10 iyun 2021 12:45
667

Müharibənin bitməsinə rəğmən ermənilərin hərbi cinayətləri davam edir: Bəs, hardadır beynəlxalq hüquq?

“Ermənistanın çirkin, terrorçu və vandal əməllərinə davam etməsi onların əsl mahiyyətindən, şərəfsiz və məkrli düşüncəsindən xəbər verir. Bunların xəmiri həqiqətən qandan, təxribatdan, qətldən, nadanlıqdan yoğrulub. Elə bu səbəbdən də Qarabağ torpaqlarında minalanmış ərazilərin xəritəsini hələ də Azərbaycan tərəfinə vermirlər. Halbuki çoxdan verməli idilər.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev söyləyib.

Ermənistan cavab verməlidir!

Deputat əlavə edib ki, həmin xəritəni vermək Ermənistanın və onun rəhbərliyinin borcudur, öhdəliyidir. Çünki müharibə bitib: “Ermənistan müharibəni uduzub və bunu rəsmi şəkildə etiraf edib. Eyni zamanda, məğlubiyyətinə görə sənəd imzalayıb, kapitulyasiya aktına qol çəkib. Üstəlik, o öhdəliyi də götürüb ki, münasibətlərin aqressiya mərhələsindən çıxması üçün cəhd göstərəcək. Yaxşı, bəs, belə olan halda niyə dediklərinə, yazdıqlarına, qol çəkdiyi sənədlərin tələblərinə riayət etmir? Niyə təxribatlarından əl çəkmir? Niyə minalı sahələrin xəritəsini vermir? Niyə yenə neqativ, ümumbəşəri dəyərlərə zidd siyasətinə davam edir? Bax, bu sualların cavabını verməlidir, Ermənistan! Həm də gecikmədən verməlidir!”

Onların ucbatından ümumbəşəri dəyərlər məhv olur, beynəlxalq hüquq özünü realizə edə bilmir

Elşən Musayev bildirdi ki, bu yaxınlarda vəzifə başında ikən jurnalistlərimiz Kəlbəcərdə minaya düşərək şəhid oldular: “Bundan öncə də nə qədər günahsız insan həmin terrorun qurbanı olub, ağır xəsarətlər alıb. Niyə? Çünki Ermənistanın bu terror əməllərinə əksər beynəlxalq təşkilatlar susqundurlar, səslərini çıxarmırlar, ağızlarına su alıb oturublar, reaksiya, mövqe bildirmirlər. Üstəlik, söhbət o beynəlxalq təşkilatlardan gedir ki, bəzən özlərinə sərf edəndə, öz maraqlarında olanda ən kiçik, ən elementar məsələ, mövzu üzərindən dövlətlərin üzərinə şığımağı, üzərinə kükrəməyə yaxşı bacarırlar. Amma indi ortalıqda yoxdurlar. Hərgah məlum mövzulara reaksiya bildirmək həmin təşkilatların ilk öncə vəzifə borcudur, öhdəliyidir. Mövqe məhz indi bildirilməlidir! Onlar da zəhmət çəkib bildirsinlər. Bildirməyəcəklərsə, susacaqlarsa məcburən dillərini açmalıyıq. Məcbur etməliyik onları, danışmağa. Siyasi partiyalar, Qeyri-hökümət təşkilatları və ümumilikdə bütün ictimai-siyasi camiyə durmadan, dayanmadan onları dalana dirəməlidir. Biz onlara sübut etməliyik ki, siz busuz, daim bu olmusuz və sizin kimi təşkilatların ucbatından bu gün beynəlxalq, ümumbəşəri dəyərlər məhv olur, beynəlxalq hüquq özünü realizə edə bilmir.”

BMT-nin qətnamələri zamanında icra olunsaydı, məsələ bu həddə qədər gəlib çıxmazdı

Həmsöhbətimiz vurğulayıb ki, Qarabağ savaşında Azərbaycan öz gücünə vuruşdu və qələbə qazandı. Halbuki, BMT-nin qətnamələri zamanında icra olunsaydı məsələ bu yerə qədər gəlib çıxmazdı. İndi də mina məsələsi. Azərbaycandan savayı, hamı susur və seyr edir.  Öz hüququmuzu yenə özümüz müdafiə edirik. Beynəlxalq təşkilatlar isə sözün həqiqi mənasında yatıb. Yaxşı, o zaman bunun adı ikili standart deyil, bəs nədir? Həmin beynəlxalq təşkilatlar deyilmi, hər gün demokratiyadan bərk-bərk dəm vuran, gur-gur guruldayan, səslərini başlarına atan? Danışsınlar da yenə. Niyə danışmırlar? Axı, əsl danışmalı məqam indidir. Axı, Azərbaycan jurnalistləri günahsız yerə həlak olublar. Axı, müharibənin bitməsinə rəğmən ermənilərin hərbi cinayətləri davam edir. Axı, beynəlxalq hüquq deyə bir məhfum var, həmin beynəlxalq hüququn ana prinsipləri, müddəaları var. Kim qoruyacaq onu? Kim qorumalıdır onu? Hər işi dövlətlər özləri görəcəklərsə, o zaman həmin prinsiplər, ümumbəşəri dəyərlər kimin üçün, nə üçündür? İmitasiya, saxta oyunlar qurmaq, ya boğazdan yuxarı kül üfürmək üçündür?

Yaqut Ağaşahqızı, “İki sahil”