08 iyun 2021 22:17
1243

Dənizkənarı Milli Park: Analoqu olmayan məkan və ...

Bir vaxtlar neft və milyonlar səltənəti adlandırılan, dünya kapitalistlərinin qazanc mənbəyi olan Bakı indi müstəqil Azərbaycanın paytaxtıdır. Şəhərimizə gələn hər bir qonaq Bakıdan getmək istəmir, yaxud da çalışır ki, yenidən paytaxtımıza qayıtsın. Çünki şəhərimizin unikal tarixi-memarlıq abidələri, təkrarsız ab-havası, burada hökm sürən sabitlik, yüksək xidmət sahələri, müasir otellər, istirahət zonaları əlbəttə ki, qonaqları cəlb edir. Təbii ki, Bakıda görülən bütün işlər, ilk növbədə, Azərbaycan vətəndaşları, onların rahatlığı və istirahəti üçün edilir. Bu gün Bakı sakinləri bütün bu gözəl imkanlardan istifadə edirlər. Bakı bu gün mübaliğəsiz demək olar ki, öz milli memarlıq biçiminə, ahənginə görə xoş təsir bağışlayan cah-cəlallı binaları, gözəl sarayları, geniş xiyabanları, göz oxşayan bağ-bağatı olan, ən başlıcası isə füsunkar Xəzərin sahilində qərar tutmuş bir Şərq-Qərb şəhəridir. Zərif naxışlı “İsmailiyyə”, möhtəşəm “Monolit”, Bakının gözü və döyünən ürəyi “İçərişəhər”, Azərbaycan memarlığının nadir incisi “Qız qalası”, Dənizkənarı Milli Park və s. şəhərimizin gözəlliklərinə xüsusi gözəllik qatan məkanlardandır.

Bu gün milyonların iştirak və əyləncə mərkəzinə çevrilmiş Dənizkənarı Bulvarın salınması Bakı Şəhər Dumasında çalışan məşhur mühəndis Məmməd Həsən Hacınskinin adı ilə bağlıdır. 2009-cu ildə 100 illiyini qeyd edən Bakı Bulvarına 1998-ci ildə ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə Milli Park statusu verilib. Bu gün “Ağ Şəhər” Bulvarı, köhnə Bulvar, yeni Bulvar, Bayraq Meydanı Bulvarı və Bayıl Bulvarı vahid bir kompleks təşkil edir. Bakı Bulvarında Azərbaycanın müxtəlif bölgələrindən və hətta Avropa və digər qitələrdən belə müxtəlif nadir bitki növləri gətirilərək əkilib. Bakı Bulvarının uzunluğu 16 kilometrdir. Müqayisə üçün qeyd etmək yerinə düşər ki, 1909-cu ildə salınmış Bakı Bulvarının uzunluğu cəmi 3,5 kilometr olub. Yəni, bütün bu ərazilərdə vaxtilə sənaye müəssisələri, zavodlar, hərbi təyinatlı müəssisələr var idi. Sonralar onlar köçürüldü və yerində bulvar salındı. Bu gün dünya miqyasında Bakı Bulvarı kimi ikinci gözəl yer, ikinci gözəl məkan yoxdur. Bu, bir daha onu göstərir ki, ölkəmiz sürətlə inkişaf edir. Azərbaycan beynəlmiləl ölkədir və öz qapılarını bütün qonaqlarının üzünə açıb. Bakıya gələn turistlərin sayı artıq milyonlarla ölçülür və onlar şəhərimizdə olarkən bulvarı ziyarət etməkdən böyük zövq alırlar.

Bir sözlə, hazırda COVID-19 pandemiyasının davam etməsinə baxmayaraq Bakının Dənizkənarı Bulvarı yenə də paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının ən çox maraq göstərdikləri məkanlardan biridir. Xüsusilə yay fəslinin gəlişi ilə əlaqədar olaraq Dənizkənarı Milli Parkda canlanma müşahidə olunur. Buraya uşaqdan böyüyə kimi hər yaşda insanlar gəlir. Heç də təsadüfi deyildir ki, Bakı Bulvarını uşaqlara sevinc bəxş edən, gənclərə gənclik dövrünü yaşadan, yaşlı insanları xatirələrə aparan bir məkan da adlandırırlar. Elektrobuslar, dəniz gəzintisi üçün gəmilər, musiqili fontanlar Bakı Bulvarına - Dənizkənarı Milli Parka marağı daha da artırır. Səyyar fotostudiyalar, müasir kafelər, istirahət, ticarət və əyləncə mərkəzləri, Dövlət Bayrağı Meydanı Bakı Bulvarına gələn insanların ən çox maraq göstərdikləri yerlərdir.

Dənizkənarı Milli Parkda insanların rahatlığı üçün yaradılan bu cür gözəl şərait söz yox ki, hamının ürəyincədir. Lakin burada nöqsan və çatışmazlıqlar da az deyil. Burada istirahət edən insanlara ən çox problem yaradanlar velosiped sürənlər və it gəzdirənlərdir. İtlərini burundaqsız (ağzı açıq) gəzdirənlər burada istirahət edənlərə xüsusilə narahatlıqla dolu anlar yaşadırlar. Bundan başqa, itlər ifrazatı ilə bulvarın ərazisini zibilləyir ki, bu da xoşagəlməz haldır. Bulvarda xüsusi ayrılan hərəkət zolaqlarında deyil, insanların gəzdikləri məkanlarda və digər ərazilərdə velosiped sürənlər də burada gəzintiyə çıxanlara mane olur və onların həyatı üçün təhlükə yaradırlar. Çox təəssüf ki, əlaqədar təşkilatlar, ilk növbədə Dənizkənarı Bulvar İdarəsi və mühafizə xidmətinin əməkdaşları insanların velosipedlə və itlə bulvarın ərazisinə daxil olmasına laqeydlik göstərir, belə xoşagəlməz halların qarşısını almırlar.

Yay mövsümünün başlanması ilə əlaqədar olaraq Bakı Bulvarına insan axınının çox olması nəzərə alınmalı, xüsusilə koronavirusla bağlı karantin rejiminin tələblərinə ciddi riayət edilməlidir. Eyni zamanda, təbii ki, insanların təhlükəsizliyi naminə burada it gəzdirilməsinə, velosiped sürülməsinə icazə verilməməlidir. Təbii ki, burada yalnız xüsusi nəzərdə tutulan hissələrdə velosipedlə hərəkət etməyə icazə verilməlidir. Piyada zolağında isə velosipedlə hərəkət edilməsinə son qoyulmalıdır.

Bulvarda gəzinti zamanı restoran və kafelərdə bişirilən kabab və digər yeməklərin qoxusu ətrafa yayılır. Həmçinin həmin obyektlərdə səsləndirilən bayağı musiqi nömrələrinin parka gələnlərin normal istirahətinə əngəl törətdiyini hər an müşahidə etmək mümkündür. Həmin iaşə obyektlərində işləyənlərin əksəriyyəti nəinki tibbi müayinədən keçmir, bəziləri hətta utanmadan bunun heç kimə lazım olmadığını bildirirlər. Səyyar gül satıcıları isə, əgər belə demək mümkündürsə, burada istirahət etməyə gələnlərə münasibətdə heç bir etik norma tanımırlar. Onlar skamyalarda əyləşib söhbət edən gənc cütlüklərə təklif etdikləri güllərini satmayana kimi əl çəkmirlər. Burada dilənçilik edənlərə də rast gəlinir. Bu sanitariya və gigiyena qaydalarına ciddi əməl olunması indiki karantin rejimi şəraitində xüsusilə aktuallıq kəsb edir.

Onu da vurğulamaq gərəkdir ki, kafe, çayxana və köşklərdə təklif olunan çayın, dondurma və şirniyyatların qiymətlərinə də heç bir nəzarət yoxdur. Səliqə ilə əkilmiş dekorativ kolları, gül-çiçəkləri zədələmək, skamyaları sıradan çıxarmaq isə adi hala çevrilib.

Gəlin unutmayaq ki, gündən-günə gözəlləşən paytaxtımızın, necə deyərlər, brendinə çevrilən və dünyada analoqu olmayan Dənizkənarı Milli Park bizim milli sərvətimizdir. Bu sərvəti qorumaq hamımızın borcudur. Müvafiq strukturların borcu isə qeyd olunan nöqsan və çatışmazlıqları aradan qaldırmaqdır.

Cavid Əkbərov, “İki sahil”