«Biz Ağdamı bir güllə atmadan, bir şəhid vermədən azad etdik və bu gün buradayıq və bundan sonra əbədi burada olacağıq» söyləyən Prezident İlham Əliyevin işğaldan azad edilmiş şəhərlərə səfərləri Böyük Qayıdışın ilk addımlarıdır
Abidələri, insanlarının əməksevərliyi, təbii sərvətləri, barlı-bəhrəli bağları, xanəndələri ilə tanınan, gözəlliyi ilə görənləri heyran edən Ağdam əsrlər boyu Qarabağ bölgəsinin sayılıb-seçilən şəhərlərindən olub. Erməni vandallarının viran qoyduğu , Xocalı soyqırımına məruz qalan insanların ilk pənah yeri olan Ağdamın sakinləri o çətin anlarda da cəsarətləri ilə düşmənə arxa çevirmədi. Torpaqlarının çox hissəsini təcavüzdən qorudu. Ağdamı viran qoyaraq, sanki qisasını alan ermənilər güllələdikləri şəhərdə daşı-daş üstə qoymadılar. Xarabazarlıq aşiqləri olan erməniliyin mahiyyətini bütün canlıları məhv etməklə, maddi- mənəvi sərvətlərini dağıtmaqla bildirən, mənfur niyyətlərini 30 ilə yaxın davam etdirən daşnaklar işğal altında saxladıqları bütün Azərbaycan torpaqları kimi Ağdamda da daşı daş üstə qoymadılar. Amma artıq mənzərə dəyişir. Şanlı Zəfərimizdən sonra doğmalarının isti əllərinin hərarətini hiss edən qəribsəmiş divarlar indi uçuq-sökük , lal-dinməz deyil, düşmənə meydan oxuyan alınmaz qala kimi dayanıb. Yaralarının sağalacağı, yenidən «doğulacaqları» günün həsrətində olan, çəmənliklərdən boy atan otlar, rahiyyəsi ilə ətrafı bürüyən çiçəklər yeni həyatın müjdəsidir. Düşmənin yox etməyə çalışdığı yurdumuzun daşı, torpağı, qurutmaq istədikləri bulaqlarımız, çaylarımız canlanır, daha gur axır. Müxtəlif istiqamətlərdə həyata keçirilən infrastruktur layihələrinin həllində çalışan insanların qurub-yaratmaq həvəsi ikiqat artıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, hazırda bizim əsas məqsədimiz işğaldan azad edilmiş ərazilərin bərpasıdır: «Odur ki, biz öz doğma torpaqlarına qayıtmağı gözləyən insanlar, bir milyondan çox keçmiş məcburi köçkün üçün layiqli həyat şəraiti təmin etmək məqsədilə 10 min kvadratkilometrdən böyük bir ərazini yenidən qurmalı olacağıq…Biz indi beynəlxalq hava limanı tikirik, avtomagistrallar tikirik, dəmir yolu xətlərini inşa edirik, artıq başlamışıq. Bu ilin sonuna kimi bütün Qarabağ ərazisi üçün demək olar ki, enerji təchizatını 100 faiz tamamlamağı planlaşdırırıq və bizim bir çox başqa planlarımız da var.»
İşğaldan azad olunduğu vaxtdan az müddət keçməsinə baxmayaraq artıq Ağdamda həyat qaynayır, mənfur düşmənin murdar əlləri ilə vurduğu yaralar sağalır. Prezident İlham Əliyevin inamla söylədiyi kimi, Ağdamın «ağ damlarının» yenə boy-boya verəcəyi, əvvəlkindən daha yaraşıqlı görkəm alacağı gün uzaqda deyil. Bu əminlik bizə babalarımızdan qalan torpağa sahib çıxmaq, onu qorumaq, əkib-biçmək əmanətidir.
Ötən ay, Respublika Gününü Ağdamda qeyd edən Prezident İlham Əliyevin vurğuladığı kimi, əvvəlki səfərlərdən fərqli olaraq bu dəfəki gəlişin rəmzi mənası var: «Bu mərasim üçün, bu görüş üçün başqa vaxt da müəyyən oluna bilərdi. Ancaq mən hesab etdim ki, ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, müstəqillik günüdür. Çünki bu gün burada olmağımız bir daha müstəqilliyimizin nə qədər güclü olmasını göstərir. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Ağdam şəhərinin bərpasının başlanğıcı bu gün baş verir, Respublika Günündə. Əminəm ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq.»
Prezident İlham Əliyevin Ağdama səfəri, şəhərin Baş Planının təqdimatı vədə sadiqlik, işğaldan azad olunmuş torpaqlarımıza Böyük Qayıdışın ilk addımlarıdır. Dövlətimizin başçısının iştirakı ilə keçirilən təməlqoyma mərasimləri, açılışlar qarşıdakı quruculuq, abadlıq işlərinin ilk töhfələri idi. Artıq tarixi ədalət bərpa olundu, düşmən torpağımızdan qovuldu. Qırx dörd günlük müharibə bizim xalqımızın əzmini, Milli Ordumuzun gücünü göstərdi. Əvvəllər perspektiv kimi nəzərdə tutulan layihələrin icrasına start verildi.
İkinci Qarabağ müharibəsində qazandığımız Zəfər Azərbaycanın müdafiə qüdrətini, Milli Ordumuzun şücaətini göstərdi. Şuşada, Ağdamda, Füzulidə həyata keçirilən infrastruktur layihələrinin sürətli davamı isə xalqımızın qurub, yaratmaq əzminin ifadəsidir.
«Əlbəttə ki, texniki imkanlarımız müharibənin nəticələrinə ciddi təsir etmişdir. Ancaq bayrağı sancan, bayrağı ucaldan, öz sinəsini qabağa verən, ölümə gedən Azərbaycan əsgər-zabiti idi. Biz bu müharibəni, bu Qələbəni bizim qəhrəman hərbçilərimizə borcluyuq, şəhidlərimizə borcluyuq» söyləyən Prezident İlham Əliyevin vurğuladığ kimi, ən ağır məqamlarda həlli çətin problemlərin beynəlxalq hüquq normaları çərçivəsində həllinə çalışmağımız bizim gələcəkdə düzgün qərar qəbul etmək şansımızı artırır. Quruculuq, abadlıq işlərində iştirak üçün dünyanın ən tanınmış şirkətlərinin müraciətlərinin davam etməsi Azərbaycanla həmrəylik və ölkəmizə beynəlxalq səviyyədə dəstəkdir. Ağdama son səfəri zamanı «Hesab edirəm ki, bu gün tarixi gündür. Çünki bu gün azad edilmiş torpaqlarda birinci Baş Plan artıq təsdiqlənir. İndi Şuşa şəhərinin Baş Planı hazırlanır, artıq bir müddətdən sonra təsdiqlənəcək. Füzuli şəhərinin, Cəbrayıl şəhərinin, digər şəhərlərin Baş Planları üzrə iş gedir. Amma birinci Baş Plan, bax, burada təsdiqlənəcəkdir» söyləyən Prezident İlham Əliyev bildirir ki, İmarət kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilib. Şəhərin içində 125 hektar ərazini əhatə edəcək, süni gölü, kanalları, körpüləri olan, bir sözlə, müasir şəhərsalma standartlarına, tələblərinə uyğun yaradılacaq meşə zolağı doğma şəhərlərinə qayıdacaq ağdamlıların gözəl istirahət yerinə çevriləcək. Bütün Qarabağ zonası «yaşıl enerji»” zonası olacaq, ərazilər «Ağıllı şəhər”», «Ağıllı kənd» konsepsiyası əsasında qurulacaq. «Əminəm ki, nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq və biz sizinlə bundan sonra Ağdam şəhərində, Ağdam rayonunda çox görüşəcəyik» sözləri ilə ağdamlılara müraciət edən, «Biz Ağdamı bir güllə atmadan, bir şəhid vermədən azad etdik və bu gün buradayıq və bundan sonra əbədi burada olacağıq» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, xalqımız belə xoşbəxt günlərin çox şahidi olacaq. Məqsəd məram isə bəllidir: «Tezliklə doğma Ağdamı bərpa edək vətəndaşları qaytaraq və bu gözəl diyarımız olan Qarabağ torpağında əbədi yaşayaq.»
Xuraman İsmayılqızı, «İki sahil»