30 iyul 2025 01:20
172

Azərbaycan faunası çox zəngindir - MÜSAHİBƏ

Elşad Əsgərov: Ceyranların tarixi arealının bərpası üçün ciddi tədbirlər həyata keçirilir

Azərbaycanın təbiəti müxtəlif landşaft xüsusiyyətlərinə malikdir. Bu səbəbdən ölkəmizin faunası olduqca zəngindir. Bəs hazırda iqlim dəyişikləri ölkəmizin faunasına necə təsir göstərir? Bu və ya digər suallarla Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının elmi işçisi, Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri, ölkəmizdə bioloji müxtəlifliyin bərpası istiqamətində əvəzsiz xidmətlərə imza atmış Elşad Əsgərova müraciət etdik.

-Azərbaycanın heyvanat aləmini necə xarakterizə edərdiniz?

-Bildiyiniz kimi, Azərbaycan Qara dənizlə Xəzər dənizi arasında körpü sayılan Qafqaz ekoregionunda yerləşir. Bu məkan tarixən Avropa və Asiya arasında miqrasiya yolunda növlərin köç etdiyi və yaşadıqları ərazi kimi fauna və flora cəhətdən çox zəngindir. Bu zənginliyə həm də sahil ekosistemlərindən başlamış dağ çəmənlərinə qədər dəyişən landşaft müxtəlifliyi də səbəb olur. Əgər siz Bakıdan Şahdağa səyahət etsəniz, cəmi 3 saat ərzində yol boyunca dəniz, sahil, bozqır, meşə, subalp və alp çəmənləri və dağ zirvələri ekosistemlərinə rast gələ bilərsiz. Bu qədər fərqli ekosistemləri müşahidə etmək üçün ABŞ kimi bir ölkədə gərək ölkənin bir başından o biri başına həftələtlə səyəhət edəsən. Məhz bu ekosistem müxtəlifliyi bizim faunamızın zəngin olmasını şərtləndirir.

-Ölkəmizin ərazisində ən çox hansı heyvanlara rast gəlmək mümkündür?

-Təbii ki, ən çox növ sayı onurğasız heyvanlara aiddir. Onların arasında həşaratların böyük çəkisi var. Onurğalı heyvanlara gəldikdə isə ölkəmiz ən çox quş faunası ilə zəngindir. Bizdə quşların 400-dən çox növü qeyd olunmuşdur. Məməli heyvanlar faunası da 110 növdən artıqdır. Ölkəmizin quraq ərazilərində 70-dən çox sürünən heyvan növünə rast gəlinir. Aparılan tədqiqatlar tez-tez yeni növlərin aşkarlanmasına gətirib çıxarır. Belə ki, Xəzər sahili boyunca quşların payız və yaz miqrasiyası baş verir. Hər il burada müşahidə aparan tədqiqatçılar ölkəmiz üçün öncə qeydə alınmamış yeni növlər təyin edirlər. Genetik tədqiqatlar da bəzi oxşar növlərin əslində fərqli olduğunu müəyyən edir. Bu cür növlərə kriptik (gizli) növlər deyirlər. Onları adi gözlə ayırmaq mümkün deyil.

-İqlim dəyişiklikləri faunamıza necə təsir göstərir?

-Qlobal iqlim dəyişmələri artıq bizim ölkəmizdə də hiss olunmağa başlamışdır. Son dövrdə quraq keçən illər xüsusən meşə və su ekosistemlərində özünü büruzə vermişdir. Meşə yanğınları və bulaqların quruması ölkəmizin bir sıra bölgələrində baş vermişdir. Naxçıvan MR ərazisində quraqalıqdan əziyyət çəkən çöl heyvanları üçün bir sıra bulaqlarda novlar quraşdırılmış, heyvanların su içməsini rahatlamışdı. İqlim dəyişməsi tək quraqlıqla deyil, bir sıra bölgədə leysan yağışlar, sellər, daşqınlarla müşayiət olunur.

Apardığımız nəzəri tədqiqatlar göstərir ki, istiləşmə və səhralaşma hazırki templə davam edərsə, meşələrin cins tərkibi və sərhədlərində xeyli dəyişikliklər baş verəcəkdir. Bu da meşələrə məxsus faunanın dəyişməsinə səbəb olacaqdır. İqlim dəyişmələrinin digər fəsadı da indiyədək görmədiyimiz zərərvericilərin meşələrimizdə yayılmağa başlamasıdır. Bu səbəbdən Hirkan bölgəsində şümşad meşələrinin məhv olduğu müşahidə edilir.

-Bəs iqlim dəyişiklikləri Xəzər dənizində özünü necə büruzə verir?

- ⁠Xəzər dənizi dünya okeanından təcrid  olunduğu üçün buranın özünəmıxsus təbii kompleksləri formalaşmışdır. Xəzərdə qiymətli balıq növlərindən nərəkimilər xüsusi əhəmiyyət kəsb edir. Bu qapalı su hövzəsində yayılmış yeganə məməli heyvan növü Xəzər suitisidir. O qədim zamanlardan bəri dünya okeanındakı suitilərdən təcrid olunaraq ölçücə ən kiçik suiti növünə təkamül etmişdir. Hətta “Ginnesin rekordlar kitabı”na düşmüşdür. Bu növün sayı XX əsrin əvvəllərində üstünlük təşkil edib və bəzi elmi məlumatlara görə, hətta milyondan çox olub. Əsrin sonunda isə onların sayı 3-4 dəfə azalıb. Şübhəsiz, buna səbəb xəstəliklər, suların çirklənməsi, yem ehtiyatının tükənməsidir. Onu da qeyd edək ki, suitilər qışda Xəzərin şimalında buz üstə bala verir, yazda cənub sahillərinə miqrasiya edir, payızda isə geri dönürlər. Xəzərin azsulu hissələri su-bataqlıq quşları üçün qidalanma, istirahət və qışlama yerləridir. Hər il yüzminlərlə quş Qızılağac qoruğu sularında qışlayır.

-Azərbaycanda nəsli tükənmək həddinə çatmış növlərin xilası üçün hansı tədbirlər görülür?

-Nəsli kəsilmək təhlükəsində olan növlər ölkənin “Qırmızı kitab”ına daxil edilir. Bunu elm adamları ilə təbiəti mühafizə qurumlarının birgə məhsulu kimi dəyərləndirmək olar.  Onu da deyək ki, ilk “Qırmızı kitab” 1989-cu ildə nəşr olunmuşdur. Daha sonrakı nəşrlər 2013 və 2023-cü illərdə çap  edilmişdir. Təəssüf ki, hər yeni nəşrdə bu kitaba düşən növlərin sayı daha çox olmuşdur. Bəzi növlər isə artıq nəsli kəsilmiş hesab edilir. Məsələn, ilk “Qırmızı kitab”a düşmüş Turan pələngi artıq təkcə Azərbaycanda deyil, bütün qlobal arealında yoxa çıxmışdır. Bir məsələni də vurğulayaq ki, qonur ayı (Ursus arctos) növü 2013-cü il nəşrində səhvən Azərbaycanın “Qırmızı kitab”ına daxil edilmişdi. Lakin 2023-cü ildə nəşr olunmuş sonuncu buraxılışda bu növ “Qırmızı kitab”dan çıxarıldı. Çünki mövcud məlumatlara əsasən, ayıların populyasiya sayı təhlükə altında olan növlər üçün tələb olunan kriteriyalara cavab vermir və onların nəslinin kəsilmə riski aşağı qiymətləndirilir.

Təbiəti qorumaq üçün xüsusi mühafizə olunan təbiət əraziləri (qoruqlar, milli parklar, təbiət parkları, yasaqlıqlar və s.) yaradılır. Qafqazda ilk qoruq 1910-cu ildə Azərbaycanın Ellər oyuğu dağında Eldar şamı meşəsini qorumaq üçün yaradılmışdı. Hazırda ölkəmizdə 10 dövlət təbiət qoruğu, 10 milli park, 24 dövlət yasaqlığı fəaliyyət göstərir. Onlar demək olar ki, bütün ekosistemləri əhatə edir.  Hazırda xüsusi mühafizə olunan təbiət ərazilərin yaradılması fəaliyyəti davam edir. Bu yaxınlarda daha 2 milli parkın yaradılması nəzərdə tutulur. Onlardan biri İlisu Dövlət Təbiət Qoruğunun bazasında yaradılacaq İlisu Milli Parkıdır. Hazırda həmin istiqamətdə işlər yekunlaşmaq üzrədir. Digəri isə Acınohur çölündə yaradılacaq Bozdağ Milli Parkıdır ki, bununla bağlı işlər aparılır. Həmin milli park Samux, Yevlax və Qax inzibati rayonlarını əhatə edəcək. Məlumat üçün bildirim ki, ötən əsrin sonu ilə müqayisədə qorunan ərazilərin ümumi sahəsi 2 dəfə artmışdır.

 Nəsli tükənmək həddində olan növlər üçün reintroduksiya layihələri icra olunur.  Azərbaycan xalqının folklorunda, ədəbiyyatında, incəsənətində xüsusi yer tutmuş ceyranların tarixi arealının bərpası üçün ciddi tədbirlər həyata keçirilir. Məsələn, ötən əsrin 70-ci illərində Acınour düzündə sonuncu ceyranlar ovlanmışdır. 2013-cü ildən bəri Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq (İDEA) İctimai Birliyinin  və WWF tərəfindən mütəmadi olaraq buraya 130 başa yaxın ceyran buraxılmış və onların sayı artaraq 500 başı keçmişdir. Onu da qeyd edim ki, ceyran sürətlə artan heyvandır.

Qədim zamanlarda Azərbaycanda da yayılmış Qafqaz meşə kəllərinin (zubrlar) reintroduksiya layihəsi də uğurla davam edir. Sonuncu dəfə 1927-ci ildə Şimali Qafqazda ovlanmış bu növün 40-dan çox fərdi Avropa zooparklarından gətirilərək İsmayıllı meşələrinə buraxılmışdır. Gətiriləndən sonra onların 20-dən çox balası olmuşdur və təbiətə uyğunlaşmışdılar.

-İşğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurda erməni vandalizmi səbəbindən bölgənin faunasına ciddi zərər dəyib. Faunanı dircəltmək məqsədilə hansı addımlar atılır?

-⁠ Qarabağ və Şərqi Zəngəzur bölgəsi qədim tarixə malikdir və işğal dövründə tədqiqatlardan kənar qalıb, 30 il ərzində bölgənin infrastrukturu ilə yanaşı, təbiəti, ekologiyası, biomüxtəlifliyi məhv edilib. Halbuki ətraf mühitə və inkişafa dair Rio-de-Janeyro Bəyannaməsinə görə, müharibələr təbiətdə biomüxtəlifliyin davamlı inkişaf prosesinə dağıdıcı təsır göstərməməlidir. Amma Ermənistan işğal dövründə ərazilərimizdə ətraf mühitin və biomüxtəlifliyin mühafizə edilməsinə dair qəbul edilmiş beynəlxalq hüquqa riayət etməyib.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan və tarixi Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsi və bir sutkadan da az çəkən lokal antiterror tədbirləri ilə Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub. Hazırda regionun bərpası istiqamətində geniş quruculuq işləri həyata keçirilir. Torpaqlarımızın işğaldan azad edilməsilə regionda elmi tədqiqatlar da bərpa olunub, bölgənin geoloji və ekoloji potensialı tədqiq edilir. Müxtəlif növ heyvanların təbiətə buraxılması, eləcə də mövsümi xarakterli balıq buraxılışları həyata keçirilir. Hazırda azad olunmuş Xankəndi və Şuşa şəhərlərində, eləcə də Ağdərə və Xocalı rayonlarının ərazisində yeni milli park yaradılır. Şübhəsiz, bu addımlarla bölgənin həm qiymətli meşələri, həm də orada yaşayan nadir növlər tam mühafizə altına alınacaqdır.

Qvami Məhəbbətoğlu, “İki sahil”