Gecədən səhərə kimi dəmir yolu ilə aramsız hərəkət edən qatarların səsi kəsilməmişdi, taka-tak idi. Çoxdan idi ki, dəmir yolunda belə hərəkətlilik yox idi. Tank, top, döyüş tehnikası yüklənmiş qatarlar bir-birinin ardınca şütüyüb keçirdilər. Görünməməsi üçün üstünə çadır çəkilmiş silahlar adamlarda daha çox maraq yaradırdı. Hamı çadırın altında hansı silah növü olduğunu bilmək istəyirdi. Bir az yaşlılar, əsgərlikdə olanlar müxtəli fərziyyələr yürüdürdülər. Hərbi yük daşıyan qatarlar yəqin ki, adamlar görməsinlər deyə, adətən, stansiyadan kənarda Alpout kəndinə yaxın ərazidə dayanırdılar. Kəndin yaxınlığında əsgər «Eşalonu»nun durduğunu bilən kənd adamları tez-tələsik kimisi mer-meyvə, kimisi süd-qatıq, kimisi isti təndir çörəyi, yağ-pendirlə, bir sözlə hərə gücü çatan, əlinə yetən qədər azuqə düzəldib üstü açıq vaqonlarda gedən əsgərlərə verməyə tələsirdilər.
Yayın istisi idi. Ucarda dəmiri günün altına atsaydın, bir qədər sonra əriyib formasını dəyişərdi. Adamlar kölgənəcəklərdən başlarını çölə çıxara bilmirdilər. Arxda çimən uşaqlar, həm dəmiryolu xətti ilə,həm də kəndi iki yerə bölüb gedən Bakı-Tiblisi magistiral yolunda hərəkət edən hərbi «kolon»ların hərəkətliliyini görüb aləmə hay salmışdılar. Hərbi texnikanı, silahları görən adamlar tez magistiral yola tərəf çıxıb içi əsgərlərlə dolu maşınlara tamaşa edirdilər. Ahıllar əsgər aparan maşınların arxasınca su atır, oğulları əsgərlikdə olan analar, əllərini göylərə açıb dua edir, «Allah balalarımızı düşmənin şərindən qoru, dünyamızı sakit, ordumuzu müzəffər eylə»- deyirdilər. Kəndə xəbər yayılmışdı ki, müharibə başlayır. Artıq həm qadınlar, həm kişilər arasında ciddi söhbətlər gedirdi. Hamı ordumuzun gücünə,qüdrətinə inandığı üçün fərəhlə danışırdı. Aşıq gördüyünü çağırar. Hər şey göz qabağında idi .Bu qədər texnikası, bu qədər tankı,topu, döyüş sursatı,müasir silahları,cəsur əsgərləri olan ordu heç düşmənə məğlub olarmı?
Alpoutlular inanclı insanlardır. Allaha inanan, əhlibeyt aşiqləridirlər. Kimi namaz üstə Allahdan 12 imama xatir əsgərlikdə olan balalarımızı düşmən gülləsindən qorumağı, ordumuzu müzəffər etməyi diləyir, kimi bu gün də müqqəddəs ziyarətgah olan, alpotluların, Aran zonasında yaşayan camaatın inanc yeri sayılan Seyidağa baba ocağına öz zəhməti ilə bəslədiyi heyvanlardan qurban deyirdilər. Kənd adamları oğulları hərbidə çalışan həmkəndlilərinin qapısına axışır, vəziyyətin nə yerdə olduğunu öyrənməyə çalışırdılar. Alpout kəndi Ucar rayonunda ən çox hərbi qulluqçu,zabit yetişdirmiş kəndir. Bu kənddən ordumuzun müxtəlif qoşun növlərində xidmət edən hərbi qulluqçuların, zabitlərin çalışdığıı bütün ucarlılara məlumdur. Kəndin cavanları, kişiləri and- aman edirdilər ki, əgər bu dəfə yenə ermənilərin Allah ağıllarını başlarından alıb torpağımıza hücum edib qan tökmək niyyətinə düşsələr, ordumuz üç gün ərzində onları paytaxt Yerəvana qədər qovacaq gücü var. Bu dəfə silahlı qüvvələrimiz düşmənə aman verməyəcək. Gülnisə xanımın da həyətinə yığışanlar çox idi.
Qadınlardan biri «Ay Gülnisə, sən də qəribə adamsan e. Ağzını açıb bir kəlmə demirsən ki, müharibə olacaq, ya olmayacaq. Bəs sənin oğlanların, Kənanla Anar heç nə demirlər? Belə şey olar azzz, oğlun sənə bircə kəlmə nəsə deməsin? Sən də bizi arxayın salasan.
-Nə deyim ay bacı, mənim uşaqlarım vallah evdə söz danışmırlar. Bir də ki, mən uşaq görürəm? Hərəsi bir tərəfdə qulluq edi.
- Ay qız kiri! Denən sizi partladıb öldürəcəm,bildiyimi də demiyəcəm. Bəs Kənan kəşfyyatçı dööör? Heç demir ki, azarım ağzına olmuş erməni nə qələt edir…
- Vallah demir, billah demir. Uşaqlar çox ağzı bərkdirlər. Evə gələndə bir onu deyirlər ki, hər şey yaxşı olacaq.
Azz, kiri görüm. Nə yaxşı olacaq? İndi uşaqlar eşidiblər ki, gavurlar Polad adlı bir generalımızı öldürüblər. Aləm qatışıb bir- birinə. Camaat küçələrə çıxıb, müharibə istəyir.
Müharibə sözünü eşitdikcə Gülnisənin beli bükülürdü. Yumağa dönüb ikiqat olurdu. Ürəyi sinəsinə sığmırdı. Ürəyinin səsi evlərinin yaxınlığından keçən qatarın səsini verirdi. Tappa-tup idi. Tez telefonu götürüb Kənanın nömrəsini yığdı. Kənan XTQ-də kəşfiyyatçı leytenant idi. Telonuna zəng çatmırdı. Kənana zəng çatmadığını görən ana bu dəfə telefonda Anarın nömrəsini axtardı. Anarın cavabı çox qısa oldu:
-Ana narahat olma, hər şey qaydasındadır. Vaxtım, imkanım olan kimi sənə zəng edəcəm - deyib danışığı bitirdi.
Həyətə toplaşan qadınlar yenə ağız –ağıza verib başladılar,nə başladılar. Biri dedi:
«Kənan kəşfiyyatdadır,telofonunu söndürüb,biri dedi azz indi orda atışmadı, Anarın telefona cavab verməyə vaxtı yoxdur,ona görə qısa kəsdi.Biri dedi ordumuz düşməni qovub, torpaqlarımız işğaldan azad olunub.Bir sözlə hərənin ağzından bir avaz gəlirdi. Bircə iki oğlu düşmənlə üzbəüz dayanan, oğlanlarının sinəsi düşmənə sipər olan Gülnisə susurdu. Ürəyi qan ağlayırdı. Bədəni uçunurdu. Allah, zülüm- zillətlə iki öğul böyüd, ikisindən biri gözünün qabağında olmasın?
Elə bu vaxtı televizor xəbər yaydı ki, atəşkəs rejimini pozan ermənilər Tovuz rayonu Ağdam kəndi istiqamətində dövlət sərhədimizi pozaraq,sərhədyanı kəndlərimizə hücum etmək istəyiblər.Ordumuzun əsgərləri sərrast atəşlə düşmənə laiqli cavab verir.Düşmənlə döyüşdə general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və bir neçə əsgərimiz şəhid olub.Bu xəbəri eşidər-eşitməz xalq ayağa qalxıb, Ali Baş Komandandan müharibə əmri gözləyirdi. Ordu tam olaraq döyüş hazırlığı vəziyyətinə gətirilmişdi. Səbr kasası artıq dolmuşdu. Gözünü qan örtən düşmən hələ qəflət yuxusunda idi. Eyforiyyadan gözü, zehni açılmır, təxribatları davam etdirirdi. Siyası meydanlarda Azərbaycan Prezdentinin səlis, məntiqli cavabları ilə susdurulan Ermənstan rəhbərliyi, münaqişənin həllini danışıqlar masasında olduğunu görmək, qəbul etmək istəmirdi. Təfəkkür, zehniyyət hələ də 90-cı illərdə ilişib qalan Ermənİstan rəhbərliyi meydan qəhrəmanı münaqişənin həllini yenə döyüş meydanına çəkməklə yazıq, məzlum erməni obrazı yaradıb himayə olunacağına , Azərbaycan Pprezidentinə təzyiq edə biləcəyinə arxayın idi. Unudurdu ki, qarşısındakı, səbir və təmkin, qəhrəmanlıq və mübarizə, siyasəti meydanlarda yox, elmi auditoriyada öyrənib tədris edən və genetik olaraq siyasətçi doğulan İlham Heydər oğlu Əliyevdir. Nəyin, nə zaman və necə etmək lazım olduğunu dəqiq hesablayan praqmatik bir lider var.
Azərbaycan ordusu düşmənə daha layiqli cavab vermək məqsədi ilə daha ciddi və həlledici təlimlərə başlamışdı. Artıq isti yay günlərini ilıq payız havası əvəzləməkdə idi. Bir gün ruh əkizləri Anarla, Kənan birlikdə kəndə, evlərinə gəldilər. Analarını dönə -dönə bağırlarına basıb söhbət edirdilər. Gözlərini heç analarından çəkmirdilər. Söhbət, söz bitsə də, gözlər yenə də anada idi. Oğlanlarını birlikdə görən ananın sevinci çay olub sellənirdi, ürəyi fərəhdən dağ olub göyə doğru zillənirdi. Ana bişirdiyinə, düşürdüyinə elə bil bal qatmışdı. Qardaşlar ananlarının əlində bişən yeməkləri bal kimi iştahla yeyirdilər. Söhbət də baldan şirin idi. Təzəcə evləndirdiyi, boyuna doyunca baxmadığı gəlini Günel də gəlmişdi. Samavar tüstüsü, samavarın həzin zümzüməsi ananın könlünə rahatlıq gətirmişdi. Qonşular, əmi,dayı həyətə cəm olmuşdular. Həyətdə bir toyun adamı var idi. Birdən qaynana gəlinin gözündə yaş gördü. Elə bil ayın qabağını bulud almışdı. Kənanın Güneli ürəyi ilə çarpışırdı. Qaynana gəlininə baxıb dedi :
-Qızım səndə bir hallar var,dedi. Nə olub? Yoxsa Kənanla bir sözün-söhbətin olub? Məndən gizlətmə. xatirinə dəyən nə edibsə, de, dərsini verim.
-Yox ay ana,elə deyil. Kənan da ,Anar da təlimə gedirlər.
Qaynana gəlinin nə dediyindən bir şey anlamadı. Hələ bir dodağı da qaçdı:
-Birinci dəfədir ki, mənim uşaqlarım təlimə gedir? Hərbiçinin işi,gücü elə təlimdə olmaqdır da, ay bala. Sən təzəsən, bunları hələ bilməzsən. İnşallah öyrənəcəksən,səbirli ol. Elə bilirdin,hərbiçi xanımı olmaq asandır?
Ana gəlininin nə demək istədiyini anlamadı.
Qardaşlar analarını bağrına basıb, duz-buz olub yaladılar. «Ana, bu dünyada ayrılıq var, ölüm var.Südünü halal eylə deyib,ikisi də birdən kənddən çıxdılar. Ana əlindəki qapçağı doldurub oğlanlarının ardınca su da atdı. Su qədər ömrünüz olsun, balalarım. Allah yolunuzu açıq etsin,dedi.
Sentyabrın 27-si sabahını hamı kimi Gülnisə ana da müharibə xəbəri ilə açdı. Alpout kəndinin yaxınlığından nərə çəkib göyə millənən «Harop» səsi hamıdan tez Gülnisəni oyatmışdı.Səhər namazında əlini göyə qaldırıb yaradandan əsgər balalarımıza, ordumuzun əsgər və zabitlərinə dua etmişdi. Görəsən, indiyə kimi eşitmədikləri,inək mələməsinə oxşar bu səs nə səsdir? Səsi eşidən bütün Alpoutluları bu sualın cavabı düşündürürdü.Televizordan Ali Baş Komandanın xalqa müraciətini eşidən qohum-əqraba yenə Gülnisənin həyətində, mərhum Niftalının evinə toplaşmışdılar. Hərə bir söz danışırdı. Biri malından qurban deyir, biri qurbanlıq qoç ayırır, biri aman çəkib Seyidağa babanın cəddini çağrıb ondan kömək umur, Gülnisənin uşaqlarının sağ-salmat geri dönmələrini Allahdan istəyirdilər. Gülnisə ana isə əlini yaradana açıb öz canını qurban dedi. Analar qurban demir, analar qurban olur. Qoy mən balalarıma qurban olum, dedi.
İki qardaş iki qəhrəman Anarla Kənan Vətən Müharibəsi başlayan gündən torpaqlarımızın erməni işğalından azad olunması uğrunda XTQ-nin tərkibində döyüşə qatıldılar. Kənan kəşfiyatçı leytenant, Anar isə gizir rütbəsində canını vətənə qurban deyənlər, düşmənin canına vəlvələ salanlar, düşmənə göz dağı olanlar sırasında qəhrəmancasına döyüşürdülər. Söhbət Zəfər müharibəsinin qəhərəmanlarından , şanlı tariximizin yaradıcılarından, canını Vətənə fəda edib, adını yaşadan Kənən Məmmədovdan gedir.
Dosye: XTQ-nin Şəhid leytenantı Kənan Niftalı oğlu Məmmədov 22 oktyabr 1993 - cü ildə Ucar rayonunun Alpout kəndində anadan olub. Kənan Məmmədov 2000-ci ildə Ucar şəhər iki saylı orta məktəbin birinci sinfinə gedib, 2011-ci ildə həmin məktəbin 11- ci sinfini əla qiymətlərlə başa vurub. Orta məktəbi bitirən Kənan Məmmədov elə həmin ildə həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidmətdə qulluq edərkən Kənan Məmmədov öz əsgəri borcunu ləyaqətlə yerinə yetirdiyinə görə komandanlıq tərəfindən təşəkkürnamə almış, valdeyinlərinə komandirləri tərəfindən təşəkkür məktubları göndərilmişdir. Hərbi xidməti başa vurduqdan sonra, Kənan Məmmədov 2013-cü ildə BDU-nun filologiya fakultəsinə daxil olaraq 2017- ci ldə həmin ali məktəbi müvəffəqiyyətlə başa vurmuşdur. Hərbi vətənpərvərlik, gerçək vətənsevərlik hissi ilə böyüyən,tərbiyə alan Kənan Məmmədov universiteti bitirdikdən sonra öz ixtisası üzrə deyil, arzusunda olduğu, vətənini qorumaq, onu işğalçlardan təmizləmək məqsədi ilə imtahan verərək Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinə daxil olur. Kənan Məmmədov TTM-də kursu müvəffəqiyyətlə başa vurduqdan sonra Beyləqan rayonunda yerlşən N saylı hərbi hissədə tağım komandiri vəzifəsində çalışmışdır. Bir müddət xidmət etdikdən sonra Kənan Məmmədov XTQ-nin kursuna yazılır və bu kursu da müvəffəqiyyətlə başa vurb XTQ-nin tərkibində qrup komandirinin müavini kimi hərbi vəzifəsini davam etdirir. Kənan Məmmədov döyüş taktikasını mükəmməl bilən zabitlərdən biri idi. Sərbəst paraşütdən atlanma, SAT, və başqa kursları keçən leytenant Kənan Məmmədov hərbi biliyini və bacarığını artırmaq məqsədi ilə daim öz üzərində çalışır, döyüş yoldaşlarından fərqlənirdi. 2020 -ci il 27 sentyabrda Vətən Müharibəsi başlandığı andan kəşfiyyatçı leytenant Kənan Məmmədov Kəlbəcər rayonunda Murovdağ zirvələri uğrunda gedən qanlı döyüşlərin ən qaynar nöqtələrində fəal iştirakçı olub. Kəşfiyyatçı XTQ-nin Şəhid leytenantı qəhrəman döyüşçü Kənan Məmmədov 2 oktyabr 2020-ci ildə Kəlbəcərin erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olub. Ölümündən sonra Kənan Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə «Vətən uğrunda», «İgidliyə görə» və «Kəbəcərin azad olunmasına görə» medalları ilə təltif edilib.
Kənanın yoxluğuna inana bilmirəm. Kənansız yaşamaq da olarmış,buna inana bilmirəm. Yanımda olduğu, doğulub, böyüdüyü müddətdə nə olub,necə olub hamısı hər gün kino lenti kimi gözümün önünə gətirirəm. O gülümsər baxışı, gözəl zarafatları, şən atmacalrı heç qulağımdan getmir. Elə bilirəm bu dəqiqə qapıdan içəri keçib sarılacaq boynuma. «Ana, heç Kənan ölərmi? .Heç səni gözü yaşlı qoyub özü cənnətə gedərmi?,deyəcək. Kənan çox həyat sevər idi. Uşaqlıq vaxtı bir qədər Rusiyada yaşamışıq. Bilmirəm qürbət gördüyündəndirmi, vətən həsrəti çəkdiyindəndirmi ya nədəndir, çox vətəninə bağlı uşaq idi.
Rusiyada Tver vilayətində yaşayırdıq. Qonşuluqda bir erməni ailəsi də yaşayırdı. Ermənilər çox yaltaq olurlar. Kənara çıxdılarmı, nə vətənləri var,nə yadlarına Qarabağ düşür. Erməni uşaq Kənanla yaxınlıq edirdi. Bir gün dedim ki, ay Kənan sən bu erməni ilə oturub, durma! Onlardan adama xeyir gəlməz. Dedi ki, sən narahat olma ay ana, ermənidən də adama xeyir gələr. Ondan erməni dilini öyrənirəm,mənə bu dil lazım olacaq. Sən demə Kənanım yolunu müəyyənləşdiribmiş. Hərbiçi zabit, kəşfiyyatçı olmaqmış arzusu. Bunlar uşaqkən biz köçdük gəldik vətənə. Kənan Ucarda rus bölməsini bitirdi. Yaxşı oxuyurdu. Məktəbi bitirən kimi imtahan verib BDU-nun jurnalistika fakultəsinə qəbul oldu. Kənanla Anar bir sinifdə oxusalar da , Anar ondan böyük idi. Anarı əsgər çağırmışdılar. Kənan dedi ki, mən də Anarla əsgər gedirəm. Yalvardım, yaxardım. Dedim, ay bala universitetə hər vaxtı qəbul olmaq olmur. Məktəbini oxu. Gedərsən əsgərliyə,bildiklərini unudarsan. Olmaz, dedi , durdu. Qardaşına çox bağlı idi. Dedi Anarı tək qoya bilmərəm. Mütləq mən də onunla getməliyəm əsgərliyə. Amma sənə söz verirəm ki,əsgərlikdən sonra gəlib yenidən universitetə qəbul olacam. Kənanım verdiyi sözün üstündə duran idi. Gəldi yenidən sənəd verib BDU-nin filologiyasına düşdü. Müharibəyə gedəndə də söz vermişdi ki, sağ-salamat qayıdacam. Sözünün üstündə durmadı.Əsgərlikdən sonra fikrindən çıxarmırdı ki, hərbiçi olacam. Anar da orduda qalıb gizir işləyirdi.Fikri yenə Anarın yanında idi. Elə deyirdi ki, hərbiçilik kişilik deməkdir. Torpağı işğal altında olan gedib başqa işdə işləyə bilməz. Unversiteti bitirib gəldi ki, diplom almışam. Amma hərbiyə gedirəm. Dedim, Kənan bir ailədən bir hərbiçi olar. Güldü… Dedi ki, ana, bir ailədə nə qədər kişi olarsa,o qədər də hərbiçi olar.Qoy desinlər,bir ailə bir ordudur.Bir də gördüm zabitlik kursunu başa vurub ,leytenant rütbəsi də çiynində gəlib evə. Elə bil dünyanı buna bağışlamışdılar,sevinirdi. Beyləqanda işləyirdi. Anar XTQ-də xidmət edirdi. Anarla birlikdə işləsin deyə gedib XTQ-nin kursuna yazıldı. Anar da ,mən də nə qədər dediksə orada xidmət etmək, xüsusilə də kurs olduqca çətindir. Heç olmasa qal, quru qoşunlarda xidmət et. Razı olmadı,dedi kişi çətinlikdən qaçmaz.
Anar Məmmədov, XTQ-nin giziri, Şəhid Kənan Məmmədovun qardaşı:
-Biz Kənanla bioloji cəhətdən əkiz deyilik. Amma hamı bizi ruh əkizi bilir. Qardaşsız, Kənansız necə yaşamaq olur onu bilmirəm. Bilirəm ki, hələ sağam,nəfəs alıram,yaşayıram. Və təsəllim ondadır ki, qardaşımızın qan töküb,can verib aldığı torpaqların keşiyindəyəm.
Bir-birimizdən ayrı düşmək nədir, heç bizi bir-birimizdən ayrı nəfəs almağı heç kim təssəvvür belə edə bilmirdi. Uşaq vaxtı kim isə birimizə yeməyə bir konfet versəydi, onu da tək yeməzdik. Bölüb parasını bir- birimizə saxlayardıq. Mən Kənandan iki yaş böyük idim. Atamız məni orta məktəbə iki il gec qoymuşdu ki, Kənanla bir sinifdə oxuyum, bir birimizə arxa-dayaq olaq. Orta məktəbi 2011-ci ildə bitirdikdən sonra Kənan BDU-ya qəbul oldu, məni isə 3 oktyabrda əsgər apardılar. Kənən Universitetə getmədi ki, səninlə birlikdə əsgər gedəcəm. Səni tək qoya bilmərəm. Onun 18 yaşı 22 oktyabrda tamam olurdu. Yaşını tamam edib 24 oktyabrda o da xidmət etmək üçün yanıma gəldi. Kənansız keçən 21 gün əsgərliyimin ən ağır günləri oldu.
Əsgərliyi bitirəndən sonra Kənan yenidən hazırlaşıb BDU-nun filologiya fakultəsinə qəbul ldu. Mən isə XTQ-də işləməyə başladım.Bakıda kirayə ev tutmuşduq ,birgə yaşayırdıq. Ömrümüzün ən gözəl günləri idi. Kənan deyirdi ki, Anar, Allah gör bizi nə qədər sevir ki, bir birimizdən ayırmır.
Bir dəfə ağr təlimdən gəlmişdim, bərk yorulmuşdum. Gələn kimi yatdım. Oyananda gördüm ki, Kənan paltarlarımı yuyub ,ütüləyib , hazır qoyub. Həmişə yemək bişirərdi. Mənim əlimi bir işə vurmağa qoymazdı. Sən əsgərsən, vətəni qoruyursan. Bir vətəndaş olaraq sənə qayğı göstərmək mənim borcumdur, deyirdi. İkinci kursda oxuyanda deyirdi ki, məktəbi bitirib zabitlik kursuna yazılacam, özü də XTQ-də xidmət edəcəm. O, məktəbi bitirəndə artıq mən xidməti qulluğumu başqa yerdə davam etdirirdim. Bir gün gördüm sevincək mənə zəng edib ki, TTM-ə qəbul olmuşam.
Bir müddət Beylaqanda N saylı hərbi hissədə tağım komandiri oldu.Çox böyük hörmət qazanmışdı.Əsgərləri üçün az qala canını da qurban verərdi. Deyirdi ki,komandir əsgərini əzizi qədər sevməlidir ki,əsgər də vətənini qorusun,sevsin. XTQ-də çalışmaq,kəşfiyyatçı olmaq uşaqlıqdan arzusu idi desəm səhv etmərəm. Bir gün yenə mənə zəng edib dedi ki, XTQ-nin kursuna yazılmışam. Dedim ki, nə etdiyini fikirləşmisən? Bilirsənmi ki, XTQ-də xidmət etmək asan deyil. Dedi ki, bilirəm. Dirimiz qəhrəman, ölümüz şəhid olur. Nədən qorxum mən? Bu onun seçdiyi yol idi.
Biz atamızı gənc yaşlarımızdan itirmişik. 2015-ci ildə bir gün məni bikef görüb, dedi ki, qağa dik dur. Atamız səni belə yıxılmış görüb dözməzdi. O, səni bizə böyük qoyub getdi… XTQ-nin kursunda oxuyanda dedi ki, qağa bir qız var, çox xoşuma gəlir. Kursu bitirim məni nişanlayarsan. Dedim ki, təbii ki nişanlayaram. Çox sevindim.
Kənan bir neçə dil bilirdi. Erməni , rus dillərində çox səlist, qüsursuz danışırdı. İngilis , Türk dillərini də gözəl bilirdi. Çox gözəl hafizəsi var idi. Allah onu əsl kəşfiyyatçı olmaq üçün yaratmışdı. Qarabağı, Şuşanı azad görmək ən böyük arzusu idi. XTQ-nin kursunu bitirib qrup komandiri kimi xidmətə başladı. Dedim ki, aramızda şərtimiz var. Qoy bir böyük kimi vəzifəmi yerinə yetirim, səni nişanlayaq. Elçiliyini edib ,el adəti ilə sevdiyi qızla, Günellə nişanladıq. Karantin olduğu üçün çox da böyük toy olmadı. Yalnız yaxınlarımızın iştirak etdiyi bir toy oldu. Şükür ki, muradı gözündə qalmadı.
Döyüşlərdə də Kənanla bir yerdə olmuşam. Müharibənin ilk günündən Murovdağ yüksəkliyi uğrunda döyüşə birgə qatılmışıq.
Əlisahibzadə Məhəmməd, XTQ-nin leytenantı Şəhid Kənan Məmmədovun sinif yoldaşının xatirələrindən:
-Kənanla Ucarda rus bölməsində bir oxumuşuq. Uşaqlıq, gənclik xatirələrimə hansı tərəfdən nəzər salsam, baxsam, orada Kənanla bağlı mütləq bir şey var. Kənanın Rusiyadan gəldiyi , bizim məktəbdə təhsilə başladığı günü yaxşı xatırlayıram. Kənan başqaları kimi çəkingən deyildi. Çox mehriban, hamı ilə qaynayıb- qarışan bir oğlan idi. Rus dilini çox mükəmməl bilirdi. Adamla çox ünsiyyət qurmağı bacaran, ilk söhbət etdiyi adamla , çoxdanın dostları kimi ayrılmağı bacaran adam idi. Deyim ki, Kənan gəlişi ilə bizim sinifə birlik öyrətdi. Bir- birimizə dəstək olmağı öyrətdi. Çox güclü yaddaşı var idi. Hafizəsinə söz olmazdı. Amma o, qədər də çalışqan deyildi. Bir dəfə dedim ki, Kənan sənin çox güclü potensialın var. Bundan istifadə et. Kənan tərif götürən idi. Başladıoxumağa, nə başladı.Onu da deyim ki, özünü əziyyətə salmırdı. Özünə lazım olan, sevdiyi dərsləri oxuyurdu.
Uşaqlıqda hamının ilk məhəbbəti, məktəbdə oğrun-oğrun baxdığı bir qız olur da. Kənan sirrini, sözünü mənə deyərdi. Hər gün gəlib mənə qıza nə deyəcəyini, nə cavb alacağını deyirdi. Ssenari qururduq, plan tuturduq. Mən də Kənanın ssenarisini pozurdum. Əsəbləşdirirdim onu. Kənanın düşündüyü, qızdan ala biləcəyi cavabları demirdim ona. Söhbətin bu yerində Məhəmmədəlini gülmək tutur. Xatirələr onun əlindən tutub gəncliyə, geriyə qaytarır. Kaş ki Kənanın könlündən nə cür keçir ona xoş olsun deyə elə cavab verəydim. Elə edəydim.Nə bilim ki,ömrü belə yarımçıq qırılacaqmış.
Kənan əsgərlikdə olanda da mənimlə əlaqəsin kəsmirdi. Tez- tez danışırdıq. Deyirdi ki, hərbçi olmaq istəyir. Əsgərlikdən gəlib az bir müddən hazırlaşıb qəbul imtahanını verməyə getmişdi. İmtahandan evlərinə yox, Bakıdan birbaşa bizə gəmişdi. Dedi ki, sualları yazmışam,amma yoxlatdırmağa ürəyim gəlmir. Birdən keçid balını toplaya bilmərəm. Ondan sualları cavablandırdığı listi alıb dedim gedək birlikdə yoxladaq. Dedi yooox, mənim ürəyim gəlmir. Dedim onda icazə ver,mən gedim tez yoxlatdırım gəlim.Elə də etdim. Listi götürüb tez getdim müəllimlərin yanına. Kənanın nəticəsi əla idi. Mən orada olanda darıxıb iki dəfə zəng edib nəticənin necə olduğunu soruşdu. Heç nə demədim. Evə gələndə gördüm küçəyə çıxıb məni gözləyir. Özümü toparlayıb, üzümə kədrli bir ifadə verib Kənana yaxınlaşdım. Həmişə zarafatı Kənən etməyəcəkdi ki? Əlimə girəvə düşmüşdü. Bu dəfə mən onun kefinə soğan doğramalıydım. Nəticəni soruşanda heç bir fəndən keçid balını toplamadığını, çox az sualı düzgün cavablandırdığını dedim. Çox pis oldu, pərtləşmişdi. Nə edəcəyini bilmirdi. Təxminən bir-iki saat bir yerdə olduq. Bikef tərzdə ayrılanda arxadan çağırdım. Kənan sənə bir söz deyim, amma heç kim bilməsin, dedim. Zarafat etmirəm, bu mənim gerçək sözümdür, dedim.
-Nə deyəcəksən de, kimə deyərəm sənin sözünü?
- Dedim, sualları əla cavablandırmısan.Universitetə qəbul olacaqsan. Amma heç kimə demə. Onu deyirəm.
Əvvəl duruxub yerində durdu. Nə edəcəyini bilmədi.Sonra məni qovmağa başladı. O, qovur ,mən qaçırdım. Nəhayət, dayandım, dedim nə edəcəksən et. Məni qucaqlayıb bağrına basdı. Sevindiyindən bilmirdi nə etsin. Məhəmməd ali məktəbə qəbul olmağım mənim zabitliyə gedən yolumu açdı ,dedi. Kənan zabit həyatını çox sevirdi . İdarə etməni, sərt, lakin ədalətli idarəetməni çox sevirdi. Allah onu hərbiçi olmaq üçün yaratmışdı.
O, qədər xatirələrim var ki, ürəyim doludur. Hamısını danışsam, bir kitaba sığmaz. Çox böyük arzuları var idi. Həmişə deyərdi ki, Şuşa azad olunsun, birlikdə Şuşaya gedərik.
Əziz dostum, mütləq indi sən bizi ən ali zirvədən görürsən. Arzusunda olduğun, azad görmək istədiyin Şuşa azaddır. Sənin də ruhun şaddır. Həmişə gülərüz, şən, zarafatcıl, dostlarını sevindirməyi bacaran qardaşım, dostum, biz də sənin xatirənlə, sən də bizim ruhumuzda, düşüncəmizdə yaşayırsan. Biz səni hər zaman 27 yaşlı, dostları, vətəni üçün hər şeyə hazır Kənan kimi xatırlayacağıq. Sən heç vaxt qocalmayacaqsan. İllər, əsirlər keçsə də sənin, 27 yaşlı gənc leytenant Kənan Məmmədovun adı vətənlə qoşa çəkiləcək. Sən unudulmayacaqsan. Xoş xatirələrin, gülər üzün, vətən üçün etdiklərin əbədi olaraq yaddaşlarda yaşayacaq. Ruhun qarşısında baş əyirəm, mənim qəhrəman dostum.
Fəridə Qurbanova, XTQ-nin kəşfiyyatçı leytenantı Kənan Məmmədovun orta məktəb müəllimi, qohumu:
-2008-ci ildə Anar və Kənan qardaşları 2 saylı Ucar şəhər məktəbinin rus bölməsində, 8 D sinifində oxuyurdular. Bu sinif riyaziyyat təmayyüllü olduğu üçün başqa fənlərə nisbətən riyaziyyat daha çox tədris olunurdu. Elə bu səbəbdən də bu sinfdə olan şagirdlərlə daha çox təmasda olurdum. Bu qardaşlar təkcə yaxşı dərs oxumaqlarına görə deyil, mehriban, vətənpərvər, ünsiyyətcil olduqları üçün məktəbdə ad çıxartmışdılar. Hər iki yeniyetmənin qəlbində anaya, vətənə, torpağa , bayrağa tükənməz bir sevgi vardır. Çox ünsiyyətçil idilər. Onlar olan yerdə çox gözəl, şən bir əhval-ruhiyyə hakim olardı. Mərd idilər. Gənc olmaqlarına baxmayaraq böyük bir müdriklik var idi bu qardaşarda. Açığı Anar böyük olsa da,Kənanın dediy söz hakim idi. Bir-birilərindən ötrü canlarını verə bilən qardaşlar idilər.Sinif riyaziyyat təmayüllü olmasına baxmayaraq Kənan ədəbiyyatı,Azərbaycan tarixini həm yaxşı oxuyardı, həm də sevərək oxuyardı. Belə deyək ki, azyaşlı olmalarına baxmayaraq ürəkləri vətənlə döyünərdi. Sözlərinin hər kəlməsi Qarabağ idi, Şuşa idi. Hər ikisi hələ o zaman hərbiçi olacaqlarını deyirdilər. Uşaqlarda şir ürəyi var idi. Sinifdə, daha sonra məktəbdə elə mühit yaratmışdılar ki, uşaqlar nə deyəcəklərini, nəyin, necə etmək lazım olduğunu bunlardan soruşurdular…
Kənanın çox böyük arzuları vardı. Bitib tükənməz arzuları. Çox uşaq sevər idi. Hər kəndə gələndə mütləq bizə gələrdi və hər gəlişində mütləq bizim balacalar üçün bir şey alıb gətirərdi. Diqqətcil idi.Uşaqlara qarşı qayğıkeş idi. Necə deyərlər uşaqları başına çıxartmağı severdi. İndi də onun uşaqlar üçün aldğı hədiyyələrdən evimizdə var.
Mən Kənan haqqında keçmiş zaman formasında danışa bilmirəm. Kənan mənim üçün əbədi yaşardır. Bu qədər arzusu, sevgisi olan Kənanımın heç olmasa bİr övladı olsaydı. Bir yadigarı qalsaydı. Heyif!
Lənətə gəlmiş müharibə əlimizdən Kənan kimi neçə oğullarımızı aldı. Bilirəm, Kənan cənnətdən bizi görür. Axıtdığımız göz yaşı ayrılığının həsrətinə dözməməkdəndir, Kənan. Allahın dərgahında olanları ağlamazlar. Məqamın uca olsun, əziz Kənan.
Kamran Qaraşov, XTQ-nin kəşfiyyatçı, Şəhid leytenantı Kənana Məmmədovun tələbə yoldaşı:
-Həyat təzadlarla doludur. Həmişə Kənanla oturub xəyallar qurar,gələcək işlərimizi planlaşdırar,arzuların köhlən atına mınib köndələn çapardı. Bu gün özümə böyük qardaş bildiyim,canım qədər sevdiyim, XTQ-nin Şəhid kəşfiyatçı Leytenantı, tələbəlik dostum Məmmədov Kənan haqqında xatirə danışıram. Bəlkə də bu elə belə də olmalı idi. Kənanı tanıyanlar bilir ki, o, bir evə, bir elə sığmayan bir oğul, sözün həqiqi mənasında böyük vətənpərvər, özünü xalqına, vətəninə qurban vermək gücündə olan əsl vətən fədaisi idi. Bəri başdan deyim ki, Kənanı tanıyıb,onunla dost olmamaq, sirdaş olmamaq mümkün deyildi.Kənan çox böyük diapozona malik bir insan idi. Hərtərəfli adam idi. Böyük zəka sahibi idi. İstədiyi şeyə çalışqanlığı, bacarığı sayəsində nail olan biri idi. Kənan çox cəsur, qorxmaz, ürəyində həmişə qisas hissi ilə alışıb yanan əsl aslan ürəkli igidlərimizdən idi. Bu yolun sonunun şəhidliyə gedəcəyi bəlli idi. Bu Kənanın özünün seçdiyi yol idi.
Çox qəribədir. Bizim dostluğumuzun, qardaşlığımızn da çox qəribə tarixçəsi var.Birinci kursun dərslərinə yenicə başlamışdıq.Qrupumuzda cəmi iki oğlan idik. Kənanla mən. Açığını deyim ki, ilk günlər Kənanın məndən, mənim də Kənandan elə də xoşumuz gəlməmişdi. Kənan mənim haqda evdə qardaşına demişdi ki qrupda bir oğlan var, olmasaydı daha yaxşı olaradı. Oktabrın 22-si Kənanın ad günü yaxınlaşırdı, aradaki buzlar yavaş- yavaş əriməyə başlamışdı. Bir-birimizin dilini yavaş-yavaş öyənməyə başlamışdıq. Elə oldu ki, Kənan məni öz ad gününə dəvət edəsi oldu. O, gündən başlayan yaxın münasibət günü-gündən daha da bizi bir-birimizə yaxınlaşdırdı. Əsl qardaş, ayrılmaz dostlar olduq. Aprel döyüşləri vaxtı öz aramızda cəbhəyə getmək barədə söhbət edirdik. Həmişə də bizi bir sual narahat edirdi. Nədən ordumuza «hücum» əmri verilmir? Torpaqlarımızın işğal altında olması Kənanı çox düşündürür,hətta əsəbləşirdi də. 5 aprelin 2016-cı ildə birlikdə Kənanın qardaşı Anar xidmət etdiyi hərbi hissəyə getmişdik. Kənan orada xahiş edib, hətta belə deyək ki, yalvarırdı ki ,onun ön xəttə, cəbhəyə getməsi üçün şərait yaratsınlar. Bildiyimiz kimi, tez bir zamanda atəşkəs bərpa oldu, və Kənanın döyüşə getmək arzusu onda reallaşmadı. Amma, bu heç də Kənanın vətən sevgisini söndürmədi, əksinə içindəki qisas hissini gündən-günə artırdı. Bir sözu var idi. Deyərdi ki "qocalıb yorğan döşəkdə ölməkdənsə, döyüş meydanında şərəfli ölmək lazımdı".
Kənanla məni təkçə universitet həyatı bağlamırdı. Artıq biz ailəvi dostlar idik. Demək olar hər tətildə istirahət etməyə Kənangilin kəndinə gedirdik.Kənanın üçtəkər motoskileti var idi .Onu güclə birtəhər xodlayıb Ucarı o baş, bu baş gəzirdik.Ayrilmaz dostlar idik. Kənanla həm bir evdə qalır, bir qrupda oxuyur,bir qabdan çörək yeyirdik. Hətta birlikdə gecə növbəsində süd zavodunda işləyirdik. Bir sözlə günün bütün saatları bir yerdə olurdu. Olur da, bütün tələbələrin həyatında olduğu kimi bizim də həyatımızda çatışmamazlıqlar, maddi sıxıntılar olurdu . Mən giley-güzar edəndə həmişə Kənan deyirdi ki, Kamran oxu! Oxu ki, adam olaq. Biz də normal yaşayaq .Bəli, oxuduq da,azdan-çoxdan əlimiz çörəyə çatdı da , belə rahat günləri Allah az qismət elədi Kənana.
8 mart yaxınlaşanda canımızı dərd alırdı. Qrupda 2 oğlan, 20-dən çox isə qız var idi. Həmişə qızlarımıza böyük,hər birinə fərdi hədiyyələr almaq barədə düşünürdük.Vaxt çatanda tort və çay almaq ilə kifayətlənməli olurduq.
Birinci kursun yay sessiyası vaxtlarıydı inglis dili imtahanından əvvəl Kənanla Mingəçevirə, bizə gəlmişdik .Başımız gəzməyə yeyib içməyə o qədər qarışmışdı ki, imtahana demək olar hazırlaşmadıq. Bizimlə patokda Camal adlı bir oğlan oxuyurdu,gecə saat 3-də fikirləşdik ki Camala zəng edək, görək o, nə edir, oxuyurmu? Camal dedi ki,gecə-gündüz oxumaqdan bir təhər olmuşam. Nədəndirsə başladıq Camalın sözlərinə gülməyə. İmtaham günü gəldi yetişdi. Biz suallara cavab yazdıq. Cavablar çıxanda məlum oldu ki, biz qiymət almışıq, gecə gündüz yatmayıb oxuyan Camal kəsilib. Deməyim odur ki, Kənan bəxtli adam idi. Onun bəxti hər yerdə gətiridi.
Dördüncü kursun sonları idi. Artıq Kənan qərarını vermişdi. Torpaqlarımızın uzun müddət işğalda qalması Kənanın içindəki qisas hissi, onun hərbiyə olan marağını günü-gündən artırırdı.Səbirsizliklə universitetin bitməsini gözləyirdi ki,zabitlik kursuna başlasın və o şərəfli formanı əyninə geyinə bilsin.Kənan bilik və bacarığı ilə müvəffəqiyyətlə universiteti bitirdikdən sonra,nəhayət ki,arzusunu reallaşdırmağa başladı. Müdafiə Nazirliyinin Təlim-Tədris mərkəzinə gedib kursa yazıldı. Kənan bu krusu da böyük həvəslə əla qiymətlərlə başa vurub, leytenant rütbəsi aldı. Rütbə alandan sonra Kənan birbaşa həmişə arzuladığı yerə, ön cəbhəyə yollandı. Beylaqanda yerləşən hərbi hissələrin birində tağım komandiri kimi xidmətə başladı.
Kənanın böyük qardaşı Anar XTQ-də xidmət edir. Qardaşının XTQ-də xidmət etməsi onda özəl qüvvələrdə işləmək arzusu yaratmışdı.Elə bu məqsədlə qardaşı ilə XTQ-də çiyin-çiyinə xidmət etsin deyə Kənan da gedib XTQ-nin kursuna yazılmışdı..Kənan bu arzusunu da reallaşdırmağı bacardı. O, çox çətin, dözüm,səbir, güc tələb edən Xüsusi Təyinatlıların kursunu da müvəffəqiyyətlə keçə bildi.Beləliklə,qəhrəmanımız öz doğma qardaşının yanında xidmətə başladı.
2020-ci ilin yayında Tovuzda baş verən döyüşlərdə generalımız Polad Həşimovun şəhid olması Kənana çox pis təsir etmişdir. Həmişə deyirdi ki,erməni kimdir ki bizim generalımızı öldürsün. Generalımızın qanı yerdə qalmamlıdır! General Polad Həşimov Kənanın ən çox sevdiyi generallardan biri idi. Onunla bir dəfə Şəmkirdə təlimlər zamanı görüşmələrindən danışmışdı, mənə.
Bir dəfə “vatcap”da Kənan Şuşa qalasının şəkilini paylaşmışdı. Mən Kənandan yazıb soruşdum ki, «qardaş sən inanırsanmı ki, Şuşanı nə vaxtsa qaytara biləcəyik? Kənanın cavabı çox qısa oldumuşdu: "Şuşa qayıdacaq! Və mən bu yolda şəhid olacam. Ya bu millət savaşıb öz torpaqlarını qaytarmalı,ya da tarixdən silinib getmiş xalqlar kimi məhv olmalıdır». Çox təəssüf edirəm ki, belə də oldu. Kənan çox sevdiyi vətəni uğrunda, həmişə xəyalında yaşatdığı Şuşa uğrunda, Azərbaycanın yaşaması uğrunda, qız gəlinlərimizin qisasını almaq uğrunda qəhrəmancasına vuruşaraq şəhadətə qovuşdu. Ruhun şad olsun mənim gözəl qardaşım. anasının ağıllı oğlu. həyat yoldaşının sözün əsl mənasında yoldaşı.Vətəninin igid oğlu!!!
Günel Məmmədova, XTQ-nin Şəhid leytenantı Kənan Məmmədovun ömür-gün yoldaşı:
- Biz Kənanla ümumi dostumuz vasitəsi ilə 2018-ci ildə tanış omuşduq.Onda Kənan Beylaqanda,Haramı düzü deyilən ərazidə tağım komandiri işləyirdi. Mən isə Universitetdə birinci kursda oxuyurdum. İşini çox sevirdi. Elə tanışlığımıziın ilk vaxtlarından XTQ-də xidmət etmək arzusunda olduğunu bildirdi. İmtahan verib kursa yazıldı.Mənə deyirdi ki, kursu bitirən kimi nişanlanarıq. Sonra toyumuz olar. Dediyi kimi də oldu. Əvvəl elçilik, sonra da nişan. Kənan çox sözünə düz, ağzıbütöv insan idi. Çalışqan idi. Günü təlimlərdə, məşqlərdə keçərdi, amma yoruldum deməzdi. Qarabağ azad olmayınca bizə yatmaq haramdır,deyərdi.
Tanışlığımızın ilk vaxtlarında «Günel,hərbiçi xanımı,xüsuslilə kəşfiyyatçı xanımı olmağın öz çətinlikləri var.Bu çətinliklərə ,bərkə boşa dözəcəksənmi?»- dedi. Dedim ki,səninlə ölümə belə gedərəm. Sənin yolunu zövqlə gözləyərəm. Bir ömür sənlə keçirməyə,sənlə qocalmağa hazıram. Heyif qocalıq qismətimiz olmadı.
Kənanla birlikdə dərs oxuyardıq, birlikdə kitab oxuyardıq. Mənə hər şeydə kömək edərdi. Kənan kinoya baxmağı çox sevərdi. Gecə keçənə kimi birlikdə kinoya baxardıq. Allah, nə qədər gözəl günlərimiz var idi… Elə bilirəm hər şey nağılmış, ya mən bütün bunları yuxuda görürmüşəm.
2020-ci ildə 7 martda toyumuzu oldu. Ömrümüzün ən gözəl, ən bəxtəvər günü idi. Xoşbəxtlikdən göyün yeddinci qatındaydıq. Kənan deyirdi ki, Günel mən elə bilirəm göydəyəm, uçuram.Sən demə Kənanım ruhunu göylərə bağışlamağı xoşlayırmış,zirvədə olamğa aşiqmiş.
Müharibənin başlayacağı haqqında evdə heç nə demirdi. Bircə onu deyirdi ki,çox güclü ordumuz var.Əgər müharibə başlasa,düşməni darmadağın edəcəyik. Sentyabrın 20-dən sonra təkrar-təkrar deyirdi ki, mən təlimə gedəcəyəm. Sentyabrın 26-sı sübh tezdən dedi ki, təlimə gedirəm, narahat olma.Bir həftəyə gələcəm.
Kənan sözünün ağası idi. Dediyi kimi də etdi. Bir həftəyə qayıtdı. Amma bu dəfə Azərbaycan bayrağına bükülmüş, şəhid olaraq.
Mən Kənanı tanıdığıma onunla ər-arvad olduğumuza görə qəti peşman deyiləm. Kənanı sevdiyim, onu tanıdığım üçün xoşbəxtəm. Nə qədər mənim ürəyim döyünür Kənan da orada o qədər yaşayacaq, orada Kənan olacaq. Özü həmişə deyərdi ki, «Şəhidlər ölmür,əbədi yaşayır.Sadəcə, biz onları görə bilmirik». Hər gecə gülə- gülə yuxuma qonaq gələn Kənanım, sənin o görünməyən ruhundan öpürəm.Sən ölümsüzlüyü qazanmış bir qəhrəmansan. Yerin rahat olsun.
Təbriz Sultanov, döyüş yoldaşı,çavuş:
-Leytenant Kənan Məmmədovla tanışlığımızın tarixi belə deyək ki,çox da uzaqlara getməsə də ömürlük, mən yaşadıqca yaddaşımda yaşayacaq bir tanışlığımız, yoldaşlığımız olub,onunla. Mən Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrində xidmət edirdim. Müharibədən iki ay öncə bizi XTQ-yə ezam etmişdilər. İsmayıllı dağlarında keçdiyimiz təlimlər zamanı tanış olmuşduq. Onda Kənan qrup komandirinin müavini idi. Öncə onun şəxsiyyəti haqqında danışmaq istəyirəm. Kənan çox insanclı bir adam idi. Yanındakıları, özünə inandırmaq, cəlb etmək qabliyyəti var idi. Özünə, şəxsiyyətinə hörmət edən, ətrafındakıları düzgün qiymətləndirməyi bacaran, hər kəsin öz dilində danışmağı bilən, bir sözlə yol yöndəm bilən adam idi. Komandir kimi də gənc olmağına baxmayaraq, hazırlıqlı, taktikanı bilən, əməliyyat şəraitindən başı çıxan komandir idi.
Müharibə başladığı ilk gündən də bir yerdə olmuşuq. Komandanlığın əmrinə əsasən Daşkəsən istiqamətindən Kəlbəcərə, Murovdağa qalxmalıydıq. Bizim orada postlarımız var idi. Keçilməz dağ aşırımları,sıldırım qayalarla “Koroğlu” postuna doğru irəliləyirdik. Ora kimi xeyli məsafə var idi. Yolboyu imkan düşdükcə, ikimiz söhbət edirdik. Çox qəribə idi ki, bu insan elə bil şəhid olacağını bilirdi. Ancaq deyirdi ki, son gülləmə kimi,son nəfəsimə qədər döyüşüb şəhid olacam. Atdığım hər gülləni də imamlara xatir atacam. Mən səmimi deyirəm. Hər bir insan da ölüm qorxusu olur. Heç kim ölmək istəmir. Mən heç şəhid olmaq barədə düşünmürdüm. Ölüm mənə qorxulu gəlirdi. Amma Kənan Məmmədov içində ölüm qorxusun öldürmüşdü. Ancaq şəhidlik haqqında düşünürdü.
Biz məsafəni qət edib, bizdə olan “Koroğlu” postuna qalxdıq. Sağımız və solumuzda «Canavar 1» və «Canavar 2» postları erməni mövqeləri idi. Biz oradan döyüş sursatımızı, təminatımız götürüb tapşırığa əsasən keçilməz dağ yolu ilə Çiçəkli dağa doğru irəliləməliydik. Biz daha bir yüksəkliyi də qalxıb quruplara bölündük. Bir tabor sağa, bir taborumuz isə sola istiqamət götürdü. Yolumuz uzaq idi. Haradasa hava məsafəsi ilə 12 kilometr olardı. “Kolon” şəklində irəliləyirdik. “Kolon”un önündə bizim qrup gedirdi. Bir qədər irəliləyib «Susuzluq» deyilən əraziyə çatıb bir qədər aşağ düşməli olduq. Harada erməni postları vardırsa, koordinatını dəqiq bilirdik. «Susuzluq»da erməni postu olmasında məlumatsız idik. Qəfildən ermənilərin hücumuna məruz qaldıq. Bu «Suszluq» deyilən ərazi adından göründüyü kimi, dağın başında, tala kimi, susuz bir ərazidir. Elə ilk döyüşümüz də orada oldu. Biz qayalıqlarda mövqeylənib döyüşə başladıq. Kənan qrup komandiri kimi öndə hərəkət edirdi. Bütün əmirləri də ondan alırdıq. İnandırım ki, Kənan canavar kimi döyüşürdü. Ermənilərin 6 nəfərdən ibarət mobil qrupunu məhv etdik. Biz də şəhid verdik. Bu döyüşdə 2 şəhidimiz, 4 yaralımız oldu. Biz yaralıları və şəhidləri yerbəyer edib irəliləyirdik. Əmr olunan əraziyə çatmalıydıq. Təxliyə gəlib yaralıları və şəhidləri götürməli idi.
Biz gecəikən irəliləyib Çiçəkli dağa çatdıq. Müvafiq ərazi seçib, mövqeləndik. Komandir əmr verdi ki, bir qədər, 2-3 saat istirahət etmək lazımdır. Bir yerdə oturub Kənanla söhbət edirdik. Necə olacağını soruşdum. Belə bir sözü var idi: «Ölmək ölməkdir, xırıldamaq nə deməkdir. Ya şəhid olacağıq, ya qalib». Yenə şəhidlikdən danışırdı. Orada çox az dayanmışdıq ki, bizə geryə qayıtmaq əmri verildi. Əmrə əsasən geriyə çəkilməli olduq.
Gəldiyimiz yolla geriyə doğru hərəkət edirdik. Çox yorğun idi. Geriyə «Susuzluq»a çatanda taqətdən düşmüşdük. Sususzluq, yorğunluq, keçilməz dağ yolları bizi haldan salmışdı. Gah gedir, gah da otururduq. Artıq ermənilərdə bizim orada olmağımız barədə məlumat var idi. Tək-tək «minamyot» atəşi ilə ərazini vururdular. Havada çiskin var idi.10 dəqiqə duman olur, duman çəkilir hava aydınlaşırdı. Havanı da bilmək olmurdu. Ermənilər müşahidə dronu qaldırıb hərəkətimizi izləyirdilər. «Susuzluq»da qayalıq olan bir yer var idi. Ora can atırdıq. Qrupumuzda 16 nəfər var idi. Yoldaşlarımızın bir qismi, qayalığa çatıb, mövqelənirdilər. Yəni daşların arxasında yerləşməyə çalışırdıq. Kənan bizdən 15 metr arxada ağır-ağır gəlirdi. Uşaqlardan kimsə Kənanı çağırdı, komandir tez gəl,dedi.Cavab verdi ki, «kefimdən geri qalmamışam ki,yüküm ağırdı.Yorulmuşam. Narahat olmayın onsuz da yanınıza çatana kimi şəhid olacam».
Kənan gəlib yanımız çatıb yerini tutduğu heç iki dəqiqə olmazdı ki, havada mərmi səsi eşitdik. Ermənilərin müşahidə dronu koordinatımızı dəqiq vermişdi. 120-lik minamyotla oturduğumuz yeri dəqiq hədəf almışdılar. Qəfildən biz olan yerdə boyük bir partlayış olduğunu hiss etdim.
Gözümü açanda özümü hiss etmirdim. Yaxınlığımda arxa tərəfimdə bir inilti, zarıltı eşitdim.Çevrilib səs gələn tərəfə baxdım. Bizdə kiçik çaplı bir pulemyotçu var idi. Pulemyotu sinəsinə bağlı olduğu üçün onu tanıdım. İki ayağı dibdən yox idi. Mərmi aparmışdı.Tez öz ayağıma baxdım.Elə bildim ki, mənim də ayaqlarım yerində deyil. Yaxınlıqda daşların arasından bir nəfərin də sağ olduğunu gördüm. Mənasız da olsa döyüş yoldaşımızın qanaxmasını dayandırmaq üçün qıçlarını rezinlə bağladıq. Bu anda ilk yadıma düşən Kənan oldu. Dərhal komandiri axtarmağa başladım. Bir neç dəfə, «komandir», «komandir», Kənan, Kənan deyə onu çağırdım. Cavab vermədiyi üçün sevindim.Dedim yəqin aralıda olan qayalıqda gizlənə bilib. Qaya daşının üstündə üzü aşağı düşübmüş hərəkətsiz bir nəfər də var idi. Yaxınlaşıb kimliyini öyrənmək məqsədi ilə çevirəndə Kənan olduğunu gördüm. Bədənim titrədi. Elə bildim,dəli olmuşam. Kənan deyə bağırırdım. Gücüm yetdikcə bağırırdım. Səsim qayalara dəyib əks səda verirdi. Kənan mənə cavab vermirdir. Artıq o, arzuladığı yerdəydi. Ruhunu göylərə təslim etmişdi.16 döyüşçüdən,16 qardaşımızdan 14-ü şəhid olmuşdu. O, böyüklükdə qayalıqdan xırda parçalar qalmışdı.Bir möcüzə idi ki ,bu böyüklükdə partlayışdan 2 nəfər sağ çıxmışdıq.Sonradan xatırladım ki,partlayış olan anda mən kürəyimi bir qayaya sıxıb durmuşdum.
Nə edəcəyimizi bilmirdik. Dəhşətli bir mənzərə idi. Kənan kimi oğullar,qəhrəmanlar ölmürlər. Ölümə qalib gəlməyi bacaranlar, ölümsüz olurlar. Mən bir onu bilirəm ki,nə qədər mən varam,nə qədər ürəyim döyünür,nəfəs alıram,Kənan Məmmədov mənimlə birlikdə, mənim ürəyimdə yaşayacaq.Etibarlı dostum,göylərdən bizi seyr edən nur üzlü qardaşım.Gülümsər gözlərin,gözəl baxışların,şirin zarafatların yaddaşımda daim yaşayacaq.Ruhun rahat,məkanın cənnət olsun.Əsgəri duruşla qarşında dayanıb, ruhuna salam olsun deyirəm, mənim cəsur Komutanım.
Samirə Abdullayeva, XTQ-nin kəşfiyyatçı Şəhid leytenantı Kənan Məmmədovun orta məktəb müəlliməsi:
-2011-ci ildə şəhər iki saylı orta məktəbində 11-ci sinifdə kimya müəllimini əvəz edirdim.Sinfə girən kimi Anar və Kənan qardaşları diqqətimi çəkdi. Adətən müəllimlərin yaddaşında yaxşı dərs oxuyan şagirdlər qalırlar.Amma Kənanın bir az dəli – dolu, mərd, özündən razı davranışları diqqətimi çəkdi.Uşaqlarda qeyri adi xüsusiyyətlər var idi.Adama elə gəlirdi ki,bu iki qardaşı illərdir tanıyır,doğması əzizisən.Çox zirək qardaşlar idi.Hiss edirdim ki,sinfin canı bu iki yeniyetmənin əlindədir.Kənanda komanda vermək,rəhbərlik etmək,təşkilatçılıq xüsusiyyətləri özünü qabarıq biruzə verirdi.Liderlik bacarığı var idi.Sanki,civə idi .Bir yerdə durmağı sevməzdi.Məktəbin harasına baxsan Kənan orada idi.Hərdən düşünürdüm ki,Allah görən bu uşaqdan neçə nəfərdir.Hər yerdə Kənan.Çox fəal idi. Orta məktəbi bitirdikdən sonra,ali məktəbdə oxuyanda da məktəblə əlaqəsin kəsməzdi.Çox sədaqətli,etibarlı idi.Bir gün məktəbdə hərbi formada gənc bir letenantı gördüm.Gözlərimə inanmadım.Forma boyuna biçilmişdi.Kənan idi.Kənanın Universitetin filologiyasında oxuduğun bilirdim.Necə hərbiçi olduğu mənə maraqlı gəldi.Kənan bu nədir,sən…Cavabı çox qısa oldu: «Ya Qarabağ ,ya ölüm.Başqa yol yox artıq».Kənan gedəcəyi yolu seçmişdi.Bu onun yolu idi.Əgər məndən hələ o, orta məktəbdə oxuyarkən soruşsaydılar ki,bu sinifdən kim qəhrəman ola bilər,çəkinmədən deyərdim ki,Kənan.O, qəhramanlıq üçün, Vətən üçün, ölməzlik üçün bu dünyaya gələn bir qəhrəman idi. Gəldi, dünyazmızı bir Kənanla bəzədi getdi. Allah onu öz yanına götürdü. Kənan qəhrəmanlıq üçün doğulmuşdu.Allah uca olan məqamını uca etsin,Kənan.
Anar Məmmədov, XTQ-nin kəşfiyyatçı Şəhid leytenantı Kənan Məmmədovun qardaşı:
-Müharibənin ilk günləri idi. Kənanla Murov dağlarında Ömər aşırımı deyilən yerdə görüşdük. Eyni ərazidə müxtəlif istiqamətlərdə döyüşə girəcəkdik. Sarıldıq bir birimizə. Kənan dedi ki, Anar sənə deyiləsi sözüm var. Buyur de,dedim. Dedi ki, mənə burda bir söz verəcəksən. Təbii ,qardaşım,nə istəsən gözüm üstə edərəm. Canım sənə fəda olsun. Nə istədiyini de. Dedi ki,söz ver ki, sağ qalacaqsan,sağ-salmat anamızın yanına qayıdacaqsan. Dedim ki, sən narahat olma qardaşım, söz verirəm ki, sağ qalacam. Amma sən də söz verki, yaşayacaqsan. Gözümün içinə baxıb gülümsədi. Dedim ki,söz ver! Təkrar gülümsünüb «baxarıq»,dedi. Vaxt az idi. Getməliydik. Aralanıb bir qədər getdikdən sonra geriyə çevrilib baxanda gördüm ki, Kənan hələ də görüşdüyümüz yerdə dayanıb, arxamca baxır. Mən daha Kənan mənim geri baxdığımı görüb pis olmasın deye bir də arxaya baxmadım.Yanımdakı döyüş yoldaşım dedi ki,biz gözdən itənə kimi o,sənin arxanca baxırdı.
Bir neçə gün sonra döyüş tapşırığını yerinə yetirib dislokasiya yerinə qayıtmışdıq. Əməliyyat bitdikdən sonra yenə bir yerə cəmləşməli idik.Tez Kənanı axtardım.Təsadüfən bir nəfər, qardaşım olduğunu bilməyən biri dedi ki,Komutan şəhid olub. O anda elə bildim ki,belim qırıldı, dünyam dağıldı.Mənə elə gəlirdi ki,Murovdağ uçub başıma tökülüb,altında qalmışam.
Mən əsgərəm. Yenə əynimdə uniformam vətənin xidmətindəyəm.Canım bu vətənə fəda olsun.Təsəllim odur ki,Kənanın,şəhidlərimizin canını verib ,qanını töküb aldıqları bu torpağı qoruyanlar sırasında mən də varam.Qardaşım Kənanın ən böyük arzusu torpaqlarımızı azad görmək idi.Çox şükür torpaqlarımız azaddır.Kənanın da ruhu azad Azərbaycanımızın səmasında rahat dolanır.Nur içində yat, mənim nur üzlü qəhrəman qardaşım.
Gülnisə Məmmədov, XTQ-nin kəşfiyyatçı Şəhid leytenantı Kənan Məmmədovun anası:
-Oktyabrın ilk günü idi. Gördüm ki, millət axışıb qapımıza gəlir. Bildim ki, balalarıma nə isə olub. Yoxsa bu camaat niyə sel kimi axışıb bizə gəlsin ki? Sözün açığı müharibə başlayan gündən evimiz get-gəlli idi. Amma bu qədər də yox. Mənə bir söz demirdilər. Amma ürəyimə dammışdı, anlayırdım ki, bir iş var. Özümü toparlayıb, özümdə güc tapıb dedim ki, ay camaat mənə düzünü deyin, Anar yoxsa Kənan? Dedilər ki, Kənan…Belimi qıranım, bəzəkli otağı qapalı qalanım, gəlin otağına doyunca girməyənim, özü balaca, dərdi böyük olanım Kənan. Belə olacağı ürəyimə danmışdı. Kənan çox tələskən bala idi. Çalışırdı ki, hər şeyi tez etsin. Hər şeyə tez nail olsun. Şəhid olmağa da elə bil tələsdi…Yaman tələsdi…
Kənan və Vətəni canlarından çox sevib, bayraqlaşan, üç rəngli bayrağımıza bükülüb gələn qəhrəmanlarımız bir ananı gözüyaşlı, bir gülüzlü pöhrə xanımı sinəsi dağlı, boynu bənövşə kimi bükük qoysalar da, Vətənin başını ucaltdılar.Şəhidlər ölmür,şəhidlər əbədiyaşardılar. Sentyabrın 29- da Kəlbəcərin azad olunması uğrunda, qəhrəmancasına şəhid olan Kənan Məmmədov 2 oktyabr 2020-ci ildə böyük bir izdiham, bir el məhəbbəti ilə doğulub, böyüdüyü Alpout kəndində torpağa tapşırıldı. Müqəddəs insanların , nurlu kişilərin uyuduğu Alpout kənd qəbirstanlığında indi bir məzar var. Hər gün üstünə tər-çiçəklər düzülən, qəhrəmanlıq səlnaməmizin ən şanlı səhifəsini yazanlardan biri, müqqəddəs ziyarətgaha çevrilmiş iki ulduzlu gənc leytenant Kənan Məmmədovun məzarı.
Uşaq vaxtı bizə deyərdilər ki, göydə hərənin bir ulduzu var. Hər gün qaranlıq səmamızı işıqlandıran, göy üzünü əsrarəngsiz gözəlliklərə qərq edən bəlkə də ulduza dönüb Vətən səmasında parıldayan şəhid ruhlarıdır. Biz onları görmürük. Onlar bizi görür.Onlar Vətəni nura qərq etdikləri kimi, qaranlıqları da işıqlandıra bilirlər. Vətənin işıqlı, nurlu oğlu, məkanın cənnət olsun. Nur içində uyu.
Elşən Qəni