17 iyun 2021 14:33
2436

Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin bir-birinə olan səmimi sevgisinin təzahürüdür - POLİTOLOQ ŞƏRH EDİR

"Tarixi sənədlərin imzalandığı tarix və məkan hər zaman böyük əhəmiyyət kəsb edir. Çünki illər sonra gələcək nəsillər bu tarixi və məkanı tarix kitablarından oxuyarkən məsələnin mahiyyətini və əhəmiyyətini daha dərindən dərk edirlər. Bu mənada Şuşa Bəyannaməsinin siyasi və tarixi əhəmiyyətini izah edən məsələ sənədin imzalanma tarixi, yəni 15 iyun-Milli Qurtuluş günüdürsə, ikincisi onun bir tərəfdən Azərbaycanın mədəniyyət paytaxtı olaraq bilinən, eyni zamanda, da alınmaz qala hesab olunan, şəhərin bünövrəsinin əsirlər öncə azərbaycanlı, türk Pənahəli xan tərəfindən qoyulduğu məkanda-Şuşada imzalanmasıdır. Əgər 28 il öncə 15 iyun tarixində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ümummilli lider Heydər Əliyev aldısa, illər sonra Qars müqaviləsinin imzalanmasından iki yüz il sonra eyni gündə Azərbaycanın torpaqlarını düşmən tapdağından azad edən Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa bəyannaməsini imzaladı."

Bu fikirləri "İki sahil"ə açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib.

Politoloq qeyd edib ki, müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə dövlətlərinin münasibətlərində, sadəcə, iki dövlətin rəhbərlərinin, dövlət qurumlarının deyil, onların vətəndaşlarının, cəmiyyətlərinin də bir-birinə olan sonsuz, səmimi sevgisinin təzahürüdür. Müttəfiqlik bəyannaməsində iki dövlət arasında münasibətlərin dərinləşdirilməsinin bütün sahələri ehtiva olunur ki, bu sənəd də bundan sonra Azərbaycan-Türkiyə münasibətlərinin əsas rol xəritəsini təşkil edəcək. Müdafiə sənayesi və qarşılıqlı hərbi yardım ilə bundan sonra iki ölkə bir-birinin təhlükəsizliyini qoruyacaq. Bu, o deməkdir ki, iki ölkədən birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə bir-birinin yardımına çatacaq. Bununla yanaşı, sənəd heç bir üçüncü ölkəyə qarşı olmadan, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərmək, bölgədə iqtisadi əməkdaşlığı təşviq etməklə sülhü və təhlükəsizliyin təmin edilərək dərinləşdirilməsini özündə ehtiva edir.

Bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını özündə ehtiva edən sənədə də istinad edərək Zəngəzur dəhlizinin açılmasının önəmini bildirən Prezident İlham Əliyev bir daha dünyaya mesaj vermiş oldu ki, Azərbaycan da, Türkiyə də regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması ilə əslində bütün regionun inteqrasiyasında maraqlıdır. Bu məsələ qardaş ölkənin və Azərbaycan xalqının sevimli siyasi fiquruna çevrilən hörmətli Ərdoğanın da nitqində öz əksini tapdı ki, Ermənistanın bu çağırışlara adekvat və müsbət reaksiya verəcəyinə ümid edirik. Çünki Prezident Ərdoğan bildirdi ki, bütün əməkdaşlıq ideyalarında Rusiya da var və Rusiyanın dövlət rəhbəri Putin də bütün layihələrə açıqdır. Türkiyənin və Azərbaycanın yürütdüyü qətiyyətli, eyni zamanda, gələcək perspektivləri də özündə ehtiva edən uzaqgörən siyasət bütövlükdə Cənubi Qafqaz regionun dirçəldilməsinə istiqamətlənib. Mövcud və potensial inkişaf perspektivlərindən kənarda qalmamaq üçün Ermənistan uyğun addımlar atmalıdır.

Azərbaycan ordusu türk modelinə keçir, bu istiqamətdə təlimlər də həyata keçirilir. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi müharibənin bitməsinə baxmayaraq biz ordu quruculuğunu eynilə davam etdiririk, daha da müasir silahlarla təchizat olunuruq. Bu baxımdan da Türkiyə ilə hərbi-texniki sahədə əməkdaşlıq daha da dərinləşdirilir. Belə ki, hər iki dövlət silahlı qüvvələrini müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılacaq və modernləşdirəcək.

Türkiyə dövlətinin və xalqının 44 günlük Vətən müharibəsi dövründə hər gün Azərbaycanın yanında olmasını bildirməsi bir daha sübut etdi ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ən dar məqamda belə öz sözünü deyir. Onların siyasətlərinin davamçıları da atdığı hər addımda bu iki dövlət adamlarının ideallarına sadiqdirlər.

Tarixi Şuşa Bəyannaməsinin Qarabağın ürəyi olan Şuşada imzalanması, hər iki dövlət başçısının olduqca önəmli mesajları düşmən tərəfindən xarabalığa çevrilmiş, yerlə-yeksan edilmiş tarixi binanın yanında verməsi bütün dünyaya bir daha göstərdi ki, həm Azərbaycan, həm Türkiyə dövləti qurucudur, əl uzadandır. Bundan sonra Ermənistandan düzgün qərarlar verərək bu əməkdaşlıq perspektivlərindən yaralanmalıdır.

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə əlaqədar sülhün təmin edilməsi mexanizmləri çərçivəsində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətinin təşviq edilməsi məsələsi də olduqca önəm kəsb edən məsələdir ki, bu Türkiyənin regionda, burada gedən proseslərdə artıq birmənalı olaraq söz sahibi olduğundan xəbər verir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev, eyni zamanda, Türkiyə Respublikasının Prezidenti sayın Rəcəb Tayyib Ərdoğan xalqının milli maraqlarını müdafiə edərək, onun mənafelərinin təmin olunması istiqamətində müstəqil xarici siyasət yürüdən iki dahi liderdir. Azərbaycanla Türkiyənin dünyada gedən proseslər haqqında mövqeləri üst-üstə düşür, bundan sonra da bu iki liderin rəhbərliyi altında iki dövlət BMT, ATƏT, Avropa Şurası, TDƏŞ, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birilərinə qarşılıqlı dəstək verəcəklər. Eyni zamanda, meqalayihə olan Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəldilmiş səylər əlaqələndirilmiş şəkildə davam etdiriləcək. Prezident Ərdoğanın Şuşa səfərindən öncə də qardaş dövlətin rəsmi şəxsləri Azərbaycana mütəmadi işgüzar səfərlər reallaşdırırlar ki, Şuşa bəyannaməsi ilə bundan sonra da Azərbaycanla Türkiyənin dövlət qurumları arasında münasibətlərimiz daha da dərinləşəcək.