Paytaxtımız dünyada mötəbər idman yarışlarının keçirildiyi şəhər kimi tanınır və sevilir. Ölkəmizin sürətlə inkişafının və tərəqqisinin nəticəsidir ki, artıq şəhərimiz bizim üçün ənənəvi olmayan idman yarışlarına da evsahibliyi etməklə, bu sahəyə marağı olan azarkeşləri Azərbaycanda birləşdirir. İlk baxışda, adi görünən bu məqam, əslində, ölkəmizin idman nailiyyətləri, turizm potensialı baxımından tanıdılması, azarkeşlərin ölkəmizin idman uğurları ilə yanaşı, tərəqqisi, müasir həyat tərzi, mədəni irsi ilə tanışlığı baxımından da xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan sürət rəmzi olan Formula 1-in artıq beşinci dəfədir ki, ölkəmizdə keçirilməsi və bu mötəbər yarışa hazırlıq prosesləri xüsusi qiymətləndirilməlidir.
İlk tarix, ilk həyəcan..
İlk vaxtlarda sürət yarışının digər ölkələrdəki kimi yüksək səviyyədə keçirilməsinə, bu yarışa yerli azarkeşlərin və medianın marağına tərəddüdlə yanaşanlar olsa da, 2016-cı il iyunun 19-da Azərbaycanda ilk dəfə təşkil olunmuş Formula 1 Avropa Qran-prisi ölkəmizin idman tarixinə bir ilk olaraq yazıldı. Üçgünlük yarış istər yüksək təşkilatçılıq səviyyəsinə, istərsə də azarkeşlərin coşqusuna görə yadda qaldı. Təsadüfi deyil ki, ilk dəfə Bakının evsahibliyi etdiyi sürət yarışı yerli və beynəlxalq KİV-də geniş işıqlandırıldı. Dünyanın nüfuzlu idman portalları və nəşrləri Bakının bu yarışa necə evsahibliyi etməsindən, eləcə də pilotların Bakı trası barədə fikirlərinə yer ayırmağa başladı. İlk dəfəsindən uğurla start götürən Formula 1 yarışı ilə Azərbaycan bu sürət yarışını ənənəvi olaraq keçirən digər ölkələrdən heç də geri qalmadığını göstərdi. Sözsüz ki, indiyə kimi Bakının evsahibliyi etdiyi Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları kimi yarışlar həm də milli mədəni irsimizin tanıdılması və təqdim edilməsi baxımından özünəməxsus çalarları ilə seçilib. Azərbaycan auditoriyası üçün yeni olan Formula 1 yarışı da bu baxımdan fərqləndi. Açılış mərasimində alov, su, külək, irəli və birlikdə rəmz və modellərinin vəhdəti könüllülər, azərbaycanlı sənətçilər, milli qruplar və beynəlxalq ifaçılardan ibarət 626 nəfərlik heyət tərəfindən təqdim edilməsi dünyanın müxtəlif ölkələrini əhatə edən sürət azarkeşlərində milli mədəniyyətimiz barədə təsəvvür yaratmış oldu. Lakin 2016-cı ildə Formula 1 Avropa Qran-prisi yarışının ən diqqətçəkən məqamı Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın yarışın açılış mərasimində iştirakı və onu izləməsi oldu. Bu, sözsüz ki, ölkəmizin idmanın inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir. Bakıda birincilik qazanmış Avropa Qran-prisinin qalibi–“Mersedes” komandasının üzvü Niko Rosberqə birincilik medalının Azərbaycan Prezidenti tərəfindən təqdim edilməsi dünya mediasının diqqətində oldu.
Artıq Bakı beçinci dəfədir ki, Formula 1 Azərbaycan Qran-prisinə evsahibliyi edəcək. Çox güman ki, bu yarış da idman tariximizdə maraqlı məqamlarla yadda qalacaq.
Formula 1-in 2021-ci il Azərbaycan Qran Prisi
Qeyd edək ki, Bakıda təşkil olunmuş ilk Formula 1 Avropa Qran-prisi adlanırdı. Həmin yarışlarda ulduz səfir ikiqat dünya çempionu Fernando Alonso idi. 2017-ci ildən etibarən Bakıda keçirilən yarış artıq Azərbaycan Qran-prisi adlandırılmağa başlanıldı. Ötən il Azərbaycan Qran-prisinin təşkilatçısı olan Baku City Circuit əməliyyat şirkəti koronavirus pandemiyası üzündən yarışları təxirə salmalı oldu. Bununla bağlı olaraq Bakıda keçiriləcək yarışların müddəti daha bir il, 2024-cü ilə qədər uzadıldı. Elə həmin səbəbdən cari Formula 1 yarışları tamaşaçılarsız keçiriləcək. Ötən ilin dekabrında baş tutmuş Zəfər Paradını nəzərə almasaq, Formula 1 Azərbaycan Qran-Prisi koronavirus pandemiyasının başladığı tarixdən sonra paytaxt Bakının evsahibliyi etdiyi ilk irimiqyaslı tədbir olacaq.
Pilotların Bakı yarışından gözləntiləri
Formula 1 tarixinin 1002-ci yarışı olacaq 2021-ci ilin Azərbaycan Qran-prisində məşhur sürət ustalarının gözləntiləri böyükdür. "Mercedes" komandasının pilotu, yeddiqat dünya çempionu Lüis Hemilton yarışın rəsmi saytına açıqlamasında Formula 1 Monako Qran-prisindəki çıxışı və Bakıda keçiriləcək Qran-pri ilə bağlı da fikirlərini bölüşüb. Britaniyalı sürücü indi bütün diqqəti Azərbaycan Qran-prisinə yönəltmələrinin gərəkliyini vurğulayıb. Onun fikrincə, Bakıda qələbə qazanmaq çətin olacaq: "Bunun üçün bəzi amilləri yaxşılaşdırmalıyıq. Çünki edə biləcəyimiz yeganə şey budur. Qarşıdakı yarışda daha güclü olmağa çalışacağıq. Bolidimizdə zəif nöqtələr var. Düşünürəm ki, növbəti yarış da ağır keçəcək. Belə çətin trasda avtomobilin şinlərinin işə düşməsi asan olmayacaq".
"Haas" komandasının pilotu Nikita Mazepin "Monako Qran-prisi ilə bağlı təəssüratlarını bölüşərkən Bakıdakı yarışdan da danışıb. Rusiyalı pilot Azərbaycan Qran-prisində daha yaxşı çıxış edəcəyinə əminliyini vurğulayıb: "Bakıda vəziyyət fərqli olacaq. Çünki orada trek başqa cürdür. Azərbaycanda daha yaxşı çıxış edəcəyik".
Avstriyanın "Red Bull" komandasının pilotu Maks Ferstappen: "İndi çox çalışmalıyıq. Çünki müntəzəm yollarda "Mercedes" məğlub edə biləcəyimiz rəqibdir. Bu, komandamız üçün əlavə stimul olmalıdır".
Niderlandlı pilot bildirib ki, izləyiciləri Bakıda daha rəqabətli yarış gözləyir: "Burada sürətli olmağın özünəinamlə heç bir əlaqəsi yoxdur. Bu, tamamilə fərqli küçə trasıdır. Onu Monako Qran-prisi ilə müqayisə etmək olmaz. Bakıda daha rəqabətli yarışın şahidi olacağıq".
Formula 1 üzrə dünya çempionatında çıxış edən "Alpine" komandasının pilotu Fernando Alonso isə açıqlamasında Azərbaycan Qran-prisi barədə danışarkən belə deyib: "Bakı mərhələsi hər zaman xoşuma gəlib. Orada çətin döngələr və əlverişli ötmə imkanlarına malik yaxşı tras var".
Yürüş cədvəli
Formula 1 üzrə Azərbaycan Qran-prisi çərçivəsində yürüşlərin cədvəli məlum olub. Bakının mərkəzi küçələrində 4-6 iyun tarixlərində keçiriləcək yarışlarda həm Formula 1, həm də Formula 2 üzrə yürüşlər baş tutacaq. Belə ki, yarışların ilk günü Formula 1 çərçivəsində sərbəst yürüşlər saat 12:30-dan 13:30-dək və saat 16:00-dan 17:00-dək keçiriləcək. Formula 2 çərçivəsində isə əvvəlcə sərbəst təcrübə yürüşləri (10:25 - 11:10), sonra isə sıralama yarışı keçiriləcək (14:30 – 15:00).
Yarışların ikinci günü, yəni iyunun 5-də yarışlar Formula 2 çərçivəsində sprinter yürüşləri ilə başlayacaq (11:25 – 12:15). Formula 2 çərçivəsində daha bir sprinter yürüşü isə saat 17:40-dan 18:40-dək keçiriləcək. Formula 1 çərçivəsində əvvəlcə üçüncü sərbəst yürüş (13:00 – 14:00) olacaq. Sıralama yarışı isə saat 16:00-dan 17:00-dək olacaq.
Nəhayət, yarışların üçüncü günü iyunun 6-da saat 12:45 - 13:50 radələrində əvvəlcə Formula 2 əsas yürüşü keçiriləcək. Formula 1-ə gəldikdə isə, həmin gün 14:10-14:50 radələrində pilotların paradı keçiriləcək. Saat 15:44-dan 15:46-dək Azərbaycan Respublikasının dövlət himni səsləndiriləcək. Saat 16:00-18:00 radələrində isə Formula 1 üzrə Azərbaycan Qran-prisinin əsas yürüşü keçiriləcək.
Sevinc Azadi, “İki sahil”