14 iyun 2021 23:18
1162

Əlilliyin təyinatında saxtakarlıq yolverilməzdir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbovun bildirdiyi kimi, son 3 ildə 17 min əsassız əlillik işlərinin ləğvi nəticəsində illik 71 milyon manat olmaqla, büdcə vəsaitinin qeyri-qanuni xərclənməsinin qarşısı alınıb

Son günlərdə sosial şəbəkələrdə gündəmə gətirilən saxta əlilliklə bağlı açıqlamalar daha çox diqqəti cəlb edir. Bəllidir ki, əlilliyin təyinatı iki mərhələ üzrə aparılır. Səhiyyə Nazirliyinin strukturlarında əlillik təyin edildikdən sonra müvafiq elektron forma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN), eləcə də tibbi ekspertiza və reabilitasiya mərkəzinə təqdim edilir. Nazirliyin ekspertləri tərəfindən qiymətləndirmə sırf elektron forma üzərindən aparılır. Qiymətləndirilmədən sonra saxta əlillik meydana çıxdığı təqdirdə bu vətəndaşın ödənişi kəsilir, indiyədək və sonra alacağı vəsaitlərə dair ona qarşı tələb irəli sürülür. Onun dövlətdən aldığı digər vəsaitlər varsa oradan tutulmalar aparılır. Yoxdursa, həmin vəsaitin onun tərəfindən bərpa olunmasına dair müvafiq tələblər irəli sürülür. Çox təəssüf ki, qeyri-qanuni yollarla hələ də saxta əlillik dərəcəsi almaq istəyənlərə rast gəlinir. Əlillik dərəcəsi alan şəxslərin kateqoriyası da müxtəlifdir. Burada sağlamlıq imkanları məhdud olan uşaq qismində əlillik dərəcəsi almaq istəyənlər, orta, yuxarı yaş kateqoriyasında olan şəxslər də var. 18 yaşına çatmayanlar arasında saxta əlillik dərəcəsi almağa cəhd edənlər də vardır. Orta və yuxarı yaş kateqoriyasında olanlar isə daha tez pensiyaya çıxmaq üçün bu yola əl atırlar. Çünki əlilliyi olan şəxslər üçün pensiyaya çıxma tələbləri daha asandır. Ona görə də bu kimi halların qarşısını almaq üçün monitorinqlər aparılır.

Məsələ ilə bağlı açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirdi ki, hazırda Azərbaycanda əlilliyin ümumi göstəricisi əhalinin 6 faizini təşkil edir və əlillərin sayı 600 minə yaxındır. Əmək stajından asılı olaraq onlardan bir hissəsinə aylıq əmək pensiyası, qalanlarına, həmçinin sağlamlıq imkanları məhdud uşaqlara aylıq müavinət verilir. Müharibə əlilləri və onlara bərabər tutulanlara, I dərəcə əlilliyi olan şəxslərə pensiya və ya müavinətlə yanaşı, Prezidentin aylıq təqaüdü verilir. I dərəcə əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara quluq edənlərə də aylıq təqaüd ödənilir.

«Ölkəmizdə əlilliyin qiymətləndirilməsi vətəndaş-məmur (ekspert) təması olmadan, elektron infrastruktur («Əlillik” altsistemi») üzərindən, səhiyyə müəssisəsinin «e-sistemə» daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlilliyin təyin olunması üçün vətəndaşlar elektron xidmətimizdən istifadə edə bilərlər» söyləyən Fazil Talıbov əlavə olaraq bildirdi ki, ölkədə əlillik təyinatı sistemində ilk dəfə olaraq köklü dəyişikliklərin edilməsini, əlilliyin mütərəqqi dünya təcrübəsinə uyğun daha təkmil qiymətləndirilməsini hədəfləyən yeni «Əlilliyin müəyyən olunması meyarları» ilə əlaqədar hazırlanmış qanunvericilik layihələrinin paketi artıq Milli Məclisə təqdim edilib: «Gələn ildən tətbiqi nəzərdə tutulan yeni meyarlarla əlillik artıq 3 dərəcə üzrə, məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi prinsipi əsasında, həm də xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınmaqla təyin olunacaq. Yəni, I dərəcə - orqanizmin funksiyalarının 81-100 faiz itirilməsi, II dərəcə - orqanizmin funksiyalarının 61-80 faiz itirilməsi, III dərəcə - orqanizmin funksiyalarının 31-60 faiz itirilməsi kimi müəyyən ediləcək. Həmçinin sağlamlıq imkanları məhdudluq da bu əsasda təyin olunacaq.»

Belə ki, əlilliyin qiymətləndirilməsi şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürülməklə təyin ediləcək. Qüvvədə olan 94 normativ hüquqi akt bu dəyişikliklərə uyğunlaşdırılacaq. O cümlədən «sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar» sözləri «18 yaşınadək əlilliyi olan şəxslər» sözləri ilə əvəzlənəcək. Ehtiyac yarandığı, geridönməz halları olan uşaqlara əlillik 18 yaşa qədər deyil, müddətsiz təyin ediləcək.

«Yeni tələblərə uyğun və əlilliyin təyin olunmasında neqativ hallara yol verilməməsi üçün «Əlilliyin müəyyən olunması meyarları»nın hazırlanmasının vacibliyini diqqətə çatdıran Fazil Talıbov vurğuladı ki, əsas məqsəd əlillik təyinatlarında həssas və obyektiv yanaşmanın, ünvanlılıq və sosial ədalətin təmin edilməsidir. Bu meyarlar eyni zamanda, əlillik təyinatı sahəsində qabaqcıl beynəlxalq standartların tətbiqinə, xidmətin keyfiyyətinin və vətəndaş məmnunluğunun yüksəldilməsinə, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının artırılmasına xidmət edir.

Qeyd olundu ki, son illərdə dövlətin sosial siyasətinin daha da təkmilləşdirilməsi üçün həyata keçirilən köklü islahatların hədəflərindən biri də əlilliyin qiymətləndirilməsinin tam şəffaflaşdırılması, əsassız əlillik təyinatlarına yol verilməməsi və belə təyinatların aşkar edilərək ləğv olunmasıdır. Son 3 ildə 17 min əsassız əlillik işlərinin ləğvi nəticəsində illik 71 milyon manat büdcə vəsaitinin qeyri-qanuni xərclənməsinin qarşısı alınıb.

Sosial islahatların tərkib hissəsi olan pensiyaların təyinatına ədalət prinsipləri və qanunvericiliyə riayət olunması baxımından yanaşma dövlətin diqqət göstərdiyi və təkmilləşdirilən sahə olduğu kimi, vətəndaşlardan da bu məsələyə məsuliyyətlə yanaşmaq tələb edilir.

Xuraman İsmayılqızı, «İki sahil»