Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər, davam edən “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlikdən narahatlıq bunun bariz nümunəsidir
Azərbaycan dünyanı cənginə almış koronavirus infeksiyası ilə mübarizəyə töhfələri davamlılığı ilə diqqət çəkir. «Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi oluruq. Pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı vardır» söyləyən dövlətimizin başçısının bu yönümdə atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin, BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi bunun bariz nümunəsidir. Qoşulmama Hərəkatının “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirdiyi Zirvə görüşündə dövlətimizin başçısı bildirmişdir ki, qarşılıqlı dəstək, özünəqapanmama və yalnız birgə səylərlə bu virusa qalib gələ bilərik. 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır. Ölkə Prezidenti bu inamı ifadə etmişdir ki, Azərbaycanın sədrliyi dövründə birgə səylərimizlə Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunu, beynəlxalq aləmdə rolunu artırmaq əzmindəyik. Ölkələr arasında dostluq, həmrəylik və qarşılıqlı dəstək xüsusi rol oynayır. Həmin Zirvə görüşündə «Razılığınız olarsa, qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə Xüsusi Sessiyasının keçirilməsi təklifi ilə çıxış edə bilərik» söyləyən cənab İlham Əliyev bu çətin dövrdə bir daha bütün dövlətləri dostluğa, qarşılıqlı dəstəyə və həmrəyliyə çağırmışdır. Məhz bu təşəbbüs dekabr ayında gerçəkləşdi.
COVID-19 pandemiyası kimi qlobal təhdidə qlobal bir cavab lazımdır. BMT bütün dünya dövlətlərinin təmsil olunduğu ən böyük beynəlxalq platforma kimi bu cavabın təşkilində mərkəzi rol oynamalı idi. Bu mənada bəşəriyyətin BMT-dən böyük gözləntiləri var idi. Təəssüf ki, pandemiyanın ilk günləri göstərdi ki, BMT effektiv şəkildə bu təhdidə qarşı mübarizəni təşkil edə bilmədi. Xüsusilə BMT Təhlükəsizlik Şurası öz effektivliyini nümayiş etdirmədi və bu vacib məsələ ilə bağlı vahid mövqe ortaya qoymadı. Sanki BMT və onun Təhlükəsizlik Şurası sadəcə texniki məsələləri müzakirə edirdi və pandemiyaya qarşı mübarizədə kənarda qalmışdı. Onların əsas müzakirə predmeti pandemiya dövründə iclasların necə keçirilməsi, onlayn formatda müzakirələrin necə təşkil olunması idi. Məhz Prezident İlham Əliyevin vaxtında irəli sürülmüş təşəbbüsü həm Qoşulmama Hərəkatının üzvlərini, həm də bütün BMT-ni sanki səfərbər etdi və aktiv şəkildə pandemiyaya qarşı müzakirələrə başlanıldı. İnamla demək olar ki, pandemiya ilə mübarizədə qlobal liderlik rolunu məhz Prezident İlham Əliyev öz üzərinə götürdü və bu vacib missiyada BMT-nin fəaliyyətinə təkan verdi. Qoşulmama Hərəkatının üzvləri Prezident İlham Əliyevin təşəbbüsünü ilk gündən dəstəklədilər. Hazırda Azərbaycan bu önəmli beynəlxalq təsisata uğurla sədrlik edir və pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində BMT Baş Assambleyasının Xüsusi Sessiyasının açılış mərasimində Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin çıxışı ölkəmizin quruma sədrliyinin növbəti böyük uğuru kimi dəyərləndirildi. Xüsusi Sessiyada çıxışı zamanı dövlətimizin başçısı İlham Əliyev bu gün dünya üçün ən böyük təhlükə olan COVID-19 pandemiyası ilə mübarizədə beynəlxalq ictimaiyyətin birgə səylərinə çox böyük ehtiyac olduğunu önə çəkərək bildirmişdir ki, hazırda dünya pandemiyanın növbəti dalğası ilə üzləşib. Azərbaycanda virusla mübarizə sahəsində həyata keçirilən davamlı tədbirlərdən geniş bəhs edən cənab İlham Əliyev vurğulamışdır ki, pandemiya başlayandan bəri Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasdadır. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırmışdır. Quruma toplam 10 milyon dollar həcmində iki dəfə könüllü maliyyə töhfəsi edildiyini önə çəkən dövlətimizin başçısı bu məqamı da xüsusi qeyd etmişdir ki, bununla yanaşı, bugünədək Azərbaycan 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib.
İstər ölkə, istərsə də beynəlxalq ekspertlər bu reallığı da qeyd edirlər ki, irəli sürülən təşəbbüslərin dəstəklənməsində Azərbaycan Prezidentinin şəxsi nüfuzu da əsas rol oynayır. Dövlətimizin başçısı İlham Əliyevin natiqlik məharəti, diplomatik təcrübəsi, dünya miqyaslı siyasi lider obrazı, nitqinin məntiqi ardıcıllığı, hər bir fikrini dəlillərlə əsaslandırmaq bacarığı İkinci Qarabağ müharibəsinin davam etdiyini 44 gündə 30-a yaxın xarici mətbuata verdiyi müsahibələrində, həmçinin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bir daha özünü təsdiqləməklə yanaşı, ona olan etimadı, inamı artırdı. Cənab İlham Əliyevin dünyanın nüfuzlu media orqanları vasitəsilə dünyaya ünvanladığı mesajlar sırasında hazırda vaksinasiya ilə bağlı yaşanan mənzərə öz əksini tapdı. «Vaksin məsələsinə gəldikdə, deməliyəm ki, pandemiyanın lap əvvəlindən biz vəziyyəti nəzarətdə saxlayırıq… Biz həm də Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkəyik. Biz peyvəndləməyə yanvarın 18-də başlamışıq, yəni Avropada peyvəndləmə başlanandan cəmi bir ay sonra» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, Çində istehsal edilmiş “CoronaVac” peyvəndi ilə vaksinasiya aparırıq. Azərbaycan həm də “COVAX” layihəsinə qoşulub.
Azərbaycanın bu vaksinləri almaq üçün imkanı olduğunu önə çəkən cənab İlham Əliyev «Bəs, vəsaiti olmayanlar nə etsinlər» sualına cavab olaraq bildirir ki, bu adamlar ölməlidirlər? Deməli, varlılar özlərini peyvəndləyəcək, bütün istehsalı özlərinə götürəcək, elementar insan davranışı qaydalarına tam etinasızlıq göstərəcək, yoxsul ölkələr isə əziyyət çəkməli olacaqlar: «Biz hansı bərabərlikdən danışırıq? Mən BMT Baş Assambleyasının xüsusi sessiyasında bu məsələni qaldırmışam və bu gün Qoşulmama Hərəkatı çərçivəsində bu məsələ barədə fəal diskussiya aparırıq. Bir çox ölkələr mənim təşəbbüsümü dəstəkləyiblər. Hazırda əlavə məsləhətləşmələr aparılır və biz əməli işə keçməliyik. Şablon bəyanatlar səsləndirmək kifayətdir, onların arxasında heç bir iş dayanmır.»
Qeyd edilənlər fonunda dünyanın ədalət meyarını arxa plana keçirməsinə Azərbaycanın sərt mövqeyi özünü qabarıq şəkildə büruzə verir. Sözlə real həyatın nümayiş etdirdiyi fərqli mənzərəyə son qoymaq bu günün əsas tələblərindəndir.
Zəngin ölkələrin əsasən vaksinlə təmin olunması yəni, vaksinləşmənin milliləşdirilməsi dünya əhalisini böyük risk altına atır, peyvənd məsələlərində yalnız ölkələr arası əməkdaşlıq bəşəriyyəti bu bəladan xilas edə bilər. Bu gün vaksin uğrunda mübarizə aparan zəngin ölkələr üçün əsas prioritet öz ölkələrində bütün insanları vaksinləşdirmək yox bütün ölkələrdə bəzi insanları vaksinləşdirmək olmalıdır.
Azərbaycan koronavirusa qarşı peyvəndləməyə görə MDB ölkələri arasında lider mövqeyə çıxıb. Statistikaya əsasən, bu günədək ölkədə əhalinin 18 faizi peyvəndlənib. Vaksinin birinci dozasını 1,5 milyondan, hər iki dozanı 1 milyona yaxın azərbaycanlı qəbul edib. Ölkədə 4 vaksin - Rusiyanın "Sputnik V", Çinin "CoronaVac", Almaniya və ABŞ-ın "Pfizer", Böyük Britaniya və İsveçin "AstraZeneca" vaksinləri qeydiyyatdan keçib.
Mayın 24-31-də videoformatda keçirilən, Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyasında Prezident İlham Əliyev videoformatda çıxışında pandemiyanın lap ilk günlərindən Azərbaycanda COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlərdən geniş bəhs edərək bildirmişdir ki, qısa zamanda 13 modul tipli və 1 daimi xəstəxana inşa edilmişdir. Ölkəmizdə görülmüş müfəssəl tədbirlər nəticəsində karantin rejimi tədricən yumşaldılmışdır. «Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyətini təbliğ etmişdir» söyləyən dövlətimizin başçısı İlham Əliyev bu məqama da xüsusi diqqət yönəltmişdir ki, davam edən “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0.3 faizi azgəlirli ölkələrin payına düşmüşdür. Bu problemin həlli məqsədilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürmüş və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul olunmuşdur. Cənab İlham Əliyev bu çağırışı edir: «Bu xüsusda, biz inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırırıq.»
Yeganə Əliyeva, «İki sahil»