16 iyun 2021 21:57
1111

Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşa Azərbaycan-Türkiyə dostluğuna, qardaşlığına şahidlik etdi

Dövlətimizin başçısı İlham Əliyevin qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə Müttəfiqlik Bəyannaməsinə Şuşada imza atmaları özündə bir sıra mesajları ehtiva edir

Bu gün dünyanın diqqəti Şuşadadır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, bu gün biz azad edilmiş Şuşada görüşürük: «Bu gün bütün Azərbaycan xalqının, əminəm ki, türk xalqının gözü buradadır, dünyanın gözü buradadır. Çünki bu səfər Azərbaycanda səbirsizliklə gözlənilirdi və bilirəm ki, böyük maraq doğurur. Bu gün buradan - qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaqdır. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır.»

Ölkə Prezidenti bu mesajı ilə Şuşa Bəyannaməsinin perspektivlərini, Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığını və daimiliyini dünyaya çatdırır. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində Türkiyənin dost, qardaş dəstəyini gördü və bundan qürurlandı. «Azərbaycan tək deyil» bəyanatı ilə dünyaya mesaj ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sonadək mənəvi və siyasi dəstəyini davam etdirdi və Qələbəmizin dünyaya təqdimatı olan 10 dekabr 2020-ci ilə keçirilən Zəfər Paradında iştirak etmək üçün Azərbaycana gəldi. Onun Paraddakı çıxışı bütün türk dünyasına birlik, həmrəylik, bütün məsələlərdə bir-birinin yanında olmaq, problemini öz problemi, sevincini öz sevinci kimi qəbul etmək çağırışı idi. Xalqımız bu gün də Türkiyənin dostluğundan, qardaşlığından qürurludur və qardaş ölkənin Prezidentinin mətbuata bəyanatında səsləndirdiyi hər bir fikrini böyük sevinc hissi ilə qarşılayır. «Bu gün təbii ki, fərqli bir həyəcanın, hisslərin içindəyik» söyləyən Rəcəb Tayyib Ərdoğan bildirmişdir ki, Allaha şükür olsun ki, daha əvvəl verdiyimiz sözümüzü bu gün yerinə yetiririk. Qırx dörd günlük məlum müharibənin nəticəsində Qarabağ, çox şükürlər olsun ki, sahiblərinə qovuşdu və erməni zülmündən, erməni işğalından azad edildi: «Hazırda arxa fonda görünən bina, əslində, erməni zülmünün təəssüf ki, bu şah əsərləri nə hala gətirdiyinin bir ifadəsidir. Qardaşım da fon olaraq mətbuat konfransı üçün olduqca anlamlı bir yer seçib. Bir tərəfdə valilik binası, o biri tərəfdə də təəssüf ki, ermənilərin, necə deyərlər, yerlə-yeksan etdikləri bir bina.» Türkiyə Prezidenti daim çıxışlarında bildirirdi ki, Azərbaycanın sevinci, bizim sevincimiz, qüruru bizim qürurumuz, dərdi, ağrısı, problemi də bizim problemimizdir. Azərbaycan kədərlənərsə biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik. Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi bizim üçün də eyni dərəcədə ağrılı problemdir. Türkiyə olaraq problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri sonadək dəstəkləməyə davam edəcəyik. İllərdir Vətən həsrəti ilə ömür sürən bir milyondan çox qardaşımızın intizarına artıq son qoymaq vaxtıdır. Qardaş Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz Vətəninə qayıtmasına mane olanların Türkiyədən sərhədləri açmağı gözləmələri əbəsdir. Türkiyənin bu məsələdə mövqeyi aydındır: «Əvvəla, bu məsələdə addım atmalı olan tərəf işğalçılardır, bir milyon qardaşımızın qəlbini doğma Vətən həsrəti ilə yandıranlardır. Əlbəttə, biz bütün qonşularımızla yaxşı əlaqələr qurmağı və davam etdirməyi arzu edirik. Amma Dağlıq Qarabağ probleminin həlli Ermənistanla əlaqələrimizin bərpasının ən vacib şərtidir. Bunu hamı bilməlidir.» Türkiyə Prezidenti bu fikirlərinin davamı olaraq Şuşadan bu mesajı da səsləndirdi ki, bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür.

Rəsmi Ankara sonadək ədaləti bərpa etdi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin təbliğində, erməni yalanlarının ifşasında Azərbaycanla eyni mövqedən çıxış edərək dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından dünyanı ikili siyasətə son qoymağa, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrlərini neytrallığı qorumağa çağırıb. Dövlətimizin başçısı İlham Əliyev Şuşadan bu reallığı bir daha bəyan etdi ki, İkinci Qarabağ müharibəsi tarixdə qaldı, 44 günlük müharibə nəticəsində Ermənistan ordusu tam məhv edildi. Ermənistan diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu və məcbur olub Şuşa alınandan sonra kapitulyasiya aktına imza atdı və bizim digər bölgələrimiz bir atəş açmadan bizə qaytarıldı. Otuz ilə yaxın davam edən işğala son qoyuldu. Azərbaycan buna qardaş Türkiyənin dəstəyi ilə son qoydu. Otuz il ərzində aparılan danışıqlar heç bir nəticə vermədi. Bu, bir daha onu göstərir ki, iradə, əzmkarlıq, güc və ədalət olan yerdə hər şey əldə etmək mümkündür. Əlbəttə, Türkiyə kimi müttəfiqi olan Azərbaycan İkinci Qarabağ savaşında bundan ruhlanaraq tarixi missiyanı yerinə yetirdi, ədaləti bərpa etdi, ərazi bütövlüyünü bərpa etdi.

Təkcə 44 günlük Vətən müharibəsi dövründə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi bəyanatlara diqqət yetirmək kifayətdir. Yeri düşmüşkən bu məqamı da xüsusi qeyd etməliyik ki, Türkiyə Prezidentinin ABŞ Prezidenti Co Baydenlə apardığı dialoqdan bəhs edərkən «Erməni soyqırımı» məsələsinə toxunulmadı» ifadəsini elə səsləndirdi ki, artıq bunun özü atılan addımın mənasızlığına, adi söz olmasına işarə idi. Qeyd edək ki, Co Bayden aprelin 24-də səsləndirdiyi bəyanatında “erməni soyqırımı ifadəsini işlətməklə rəsmi Ankaranın sərt reaksiyasına səbəb olmuşdur. Azərbaycan dövləti də öz dəstəyini ifadə etmiş, ABŞ dövlət katibi Entoni Blinkenin ölkə Prezidenti İlham Əliyevə telefon zəngində dövlətimizin başçısı Türkiyənin Azərbaycanın yaxın dostu və müttəfiqi olduğunu, postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynadığını önə çəkərək ABŞ Prezidentinin məlum açıqlamasının Azərbaycan rəhbərliyi və ictimaiyyəti tərəfindən narahatlıqla qarşılandığını bildirmişdir. Cənab İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında da Co Baydenin məlum bəyanatını tarixi səhv adlandırmışdır.

Qardaş ölkəyə qarşı bu məsələnin bir təzyiq vasitəsi kimi istifadə edildiyi məlumdur. Bu məsələ daim gündəmə gətiriləndə rəsmi Ankara bütün dünya arxivlərinin açılmasını, tarixçilərdən ibarət Türkiyə-Ermənistan birgə komissiyasının yaradılmasının vacibliyini bildirdiyi halda, qarşı tərəf fakt qarşısında acizliyini büruzə verərək bu məsələ ilə bağlı tarixçilərin deyil, siyasətçilərin məşğul olduğunu bildirir. 1915-ci il uydurma «erməni soyqırımı»ndan Xocalı faciəsinədək, eyni zamanda, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Gəncə, Bərdə, Tərtər soyqırımı aktlarına diqqət yetirmək kifayətdir. Fürsət düşən kimi, özlərini «yazıq, məzlum, döyülən və əzilən» millət kimi təqdim edən ermənilərin 106 ilin yalanlarını həqiqət kimi təqdim etmək üçün hansı vasitələrə əl atdıqları məlum olaylardandır. Uydurma «erməni soyqırımı» məsələsi bu günün məsələsi deyil. Ermənilər uzun müddətdir ki, bu mövzu ətrafında özlərinin uydurmalarını yaymaqda davam edirlər. Tarix özü ibrətdən ibarətdir. Tarixdən ibrət götürməyənləri tarix özü cəzalandırır. Ermənilər çox təəssüf ki, tarixdən də ibrət götürmürlər. Çünki tarixdə heç bir yalan həqiqət kimi qəbul oluna bilməz. Bu gün dünya özü də erməni yalanlarını açıq şəkildə görməkdədir. Ermənilərin uydurduğu yalanların faş olunması üçün həm Türkiyədə, həm Azərbaycanda tarixçilər xeyli işlər görüb. Hər zaman Türkiyə-Azərbaycan alimləri birgə konfranslar təşkil ediblər. Eyni zamanda, Türkiyə tərəfi əvvəldə də qeyd etdiyimiz kimi, bu məsələ ilə əlaqədar beynəlxalq miqyasda öz mövqeyini dəfələrlə açıqlayaraq Türkiyə arxivlərini açıq elan edib. Bildirilib ki, ermənilərdə də bu məsələ ilə bağlı hər hansı sənəd varsa, ortaya qoyulmalıdır.

Azərbaycan və Türkiyənin birliyinin zirvədə olduğunu təsdiqləyən Şuşa Bəyannaməsində də bu müddəa öz əksini tapır ki, Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixin saxtalaşdırılması və tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhü və sabitliyi təhdid etməsi nəzərə alınmaqla, 1915-ci il hadisələri ilə bağlı arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərin qətiyyətlə dəstəklənməsi vacibdir. Tarixi sənəd özündə Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, ümumi problemlərlə bağlı birgə addımların atılması, davamlı həmrəylik göstərilməsi, milli mənafelərin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor fəaliyyətinin əlaqələndirilməsi və qarşılıqlı dəstəyin verilməsini də ehtiva edir.

Dövlətimizin başçısı İlham Əliyevin «Bir millətin iki diasporu ola bilməz» çağırışı Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyətinin dərinləşməsində özünü qabarıq şəkildə büruzə verir. Həqiqətlərimizin təbliğinə, birliyimizə, həmrəyliyimizə söykənən tədbirlərin miqyasının genişlənməsinə diqqət yetirmək kifayətdir. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə, həmçinin qardaş Türkiyə ilə bağlı hər hansı məsələ, o cümlədən qondarma «erməni soyqırımı» gündəmə gətiriləndə Azərbaycan-Türkiyə diaspor təşkilatlarının fəallığı diqqətdə dayandı. Bu fakt inkaredilməzdir ki, müstəqilliyimizin ilk illərində Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə səbəb olmuşdur ki, bu da ölkəmizə, qardaş Türkiyəyə qarşı əsassız iddiaların baş qaldırmasına səbəb olmuşdur. 1992-ci ildə ABŞ Konqresinin Azərbaycana qarşı tətbiq etdiyi ədalətsiz «907-ci düzəliş» də bu məlumatsızlığın nəticəsi idi. Bu gün Azərbaycan-Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyəti nəticəsində ermənilərin fakt qarşısında acizlikləri daha aydın görünür.

Şuşa Bəyannaməsində yer alan müddəalardan biri də Azərbaycan-Türkiyə Media Platformasının imkanları çərçivəsində iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlığın gücləndirilməsi, türk həmrəyliyinin daha da möhkəmləndirilməsi məqsədilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və əlaqədar qurumlar çərçivəsində həyata keçirilən fəaliyyətlərə təkan verilməsidir. Məlum olduğu kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən il 10 dekabrda ölkəmizə səfəri çərçivəsində imzalanan sənədlər arasında Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu, həmçinin Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol xüsusi diqqət çəkdi. Dövlətimizin başçısı 18 fevral 2021-ci il tarixdə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə" qanunu təsdiqlədi. Qanuna əsasən, Azərbaycan-Türkiyə Birgə Media Platforması yaradıldı. Birgə Media Platformasının məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır.

Atdığı addımları ilə hər zaman Azərbaycanın yanında olduğunu təsdiqləyən Türkiyə ilə ölkəmiz arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Məhz iki dövlətin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji layihələri regionda sabitliyi, təhlükəsizliyi möhkəmləndirməklə yanaşı, dünyanın enerji təhlükəsizliyinin təminatına böyük töhfələrdir. Azərbaycan və Türkiyə eyni köklər üzərində böyüyən ulu bir çinara bənzədilərək vurğulanır ki, həmin çinarın kölgəsi həyata keçirilən layihələrlə bu gün Qafqazdan Avropayadək bir çox ölkəyə qədər uzanır. BTC və BTƏ neft-qaz layihələrinin ardınca əməkdaşlığın regional çərçivədən çıxaraq coğrafiyasını genişləndirməsi fonunda Cənub Qaz Dəhlizinin, onun əsas seqmentlərindən olan TANAP-ın, TAP-ın istifadəyə verilməsi və sair kimi biri-birindən önəmli hadisələr Qafqazdan Avropayadək uzanan kölgənin təqdimatlarıdır. Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuata bəyanatlarında da iqtisadi sahədə əlaqələrin inkişafına nəzər salınmış və perspektivlər açıqlanmışdır. «Qarşıdakı dövrdə ticari və iqtisadi əməkdaşlığımızın miqyasını daha da genişləndirəcəyik» söyləyən Türkiyə Prezidenti qeyd etmişdir ki, Azərbaycan ilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və TANAP kimi nəhəng layihələri birlikdə tamamladıq. Bu layihələr ölkələrimizlə birlikdə bütün bölgənin rifahına və sabitliyinə töhfə verir. Trans-Adriatik boru kəməri layihəsi – TAP-ın tamamlanması ilə ölkəmiz ərazisindən keçən Azərbaycan təbii qazı Avropa bazarındakı yerini almışdır.

Bu statistika da iki dövlət arasında iqtisadi əlaqələrin inkişaf səviyyəsinin aydın mənzərəsini yaradır. Belə ki, Azərbaycan Türkiyə iqtisadiyyatına ötən ilədək 18 milyard, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12, 5 milyard dollar sərmayə qoyub.

Rəcəb Tayyib Ərdoğan bildirmişdir ki, “Türkiyə Petrolları” başda olmaqla, bir çox şirkətimizin Azərbaycanda mühüm investisiyaları var. Eyni qaydada, SOCAR başda olmaqla, Azərbaycan şirkətlərinin Türkiyədəki sərmayələri bizi məmnun edir. Təkcə Türkiyədə deyil, lazım gələrsə, SOCAR ilə “Türkiyə Petrolları”nın üçüncü ölkələrdə də investisiya qoymaq məsələsini qardaşımla birlikdə müzakirə etdik. İnşallah, bunun üzərində də işləyirik və işləyəcəyik.

Azərbaycan-Türkiyə əlaqələrinin gələcək inkişafı üçün yol xəritəsi, ümumi işbirliyimizin təminatçısı kimi dəyərləndirilən Şuşa Bəyannaməsinin siyasi əhəmiyyətindən bəhs edərkən bu məqam xüsusi qeyd edilir ki, sənəddə əksini tapan müddəalar təkcə iki qardaş ölkəni deyil, ümumilikdə regionu əhatə edir. 44 günlük İkinci Qarabağ müharibəsinin yaratdığı yeni reallıqlar fonunda yeni əməkdaşlıq formatlarının yaradılması zərurəti ortaya çıxır ki, bu da öz növbəsində bölgədə sülhün, təhlükəsizliyin təminatına yol açır. Azərbaycan-Türkiyə birliyi daim bölgədə sülhün, təhlükəsizliyin qarantı kimi dəyərləndirilib.

Qarabağın ürəyi, mədəniyyətimizin paytaxtı Şuşa Azərbaycan-Türkiyə dostluğuna, qardaşlığına şahidlik etdi. Türkiyə Prezidentinin “Qədim Şuşa şəhərində ən qısa müddətdə baş konsulluq açmağı planlaşdırırıq” bəyanatı da gələcək hədəflərin açıqlanmasında yardımçıdır. Belə bir mühüm addımın reallığa çevrilməsi birliyimizin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, qardaş ölkənin bölgədə fəaliyyətini daha səmərəli şəkildə həyata keçirməsini təmin edəcək.

Cıdır düzü Heydər Əliyev Fondunun təşkilatçılığı ilə «Xarıbülbül» musiqi festivalından sonra “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı kompozisiyanın təqdimatı ilə dünyanın diqqətində oldu. Tədbir zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana “Zəfər” adlı Qarabağ atının və “Xarıbülbül” kompozisiyasının, tədbirin qonaqlarına, həmçinin Heydər Əliyev Fondunun “Qarabağın mədəni irsi” adlı nəşrlər toplusunun hədiyyə olunması və sair diqqət çəkən məqamlar sırasından idi. “Xarıbülbül” kompozisiyasında Qarabağın rəmzi sayılan iki xarıbülbül gülü birləşərək Azərbaycan ilə Türkiyə arasındakı əbədi dostluq və qardaşlıq münasibətlərini təcəssüm etdirirdi. Azərbaycan və Türkiyə Prezidentləri Şuşada «Xan qızı» bulağında oldular. Şuşada, həmçinin Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin heykəlləri ziyarət olundu. Qonaqların diqqətinə çatdırıldı ki, işğal zamanı ermənilər həmin heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər öz əvvəlki yerlərinə qoyulub.

Mətbuata bəyanatında «Əziz qardaşım Azərbaycanda dəfələrlə olub, ancaq biz ilk dəfə Qarabağ torpağında - Şuşada bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, çünki bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır: «Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır.»

Şuşa Bəyannaməsində əksini tapan müddəalar gələcək inkişafın aydın mənzərəsini yaradır. Sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi də xüsusi yer tutur. Şuşa Bəyannaməsində Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi vurğulanır. Sənəddə Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər də yer alır. İki dost, qardaş ölkə arasında münasibətlərin inkişafında yeni mərhələ başlayır.

Bütün çıxışlarında tarixi Zəfərimizi Türkiyə-Azərbaycan birliyinin təcəssümü kimi dəyərləndirən dövlətimizin başçısı İlham Əliyevin Zəfər Paradında bəyanatında səsləndirdiyi “Bu gün Ərdoğan Türkiyəsi dünya üçün bir örnəkdir, müstəqillik, mərdlik, cəsarət örnəyidir və inkişaf örnəyidir» fikirlərin Şuşa Bəyannaməsi ilə yeni inkişaf mərhələsinə qədəm qoyan iki dost, qardaş ölkənin münasibətlərinin səmimi, qarşılıqlı hörmət və dəyər prinsipləri əsasında inkişaf etdiyinin aydın mənzərəsini yaradır. Bu fikirlərin davamı olaraq isə Türkiyə Prezidenti Azərbaycanın cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə dastan yazmaqda davam edəcəyini bildirmişdir.

Bu gün işğaldan azad edilmiş torpaqlarımızda yeni həyat başlanıb. Bərpa və quruculuq işlərinə start verilib. Dövlətimizin başçısı İlham Əliyevin bu ərazilərdə yaratdığı təkmil idarəçilik sistemi hədəflərə yüksək səviyyədə nail olmağa əsas yaradır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cənab İlham Əliyevin bərpa və quruculuq işləri ilə bağlı strategiyasını yüksək dəyərləndirərək bildirmişdir ki, qardaşım Əliyevin uzaqgörən liderliyi və Müzəffər Ali Baş Komandanlığı ilə azadlığına qovuşan Qarabağın yenidən dirçəldilməsi işlərini yaxından izləyirik: «Təbii ki, Qarabağ əvvəlki ehtişamına və öz kimliyinə qovuşacaq. Buna heç şübhəmiz yoxdur. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Xocavənd kimi Qarabağın qədim yaşayış məntəqələrinin yenidən inkişaf etdiyi günləri yaxın vaxtlarda hamımız birlikdə görəcəyik.»

Şuşa növbəti dəfə sahiblərini qarşıladığı üçün sevincli idi. Eyni zamanda, iki dost, qardaş ölkənin Prezidentlərinin məhz burada bir araya gələrək perspektivləri özündə əks etdirən Bəyannaməyə imza atılması məsuliyyətini öz üzərinə götürdüyü üçün qürurlu idi.

Azadlığın mübarək, Şuşa! Toy-büsatlı günün mübarək!

Yeganə Əliyeva, «İki sahil»