30 mart 2026 13:13
106

Paris Arbitraj Həftəsi: Bakı Arbitraj Mərkəzi “Arbitrajın Memarları: Arbitraj İnstitutlarının rolu” adlı dəyirmi massa təşkil edib

Dünyanın ən böyük beynəlxalq arbitraj konfransı - Paris Arbitraj Həftəsinin (PAH) 10-cu buraxılışı çərçivəsində Bakı Arbitraj Mərkəzi “Arbitrajın Memarları: Arbitraj İnstitutlarının Rolu” adlı mühüm dəyirmi masa müzakirəsi təşkil edib.

“İki sahil” xəbər verir ki, panel müzakirələrində bu sahənin tanınmış nümayəndələri- Bakı Arbitraj Mərkəzinin İdarə Heyətinin sədri Kəmalə Mehdiyeva, London Beynəlxalq Arbitraj Məhkəməsindən Kevin Naş, Stokholm Ticarət Palatasının Arbitraj İnstitutundan Barton Legum, Astana Beynəlxalq Maliyyə Mərkəzinin Məhkəmə və Arbitraj Mərkəzindən Kristofer Kaıpbel-Holt OBE və İstanbul Arbitraj Mərkəzindən Yasin Ekmen çıxış ediblər.

Dəyirmi masada beynəlxalq mübahisələrin həllində arbitraj institutlarının dəyişən rolu araşdırılıb. Onların arbitraj praktikasının həqiqi memarlarına çevrilib-çevrilmədiyi və inkişaf etməkdə olan bazarlarda və hüquqi yurisdiksiyalarda etibarlılığı necə formalaşdıra biləcəkləri müzakirə edilib.

Müzakirələrdə həmçinin rəqəmsallaşmanın təsiri, prosedur səmərəliliyinin artırılması, arbitr təyinatlarında müxtəlifliyin təşviqi və getdikcə mürəkkəbləşən qlobal mühitdə geosiyasi risklərin idarə olunması kimi əsas çağırışlar nəzərdən keçirilib.

Müzakirə zamanı gələcəyə də nəzər salınaraq, növbəti on ildə arbitraj institutlarının necə formalaşacağı ilə bağlı fikir mübadilələri aparılıb. Sürətlə dəyişən dünyada effektiv və aktual qalmaq üçün hansı uyğunlaşmaların zəruri olduğu dəyərləndirilib.