16 iyun 2021 22:27
1147

Elmi və texnoloji potensialın gücləndirilməsi başlıca prioritetlər sırasındadır

Dövlətimizin başçısı İlham Əliyev  İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə onlayn formatda ikinci Zirvə toplantısında bildirmişdir ki, Azərbaycanın növbəti onillik üçün sosial-iqtisadi inkişafına dair müəyyən etdiyi beş milli prioritet sırasında rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılması xüsusi yer tutur

Hər bir beynəlxalq tədbir əhatə etdiyi mövzu baxımından xüsusi diqqət çəkməklə yanaşı, iştirakçı ölkələrin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. İslam Əməkdaşlıq Təşkilatının Elm və texnologiyalar üzrə onlayn  formatda  ikinci Zirvə toplantısı seçilən mövzudan da göründüyü kimi, elmin, yeni texnologiyaların inkişafı və tətbiqi məsələlərini əhatə edir.

Dövlətimizin başçısı İlham Əliyev nitqində  Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ailəsinin fəal üzvü olduğunu önə çəkərək  həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində üzv dövlətlərlə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırdı.

Azərbaycan hər zaman İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində səylər göstərib.  Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə  2017-ci ilin ölkəmizdə «İslam Həmrəyliyi İli» elan edilməsi, həmin ildə  Azərbaycanın  54 dövlətin iştirakı ilə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi də bunun bariz nümunəsidir.  Azərbaycan tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən dövlət kimi tanınır və nüfuz qazanır. Bununla yanaşı,  İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin vətəndaşları üçün ölkəmizdə təhsil almaq imkanı yaradan  təqaüd proqramına  başlanılıb.

44 günlük İkinci Qarabağ müharibəsini həqiqət anı kimi dəyərləndirən dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında  İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Azərbaycanın ədalətli mövqeyinin ardıcıl şəkildə dəstəkləndiyini yüksək qiymətləndirir. Cənab İlham Əliyev  Zirvə toplantısında  bu faktı açıqlamışdır ki,  qurum  tərəfindən 1994-cü il Kasablanka Zirvə görüşündən bu günə qədər Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən, ölkəmizin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən 80-dən artıq qətnamə qəbul edilib. Bu mənada Ermənistanın  Azərbaycana qarşı təcavüzü ilə bağlı 2016-cı ildə İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun təsis edilməsi xüsusi qeyd edilməlidir.

Vətən müharibəsində İslam Əməkdaşlıq Təşkilatı ilk gündən Azərbaycanın qətiyyətli mövqeyini dəstəkləmiş, qardaş Türkiyə ilə yanaşı,  Pakistan və Əfqanıstan ilk gündən öz mənəvi dəstəyini göstərmişdir.  Dövlətimizin başçısı İlham Əliyev Zəfərimizdən bəhs edərkən bu məqamları daim önə çəkərək bildirir ki, 44 günlük İkinci Qarabağ müharibəsi kimin haqqın, kimin isə şərin yanında olduğunu açıqladı.

Rəşadətli Azərbaycan Ordusu  dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ilin işğalına son qoydu, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrini təkbaşına icra etdi, ölkəmizin ərazi bütövlüyünü təmin etdi.  Bu günümüzün əsas məsələsi işğalda azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işlərinin həyata keçirilməsidir. Cənab İlham Əliyev bu ərazilərin müasir standartlara uyğun bərpası  məqsədilə «ağıllı şəhər» və «ağıllı kənd»  konsepiyasının hazırlanması ilə bağlı Sərəncam imzaladı. Məqsəd          inkişafa çox müasir yanaşmadır. Dövlətimizin başçısı  bildirir ki, Azərbaycan üçün ortamüddətli və uzunmüddətli inkişaf strategiyasını faktiki olaraq müharibədən əvvəl işləyib hazırlamışdıq.

Əlbəttə, ərazilərin işğaldan azad edilməsi əlavə imkanlar verəcək. Çünki ərazilərin bərpası çoxlu resurs tələb edəcək. Lakin, eyni zamanda, bu resurslar Azərbaycanda sərf olunacaq. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqlənib. Əsas strategiyamız iqtisadiyyatın qeyri-enerji sektorunu inkişaf etdirməkdir. Həyata keçirilən  islahatlar yaxşı nəticələr verir.

Tarixi Zəfərimizdən sonra  Azərbaycana hansı sahədən baxsaq yeni reallıqlar fonunda müəyyənləşdirilən prioritetlər açıqlanır, hədəflərin qarşıdakı dövrdə ölkəmizin həyatında hansı yeniliklərə yol açacağı təhlil edilir.  İşğaldan azad edilmiş ərazilərin malik olduğu  potensialın ümumilikdə  ölkənin  iqtisadiyyatına  yönəldilməsi,  yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcək.

Qeyd etdiyimiz kimi, işğaldan azad edilmiş ərazilərimizdə «ağıllı şəhər» və «ağıllı kənd» layihələrinin icrası prioitetlər sırasında xüsusi yer tutur.  Dövlətimizin başçısı İlham Əliyevin  «ağıllı şəhər» və «ağıllı kənd» konsepsiyasının hazırlanması haqqında  Sərəncamında da bu məqam xüsusi qeyd edilir ki,  respublikamızın  şəhər və kəndlərində göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının tətbiqi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsi şəhər və kənd yerlərində dayanıqlı inkişafın əsas prioritetlərindəndir.  Təbii ki, bu kimi yeniliyi, müasirliyi özündə əks etdirən layihələr Azərbaycanın yeni texnologiyaların inkişafında və təbiqində nə qədər maraqlı olduğunu təsdiqləyir.  Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair  beş Milli Prioritet: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış və təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi reallaşdırılacaq. Onu da qeyd edək ki,  Milli Prioritetlər, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.

Dövlətimizin başçısı İlham Əliyev  Zirvə toplantısının mövzusunun elm və texnologiya olduğundan,  diqqət göstərdiyi əsas  məsələlərdən biri Azərbaycanın elm və yeni texnologiyalar sahəsində əldə etdiyi uğurlar oldu. Bildirdi ki,  ölkəmizin elmi və texnoloji potensialının gücləndirilməsi  başlıca prioritetlərimiz sırasındadır. Azərbaycan beynəlxalq kosmik klubun üzvüdür. İkisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi üçün istifadə olunan üç peykimiz var. Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək ölkə seçilib. Bu, beynəlxalq kosmik icma tərəfindən Azərbaycanın bu sahədə nailiyyətlərinin tanınmasının təzahürüdür.

Qeyd edək ki, Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə  Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması Azərbaycanın yeniliklərə imza atan, ən əsası yeni texnologiyaların inkişafına və tətbiqinə xüsusi önəm verən ölkə kimi tanınmasının aydın mənzərəsini yaradır. Digər tərəfdən Azərbaycanın bütün beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsində sabit, təhlükəsiz ölkə kimi qazandığı imic də əhəmiyyətli rol oynayır.

2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçilən cənab İlham Əliyev ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu.  Dövlətimizin başçısı İlham Əliyev  bu çağırışı etdi ki, əgər biz inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salsaq görərik ki, əsas hərəkətverici qüvvə təhsildir, elmdir, texnologiyalardır, innovasiyalardır. Ona görə biz də çalışırıq və bundan sonra da çalışmalıyıq ki, Azərbaycanda təhsilin səviyyəsi daha da qalxsın. Təhsilin səviyyəsi dünyanın ən yüksək standartlarına cavab versin. Onda ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək.

Dövlətimizin başçısı İlham Əliyev çıxışında bir daha diqqəti  Azərbaycanın növbəti onillik üçün sosial-iqtisadi inkişafına dair müəyyən etdiyi beş milli prioritetə yönlədərək  onların  sırasında rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılmasının xüsusi  yer aldığını vurğuladı: «Hökumət innovasiyaların və startap ekosistemlərinin inkişafı ilə bağlı əməli addımlar atır. Azərbaycan Ümumdünya İqtisadi Forumu ilə Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afiləedilmiş Azərbaycan Mərkəzinin yaradılması ilə bağlı saziş imzalayıb. Mən işğaldan azad olunmuş bütün əraziləri yaşıl enerji zonası elan etmişəm. Biz bərpa və yenidənqurma işlərində ən müasir və innovativ texnologiyalardan istifadə edəcəyik. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq olunacaqdır.»

Ölkə Prezidenti  daim dost ölkələri işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq  işlərində fəal iştiraka çağırır: «Biz qardaş İƏT dövlətlərindən olan şirkətlərin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma prosesində iştirakını görmək istərdik.»

Günümüzün reallıqları bir daha təsdiqləyir ki, davamlı inkişafa yol açan əsas amillərdən biri məhz yeni texnologiyaların inkişafı və tətbiqidir.    Dünyanın texnoloji gündəliyinin Azərbaycanda müzakirə olunması  bir daha  bu sahədə malik olduğumuz imkanların təqdimatına böyük töhfə olacaq. Bundan sonra da  kadr hazırlığı, texnoloji inkişaf, müasir texnologiyaların Azərbaycana gətirilməsi istiqamətində  əlavə addımlar atılacaq.  Bu mühüm addımlar  onu deməyə əsas verir ki,  Zəfərə imza atan  Azərbaycanın  gələcəyi  İKT-nin davamlı inkişafı ilə əlamətdar olacaq və ölkəmiz bu sahədə daha möhtəşəm uğurlara imza atacaq.

Yeganə Əliyeva, «İki sahil»