27 aprel 2026 11:30
213

Ürək-damar xəstəlikləri üçün gizli təhlükə: HANSI PEŞƏLƏR ƏN YÜKSƏK RİSKİ DAŞIYIR?

Kardioloq Şəfəq Nəzirova: Yüksək stress, növbəli iş rejimi və oturaq həyat tərzi ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə artırır

Müasir həyat tərzi və əmək şəraiti ürək-damar xəstəliklərinin yayılmasına təsir edən əsas amillərdən birinə çevrilib. Mütəxəssislər bildirirlər ki, yalnız fərdi sağlamlıq göstəriciləri deyil, insanların işlədiyi mühit, gündəlik rejimi və sosial vəziyyəti də bu xəstəliklərin formalaşmasında həlledici rol oynayır. Xüsusilə bəzi peşə və sosial qruplar var ki, onlar sistemli şəkildə daha yüksək risk altında qalır. Ürək-damar xəstəlikləri (ÜDX) baxımından risk yalnız fərdi sağlamlıqdan deyil, peşə və sosial mühitdən də ciddi şəkildə asılıdır. Müəyyən qruplarda bu risk sistemli şəkildə daha yüksək olur ki, bu da əsasən xroniki stress, iş rejimi, həyat tərzi və tibbi xidmətlərə çıxış imkanları ilə əlaqədardır.

Bunu Mərkəzi Neftçilər Xəstəxanasının kardiologiya şöbəsinin müdiri Şəfəq Nəzirova “İki sahil”ə açıqlamasında bildirib. 

O, vurğulayıb ki, yüksək stressli peşələrdə çalışan şəxslər ÜDX baxımından daha həssas qrup hesab olunur. Bu kateqoriyaya xüsusilə reanimasiya və təcili yardım sahəsində çalışan həkimlər, müəllimlər, bank və maliyyə sektoru əməkdaşları, həmçinin menecerlər daxildir. Onun sözlərinə görə, xroniki stress, yuxu pozğunluğu və kortizol səviyyəsinin artması hipertoniya və ürək ritm pozuntularının yaranmasına zəmin yaradır.

Kardioloq qeyd edib ki, növbəli və gecə işi olan peşələr də ciddi risk faktorudur. Polis və hərbi qulluqçular, tibb işçiləri, zavod əməkdaşları və uzun yol sürücülərində bioloji ritmin pozulması və hormonal balansın dəyişməsi ÜDX riskini 20–40 faizədək artırır. Oturaq həyat tərzi ilə bağlı peşələr də diqqətdən kənarda qalmır. Ofis işçiləri, İT mütəxəssisləri və sürücülər arasında fiziki aktivliyin azlığı, artıq çəki və metabolik sindrom geniş yayılıb ki, bu da ürək-damar xəstəliklərinin inkişafını sürətləndirir.Digər tərəfdən, fiziki cəhətdən ağır və riskli işlərdə çalışanlar da təhlükə altındadır. Tikinti, mədən və sənaye sahələrində çalışanlarda həddindən artıq fiziki yüklənmə, temperatur dəyişiklikləri və toksik maddələrə məruz qalma kəskin ürək hadisələrinin riskini artırır.

Şəfəq Nəzirova əlavə edib ki, aşağı sosial-iqtisadi qruplarda ÜDX-dən ölüm riski daha yüksəkdir:”Bunun əsas səbəbləri sağlam qidaya çıxışın məhdudluğu, tibbi nəzarətin gecikməsi və zərərli vərdişlərin geniş yayılmasıdır. Zərərli vərdişlər də əsas risk faktorları sırasındadır. Siqaret çəkmək və alkoqoldan həddindən artıq istifadə aterosklerozun sürətlənməsinə və erkən infarkt riskinin artmasına səbəb olur.
Bundan əlavə, ailəvi meyillilik də xüsusi önəm daşıyır. Ailəsində erkən infarkt halları olan və ya genetik hiperlipidemiya diaqnozu qoyulan şəxslərdə xəstəliyin daha erkən yaşlarda ortaya çıxması və riskin 2–3 dəfə yüksək olması müşahidə edilir.

Klinik müşahidələrə əsasən, Azərbaycanda daha çox rast gəlinən riskli profillər arasında 30–50 yaş arası ofis işçiləri (siqaret və stress faktoru ilə birlikdə), sürücülər (oturaq həyat və qeyri-düzgün qidalanma səbəbilə) və orta yaşlı kişilər (hipertoniya və nəzarətsiz həyat tərzi ilə) üstünlük təşkil edir”.
Mütəxəssisin sözlərinə görə, xüsusilə stressli və növbəli işləyənlər, oturaq həyat keçirənlər, aşağı sosial-iqtisadi qruplar, zərərli vərdişləri olanlar və ailəvi meyilliliyi olan şəxslər ən yüksək risk qrupuna daxildir.

Yaqut Ağaşahqızı,”İki sahil”