Şövkət Məhərrəmova ilə sənət, tədris və kino baxışları ətrafında söhbət
Kamera bəzən susur, amma gördükləri danışır. O səssizliyə forma, duyğu və məna verən insanlar var – onlardan biri də Şövkət Məhərrəmovadır. Azərbaycan kinosunda yeni nəsil rejissorlar arasında elələri var ki, onların yaratdıqları ekran əsərləri yalnız görüntü ilə deyil, daxili dünyanı əks etdirən incəliklərlə yadda qalır. Şövkət Məhərrəmova bu simalardan biridir.
O, 1997-ci ildə Bakıda dünyaya gəlib. Həmsöhbətim Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) məzunu, ADMİU SABAH qruplarının müəllimidir. Gənc xanım rejissor Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafındakı uğurlu fəaliyyətinə görə 2025-ci il Gənclər üçün Prezident Mükafatına layiq görülüb. Eyni zamanda, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (AzTv) “Xüsusi Layihələr” studiyasında direktor müavini və quruluşçu rejissor olaraq çalışır. Mərhum kino- rejissor Eldar Quliyev məktəbindən öyrəndikləri onun yaradıcılıq yoluna işıq salıb. Onun filmləri təkcə ölkə daxilində deyil, xarici festivallarda da nümayiş olunub və müxtəlif mükafatlara layiq görülüb. O, hobbi olaraq musiqi ilə də maraqlanır, gitara və pianoda ifa edir, həmçinin mahnılar bəstələyir. Müsahibimlə rejissorluğun görünməyən tərəfləri, müəllimliklə yaradıcılığın çarpaz nöqtələri və qadın sənətçilər üçün yol xəritəsi mövzusunda söhbət etdik.
Orada qazandığım bilik, çevrə və ən əsası özümə inam mənim yolumu formalaşdırdı
- Şövkət xanım, bu günə qədər keçdiyiniz şəxsi və peşəkar yolun hansı mərhələləri sizin üçün dönüş nöqtəsi olub?
-Həmişə vurğuladığım bir məsələ var, həyatımda verdiyim ən düzgün qərarlardan biri məhz SABAH qruplarına daxil olmaq olub. Dönüş nöqtəmi də elə məhz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində SABAH qruplarında təhsilimi davam etdirməklə bağlı qərarımda görürəm. Orada qazandığım bilik, çevrə və ən əsası özümə inam mənim yolumu formalaşdırdı. Orada olarkən həm mühit dəyişdi, həm də müəllimlərlə daha yaxın ünsiyyət imkanı yarandı. Amma əsas təcrübələrimi AzTV-də almışam deyə bilərəm. Həqiqətən də AzTV böyük bir məktəbdir və əvəzolunmaz təcrübədir. Burada sən işin texniki, yaradıcı tərəflərini öyrənməklə paralel, insani münasibətləri, ünsiyyəti, komunikasiya bacarıqlarını inkişaf etdirirsən.
Öyrətmək mənim üçün öyrənməkdir
- SABAH qruplarının həm məzunu, həm də pedaqoqu kimi bu təcrübəni iki fərqli mövqedən yaşamısınız. Tələbəliklə müəllimlik arasında sizcə, ən kəskin fərq və ən dəyərli bənzərlik nədədir?
-Ən böyük fərq məsuliyyətdədir. Tələbə kimi daha çox öyrənməyə fokuslanırsan, müəllim kimi isə həm öyrətməli, həm də nümunə olmalısan. Amma ən gözəl bənzərlik hər iki mərhələdə axtarışda olmaqdır. SABAH qruplarında tədris həm mənim üçün nostalji, həm də stimul yaradır – çünki o mühitdə özümü yenidən kəşf edirəm. Öyrətmək mənim üçün öyrənməkdir.
...film ilk növbədə düşüncədir, insanla dialoqdur
-Mərhum kino rejissoru Eldar Quliyevin tələbəsi olmaq təkcə peşəkar məktəb deyil, həm də mənəvi məsuliyyətdir. Onun sənət fəlsəfəsi sizin dünyagörüşünüzə necə təsir göstərib?
- Eldar müəllimdən öyrəndiyim ən vacib dərs – kinonun texniki deyil, mənəvi tərəfidir. O, bizə öyrədirdi ki, film ilk növbədə düşüncədir, insanla dialoqdur. Onun sadəliyi, intellekti və sənətə sevgi ilə yanaşması mənə çox motivasiya verirdi. O, hər zaman deyirdi ki, siz tamaşaçı ilə ünsiyyət qurmaq istəyirsinizsə gərək öz ağrılarınızdan film çəkəsiniz. Bu halda tamaşaçı sizinlə daha yaxşı empatiya qura biləcək. Əsas məsələ isə odur ki, o, bizə təkcə rejissorluğu deyil eyni zamanda, intellektual insan olmağı öyrədirdi.
Rejissorluq özünü ifadə vasitəsidir,
özün haqqında danışmaqdır
-Rejissorluq sizin üçün daha çox peşədir, missiyadır, yoxsa həyat tərzi?
- Bu, artıq mənim həyat tərzimə çevrilib. Kamera arxasında olmaq mənə hər şeydən daha rahat gəlir və idarəni tamamilə özümdə hiss edirəm. Rejissorluq özünü ifadə vasitəsidir, özün haqqında danışmaqdır. Ancaq sözlərlə yox, kadrlarla.
-Filmlərinizin yerli və beynəlxalq festivallarda nümayiş olunması və mükafatlandırılması sizi necə motivasiya edir?
-Çox sevindirici haldır. Mən özümü çox tənqid edən bir insanam və belə uğurlar mənim özümə inamımı artırır, təbii ki, inam qədər məsuliyyət də artır.
-Sənət yoluna yeni qədəm qoyan gənc rejissorlar, xüsusilə də xanımlar üçün sizin yolunuz ilhamverici ola bilər. Onlara hansı məsləhətləri vermək istərdiniz?
Prezident Mükafatına layiq görülmək mənə göstərdi ki...
-İlk növbədə, qorxmamaq. Nə tənqiddən, nə də uğursuzluqdan. Qadın rejissor olmaq, xüsusilə də kişi dominant sahədə, cəsarət tələb edir. Özünə inam və iç səsə qulaq asmaq vacibdir. Məqsədlərinə doğru irəliləsinlər və heç nədən çəkinməsinlər.
-2025-ci ildə Gənclər üçün Prezident Mükafatına layiq görülməyiniz həyatınızda hansı dəyişikliklərə səbəb oldu?
- Bu ali mükafat mənə göstərdi ki, insan hər zaman zəhmətinin bəhrəsini görür. Bu mükafata layiq olmaq, göstərilən etimadı doğrultmaq lazımdır.
İdarəçilik konkretlik, yaradıcı iş isə sərbəstlik tələb edir
- AzTV-də “Xüsusi Layihələr” studiyasının direktor müavini olmaq – həm idarəçi, həm də yaradıcı kimi fəaliyyət göstərmək – sizdən necə bir balans tələb edir?
- Balans qurmaq ən çətinidir. İdarəçilik konkretlik, yaradıcı iş isə sərbəstlik tələb edir. Amma bu iki sahə bir-birini tamamlayır. Yaradıcı olmaq üçün struktura, struktur yaratmaq üçün isə yaradıcılığa ehtiyac var. Bu balansı qorumağa çalışmaq özü bir həyat məktəbidir. İdarəçilik təcrübəsinin çəkiliş meydançasında da insanlarla ünsiyyətimə də təsiri olur.
- Tədris və rejissorluq eyni anda ciddi diqqət və məsuliyyət tələb edir. Siz bu iki sahəni necə uyğunlaşdırırsınız və müəllimlik sizin yaradıcı baxışlarınıza necə təsir edir?
- Dərs dediyim zamanlarda tələbələrimlə etdiyim müzakirələr çox vaxt öz layihələrimə işıq olur. Məncə, müəllimlik monoloq deyil, dialoq olmalıdır, xüsusilə belə bir sahədə. Tələbələri dinləmək, onları anlamaq və hər bir tələbəyə bir fərd kimi yanaşmaq lazım olur. Vaxt baxımından çətin olsa da, mən bu iki sahəni bir-birindən ayırmıram.
Musiqi yaradıcılığımın başladığı nöqtədir
-Musiqiyə olan marağınız – gitara və piano ifaları, bəstələriniz – sizin kino dili ilə münasibətinizə hansı təsiri göstərir?
- Musiqi mənim yaradıcılığımın başladığı nöqtədir. Hal- hazırki dövrdə isə musiqi mənimçün bir ilhamdır. Musiqi dinləyərkən, yaxud piano və gitara ifa edəndə ağlımda həmin musiqiyə çəkilə biləcək səhnələr canlanır. Amma mən musiqi ilə həvəskar formada məşğul oluram, heç bir təhsilim yoxdur.
Son 6-7 illə müqayisədə
hazırda istər film sektorunda,
istərsə də serial sektorunda
gözlə görünə biləcək inkişaf var
-Yaradıcılıq düşərgələrindən beynəlxalq festivallara qədər uzanan yol keçmisiniz. Bu təcrübələr fonunda Azərbaycan kinosunun bugünü və sabahı haqqında düşüncələriniz necədir?
- Azərbaycan kinosu axtarışdadır. Gənclər çox istedadlıdır, amma bəzən istiqamət axtarışındadırlar. Məncə, ilk növbədə, insanı düşündürən və insana toxunan mövzular seçilməlidir. Texniki bilik öyrədilir, təcrübələr üçün, eksperimentlər üçün də imkan olmalıdır. Mən düşünürəm ki, son 6-7 illə müqayisədə hazırda istər film sektorunda, istərsə də serial sektorunda gözlə görünə biləcək inkişaf var.
-Əgər həyatınız bir film olsaydı, onun ilk səhnəsini necə qurardınız? Tamaşaçının eşidəcəyi ilk söz və ya hiss nə olardı?
- Öz həyatımın film olmasını deyil, başqalarının hekayələrində öz həyatımdan olan obrazların, səhnələrin, bəzən sözlərin olmasını istərdim.
Bu müsahibə bir daha sübut edir ki, kamera arxasında dayanan qadın səsi təkcə görüntü yox, düşüncə, ruh və hekayə daşıyıcısıdır. Şövkət xanımın hekayəsi isə hələ davam edir – səssizcə, amma dərin iz buraxaraq. Şövkət Məhərrəmovanın sənətə yanaşmasında müşahidə olunan zəriflik, məsuliyyət və ardıcıllıq onun filmlərində, tədrisində və ümumilikdə həyat mövqeyində əks olunur. O, rejissorluğu sadəcə vizual hekayə anlatmaq deyil, insanın özünü və cəmiyyətini dərk etməsi kimi anlayır. Gənc yaşda qazandığı təcrübə və nailiyyətlər onu təkcə uğurlu rejissor yox, həm də perspektivli pedaqoq və ruhlandırıcı fiqura çevirir.
Yaqut Ağaşahqızı, “İki sahil”