“Ermənistan və onun rəhbərliyi terrorçudur. Tarixə yazılan ən ağır cinayətləri, soyıqırımı, terrorizmi, separatizmi törədib, mülki əhalini atəşə tutub, qanunsuz silahlı dəstələr yaradıb, əsirlərlə ağır rəftar edib, işgəncə vermək kimi antihumanist əməllər edib. Bütün bunlar bir daha təsdiqləyir ki, Ermənistan tərəfi heç bir zaman beynəlxalq hüquqa əməl etməyib.”
Bu fikirləri “İki sahil”ə açıqlamasında Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib.
Ekspert əlavə edib ki, sözün düzü, İkinci Qarabağ müharibəsindən sonra hər kəs gözləyirdi ki, artıq Ermənistan ağlını başına yığacaq. Əslində, məntiqlə də bunlar ağıllarını başlarına yığıb, sərsəm iddialarından əl çəkib, qonşu dövlətlər də normal münasibət yaratmalı idi. Azərbaycan dövləti də bunun üçün hər bir şərait yaradıb. 2020-ci ilin noyabrın 9-da imzalan Üçtərəfli bəyanatın müddəalarına Azərbaycan tərəfi birmənalı şəkildə əməl edir. Belə ki, mindən çox erməni hərbçinin cəsədləri toplanaraq düşmən tərəfə verildi. Ermənistan isə minalanmış ərazilərimizin xəritəsini Azərbaycana təqdim etməlidir. Hər zaman olduğu kimi, təcavüzkar dövlət yenə də yalan və boş bəhanələrin kölgəsində gizlənərək xəritələti verməkdən imtina edir.
E.Həsənli vurğulayıb ki, təəssüflər olsun ki, beynəlxalq birlik hələ də Ermənistana lazımi səviyyədə təzyiqlər göstərmir, reaksiyalar vermir. Amma bunu başqa dövlətlər etsə, ona embarqo tətbiq edər, çəkindirəciyi qərarlara imza atardılar. Biz hələ ki, nə ABŞ, nə Fransa, nə Rusiya, nə də BMT və ATƏT-dən lazımi təpki görmürük: “Ermənilərin törətdiyi təxribatlara, Azərbaycan ərazilərinin minalanmasına, iyunun 4-də işğaldan azad olunmuş Kəlbəcər rayonunda iki azərbaycanlı jurnalistin və yerli hakimiyyət orqanı nümayəndəsinin minaya düşərək həlak olmasına lazımi mövqe sərgilənmədi. Nəzər salsaq görərik ki, bir jurnalistə qarşı mitinqdə, ya bir tədbirdə polis azacıq zor tətbiq etdikdə bütün dünya ayağa qalxır. İki jurnalist vəzifə borcunu yerinə yetirərkən erməni silahlı qüvvələrinin basdırdığı minaya düşərək şəhid olublar. Amma həmin o hay-küy qaldıran beynəlxalq qurumların səsi çıxmır.
Üçtərəfli bəyanat imzalandıqdan sonra biz xeyli sayda mülki vətəndaşımızı və hərbi qulluqçumuzu itirmişik. Ermənistan tərəfinə sual vermək lazımdır ki, minalanmış ərazilərin xəritəsini niyə təqdim etmir.”
Həmsöhbətimiz qeyd edib ki, Azərbaycan özü bu terrorçuların layiqli cavabını verib və yenə də verəcək: “Dəmir yumruq” hər zaman Ermənistanın başının üstündə olacaq. Qarşı tərəf ağlını başına yığmasa, nələr olacağını yaxşı bilir. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan haqq savaşında şanlı Qələbə qazandı. Növbəti dəfə Ermənistanın cəzası daha ağır ola olacaq. Biz 2016-cı il Aprel döyüşləri zamanı, ondan sonra düşmən xəbərdarlıq edirdik ki, bütün bu təxribatların, mülki və hərbi cinayətlərin nəticəsi ağır olacaq, amma onlar bu çağırışlardan heç bir nəticə çıxarmadılar.
Ermənistan ağlını başına yığmalı, Daşnaksütyun, ASALA kimi terror təşkilatlarını dəstəkləməkdən, Daşnaksütyunu partiya edib, terror fəaliyyətini həyata keçirməkdən imtina edib, vurdugu zərərə görə Azərbaycanın təzminat ödəməli, dinc Azərbaycan vətəndaşlarına qarşı terror, soyqırımı törətmiş Sarkisyan, Koçaryan, Ohanyan kimiləri Azərbaycan dövlətinə təhvil verib normal yaşamağı öyrənməlidir.
Əks halda, bu dəfə cəza çox ağır olacaq. Onlar unutmasınlar ki, zamanında Azərbaycandan əsir düşənlərə qarşı vəhşilik etmiş terrorçular bu gün məhkəməsi qarşısında cavab verirlər. Sabah da o gün gələcək ki, onlar cinayəti törədənlər məhkəmə qarşısına çıxıb, qanun qarşısında cavab verəcəklər.
Vaxtı ilə Şuşa türməsində o cinayətləri edənlər ağıllarına da gətirmirdilər ki, zaman çatacaq və onlar gəlib Azərbaycan məhkəməsi qarşısında cavab verəcəklər. İlahi ədalət, haqq budur.”