17 iyun 2021 01:59
1142

Türkiyə-Azərbaycan qardaşlığının tarixi qələbəsi - Müttəfiqlik Bəyannaməsi

Şuşa görüşləri Ermənistandan səslənən revanş çağırışlara son qoydu, Zəngəzur dəhlizinin mütləq bərpa olunacağını bildirdi

«Heç bir zəfər məqsəd deyildir. Zəfər, ancaq özündən daha böyük olan bir məqsədə çatmaq üçün lazım olan mühüm vasitədir. Məqsəd ideyadır. Zəfər bir ideyanın həyata keçirilməsinə etdiyi xidmətin nisbətinə görə öz dəyərini ifadə edir. Hər hansı bir ideyanın həyata keçirilməsinə əsaslanmayan bir zəfər davamlı ola bilməz» söyləyən türk dünyasının öndərlərindən olan Mustafa Kamal Atatürkün sözlərini «Azərbaycanda biz Atatürkün bütün türk dünyası üçün nə qədər böyük şəxsiyyət olduğunu xalqımıza bildirmişik» kəlamları ilə tarixiləşdirən ulu öndər Heydər Əliyev ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi vacib hesab edirdi. Hər iki öndər Orta Asiyanın türkdilli dövlətləri ilə münasibətlərin gücləndirilməsinə üstünlük verərək faydalı əməkdaşlığı genişləndirmək, möhkəmləndirmək , beynəlxalq təşkilatlarda bu həmrəyliyin gücünü göstərmək üçün tarixi xidmətlərə imza atmışlar.

1992-ci ilin 28 May- Respublika Günündə Azərbaycanı Türkiyə ilə birləşdirən «Ümid» körpüsünün açılışında iştirak edən, o dövrdə Türkiyənin baş naziri olan Süleyman Dəmirəlin «Sizi əmin etmək istəyirəm ki, Türkiyə həmişə Azərbaycanla olmuşdur və olacaq. Biz kədəri və sevinci sizinlə birlikdə bölüşəcəyik… Türkiyə heç vaxt sizi tək qoymayacaq» sözlərini «Bu gün bizim arzu və ümidlərimizin körpüsü açılır» ifadəsi ilə əsrlərə söykənən bu dostluğun daimi olacağını bildirən Ulu Öndərin vurğuladığı kimi, «Ümid» eyni zamanda, Avropa ilə Asiya arasında körpüdür.

Bu dostluğun tarixi əhəmiyyətini Naxçıvanda keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə toplantısında « Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır» ifadəsi ilə diqqətə çatdıran Prezident İlham Əliyevin sözləri artıq perspektiv deyil, reallıqdır. Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızı 44 gün davam edən İkinci Qarabağ müharibəsində azad edən Azərbaycana hər cür dəstək göstərən qardaş Türkiyənin ölkəmizlə birlik və həmrəyliyi beynəlxalq ictimaiyyət tərəfindən nümunə göstərildi.

Ötən ilin 27 sentyabrından başlanan Vətən müharibəsinin davam etdiyi müddətdə daim Azərbaycanın yanında olduğunu bəyanatları, dəstəyi ilə bildirən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan kimi qardaş ölkənin dövlət rəsmilərinin ölkəmizlə həmrəylik nümunəsi olan sözləri xalqımıza dəstək idi. Ötən ilin dekabr ayının 10- da paytaxtımızda keçirilən «Dəmir yumruq» əməliyyatının Qələbə müjdəsi olan Zəfər paradını türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə birgə izləyən Prezident İlham Əliyevin məğrur görünüşü düşmənə və Ermənistanı dəstəkləyənlərə qalibin məğlub üzərindəki Qələbəsinin, bu dostluğun əbədi simvolu idi. Türkiyə kimi müttəfiqi olan Azərbaycan İkinci Qarabağ savaşında tarixi missiyanı yerinə yetirdi, ədaləti, ərazi bütövlüyünü bərpa etdi.

Vətən müharibəsinin davam etdiyi və sonrakı aylarda xarici KİV-lərə müsahibələrində Azərbaycan xalqının Qələbəsində qardaş Türkiyənin mənəvi dəstəyindən bəhs edən Prezident İlham Əliyevin «Beləliklə, bizim Türkiyə ilə bu və ya digər dərəcədə Ermənistanla Rusiyanın malik olduğu kimi eyni formatımız, qanuni bazamız var» sözləri tarixin sınağında, döyüş bölgəsində özünü doğrultdu. Zəfərimiz hər iki xalq tərəfindən təntənə ilə qeyd edildi.
Torpaqlarını işğaldan azad edən Azərbaycanda aparılan quruculuq, abadlıq işlərində, ermənilərin xarabazara çevirdiyi ərazilərdə davam edən bərpa işlərində Türkiyə şirkətlərinin çoxluq təşkil etməsi də möhkəm təmələ əsaslanan qardaşlığın sarsılmazlıq rəmzidir.

Bu günlərdə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ailəliklə Azərbaycanda olması, Şuşada keçirilən həmrəylik, birlik tədbirlərində iştirakı, böyük tarixi əhəmiyyətə malik Müttəfiqlik Bəyannaməsinin imzalanması tarixi Zəfərimizin davamıdır. Şuşa görüşünü hər iki xalqın həyatında əlamətdar gün, tarixi hadisə adlandıran «Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Türkiyə və Azərbaycan arasındakı tarixi, mənəvi, ortaq etnik köklərə bağlılıq, oxşar dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı həmrəyliyi dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsidir. İmzalanmış Bəyannamə isə öndərlərin - «Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir» söyləyən Mustafa Kamal Atatürkün, "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” aforizminin müəllifi Heydər Əliyevin vəsiyyətlərinə sadiqlikdir.

«Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Müttəfiqlik Bəyannaməsində 100 il bundan əvvəl imzalanmış tarixi Qars müqaviləsinə istinad olunmaqla, dövlətlərarası iş birliyinin gələcək istiqamətləri də əksini tapır. Tarixi sənəddə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi mühüm sahələrin əhatə olunması, hər iki dövlətin təşəbbüsü ilə reallaşan enerji, nəqliyyat layihələrinin əhəmiyyətinin, müdafiə sahəsində əməkdaşlığın, iş birliyi məsələsinin ön planda göstərilməsi tarixi nailiyyətdir. Başqa sözlə, Türkiyə ilə Azərbaycan hər ki ölkənin təhlükəsizliyinin qorunmasında da birgə iştirak edəcək. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün beynəlxalq müstəvidə aktual olan Zəngəzur dəhlizinin açılması ilə bağlı Bəyannamədə çox aydın ifadələrin əksini tapması bu dəhlizin bərpasına mane olanların cəhdlərinin əsassız olduğunu təsdiqləyir. Prezident İlham Əliyevin «Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır» sözləri dəhlizlə bağlı revanş çağırışlar səsləndirən Ermənistan kimi onun havadarlarına da xəbərdarlıqdır. Şuşada Azərbaycan və Türkiyənin bayraqlarının qoşa dalğalanması, şənliklərdə birgə iştirak, Türkiyənin bütün bölgələrindən gələn mesajlar, təbriklər, dəstək, həmrəylik ifadələri bir daha bütün dünyaya Türkiyə- Azərbaycan birliyini nümayiş etdirir.

Şuşa şəhərində olmaqdan böyük məmnunluq duyan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azadlığına qovuşan Qarabağın yenidən dirçəldilməsi işlərində ölkəsinin yaxından iştirakını qardaş dəstəyi adlandıran Rəcəb Tayyib Ərdoğan bildirdi ki, İkinci Qarabağ müharibəsində düşmənə qalib gələn Azərbaycan xalqının Qələbəsinə öz uğuru kimi sevinən Türkiyə xalqı azadlıq mübarizəsində olduğu kimi, bərpa işlərində də Azərbaycana hər cür dəstəyini davam etdiriləcək.

«Bölgədə təsiri olan hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa dəvət edirik. Atəşkəs razılaşmasından sonra artıq bölgədə bütün tərəflər üçün yeni əməkdaşlıq imkanları yaranıb. Azərbaycanlı qardaşlarımın bu məsələdə son dərəcə istəkli olmalarının ən yaxın şahidiyik» söyləyən Rəcəb Tayyib Ərdoğan bölgədə sabitliyi təmin edəcək, Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İranın daxil olduğu altılı platformanın bölgəyə sülh firavanlıq gətirəcəyini qeyd etdi.

Bölgədəki yeni reallığa fayda vermək istəyən hər kəsi nifrət və təhrik siyasətindən əl çəkərək sülh və əməkdaşlığı təşviq edən sabitliyə qoşulmağa çağırdı. 2021-ci il aprelin 1-dən etibarən iki ölkə arasında gediş-gəlişin şəxsiyyət vəsiqəsi ilə həyata keçirildiyini münasibətlərin daha da yaxınlaşması kimi dəyərləndirdi.

«Türkiyə Petrolları» və SOCAR-ın Azərbaycan və Türk şirkətlərinin qlobal layihələrdə birgə iştirakını, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və TANAP, TAP kimi nəhəng layihələrinin əhəmiyyətindən danışdı, Türkiyə ərazisindən keçən Azərbaycan təbii qazının Avropa bazarındakı yerini dünya enerji bazarında mühüm amil kimi dəyərləndirdi. Türkiyənin də marağında olan Zəngəzur dəhlizinin bərpasını Şərqdən Qərbə uzanan və hər kəsin istifadə edə biləcəyi yeni ortaq körpü adlandırdı. « Müdafiə sənayesi sahəsindəki əlaqələrimiz bundan sonra daha da fərqli şəkildə inkişaf edəcək. Bu fərqli inkişafla yanaşı, Azərbaycan bir bazar deyil, eyni zamanda, bu prosesdə bir istehsal mərkəzi olmaq imkanı da əldə edəcək. Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür» söyləyən cənab Ərdoğan qarşıdakı aylarda Türkiyədə keçiriləcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının da uğurla nəticələnəcəyini bildirdi. Azərbaycan qarşısına qoyduğu məqsədinə, Zəfərinə nail oldu.

Xuraman İsmayılqızı, «İki sahil»