“Ana, Vətən, Ana Vətən!” – nə gözəl səsləşmədi. Bu səsləşmə dan üzü çiçək ləçəyiylə şehin, yarpaqla mehin, yağışdan sonra göy üzündən üzülməyən sərraf baxışlarla qövsi-qüzehin səsləşməsi qədər gözəldi. Bu səsləşmə mənə Dilsuzun yazdığı “Bura Vətəndir!” şeirini, Cavanşir Quliyevin bu şeirə yazdığı mahnını, Akif İslamzadənin ifasında bu mahnının ecazkarlığını xatırlatdı. Bu fikirləri “N” hərbi hissəsində “Bura Vətəndir!” mövzusunda keçirilən disputa başlanğıc bildim.
Əsgərlər “Bura Vətəndir!” deyəcəklər.
Əsgərlərin fikirlərini Azərbaycan əsgərinin mənəvi dünyasını ümumiləşdirən işıq biləcəyik, bu işıq bəşərilik işığı kimi düşüncələrimizə, jurnalistikanın sözüylə ictimaiyyətin düşüncələrinə hopacaq...
Zabit Elnur Qebedov deyir ki, belə mövzular əsəgərlərin mənəvi-psixoloji hazırlığını yüksəldir, onların Vətən sevgisini tənzimləyir. Əsgərlər hərbi xidmətə müəyyən hazırlıqla gəlir. Hərbi hissədə onların dünyagörüşünün genişləndirilməsi istiqamətində gərəkli tədbirlər keçirilir. Asudə vaxtlarda zabitlərin söhbətləri bu tədbirlərin mahiyyətini tamamlayır. Belə mövzularda keçirilən disputların da əhəmiyyətli olcağına əminəm.
Hərbi hissənin zabiti Sərxan Cəlilov Zəfərdən sonra hərbi hissədə ilk tədbir kimi yadda qalacaq “Bura Vətəndir!” mövzusunda keçirilən disputa giriş kimi deyir ki, Ali Baş Komandanın əmri ilə başlayan əks-hücum əməliyyatı Vətən müharibəsi kimi davam etdirildi. Ordumuz düşmənin illərlə möhkəmləndirdiyi müdafiə sədlərini, müdafiə sistemini darmadağın etdi, mövqe qələbələri qazana-qazana irəlilədi, mühüm strateji əhəmiyyətli yüksəklikləri, kəndləri, qəsəbələri, şəhərləri işğaldan azad etdi. Azad edilən ərazilərimizdə dövlət bayrağımız dalğalandırıldı. Döyüşçülərimiz Vətən adına döyüşərək azad etdikləri torpaqlara sevgilərlə “Bura Vətəndir!” dedilər. Bu qürur Şuşada da, Cıdır düzündə də, İsa bulağında da yaşanıldı. Şuşada “Qarabağ şikəstəsi”nin təranələrinə qarışan “Bura Vətəndir!” qüruru dünyanı heyrətləndirdi...
Əsgər Sənan Abdullayev Bakı Dövlət Universitetinin məzunudu. Geniş dünyagörüşə malik olan əsgərdi. Vətən kəlməsinin ifadə etdiyi məna çalarlarına da yaxşı bələddi:
–“Qarabağ şikəstəsi”ni döyüşlərdən əvvəl də dinləmişik, döyüşlərdə də, Zəfərdən sonra Şuşada səslənişini də. Onu Zəfərdən sonra dinləyəndə ürəyimizi qürur silələdi. Hərbi xidmətə Zəfər qüruru ilə başlamışıq. Vətən adına deyilən hər kəlmə könlümüzü coşduran gözəl ovqata dönür. Bu ovqat da Zəfərin davamıdı.
–Xətainin döyüşçüləri döyüşdən əvvəl “Ruhani” dinləyərmiş. Yəni Vətən müharibəsində “Ruhani” də, digər havalar da döyüş ruhunun cəfakeşi olub, – deyirəm.
– Vətənpərvərlik tədbirlərində Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaninin bir fikri zabitlərimizi də, əsgərlərimizi də duyğulandırmışdı: torpaq qanla qarışanda vətənləşir. Yəni müqəddəsləşir. Sizin dediyiniz səsləşmə məhz bu müqəddəsləşmənin səsləşməsidir, – zabit Sənan Cəlilov Vətən müharibəsindən əvvəl yaşanılmış duyğuları xatırladır. Bu xatırlatma “Bura Vətəndir!” nidasının coşqusu ilə döyüşənlərimizin döyüşlərdə şəhid olanlarımızın döyüş əzminin, qələbə ruhunun xatırlanmasıdı. Əsgərlərin baxışlarında şəhidlərimizin ruhuna dərin ehtiram görünür.
Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunu əsgər Elvin Atakişiyevin atası işğala qədər Qubadlının Çay Tumaslı kəndində yaşayıb. “Vətən deyiləndə yadıma üzünü görmədiyim kəndimiz düşür. Atamın, anamın, digər qaçqınların ruhunun göynərtisinə dönmüş həsrət məni də sıxır. Vətənimiz başlanğıcı atam-anam üçün, deməli həm də mənim üçün bu kənddən götürür. Sonra Qubadlı, sonra Azərbaycan. Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyev də son nəfəsinəcən Qubadlı deyib, Azərbaycan deyib. Yəni Vətən kəlməsinin ifadə etdiyi mənaları bizə də uşaqlığımızdan aşılayıblar. Məktəbdə, ailədə deyilənlərdən əlavə oxuduğumuz kitablardan da çox şey öyrənmişik. Tarix müəllimizdən eşitmişəm, söz düşəndə həmişə deyirəm:
Min illər əvvəl də, hunlar dövründə də at, yəhər, qılınc ən böyük var-dövlət hesab edilib. Döyüşçü üçün də, onbaşılar, yüzbaşılar üçün də, sərkərdə üçün də. Dünyanı titrədən bu imperiya əli silah tutnlarının Vətən adlandırdığı torpağa sevgisinə güvənirdi. Böyük Hun imperatoru Mete xaqanın bir kəlamı o dövrün, belə demək mümkünsə, vətənsevərlik anayasası olub: Məndən yəhərimi istəyin, verəcəyəm, atımı istəyin, verəcəyəm, ancaq Vətənimi istəməyin, verməyəcəyəm!
Əsgərin dedikləri, həm də tarixə istinadən dedikləri gözəl könül xoşluğu yaradır. İqtisad Universitetinin məzunu əsgər Rauf Həsənli Elvinin dediklərinə tarixə müasirliyin ehtiramı kimi şair Məmməd Aslanın misralarını xatırladır:
Vətən gözdü, biz kirpik,
Gözümüzün keşiyini çəkirik.
Bu xatırlatma Vətən sevgisinin bütün zamanlarda ululuq mərtəbəsindən enmədiyini təsdiqləyir. Əsgər onu da deyir ki, hər birimiz himnimizdə deyildiyi kimi, Vətən üçün şəhidliyə də hazırıq.
Memarlıq və İnşaat Universitetinin məzunu əsgər Rəşad Mahmudov Abbas Səhhətin “Vətən” şeirini xatırlayaraq deyir ki, bu şeir neçə on illərdi ululuğa sədaqət kimi oxunur. Bu şeir bizim də ruhumuzun şeiridi. Biz də dövlət bayrağımızı işğaldan azad edilmiş torpaqlarımızda dalğalandıran döyüşçülərimizin ruhunun çağırışını düşüncələrimizə, düşüncələrimizdən ömrümüzə köçürmüşük, biz də dövlət sərhədlərimizin bu üzünə Ana Vətən deyirik, “Bura Vətəndir!” deyirik...
Azərbaycanın elmi fikir tarixində də, fəlsəfi fikir tarixində də əbədiyyən yaşayacaq bir ad-soyad da var: Xudu Məmmədov. Hamının böyük, çox böyük ehtiramla Xudu müəllim kimi tanıdığı, sevdiyi böyük alim, böyük vətəndaş Xudu Məmmədov həm də azərbaycançılığın cəfakeşlərindəniydi. Böyük alimin elmi əsərləri tələbələrə, elmi araşdırıcalara elm öyrədirdi, kəlamları Azərbaycan gəncliyini həyata hazırlayırdı, onları vətəndaş kimi formalaşdırırdı. Alimin böyük təəssübkeşliklə, Azərbaycanımızın sabahlarına böyük canfəşanlıqla deyirdi: Uşaqlara Vətəni sevməyi öyrətmək lazım deyil, siz onlara Vətəni tanıdın, özləri sevəcəklər.
Xudu müəllimin fikirləri zabitləri də, əsgərləri də duyğulandırır. Texniki Universitetin məzunu Ariz Məsimov deyir ki, orta məktəbdə oxuyanda bir inşa yazmışdıq: “Hardan başlanır Vətən?”. Müxtəlif fikirlər yazmışdıq. Sonralar “Azərbaycan Ordusu” qəzetində bir məqalə oxuduq: Vətən əsgər ürəyindən başlayır. Bu fikir könlümüzə yatdı. Hərbi xidmətə bu inamla gəldik. İndi əsgərik. İndi qətiyyətlə deyə bilərik ki, Azərbaycan əsgərinin qoruduğu dövlət sərhədlərinin bu üzü Vətəndi. Əsgərlərimiz qədərsiz qürurla deyir ki, “Bura Vətəndir!”.
Neft Akademiyasının məzunu Kənan Bağırovun da dedikləri maraqla dinlənilir: Yeniyetməliyimizdə məktəbdə, ailədə bizə Vətən haqqında da çox ibrətamiz, gərəkli söhbətlər eşidərdik. Sonralar bildik ki, bu söhbətlər həm də Vətəni tanıtma imiş. Vətənimizi tanıdıq da, sevdik də. Tanıdığımız, sevdiyimiz Vətənin torpaqlarını işağldan azad edən döyüşçülərimizin davamçılarıyıq.
Ali Baş Komandanın döyüş əmrinin ilk əsgəri milli ruh oldu – Vətən müharibəsi Zəfərlə nəticələndi. “Azərbaycan!” deyənlər də, “Can Azərbaycan!” deyənlər də böyük coşquyla “Bura Vətəndir!” dedilər. Göy üzünün işğaldan qurtulmuş torpaqlarımızda dalğalanan bayralarımıza xitabən “Dalğalan, bayrağım, bura Vətəndi!” dediyini ruhumuz aydınlığıyla eşitdi. Bunları əsgərlərimizə də deyirəm. Əsgər Elvin Atakişiyev fikrimizi əminliklə tamamlayır: Dövlət sərhədlərimizin bu üzünə biz də dünyəvi sevgilərlə “Bura Vətəndir!” deyirik...
Əsgərlər “Bura Vətəndir!” deyir, “Gülü bitəndir!” deyir. Nə gözəl səsləşmədi!
Əsgərlər “Bundan sonra Vətənimizə qara niyyətlə gəlməyə heç bir dövlət cəsarət etməyəcək!” deyirlər. Əbədiyyən belə deyiləcək!..
Rəşid Faxralı