16 iyun 2021 18:40
1426

Qars müqaviləsi və 100 il sonra imzalanan Şuşa Bəyannaməsi...

15 iyun tarixi Azərbaycan xalqı tərəfindən Qurtuluş bayramı kimi qeyd edilir. Kiminsə bəyənib-bəyənməməsindən asılı olmayaraq, Azərbaycan xalqı 1993-cü ildə həyatımızı cəhənnəmə çevirmiş erməni millətçilərindən də çox erməni olan, nasistlərdən də artıq faşist olan AXC-Müsavat hakimiyyətindən qurtuldu, azadlığa çıxdı. Bir çoxlarını incitsə də, elə Azərbaycan xalqı və dövləti müstəqilliyini məhz həmin tarixdə bəyan etdi. Həmin dövrdən 28 il keçsə də, bu gün hələ də xalqımızda AXC-Müsavat hakimiyyətinin insanları ac saxlamaq, “Aclıq oyunlarında” olduğu kimi çörək uğrunda döyüşməyə məcbur etmək, bir-birinə güllə atmaq kimi sövqetmə əməllərinin mənəvi-psixoloji sarsıntı izləri qalmaqdadır. Ona görə də, insanlar Qurtuluş gününü xüsusi bayram kimi qeyd edir, müstəqilliyinə, təhlükəsizliyinə, rifahına, azadlığına görə sevinir.

Bu il Qurtuluş bayramı xalqımız üçün daha da sevincli və qürurlu olmasını da qeyd etmək yerinə düşər. Çünki xalqımız bu ilin Qurtuluş gününü həm də 28-29 il öncə AXC-Müsavat hakimiyyətinin satdığı torpaqların işğaldan azad olunmuş şəkildə qeyd edir. Eyni zamanda, bu ilin 15 iyun Qurtuluş günü qardaş ölkələr olan Azərbaycan–Türkiyə arasında Şuşa bəyannaməsinin imzalanması ilə də yaddaşlarda qaldı. Görünən odur ki, 15 iyun xalqımıza sevinc və qürur yaşadan, gələcəyə nikbin baxmağa əsas yaradan tarixə çevrilməkdədir.

Bu gün Azərbaycan dövlətinin və xalqının uğurlarından qovrulan erməni kimi “5-ci kolon”un nümayəndələri də artıq şər-böhtan kampaniyasına start veriblər. Biri xalqı təhqir edir “dəli” deyir, o biri şəhidlərimizi təhqir edir “xarı-bülbülləyin” yazır, başqa biri “PKK” deyib erməni simasını nümayiş etdirir. Radikal müxalifəti təmsil edənlər ötən 28 il ərzində bir dəfə də olsun bu xalqın və dövlətin uğurlarına sevinmədi, əksinə, inildədi, sızıldadı, zarıdı, qarğış tökdü, amma sevinmədi. Neftin qiymətinin düşməsinə sevinib, təbrik qəbul edənlər indi Şuşa bəyannaməsinin hər bəndinin cümlələrinə görə göz yaşları axıdırlar. Bütün bunlar niyə baş verir, bilirsinizmi? Səbəb Şuşa bəyannaməsinin 15 iyun tarixində, işğaldan azad olunan, bərpa edilən Şuşada imzalanması, sənəddə mühüm maddələrin öz əksini tapması, Cıdır düzündə iki qardaşın sevinc paylaşmasıdır...

Şuşa bəyannaməsinin geosiyasi və iqtisadi mahiyyəti o qədər böyükdür ki, qısa bir yazıya onu sığdırmaq da çətindir. Amma hər kəs bilməlidir ki, Şuşa bəyannaməsi 1921-ci ildə bağlanmış “Qars” müqaviləsinə əsaslanmaqla, sadiqlik bildirilməklə imzalanıb. Düşmənlərimizi incidən birinci məqam məhz bəyannamənin adının Şuşa olması oldu.

Çünki 270 ildən sonra Şuşada ilk siyasi tədbir və hüquqi sənəd imzalandı. Bu, uzun illər tarixdə yaşayacaq hadisəyə çevrildi. İkinci məqam isə “Bir millət, iki dövlət” mənəvi qardaşlıq münasibətlərinin hüquqi müstəviyə daşınması oldu. Artıq Şuşa bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərinin siyasi-hüquqi mexanizmlərini müəyyənləşdirəcək. Həmçinin, Azərbaycan və Türkiyə bir-birinə müdafiə sahəsində BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcək, iki qardaş ölkə Cənub Qaz Dəhlizindən səmərəli istifadəni əlaqələndirilmiş şəkildə davam etdirəcək, regional və beynəlxalq sülhə və rifaha töhfə verəcək, Azərbaycan və türk diasporları birlikdə və daha sistemli addımlar atacaq, həmrəylik göstərəcək, Media Platforması çərçivəsində informasiya, ictimai diplomatiya sahələrində əməkdaşlıq daha da gücləndiriləcək, Türk mədəni irsinin beynəlxalq səviyyədə təbliği sahəsində birgə əməkdaşlıq genişləndiriləcək. Görünən odur ki, illərdir Türkiyə ilə Azərbaycan arasında nifaq salmaq istəyənlər, qardaşları təkləyib məhv etmək niyyətində olanlar, iki ölkənin ərazisinə göz dikənlər planlarının heç zaman reallaşmayacağı reallığı ilə qarşılaşmaqdadırlar. Bəlkə də, kimlərsə bu günə qədər düşünürdü ki, sülhməramlıları və Köçaryanı ilə Azərbaycana təzyiq edəcək, daim müharibə hədəsi ilə təzyiq etmək istəyəcək, hətta, Türkiyə NATO ölkəsidir Azərbaycana hərbi edə bilməyəcək deyənlər artıq fikirlərindən daşınmalı olacaqlar. Tarixi Qars müqaviləsinin hüquqi varisi kimi 100 il sonra imzalanan Şuşa bəyannaməsi nəinki Azərbaycan-Türkiyə qardaşlığını daha da möhkəmləndirəcək, hətta iki ölkənin birgə müdafiə olunmasını, bir-birini qorumasını, dəstəkləməsini təmin edəcək.

Yaddan çıxmamış bir məqamı da deyək ki, Şuşa bəyannaməsinə kölgə salmağa çalışanlar indidən bilməlidirlər ki, Azərbaycan və Türkiyə arasında inkişaf etdirilən hərbi-siyasi əməkdaşlıq üçüncü dövlətlərə qarşı yönəlməyib. Bu, yalnız özünümüdafiə, təkmilləşdirmə, inkişaf etdirmədir. Bu, kimisə narahat edirsə, artıq özünün problemidir. 1945-ci, 2016-cı illərdə müddətsiz mzalanmış Qars müqaviləsinin qüvvədən düşməsinə çalışanlar əlbəttə ki, Şuşa bəyannaməsinə də qarşı çıxacaqlar. Lakin əminik ki, hər iki cəhddə məyus olmuş anti-Azərbaycan, anti-türk cəhbəsi bu dəfə də fiaskoya uğrayacaq...

Ramil Vəlibəyov