18 iyun 2021 01:59
1377

Xoşbəxtəm, çünki Can Azərbaycandayam

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycandan səsləndirdiyi bu bəyanat birliyimizin təqdimatıdır

Bu gün dünyaya səs salan, hər bir müddəası regionun gələcək inkişafına geniş imkanlar açan Şuşa Bəyannaməsi, Azərbaycan və Türkiyə Prezidentlərinin məhz Şuşada bir araya gəlməsi, mədəniyyət paytaxtımızda bayram əhval-ruhiyyəsinin yaşanması, iki dost, qardaş ölkənin bayraqlarının Qarabağın ürəyində dalğalanması, Cıdır düzündə yallı və sair kimi hələ çox danışılacaq saysız-hesabsız məqamlar günümüzün əsas müzakirə mövzularındandır. Əsas olan Türkiyə-Azərbaycan birliyinin daimiliyinin, əbədiliyinin bir daha dünyaya bəyan edilməsidir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Milli Məclisdən səsləndirdiyi bəyanatlar da dünyaya birlik, həmrəylik mesajları oldu. «Xoşbəxtəm, çünki Can Azərbaycandayam» söyləyən Türkiyə Prezidenti onu da qeyd etmişdir ki, Zəfərlə Qafqazda qanayan bir yara qapanmış, bölgədə davamlı sülh və sabitlik üçün böyük fürsət yaranmışdır. Qafqazdakı sülh və sabitlikdən təkcə Azərbaycan deyil, Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri, hətta bütün dünya qazanacaq. Biz də azərbaycanlı qardaşlarımızla bölgənin tamamilə inkişafı, rifahın yüksəlməsi, sabitliyin möhkəmlənməsi üçün üzərimizə düşəni yerinə yetirməyə bütün səmimiyyətimizlə hazırıq.»

Qardaş ölkənin Prezidentinin çıxışı 44 günlük İkinci Qarabağ müharibəsində birgə yaşanan sevincin aydın mənzərəsini yaratdı. Ümumi fikir budur ki, 44 günün tarixə yazdığı qürurverici, şanlı səhifə harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıya, Azərbaycanın yanında olan qardaş Türkiyə xalqına o qədər böyük sevinc bəxş etdi ki, 30 il qət etdiyimiz yolun çətinliklərini, həsrətini, nisgilini unudur, belə bir xoşbəxtliyi bizlərə yaşadan dövlətimizin başçısı, Ali Baş Komandana, rəşadətli Azərbaycan Ordusuna, bütün əsgər və zabit heyətinə minnətdarlığımızı ifadə edirik. Rəcəb Tayyib Ərdoğan «Böyük bir liderlik göstərərək bu Zəfəri və sülhü Azərbaycana qazandıran Azərbaycan Ordusunun Ali Baş Komandanı və Azərbaycan Prezidenti hörmətli qardaşım İlham Əliyevi bir daha təbrik edirəm. Liderlərinin arxası ilə Qarabağda Zəfər qazanmaq üçün tək yumruq, tək ürək olan, milli birlik və bərabərlik hisslərini ən yüksək səviyyədə nümayiş etdirən Azərbaycan xalqını təbrik edirəm. Gözlərini qırpmadan Vətən üçün, Qarabağ üçün, Qarabağın azadlığı üçün qəhrəmancasına mübarizə aparan Azərbaycan Silahlı Qüvvələrini təbrik edirəm. Şəhidlərimizin hər birinə Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı verirəm» fikirləri ilə Vətən müharibəsində qələbəmizin təminatçılarını bir daha hər birimizə xatırladır və bununlu qürur duymağa çağırışlar edir.

Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək iqtidarında olduğunu işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi. Biz müharibə istəmirdik, amma torpaqlarımızı işğaldan azad etmək istəyi bir an da olsun bizi tərk etmədi. 30 ildən artıq dövlətimizin uğurlu siyasəti, real faktlara, tarixi həqiqətlərə əsaslanan təbliğatı nəticəsində dünya ermənilərin əsl simasını, onların beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozduğunu, beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymadığını gördüyü halda susdu, göz yumdu. Azərbaycan xalqının səbri tükəndi, sentyabrın 27-dən başlanan, 44 gün davam edən Vətən müharibəsi bir daha Prezident-xalq-ordu birliyini nümayiş etdirdi. Xalqımız tam əmin idi ki, dövlətimizin qətiyyətli mövqeyi, Ordumuzun gücü, qüdrəti sayəsində uğurla həyata keçirilən əks-hücum əməliyyatları otuz ildən artıq davam edən işğala son qoyacaq! Ədalətsizliyə son qoyacaq! Bu əks-hücum əməliyyatı, eyni zamanda, insanlarda Vətənə bağlılığı, illərdən bəri işgal altında olan torpaqlarımızın azad olunması arzularının reallaşması, gerçəkləşməsi demək idi. Cənab İlham Əliyev daim bəyan edirdi ki, Azərbaycan gəncliyi vətənpərvərlik ruhunda yetişməli, dövlət maraqlarının qorunması, həqiqətlərimizin təbliği onların ideoloji fəaliyyətinin əsasını təşkil etməli, azərbaycançılıq məfkurəsinə söykənməlidir. Bu gün hər bir ana müstəqilliyimizin daimiliyinin, Vətənin ərazi bütövlüyünün qorunması naminə övladının göstərdiyi qəhrəmanlıqlardan, şəhidlik zirvəsinə yüksəlməsindən qurur hissi keçirir. Şəhidlərimizin həyat yolu hər zaman gənclərimiz üçün vətənpərvərlik məktəbidir. Dövlətimizin başçısı İlham Əliyev daim bildirirdi ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsi yolunda şəhidlik zirvəsinə yüksələn, erməni təxribatları nəticəsində həlak olan günahsız insanların ruhu şaddır. ”

Bugünün reallıqları torpaqlarımızın işğaldan azad olunması ilə bağlı bütün istəklərin həyata keçdiyini təsdiqləyir. Şuşa çal-çağırının, toy-büsatının təsdiqlədiyi kimi, tarixi anlar yaşayırıq. Zəfərimizə imza atıldığı anlarda «Bu bayram qardaş Türkiyədə bizdəki kimi qeyd olunur. Bu, təbiidir. Çünki biz bir millət, iki dövlətik… Türkiyənin siyasi və mənəvi dəstəyi bu Qələbənin qazanılmasında çox böyük rol oynamışdır. Çünki Prezidentin, Qardaşımın ilk saatlardan dediyi “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” sözləri bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Bütün bu dövr ərzində həm Prezident, həm nazirlər, vəzifəli şəxslər daim bizə öz dəstəyini ifadə etmişlər. Görürsünüz, nə qədər heyətlər gəlir. Demək olar ki, hər həftə Türkiyədən bir neçə heyət gəlir. Türkiyədən bizə dəstək və həmrəylik nümayişi Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir» fikirləri ilə Azərbaycan-Türkiyə birliyini, həmrəyliyini dünyaya nümayiş etdirən dövlətimizin başçısı Şuşada bu dostluğun əbədiliyini dünyaya ünvanladığı mesajlarla bir daha təsdiqlədi.

Əvvəldə də qeyd etdiyimiz kimi, bu müharibə Azərbaycan xalqının nə qədər böyük, məğrur, yenilməz olduğunu dünyaya bir daha təqdim etdi. Birliyimiz, həmrəyliyimiz qarşıya qoyduğumuz bütün hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir. Dövlətimizin başçısı bu əminliyi də ifadə edir ki, bu birlik işğaldan azad edilmiş torpaqlara yeni nəfəsin verilməsinə, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytarmağa imkan yaradacaq: «Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir.»

Xalqımızın sevinci göz qabağındadır. Uzun illər məcburi köçkün həyatı yaşamış insanları öz sevinclərini «artıq mən qaçqın deyiləm» fikirləri ilə ifadə edirlər. Soydaşlarımız hər zaman əmin idilər ki, dövlətimizin uğurlu siyasəti nəticəsində münaqişə öz ədalətli həllini tapacaq, öz doğma yurd-yuvalarına qayıdacaq, həmin torpaqlarımızda yeni həyat başlayacaq. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın astanasında olduğumuza böyük əminlik yaratmışdır. Bu gün bir milyondan artıq soydaşımız bu Qayıdışın astanasındadır. Dövlətimizin başçısı İlham Əliyevin bu xoşbəxt günləri yaşayacağımıza əminliyi 44 gündə xarici mətbuata hər bir müsahibəsində özünün aydın ifadəsini tapmışdır. Cənab İlham Əliyev müharibənin başa çatmasından sonra həmin ərazilərdə görüləcək işlərdən, həyatımızda yeni dövrün başlanacağından və bu dövrün ölkəmizin xoşbəxt gələcəyini təmin edəcəyindən geniş bəhs edərək bunu həmin ərazilərə səfərləri zamanı təməlini qoyduğu yeni sosial obyektlərlə, imzaladığı Fərman və sərəncamlarla təsdiqləyir. Mədəniyyət paytaxtımız olan Şuşa azad olmaqla yanaşı, sözün əsl mənasında dirçəldilir.

Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi. Bu Qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin son 17 ildən artıq dövrdə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.

Azərbaycan və Türkiyə Prezidentlərini bir araya gətirən Şuşa səfəri dövlətimizin başçısı İlham Əliyevin noyabrın 8-də Şəhidlər xiyabanında bu sevinci xalqla paylaşanda «Şuşa sən azadsan!» fikrini səsləndirənə qədər keçilən yola bir daha aydınlıq gətirdi, Türkiyənin mənəvi və siyasi dəstəyinin Qələbəmizdə rolunu nümayiş etdirdi. Türkiyə Prezidentinin Milli Məclisdən səsləndirdiyi «Bu müqəddəs Vətən müharibəsi dövründə Türkiyə həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer almışdır. Bu gün də bütün imkanlarımızla Azərbaycanın yanındayıq, bütün dünya bilsin ki, İnşallah, sabah da yanında olacağıq. Necə ki, Balkan müharibəsi zamanı Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavad azərbaycanlı gənclərlə birlikdə Osmanlı ordusunun sıralarında döyüşübsə, necə ki, Çanaqqalada Azərbaycandan gələn igidlərlə Anadolunun dəliqanlıları birlikdə mübarizə aparıb, birlikdə şəhadətə ucalıb zəfər qazanıblarsa, necə ki, Qafqaz İslam Ordusunun aslanları – Nuru Paşanın əsgərləri o gün azərbaycanlı qardaşlarımızın yardımına gəlibsə, biz də bu gün və gələcəkdə bir və bərabər olacağıq. Azərbaycanın aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, taleyi taleyimiz, kədəri kədərimizdir» fikirləri də tarixin sərt sınaqlarından şərəflə çıxan, möhkəm təmələ əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin gələcək inkişafının mənzərəsidir.

Yeganə Əliyeva, «İki sahil»