04 iyun 2021 22:16
1935

Azərbaycanın regionda liderliyinə və qlobal siyasətdə əhəmiyyətinə verilən qiymətin təzahürü

Qlobal güc mərkəzlərinin ölkəmizə, Prezident İlham Əliyevə inam və etimadlarının artması bir daha Azərbaycanda  həyata keçirilən siyasətin düzgünlüyünü, ədalətə və beynəlxalq hüquqa əsaslandığını təsdiqləyir  

44 günlük Vətən  müharibəsi Azərbaycanın qətiyyətli mövqeyinin təqdimatı oldu. Danışıqlar masası ətrafında hansı şərt daxilində oturcağını xalqa bütün müraciətlərində, xarici mətbuata müsahibələrində bəyan edən dövlətimizin başçısı İlham Əliyev  Ermənistanın baş naziri Nikol Paşinyanın gec-tez diz çökəcəyini, yalvarışlar edib danışıqlara gələcəyini diqqətə çatdırırdı. Noyabarın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanat ölkəmizin hərbi və  siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi oldu.

Dövlətimizin başçısı İlham Əliyev postmüharibə dövrü üçün bu çağırışı etdi ki, Azərbaycana dost ölkələr  işğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işlərində iştirak edəcəklər. Artıq bu proses başlamışdır.

Minsk qrupunun həmsədr dövlətlərindən yalnız Fransa  ermənipərəst mövqeyini açıq şəkildə  davam etdirir. Bu ölkənin bəzi rəsmiləri Azərbaycanın tarixi Qələbəsi ilə bağlı xoş fikirlər səsləndirsələr də reallıqda  Prezident Makron,  Senat üzvləri qondarma «Dağlıq Qarabağ Respublikası»nın tanınmasının gərəkliyini bildiriblər və bununla bağlı qətnamə layihəsi Senatda müzakirə olunaraq qəbul edilib. Təbii ki, belə sənədlər Azərbaycan üçün adi kağız parçası olsa da, bunlar belə bir addımı atan dövlətlərin mövqeyinin açıqlamasında, haqqı-ədaləti necə müdafiə etdiklərinin öyrənilməsində yardımçı rolunu oynayır.

Məlum olduğu kimi, aprelin 24-də ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələrini   «erməni soyqırımı» adlandırması hər zaman qardaş, dost Türkiyənin yanında olan Azərbaycanda etirazla qarşılandı. Dövlətimizin başçısı İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon  danışığında bu qərarın yanlış olduğunu qeyd edərək  onu tarixi səhv adlandırdı. Cənab İlham Əliyev bu bəyanatın qəbuledilməzliyini önə çəkərək açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bildirdi. Daim bir-birlərinin yanında olan iki dost, qardaş ölkələr arasında münasibətlərin bütün sahələrdə yüksələn xətt üzrə inkişafından məmnunluq ifadə edildi.

Azərbaycanın ABŞ Prezidenti Co Baydenin  qondarma «erməni soyqırımı» ilə bağlı bəyanatına kəskin etirazından sonra   ABŞ dövlət katibi Entoni Blinken  Prezident İlham Əliyevə telefon zəngində də dövlətimizin başçısı Birləşmiş Ştatlar Prezidentinin qondarma «erməni soyqırımı» ilə bağlı bəyanatı ilə əlaqədar Azərbaycan rəhbərliyinin və ictimaiyyətin narahatlığını çatdırmışdır. Cənab İlham Əliyevin  «Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayır» fikirləri ədaləti deyil, maraqları üstün tutan, yalanı həqiqət kimi qəbul edib inamsızlıq mühiti yaradan dövlətlərə ciddi mesaj kimi dəyərləndirildi.

İyunun 2-də iki qlobal güc mərkəzinin- Çin Xalq Respublikasının Sədri Si Cinpin və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin eyni gündə dövlətimizin başçısı İlham Əliyevlə telefon söhbətləri zamanı səsləndirdikləri  fikirlər də   Azərbaycanın  müstəqil siyasətinin, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan  mövqeyinin, ən əsası tarixi  Zəfərimizin yaratdığı reallıqların  təqdimatı oldu. Eyni gündə iki qlobal güc mərkəzinin Azərbaycan Prezidenti ilə təması Azərbaycanın regionda liderliyinə və qlobal siyasətdə əhəmiyyətinə verilən qiymətin göstəricisidir. Azərbaycanın 500 milyard dollar həcmində ticarət dövriyyəsi olan Çinlə Avropa İttifaqı arasında  mühüm nəqliyyat-loqistika mərkəzinə çevrilməsinin ölkəmiz və iki qlobal güc arasında əlaqələrin inkişafı üçün əhəmiyyəti böyükdür.

Ölkəmizin təşəbbüsçüsü və iştirakçısı olduğu enerji və nəqliyyat layihələrinin ölkələr, xalqlar arasında dostluq körpüsünün daha da möhkəmlənməsində rolu göz qabağındadır. Cənab İlham Əliyev günün əsas reallıqlarından biri kimi bu məqamı daim vurğulayır ki, güclü iradəmiz, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür. BTC və BTƏ neft-qaz layihələrinin, eyni zamanda,  Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi buna bariz nümunə kimi göstərilir.  Bu fikir də vurğulanır ki,  əlaqələr öncə regional əməkdaşlıq formatı şəklində qurulmuş, bu gün artıq çoxtərəfli əməkdaşlıq üçün möhkəm baza mövcuddur. “ Avropa ilə Asiyanın qovşağında  yerləşən Azərbaycanın nəqliyyat dəhlizi kimi önəmi artmaqdadır. BTC və BTƏ neft-qaz layihələrinin reallığa çevrilməsi Cənub Qaz Dəhlizinə, onun əsas seqmentləri olan  TANAP və TAP kimi  layihələrə yol açdı.

Məhz bu uğurlarımız Çinin  “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləməyimizə əsas verir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir. Keçilən yola və əldə olunan uğurlara söykənərək cənab İlham Əliyev bu fikri böyük inamla qeyd edir ki, əsas məqsəd elə bir infrastrukturun yaradılmasıdır ki, o, uzun zaman ərzində fəaliyyət göstərsin və ölkəni, dünyanın ölkəyə münasibətini dəyişmiş olsun. Çünki bu infrastruktur layihələri olmadan Azərbaycanın coğrafi mövqeyinin bir o qədər də böyük mənası yoxdur. Biz ölkələri və insanları birləşdirməyə nail olmuşuq. Nəqliyyatla bağlı infrastruktur layihələri regionda tamamilə yeni siyasi vəziyyət yaradır. Xəzər dənizi vasitəsilə qitələrin birləşdirilməsi, Bakıda dəniz limanının tikintisi, dəmir yolu sistemimizin Avropa sistemi ilə birləşməsi yeni əməkdaşlıq formatını yaradır. Əsas hədəflərdən biri  Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir.”

Qlobal güc mərkəzlərinin liderləri ilə  telefon söhbətlərində də Azərbaycanın bu istiqamətdə qazandığı uğurlar təqdir edilir. Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra Çin Xalq Respublikası ilə əlaqələrin qurulması, Çinlə siyasi, iqtisadi və nəqliyyat-logistika sahələrində uğurlu əməkdaşlıq da hədəflərə yüksək səviyyədə nail olmağa əsas yaradır.  Azərbaycan-Çin əlaqələri dostluq və qarşılıqlı etimada əsaslanır, yüksək inkişaf dinamikası ilə seçilən çoxşaxəli ciddi tərəfdaşlıq münasibətləri kimi səciyyələndirilir. Çin Xalq Respublikasının  Sədri Si Cinpin Çin-Azərbaycan münasibətlərinin yeni tarixi mərhələnin astanasında olduğunu, hər iki ölkənin ənənəvi dostluğu inkişaf etdirməsini, əməkdaşlığı dərinləşdirməsini və qarşılıqlı dəstəyi artırmasını önə çəkərək  Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşdırılması istiqamətində vacib tərəfdaşlığını xüsusi vurğulaması, Çinin Azərbaycan xalqının seçdiyi inkişaf yolunu dəstəklədiyi barədə fikirlər səsləndirməsi ölkəmizin  regionda və dünyada çəkisinə, nüfuzuna və önəminə verilən qiymət kimi şərh edilir.

Qlobal güc mərkəzi olan Avropa İttifaqının da  Azərbaycanla əlaqələri yüksələn xətlə inkişaf edir. Quruma  üzv dövlətlərin üçdəbiri ilə Azərbaycan arasında  strateji tərəfdaşlıq haqqında  sənədlər və bəyannamələr imzalanmışdır. Avropa İttifaqı həmişə Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir,  ölkəmizlə əlaqələrin inkişafına dəstək göstərir. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin, iki ölkə arasında etimad quruculuğu tədbirlərinin başlanmasına dəstək verməyə hazır olduğunu bildirməsi də deyilənlərə bariz nümunədir.  Bu əhəmiyyətli hadisələr fonunda Ermənistanın baş naziri  Nikol Paşinyanın iyunun 2-də Fransaya səfəri müxtəlif fikirlərin yaranmasına səbəb olur. Hazırda Azərbaycanın regionda və dünyada liderliyinin daha da möhkəmlənməsini qısqanclıqla qarşılayan Ermənistan və ona havadarlıq edən Fransadır. Prezident Makrondan prezident seçkiləri qabağı eşitdiyi sərsəm bəyanatlardan təsəlli alan Nikol Paşinyan hər halda Azərbaycanın 44 günlük müharibə dövründə  həyata keçirdiyi «dəmir yumruq» əməliyyatını unutmayıb.

Azərbaycan və Ermənistan arasında  fərqin ümumi mənzərəsi belədir:  bir tərəfdə praqmatik, realist siyasət nəticəsində cənnət quran Azərbaycan, digər tərəfdə mifologiyanı, uydurmaları dövlət siyasətinə çevirərək faciəsini daha da dərinləşdirən Ermənistan. Bir tərəfdə qələbə qazanmış, əraziyə hakim, müasir silahlarla təchiz edilmiş nizami Azərbaycan əsgəri, digər tərəfdə təxribat və terror həyata keçirən, sərxoş olub hikkəsindən ətrafa atəş açan məğlub, rəzil Ermənistan əsgəri.  Ermənistan həqiqətən xilas olmaq istəyirsə, Azərbaycanın təklif etdiyi sülh sazişini təqdir etməli, bölgədə  əməkdaşlığın bərpa olunması ilə bağlı təşəbbüslərə qoşulmalıdır.

Yeganə Əliyeva, «İki sahil»