14 iyun 2021 22:17
1317

Cənab Ərdoğanın Şuşaya səfəri «dəmir yumruğun» növbəti təntənəsidir

Bakıya Canımız, Qardaşımız-güvənc yerimiz gəlir

Türkiyə-Azərbaycan dostluq və qardaşlığı sözdə deyil, özünü əməldə doğrultmuş bir doğmalıq təntənəsidir. Azərbaycanın dərdini və kədərini bir qardaş kimi bölüşən Türkiyə, eyni zamanda, sevincimizə və  uğurumuza da həmişə şərik olub. Eynən bizdən də qarşılığını görüb. Məhz 44 günlük Vətən Müharibəsində böyük qardaşımızdan gördüyümüz siyasi və mənəvi dəstəyə görə, düşmən qarşımızda diz çöküb.

Bəli, müasir Türkiyə bu gün Azərbaycanın, bütün türk dünyasının sevdiyi, qürur duyduğu dövlətdir. Məhz Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın sayəsində Türkiyə tam müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilib! Təbii ki, heç də asanlıqla başa gəlməyib. Cənab Ərdoğanın 19 illik hakimiyyəti dövründə qardaş Türkiyə güclü iqtisadiyyata, yüksələn rifaha, artan beynəlxalq nüfuza sahib olub. Bu illər ərzində  dövlətin büdcəsi, xalqın yaşayış səviyyəsi dəfələrlə artaraq dünyanın ən güclü 20 iqtisadiyyatına malik ölkələr sırasına çıxıb. Ən başlıcası isə regional gücdən tədricən qlobal proseslərin təsiredici ölkəsinə çevrilməklə İraq, Liviya, Suriya, Yaxın Şərq, Aralıq dənizi hövzəsi, son olaraq da  Qafqazdakı proseslərdə əsas faktorlardan  biri kimi yeni dünya düzəninin  formalaşmasında mühüm rol  oynayıb.Hazırda bu ölkənin hərbi sənayesi dünyanı heyran etməkdə davam edir və eyni zamanda dünyanın ən güclü turizm ölkələrindən biridir.

Azərbaycanda da Prezident İlham Əliyev ölkəmizi belə qüdrətli bir səviyyəyə çatdırmağa heç də asanlıqla nail olmayıb. Belə ki, bir yandan erməni işğalı,  müxtəlif təhdid və təhlükələr, digər tərəfdən az vaxtda görüləsi çoxsaylı və böyükmiqyaslı işlər...

İlk gündən Prezident İlham Əliyev qətiyyətli, cəsarətli, müdrik və uzaqgörən dövlət başçısı olduğunu sübuta yetirdi, daxili və xarici düşmənləri yerlərində oturtdu! Otuz ildən yuxarı bir dövrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi millətimizin ən ağrılı yeri hesab edilirdi. Məhz onun qətiyyətli siyasəti və qurduğu müzəffər Azərbaycan Ordusu Ermənistanı darmadağın edərək Qarabağın işğaldan azad edilməsinə şərait yaratdı.

Bəli, məhz bu gün Azərbaycan–Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin dediyi kimi, «Bir millət, iki dövlət» tezisinə əsaslanır. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 44 günlük Qələbəmizdən sonra Bakıda keçirilən möhtəşəm hərbi paradda iştirakı və çıxışları bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir. Çox xoş və qürurdoğurucu  haldır ki, 10 dekabr  2020-ci ildə  Bakıda keçirilən möhtəşəm  Zəfər paradında  bir millət, iki dövlətin  dost və qardaş rəhbəri təntənəli paradı tribunada yanaşı dayanaraq qəbul edirdilər!

Yüksək səviyyəli qardaşlıq və əməkdaşlıq əsasında qurulan Azərbaycan–Türkiyə münasibətləri daim güclənir. Eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə şərait yaradır. Bu gün Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələr fəaliyyət göstərir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsi hazırda bu iki qardaş xalq arasındakı əlaqələrin möhkəmliyini daha da artırmaqdadır.

Ən əsası, Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına da güclü təsir göstərir. 

Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşır, iqtisadi sahədə əlaqələrin daha da gücləndirilməsinə dair mühüm addımlar atılır. Azərbaycan və Türkiyənin mövcud potensialı iqtisadi sahədə əlaqələrin, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcminin xeyli dərəcədə artırılmasına imkan verir.

Qeyd edək ki, iki qardaş ölkə arasında hərbi sahəyə dair imzalanmış saziş iki ölkə arasında hərbi əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə çıxarıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ölkəsinin Azərbaycanla hərbi əməkdaşlığın daha da gücləndirilməsinə tərəfdar olduğunu acıqlayıb: «Ordularımızın güclü olması önəmlidir. Bu baxımdan, müdafiə sənayelərimizin gücləndirilməsi vacibdir». 
Ümumiyyətlə, Cənubi Qafqaz və Qara dəniz kimi strateji əhəmiyyətli regionların geoiqtisadi mənzərəsini dəyişməyə qadir olan Azərbaycan və Türkiyə beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı aktorlardır. Uzun illərdir bu iki qardaş ölkə Qərbin enerji təhlükəsizliyinin güclənməsinə dəstək verir. Siyasi, iqtisadi, enerji, nəqliyyat – bütün sahələrdə çox böyük nailiyyətlər əldə edən Azərbaycan və Türkiyə hazırda tərəfdaşları ilə TANAP layihəsini uğurla reallaşdırır. TANAP-ın icrasının müstəqilliyimizin daha bir mühüm hadisəsi kimi tarixə düşdüyünü vurğulayan siyasi şərhçilər əlavə edirlər ki, Azərbaycanın və Türkiyənin möhkəm işbirliyi, qardaşlığa və dostluğa söykənən fəaliyyətləri bu strateji layihənin uğurla reallaşmasında əhəmiyyətli rol oynadı. Bu gün sirr deyil ki, Xəzərin enerji resurslarının dünya bazarlarına nəql olunması sahəsində Azərbaycan ilə Türkiyə arasında davamlı əməkdaşlığın genişləndirilməsi hər iki dövlətin regionda siyasi-iqtisadi və strateji maraqlarının təmin edilməsini şərtləndirir. Azərbaycanın neft strategiyasının həyata keçirilməsi Qafqaz regionunda sabitliyin möhkəmləndirilməsi və qonşu dövlətlərlə, xüsusilə Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə müsbət təsir göstərir. 

Türkiyə lideri Bakıda dünya birliyinə güclü mesajlar da göndərdi.

Prezident İlham Əliyev Türkiyənin dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkə olduğunu bildirərək, buna görə təşəkkürünü bildirmişdir. Dövlətimizin  başçısı çıxışlarında Türkiyənin iştirakı olmadan bölgədə və dünyada heç bir məsələnin öz həllini tapa bilmədiyini önə çəkərək, yaxın tarixin də bunu göstərdiyini dedi: «Biz buna çox sevinirik, çünki Türkiyənin gücü bizim gücümüzü artırır. Bizim gücümüzün birləşdirilməsi bizi daha da güclü edir».

Prezident İlham Əliyev, həmçinin əminliklə bildirir ki, Azərbaycan və Türkiyə bundan sonra da hər zaman bir-birinin yanında olacaq, bir-birinin uğurlarına sevinəcəklər. Bir sözlə, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri dayanmadan inkişaf edir və bu əməkdaşlığın  yüksək səviyyədə olması hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir. Bu baxımdan, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Bakıya gözlənilən səfərini bütün türk dünyası səbirsizliklə və sevinclə izləyir. Xüsusilə, Türkiyə liderinin Azərbaycanlı həmkarı ilə mühüm sənədlərin imzalaması məkanını məhz Şuşa şəhərini seçmələri düşmənlərimizə ikinci bir dəmir yumruq təsiri bağışlayacaq.

Diqqət yetirmisinzsə cənab İlham Əliyevlə, cənab Rəcəb Tayyib Ərdoğan bir-birinə yüksək məhəbbət və hörmət hissi ilə «Əziz qardaşım» deyə müraciət edirlər. Bu isə o deməkdir ki, həm Azərbaycan, həm Türkiyə Prezidenti üçün milli maraq deyəndi iki ölkənin milli mənafeləri önə çəkilir. Azərbaycan daim Türkiyənin  maraqlarını nəzərə alır, karbohidrogen ehtiyatlarının dünya  bazarına  çıxarılmasında, transmilli  layihələrin gerçəkləşdirilməsində üstünlüyü qardaş dövlətə verir.

Türkiyə isə ordu quruculuğunda ən müasir  silahlarla təchizatda, hərbi  kadrların hazırlanmasında  Azərbaycana yaxından kömək göstərdi, Dağlıq Qarabağ münaqişəsinin həllində daima və bütün məsələlərdə  yanımızda oldu, bunu bütün səviyyələrdə ucadan bəyan etdi, xəbərdarlıq mesajları ünvanladı.

Prezident İlham Əliyev bildirir ki, Vətən Müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir.

Elçin Zaman, “İki sahil”