyilənlərin təsdiqidir. Onların sırasında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu, Dünya Dini Liderlər Forumunu, ənənəvi keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumlarını qeyd etmək olar. Dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı edir ki, biz istəyirik ki, həm müsəlman aləmində, həm Avropada, ümumiyyətlə, dünyada dinlərarası dialoq güclənsin. Əfsuslar olsun ki, son vaxtlar biz tam əks mənzərə ilə üzləşirik - dözümsüzlük, islamofobiya, ksenofobiya, antisemitizm artır. Bu, bəşəriyyət üçün böyük təhlükədir və böyük bəladır. Din xadimlərinin, ictimai xadimlərin, siyasətçilərin, geniş ictimaiyyətin bu məsələ ilə bağlı fikri və mövqeyi əlbəttə ki, dünya ictimaiyyəti üçün də çox önəmlidir.

Bakıdan, mötəbər kürsülərdən dəfələrlə dünyaya çağırış edilir ki, dinlərarası münasibətlər hər bir ölkə üçün önəmlidir. Dünyada əksər ölkələr çoxmillətli və çoxkonfessiyalı ölkələrdir. Belə olan halda bu mövzu vətəndaş sülhü, vətəndaş həmrəyliyi üçün, hər bir ölkə üçün xüsusi əhəmiyyət kəsb edir. Bu gün böyük inam və fəxr hissi ilə qeyd edirik ki, bölgədə və dünyada Azərbaycan təcrübəsi öyrənilir. Bu reallıq da önə çəkilir ki, sürətlə inkişaf edən, dəyişən dünyada xalqlar və dövlətlər yaxınlaşır, insanlar və talelər birləşir. Müasir dövrdə qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq əlaqələrin güclənməsi, ölkələr arasında münasibətlərin genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətində ümumi elementlərin artması ilə səciyyələnir. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanda bütün xalqların və dini icmaların nümayəndələrinin tarixən dinc yanaşı yaşaması multikulturalizmin dövlət siyasətinin prioritetlərindən biri olduğunu, milli və dini tolerantlığın yüksək dərəcədə təmin edildiyini təsdiqləyir. Multikulturalizm ölkəmiz üçün bu gün müzakirə olunan, sadəcə, işləyib-işləməməsindən, həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq bir ideya deyil. Multikulturalizm adət-ənənəmizdir. «Xarıbülbül» musiqi festivalı bir daha bu həqiqətlərə işıq saldı, Şuşadan dünyaya birlik, həmrəylik, sülh mesajını ünvanladı.

Yeganə Əliyeva, «İki sahil»