29 aprel 2025 22:15
160

Məqsəd şəffaflığı təmin etməkdir - MÜSAHİBƏ

Bu gün ölkəmizdə elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsi önəmli məsələdir. Çünki bu, dövlətin mənafeyini qorumaqla bərabər, eyni zamanda, ölkə əhalisinə göstərilən kommunal xidmətlərdə vətəndaş məmnuiyyəti yaratmaqdır. Bəs hazırda aktuallığı ilə seçilən bu məsələlər necə və yerinə yetrilir? Bu və digər suallarla əlaqədar Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Enerji tənzimləmə və monitorinq departamentinin direktoru Pərviz Əliyevdən müsahibə aldıq.

- Pərviz müəllim, Agentlik nə vaxt və hansı zərurətdən yarandı?

- Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli 1750 nömrəli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə yaradılıb. Agentliyin fəaliyyətinin məqsədi elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrinin səmərəli işini, dayanıqlı inkişafını və şəffaflığını təmin etmək, nəzarət mexanizmlərini təkmilləşdirməklə, bu sahələri inkişaf etdirmək, göstərilən xidmətləri bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırmaq, sözügedən xidmətlərin sahibkarlar üçün əlçatanlığını təmin etməkdir.

 EMTA Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini və dövlət nəzarətini həyata keçirməklə yanaşı, müəssisələrin fəaliyyətinin təhlilini, restrukturizasiya tədbirləri ilə bağlı təkliflər verilməsini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlanmasını, mühəndis- kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilini həyata keçirir. Agentliyin hazırda 11 regional filialı mövcuddur. Bununla yanaşı, «Enerji effektivliyi fondunun yaradılması və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1 mart 2024- cü il tarixli 13 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası»na əsasən enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə qrant və subsidiyaların ayrılması, pilot layihələrin tətbiqi və güzəştli kreditlərin verilməsi kimi stimullaşdırıcı tədbirlərin icrası da Agentliyə həvalə edilmişdir. Hal-hazırda bu sahədə Agentlik tərəfindən müvafiq təşkilati-hüquqi işlər aparılır. Əlavə olaraq qeyd edim ki, Agentliyin fəaliyyət istiqamətləri sırasına qüvvədə olan qanunvericiliyə, o cümlədən elektrik və istilik enerjisi, həmçinin qaz təchizatı sahələrində istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə əməl edilməsinə nəzarətin həyata keçirilməsi də daxildir.

- İstehlakçı hüquqlarının qorunması necə həyata keçirilir?

- Yuxarıda qeyd etdiyim kimi, Agentlik elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehlakçıların hüquqlarının qorunması, pozulmuş hüquqların bərpası üçün tədbirlərin həyata keçirilməsi, bu sahələrdə qanunvericiliyin təkmilləşdirilməsi, həmçinin istehlakçı hüquqlarının daha etibarlı qorunması məqsədilə müvafiq işlər görür.

Agentliyə daxil olmuş hər bir müraciət tam araşdırılır, istehlakçıların hüquqlarının bərpası üçün bilavasitə istehlakçıların iştirakı ilə yerlərdə müraciətlərlə bağlı təchizat müəssisələri ilə birlikdə baxış keçirilir, səlahiyyətlər çərçivəsində aidiyyəti üzrə tədbirlər görülür, təchizat müəssisələrinə müvafiq icrası məcburi olan göstərişlər verilir. Agentlik səlahiyyətlərinə aid edilməyən məsələlərlə bağlı müraciəti aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir və ya vətəndaşa qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ izah olunur. Ərizə və şikayətlər araşdırılarkən şəffaflığın təmin edilməsi məqsədilə araşdırmanın bütün mərhələlərində vətəndaşların iştirakı təmin edilir.

- Pərviz müəllim, lisenziyalar və icazələrin verilməsi necə həyata keçirilir?

- Sənaye qaz qurğusunun istismarına icazə verilməsi Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2018-ci il tarixli 204 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası»nın 3.1.2-ci yarımbəndinə əsasən, 200 kVt-dan yuxarı elektrik qurğularının istismarına buraxılış aktının verilməsi sözügedən Qaydanın 2.1.5-ci yarımbəndinə əsasən EMTA-nın səlahiyyətlərinə aid edilib. EMTA tərəfindən sənaye qaz qurğusunun istismarına icazə və 200 kVt-dan yuxarı elektrik qurğularının istismarına buraxılış aktının verilməsi üçün texniki baxış sifarişçilərin təqdim etdiyi ərizə və müvafiq sənədlər əsasında həyata keçirilir.

- Elektrik, qaz və istilik təchizatı hansı hallarda dayandırılır?

- Elektrik və istilik enerjisinin, habelə qazın verilməsi yalnız «Elektrik enerjisindən istifadə Qaydaları», «İstilik enerjisindən istifadə Qaydaları» və «Qazdan istifadə Qaydaları»nda nəzərdə tutulmuş hallarda dayandırılır. Belə ki, sözügedən sahələrdə dayandırma istehlakçının müvafiq yazılı müraciəti (dayandırılmanın səbəbi və müddəti göstərilməklə) olduqda, təchiz olunan xidmətlərlə bağlı elektrik enerjisi və qazın sayğacla müəyyənləşən hesabı, həmçinin istilik və isti su təchizatı xidmətlərinin hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində ödənilmədikdə, təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda, həmçinin istilik və isti su təchizatı xidmətləri daxil olmaqla enerji təchizatı müəssisəsi və qaz paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda, məhkəmənin qərarı ilə və dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda (həmin əməliyyatın aparılma zonasında) həyata keçirilir. Qeyd edim ki, istehlakçıya elektrik, istilik enerjisinin və qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir.

- Mübahisələrin həlli və şikayətlərə baxılma prosesi necə həyata keçirilir?

- Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələri üzrə istehlakçıların müraciətlərinə «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Müraciətlərə Agentlik və onun filiallarında qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə əsasən şikayətçilərin iştirakı ilə baxılır, müvafiq tədbirlər görülməsi məqsədilə təchizat müəssisələrinə icrası məcburi göstərişlər verilir. Araşdırmalar nəticəsində aşkar olunmuş pozuntuların xarakterindən asılı olaraq, həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülür.

- Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələri üzrə il ərzində neçə qeyri-qanuni istifadə hallarının qarşısı alınıb?

- Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə Agentlik tərəfindən qeyri-qanuni istifadə hallarının qarşısının alınması məqsədilə təqsirkar şəxslərin müəyyən edilməsi və inzibati məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görülür.

2024-cü il üzrə Agentliyin səlahiyyətlərinə aid olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 384 inzibati xəta haqqında işə baxılıb, onlardan 377 iş üzrə inzibati tənbeh vermə haqqında qərar, 7 iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunub və 1 iş məhkəməyə göndərilib.

Cari ilin I rübündə isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 180 inzibati xəta haqqında işə baxılıb, onlardan 178 iş üzrə inzibati tənbeh vermə haqqında qərar, 2 iş üzrə isə icraata xitam verilməsi barədə qərar qəbul olunub. Əlavə olaraq 1 iş məhkəməyə göndərilib.

- Agentliyin fəaliyyətində istehlakçı hüquqlarını qorumaq məsələsi hansı səviyyədədir?

- Agentlik istehlakçıların hüquqlarının qorunması istiqamətində Agentlik energetika sahəsinin müvafiq sektorlarını tənzimləyən qanunvericiliyə uyğun olaraq, istehlakçıların hüquqlarının müdafiəsi sahəsində digər dövlət orqan və qurumları ilə sıx əməkdaşlıq edir, istehlakçılardan elektrik və istilik enerjisi, həmçinin qaz təchizatı ilə bağlı daxil olan müraciətlərə baxır, müvafiq sahədə istehlakçılara keyfiyyətli və səmərəli xidmət göstərilməsinin təmin edilməsi üçün tədbirlər görür, eləcə də istehlakçıların hüquqlarının və qanuni mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması üçün tədbirlər hazırlayır və həyata keçirir. İstehlakçı müraciətlərinə həssaslıqla yanaşan Agentlik istehlakçıların problemlərinin həllinə görə ötən il 465, cari ilin I rübündə isə 126 təşəkkür məktubu alıb.

Elçin Zaman, «İki sahil»