Avropa Parlamenti rüşvətxorlar yuvasıdır. Bunu mən tam məsuliyyətlə deyirəm - rüşvətxorlar yuvasıdır Avropa Parlamenti. Bu sözləri Prezidenti İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşündə deyib.
Dövlətimizin başçısı əlavə edib: “Onun vitse-prezidentinin evindən çamadanlarla dolu milyonlarla dollar çıxdı, hamısını ört-basdır etdilər. Elə bil olmayıb bu. Onun adı bəllidir, o, Yunanıstandan olan bir xanım deputatdır. Neçə il keçib onun üstündən? Bir ölçü götürülüb ona qarşı? Yox! Məsuliyyətə cəlb edilib? Yox! Sərbəst buraxılıb”. Bununla da Prezident İlham Əliyev Avropa Parlamentinin necə fəaliyyət göstərdiyini ifşa edib. Bu qurum ancaq və ancaq pul kisələri əsasında qərəzli qətnamələr qəbul edir. Yeri gəlmişkən, Avropa Parlamentinin rüşvət dosyesi Yunanıstandan olan və ermənipərəst mövqeyi, azərbaycanlılara, türklərə açıq nifrəti ilə tanınan həmin ermənipərəst xanımla, yəni Eva Kayli ilə məhdudlaşmır. Bu sırada Avropa Parlamentinin keçmiş deputatı deputatı Mariya Arena və digər siyasətçilərin də adlarını çəkmək olar.
Bu qurum elə bu kimi səbəblərdən ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizə aparan Azərbaycana qarşı həmişə qərəzli mövq nümayiş etdirib. Ölkəmizin haqq işinə kölgə salmağa çalışıb. Amma işğalçı kimi tanınan Ermənistanı dəstəkləyib, hətta onu ağuşuna alıb. Bütün bunlara baxmayaraq, Azərbaycan Ermənistan tam məğlub edib, kapitulyasiya aktına imza atmağa nail olub.
Yeri gəlmişkən, Avropa Parlamenti bu gün də bu “missiya”sını davam etdirir. Prezident İlham Əliyevin sözləri ilə desək, Avropa Parlamenti işğalçı Ermənistana hər zaman dəstək verib və bu gün də bu belədir. Özü də bu qurumun bəzi nümayəndələrinin aldıqları rüşvət hesabına. Bununla da ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə açıq şəkildə hörmətsizlik göstərir. Şübhəsiz, Avropa Parlamentinin bu qərəzli mövqeyi bu qurumun ölkəmizin son illər əldə etdiyi uğurları, xüsusilə Qarabağ Zəfərimizi, bölgədə yaratdığımız yeni reallıqları həzm edə bilməməyindən irəli gəlir.
Bu məqamda Prezident İlham Əliyevin çıxışlarını birində dediyi bu sözləri də xatırlatmaq yerinə düşər: “İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı il aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir”.
Onlar elə düşünürlər ki, rəsmi Bakı ilə təzyiq və ultimatum dilində danışmaqla güclü Azərbaycana təsir edəcək, onu Ermənistan kimi vassala çevirə biləcəklər. Şübhəsiz, bu onların xam xəyalından başqa bir şey deyil.
Halbuki Avropa Parlamentinin adı uzun illərdir demokratiya, insan hüquqları, qanunun aliliyi və şəffaflıq kimi dəyərlərlə yanaşı çəkilir. Burada bu və ya digər ölkədə müəyyən hadisə baş verəndə dərhal qətnamə qəbul edilir, siyasi bəyanatlar səsləndirilir, sanksiyalar tətbiq olunur. Amma necə? Rüşvətlə… Bu da demokratiyanın beşiyi kimi təqdim olunan Avropada korrupsiya ilə mübarizənin hələ də yetərli olmadığını göstərir. Bu isə o deməkdir ki, bu qurum reallıq hissini tamamilə itirib.
Bəli, son illərdə qurumun daxilində və ətrafında baş verən korrupsiya və lobbiçilik qalmaqalları bu təsisatın özünün şəffaf və prinsipial olmadığını ortaya qoyur. Avropa Parlamentinin yüksək tribunalarından dünyanın müxtəlif ölkələrinə demokratiya və şəffaflıq dərsi keçən bəzi siyasətçiləri artıq özlərinin korrupsiya əməlləri ilə gündəmə gəlirlər. Xatırladaq ki, demokratiya yalnız başqalarına verilən dərs deyil. Demokratiya, ilk növbədə, həm də onu təbliğ edənlərin öz fəaliyyətlərində nümayiş etdirməli olduğu siyasi məsuliyyətdir.
Qvami Məhəbbətoğlu, “İki sahil”