04 iyun 2021 23:15
1002

Zəngəzur dəhlizi: Türk dünyasının birlik simvolu

Türkiyə- Azərbaycan həmrəyliyini daha da gücləndirəcək dəhlizin bərpası İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərimizin tarixi nailiyyətidir

Ötən ilin noyabr ayında Azərbaycan, Rusiya, Ermənistan arasında imzalanan üçtərəfli Bəyanatda qeyd olunan «Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası» ilə bağlı bənd tarixi nailiyyət olmaqla Prezident İlham Əliyevin qətiyyətini əks etdirir. Prezident İlham Əliyevin «Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə niyə də biz İrəvana qayıtmayaq. Zaman gələcək, biz bunu edəcəyik» sözləri, tanınmış siyasətçilərin, dövlət xadimlərinin Azərbaycan haqqında söylədikləri ölkəmizin dünya birliyində möhkəmlənən mövqeyinin etirafıdır. 44 gün davam edən İkinci Qarabağ müharibəsini işğalçı üzərindəki Zəfəri ilə başa vuran Azərbaycanın bölgədə yaratdığı yeni reallıqların əsasında da türk dünyasını birliyini təmin edəcək Zəngəzur dəhlizinin bərpası dayanır.

Zəngəzurun Azərbaycana qaytarılmasında israrlı olduğunu «Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq» sözləri ilə . bildirən Prezident İlham Əliyev bu istiqamətdə nəzərdə tutulan işlərin yerinə yetiriləcəyini əminliklə söyləyir. Zəngəzur həsrətimizə son qoyulacağını ADA Universitetində keçirilən konfransda bildirən Prezident İlham Əliyevin Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu ilə görüşündə də Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin aktuallığı diqqətə çatdırılmışdır. Vurğulanmışdır ki, bölgə dövlətləri arasında əməkdaşlığı, iqtisadi münasibətləri gücləndirəcək bu dəhlizin bərpası zəruridir. İşğaldan azad edilmiş Horadizdən Ermənistan sərhədinə qədər dəmir yolunun çəkilişinə artıq başlanılıb. Yaxın iki il ərzində yol tam istismara veriləcəkdir. Naxçıvan dəmir yolunun böyük hissəsi fəaliyyətdədir. Çatışmayan hissənin inşası üçün lazımi tədbirlər görüləcək. Artıq beynəlxalq müstəvidə də bunun adı məhz Zəngəzur dəhlizi kimi təsbit edilir. Bu da Türkiyə ilə Azərbaycan arasında yeni bir bağlantını təmin edəcək. İlk mərhələdə Ermənistan bu məsələ ilə bağlı öz etirazını bildirsə də artıq bütün tərəflər kimi, işğalçı dövlət də dəhlizin açılmasının qaçılmaz olduğunu etiraf etməkdədir.

Ulu öndər Heydər Əliyevin imzaladığı 1999-cu il 4 fevral tarixli « Naxçıvan Muxtar Respublikasının 75 illiyinin keçirilməsi haqqında» Fərmanında da Zəngəzur dəhlizinin tarixən Azərbaycana məxsusluğu qeyd olunur: «Azərbaycan Xalq Cümhuriyyəti dövründəki sərhədlər alt-üst edilməyə başlandı. İlk olaraq əzəli Azərbaycan torpağı Zəngəzur mahalı Ermənistan SSR-in tərkibinə qatıldı. Əslində isə ermənilərin planları daha geniş idi və onların torpaq iddialarının əsas hədəfi məhz Naxçıvan idi. Onlar Zəngəzurun Ermənistana ilhaq edilməsini bu yolda atılmış mühüm addım hesab edirdilər. Beləliklə də, Naxçıvanı Azərbaycandan ayıran Azərbaycan torpaqlarının –Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyat məsələsini zəruri etdi.» Daşnakları dəstəkləyən imperiyanın məkrli siyasətinin acı nəticələrini ürək ağrısı ilə bildirən ulu öndər Heydər Əliyevin Zəngəzur «nisgilinə son qoyan» Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistan istəsə də istəməsə də tarixi nailiyyətimiz olan və böyük əhəmiyyət daşıyan dəhliz bərpa olunacaq. «Biz öz maraqlarımızı təmin etmək üçün lazımi addımları atmalıyıq. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”.»

Xuraman İsmayılqızı, «İki sahil»