01 iyun 2021 22:49
996

Azərbaycan şərtləri diktə edən tərəfdir - Ədalət Verdiyev

«Azərbaycan tərəfi proseslərin müsbət dinamikada inkişafı üçün əlindən gələni edir. Gələcəkdə hər iki ölkənin mehriban qonşuluq şəraitində yaşamasının əsas şərtlərindən biri Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş sayılan azərbaycanlı hərbçilərin və mülki şəxslərin nəşinin qaytarılması, eləcə də minalı sahələrin xəritələrinin Azərbaycana verilməsidir. Əks halda bu addımlar birtərəfli qaydada uzun müddət və davamlı olaraq atıla bilməz.»

Bu fikirləri İkisahil.TV-yə müsahibəsində hərbi ekspert Ədalət Verdiyev söyləyib.

Ermənistan Birinci Qarabağ müharibəsində itkin düşmüş dörd min azərbaycanlı haqqında məlumatları verməkdən imtina edir

Ədalət Verdiyev qeyd edib ki, hər zaman olduğu kimi, bu gün də Ermənistan yalnız özünün maraqlı olduğu məsələləri qabardaraq gündəmdə saxlamağa çalışır. Bədnam qonşular Azərbaycanın terrorçu kimi təsnifatlandırdığı əsirlərinin qaytarılması məsələsini müntəzəm olaraq qabardır. Amma Ermənistan Birinci Qarabağ müharibəsində əsir və girov götürdüyü Azərbaycan vətəndaşlarının taleyi barədə indiyədək heç bir məlumat təqdim etməyib, yaxud onları geri qaytarmaq haqqında düşünmür. Halbuki hazırda dörd min nəfərə yaxın mülki vətəndaşımız və hərbi qulluqçumuz itkin kimi qeydiyyatdadır.

Azərbaycan şərtləri diktə edən tərəfdir

Ekspert bildirib ki, Azərbaycan Vətən müharibəsində qalib gəlib və hazırda şərtləri diktə edən tərəfdir. Odur ki, Ermənistan hakimiyyəti, eləcə də Qarabağda sülhməramlı missiyanı həyata keçirən Rusiya tərəfi Azərbaycanın tələblərinə daha diqqətli yanaşmalı, mövcud problemlərin aradan qaldırılması, o cümlədən nəqliyyat infrastrukturunun bərpası kimi aktual məsələlərə töhfə verməyə çalışmalıdır.

Hərbi Qənimətlər Parkı ermənilərin revanşist bəyanatlarına tutarlı cavabdır

Ə.Verdiyev vurğulayıb ki, Ermənistanda hansısa qüvvələr nə zamansa müharibədən danışmaq istəyəndə, revanşist bəyanatlar səsləndirəndə, Bakının mərkəzindəki Hərbi Qənimətlər Parkının görüntülərinə baxsınlar və dərs götürsünlər. Hərbi Qənimətlər Parkı uzun illər boyu Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan ordusunun və işğalçı təfəkkürünün, həyat tərzinin aynasıdır. Ermənilər və onların havadarları hər dəfə bu parkı gördükdə utanc hissi keçirəcəklər. Hərbi Qənimətlər Parkı həm də yer üzündəki revanşçı qüvvələrə bir mesajdır. Bu park işğalçılara, gözü başqalarının torpaqlarında olanlara nəticə çıxarmaq üçün gözəl bir dəlildir. Parkda sərgilənmiş eksponatlardan, narahat olanlar isə yaxşı olar ki, keçmişə bir nəzər salsınlar. Azərbaycanda dinc əhaliyə qarşı necə divan tutulmasını, soyqırım həyata keçirilməsini xatırlasınlar. Hesab edirəm ki, işğalçı ordunun əsgərləri elə bu cür də göstərilməlidir.

Hazırda prioritet vəzifə ərazilərin minalardan təmizlənməsini daha tez başa çatdırmaqdır

Ə.Verdiyev diqqətə çatdırıb ki, Ermənistan otuz il işğal altında saxladığı ərazilərdə çoxlu mina basdırıb və onların xəritəsini gizlədir. Minatəmizləmə ilə əlaqədar xarici ölkələrin təcrübələrinə baxsaq görərik ki, bu iş uzunmüddətlidir və Azərbaycan dövləti prosesin maksimum sürətlə və keyfiyyətlə aparılması üçün bütün imkanları səfərbər edir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mühəndis istehkam qoşunlarının və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əsas vəzifələri mümkün olan ən qısa müddətdə əraziləri mina və partlamamış hərbi sursatlardan təmizləməkdən ibarətdir. Azərbaycanlı mütəxəssislər bu proseslərdə həm öz təcrübələrindən, həm də beynəlxalq təcrübədən yararlanırlar. Artıq Müdafiə Nazirliyində əlavə mühəndis istehkam taborları yaradılıb, Agentliyin isə ştat strukturu genişləndirilib. Bu sahədə Türkiyə ilə çoxtərəfli əməkdaşlıq həyata keçirilir. Genişlənən ştat strukturlarının müasir mina təmizləmə vasitələri ilə təchizatında Azərbaycan Türkiyə avadanlıqlarına üstünlük verir. Bundan əvvəl Avropanın aparıcı şirkətlərinin məhsulları da əldə edilib. Bu sahədə İsraillə genişmiqyaslı əməkdaşlıq mövcuddur. Türkiyə Azərbaycan üçün peşəkar heyətlərin hazırlanması ilə yanaşı, özünün minatəmizləmə qruplarını, həm də öz avadanlıqları ilə işğaldan azad edilmiş ərazilərə göndərib. Azərbaycanın digər tərəfdaşı Pakistan da minaların təmizlənməsində köməyini təklif edib.

Müsahibimiz əlavə edib ki, hazırda prioritet vəzifə qoşunların yerləşdiyi ərazilərdə, təchizat və təminat yollarında, sərhəd zastavalarında, mövqelər arasında və infrastruktur layihələrinin həyata keçirildiyi ərazilərdə minalardan təmizlənməni daha tez icra etməkdir.

 Dünyanın altmış ölkəsində hələ də yer altında qalan ölümcül minaların ümumi sayı 110 milyondan çoxdur

Ə.Verdiyev bildirib ki, prosesin mürəkkəbliyinə baxmayaraq, ərazilərin minalardan təmizlənməsi mümkündür. 2015-ci ildə, 22 illik mina təmizlənmə fəaliyyətindən sonra Mozambik minasız ölkə elan edildi. Ümumi sahəsi 44 milyon kvadratkilometr olan ölkədə iki yüz mindən çox mina təmizləndi. Əfqanıstanın bir çox əyalətlərində insanlar son 40 ildə ardı-arası kəsilməyən müharibələr nəticəsində ərazilərə səpələnən mina və partlamamış hərbi sursat təhlükələri ilə qarşılaşırlar. Hər ay Əfqanıstanda 150 nəfərədək insan mina partlamasından həlak olur və ya xəsarət alır. Suriyada yaşayış məntəqələrinə, neft yataqlarına, mədəniyyət abidələri olan ərazilərə əsasən partlayış üsulu ilə yerində zərərsizləşdirilən sursatlar basdırılıb. Suriyada qurulan mina tələlərinin Qarabağ müharibəsində rast gəldiklərimizlə bir çox oxşarlığı var. Belə tələlər xidməti itlər tərəfindən daha rahat aşkarlanır. Bir çox ölkələr minalarla onilliklər boyu mübarizə aparsalar da, problemin tam həlli hələ mümkün olmayıb. Ölkəmiz isə bu vəzifənin öhdəsindən nisbətən qısa müddətdə gəlməkdə daha qətiyyətlidir”.

Şəmsiyyə Əliqızı, «İki sahil»