12 iyun 2021 00:57
1682

Bu gün Azərbaycan-Türkiyə birliyi ən yüksək səviyyədədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətimizin başçısı İlham Əliyevlə birlikdə futbol üzrə Avropa çempionatının qrup mərhələsi çərçivəsində Bakıda keçiriləcək Türkiyə-Uels qarşılaşmasını izləmək, həmçinin Qarabağın ürəyi Şuşaya səfər etmək istəyi bu birliyin, dostluğun zirvədə olmasının təqdimatıdır

Hər zaman olduğu kimi, İkinci Qarabağ müharibəsi başlanan gündən də Azərbaycanın yanında olduğunu qəti və sərt bəyanatları ilə bildirən dost, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan «Azərbaycanlı qardaşlarımızla birlikdə 30 illik acıları sona çatdıran zəfərin sevincini yaşadıq», dövlətimizin başçısı İlham Əliyev «Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə bəlkə də ən yüksək səviyyədədir» fikirləri ilə bir daha bu birliyin, həmrəyliyin sarsılmazlığını təsdiqlədilər. Ölkə Prezidenti İlham Əliyev Vətən müharibəsi dövründə xarici mətbuata çoxsaylı müsahibələrinin hər birində Türkiyə ilə bağlı verilən suallarda bu fikri xüsusi qeyd etmişdir ki, Türkiyə Azərbaycan üçün yalnız dost deyil, qardaş ölkədir.

Müharibənin getdiyi günlərdə Türkiyənin üçüncü tərəf kimi iştirakı ilə bağlı feyk məlumatları dünyaya çatdıran və bu yalanını həqiqət kimi qəbul etdirmək istəyən Ermənistana dəstək funksiyasını yerinə yetirən dövlətlərin mətbu orqanlarının qərəzli sualları cənab İlham Əliyev tərəfindən əsaslı şəkildə cavablandırılaraq bildirildi ki, Türkiyənin Azərbaycana siyasi dəstəyi də qardaşlıq münasibətlərinin ifadəsidir. Türkiyə bizim qardaşımızdır. Bizim qardaşlıq münasibətlərimiz artıq sınaqlardan çıxıbdır. Azərbaycanın Milli Ordusunun uğurlu əməliyyatlarının da bu qardaşlıq dəstəyindən qaynaqlandığını vurğulayan Ali Baş Komandan İlham Əliyevin açıqladığı kimi, artıq dünya dəyişir, hər kəs bizim gücümüzü görür. Regional məsələlərdə Türkiyə-Azərbaycan birliyinin rolunu bütün dünya gücləri etiraf edir. Təbii ki, Türkiyə-Azərbaycan birliyi daha da möhkəm olacaq. Bu həmrəylik Türkiyə və Azərbaycan üçün həyati əhəmiyyət, önəm daşıyır. Bu birlik isə bölgəyə sabitlik, sülh gətirir. Hər iki dövlətin maraqları eyni səviyyədə qorunur, mühüm regional məsələlər bu birliyin möhkəmlənən təməli əsasında həllini tapır.

44 günlük İkinci Qarabağ müharibəsinin yaratdığı reallıqlar fonunda Azərbaycan yalnız regionda deyil, dünya siyasətində yeniliklərə imza atır. Bölgədə yeni əməkdaşlıq formatlarının yaradılmasına müəlliflik edən Azərbaycan dünyaya bu reallığı da çatdırdı ki, beynəlxalq hüquq normaları mövcuddur, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq hər bir dövlət bu prinsiplərə əməl etməlidir.

Hər zaman olduğu kimi, bu gün də Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi qürurvericidir. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər dünya ölkələri üçün örnəkdir. Cənab İlham Əliyevin fikirlərinə istinad etsək, bu gün dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkə yoxdur və bu, sadəcə olaraq, söz deyildi. Azərbaycanın tarixi qələbəsinin təqdimatı olan Zəfər paradında da ölkəmizin yanında olmaq üçün Bakıya səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sevincini xoş sözləri ilə paylaşaraq, Qarabağımızın cənnətməkana çevriləcəyini böyük qürur hissi ilə vurğulamışdır. Qələbəmizin memarı kimi dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xidmətləri, zəhməti xüsusi qeyd edilmişdir. Şuşada olmaq istəyini önə çəkən Türkiyə Prezidenti bu arzusunu Türk Şurasının videoformatda keçirilən qeyri-formal Zirvə görüşündə də bildirərək, səfərini Ramazan bayramından sonra gerçəkləşdirəcəyini diqqətə çatdırmışdır. Bu istəyini artıq reallaşdırmağa çalışan Türkiyə Prezidenti bu günlərdə Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının iclasında bildirib ki, Azərbaycanın paytaxtı Bakıya səfər edib qardaşım, Prezident İlham Əliyevin qonağı olacağıq: «Oradan isə Şuşa şəhərinə səfər edəcəyik. İşğaldan azad olunan Şuşaya səfər edib həm görüşlər keçirəcəyik, həm də müxtəlif yerləri ziyarət edəcəyik.» Rəcəb Tayyib Ərdoğan, həmçinin dövlətimizin başçısı İlham Əliyevlə birlikdə futbol üzrə Avropa çempionatının qrup mərhələsi çərçivəsində Bakıda keçiriləcək Türkiyə-Uels qarşılaşmasını izləmək istəyini də ifadə edib. Bütün bunlar iki dost, qardaş ölkənin münasibətlərinin təqdimatıdır.

Azərbaycan-Türkiyə birliyi bölgədə sabitliyin, təhlükəsizliyin təminatçısıdır. Əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Məhz iki dövlətin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji layihələri regionda sabitliyi, təhlükəsizliyi möhkəmləndirməklə yanaşı, dünyanın enerji təhlükəsizliyinin təminatına böyük töhfələr verir. Bu müqayisə daim önə çəkilir ki, Azərbaycan və Türkiyə eyni köklər üzərində böyüyən ulu bir çinara bənzəyir. Həmin çinarın kölgəsi həyata keçirilən layihələrlə bu gün Qafqazdan Avropayadək bir çox ölkəyə qədər uzanır. BTC və BTƏ neft-qaz layihələrinin ardınca BTQ dəmir yolunun istifadəyə verilməsi, eyni zamanda, əməkdaşlığın regional çərçivədən çıxaraq coğrafiyasını genişləndirməsi fonunda Cənub Qaz Dəhlizinin, onun əsas seqmentlərindən olan TANAP-ın, TAP-ın istifadəyə verilməsi də deyilənlərin təsdiqidir.

Bu gün iki qardaş ölkənin əlaqələrinə hansı istiqamətdən baxsaq inkişafın, tərəqqinin, yeni prioritetlərin müəyyənləşdirilməsini görərik. Türkiyə Prezidentinin ötən dəfə Azərbaycana səfəri zamanı imzalanan sənədlərin davamı olaraq növbəti səfərində də belə sənədlərin imzalanacağı qaçılmazdır. Hazırkı dövrün informasiya mübarizəsi dövrü olduğu nəzərə alınaraq, iki dost ölkənin media sahəsində əməkdaşlığının vacibliyi önə çəkildi və ötən səfər zamanı “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalandı. Bu ilin fevral ayında həmin sənədin təsdiqlənməsi haqqında Qanun qəbul olundu. İmzalanan hər bir sənəd əlaqələrin inkişafına böyük töhfədir. Rəcəb Tayyib Ərdoğanın 10 dekabr səfəri zamanı Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol imzalanmışdır. Artıq bu ilin aprel ayının 1-dən Protokol qüvvədədir. İki ölkə vətəndaşları artıq şəxsiyyət vəsiqəsi və digər sərhədkeçmə sənədləri ilə vizasız səfər edə və 90 gün vizasız qala bilirlər. Onu da qeyd edək ki, bu qayda yalnız Türkiyə ilə Azərbaycan arasında birbaşa səfər edən iki ölkə vətəndaşlarına münasibətdə tətbiq olunur. Türkiyə və Azərbaycan ərazisi vasitəsilə üçüncü ölkələrə səfər etmək istəyən vətəndaşlarımız pasportdan istifadə etməlidir. Azərbaycan öz tarixində ilk dəfə şəxsiyyət vəsiqəsinin sərhədkeçmə sənədi kimi istifadə olunması üçün Müqavilə imzalayıb. Tərəflər, habelə saxta sərhədkeçmə sənədlərindən istifadənin qarşısının alınması məqsədilə əməkdaşlıq etməyə qərar veriblər. Bu isə iki ölkənin sərhəd təhlükəsizliyinin gücləndirilməsi sahəsində yeni imkanlar yaradacaq.

O da məlumdur ki, dünyanı cənginə almış COVID-19-a qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və bu sahədə müsbət nəticələrin əldə olunması nəticəsində karantin rejiminin yumşaldılması fonunda iyunun 10-dan etibarən Rusiya və Türkiyə vətəndaşları hava yolu ilə Azərbaycana müəyyən edilmiş şərtlərlə səfər edirlər. Bu mühüm addım da dostluğumuzun, qardaşlığımızın təqdimatıdır.

Türkiyə Prezidentinin Azərbaycana Zəfərimizdən sonra növbəti səfəri münasibətlərdə daha parlaq bir səhifənin təməlini qoyacaq. Artıq torpaqlarımız sahibində olmaqla yanaşı, bərpa və quruculuq işləri uğurla həyata keçirilir. Soydaşlarımızın Böyük Qayıdışı reallaşır. İki dost, qardaş ölkənin birgə səyləri nəticəsində bu hədəflər də reallığa çevriləcək, cənnətməkana çevrilən Qarabağımız türk dünyasının qürur mənbəyi kimi dayanıqlı inkişafı, potensial imkanları ilə dünyanın diqqətində olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən il Zəfər paradında iştirak etmək üçün ölkəmizə səfəri zamanı səsləndirdiyi “İnanıram ki, biz bu yay fəslində gəldikdə, inşallah, Qarabağın necə dəyişdiyini də görəcəyik. Buna şübhə etmirəm» fikirlərini xatırlamaq yerinə düşər.” Türkiyə Prezidenti, həmçinin bildirmişdir ki, bu gün atılan imzalar, əslində, simvolik imzalardır: “Atılacaq daha çox imzalar var. Bu imzalarla birlikdə inşallah, Azərbaycan Qarabağın tamamilə fərqli şəkildə yüksəlişinə davam edəcəkdir. Allah köməyimiz olsun.”

Yeganə Əliyeva, «İki sahil»