21 iyun 2021 23:14
1177

Qlobal informasiya məkanında yaşayırıq

Şuşa Bəyannaməsində Azərbaycan və Türkiyənin  birgə  diaspor fəaliyyətinin zəruriliyi ilə bağlı müddəanın mövcudluğu hazırkı dövrün reallıqlarının düzgün cavablandırılmasına xidmət edir

15 İyun-Milli Qurtuluş Günündə dünyanın diqqətini Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşaya yönəldən Azərbaycan və Türkiyə Prezidentlərinin görüşü çərçivəsində imza atılan Şuşa Bəyannaməsi özündə bir çox məqamları ehtiva edir. Hazırkı dövrün informasiya mübarizəsi dövrü olduğunu nəzərə alsaq, bu müddəanın qarşıya qoyduğu tələblər özünü qabarıq şəkildə büruzə verir.

44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı Qələbəsi yeni reallıqlar yaratdı. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan  İlham Əliyev  Zəfərimizi şərtləndirən amillərdən, hazırlıq dövrü kimi xarakterizə etdiyi 2003-2020-ci illərdə görülən işlərdən bəhs edərkən gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsini, torpağa bağlılığını, Vətən sevgisini xüsusi qeyd edir: «Bax, bu reallığı biz yaratmışıq və yenə də deyirəm, mənəvi hazırlıq həlledici rol oynamışdır. Gənc nəsil yetişdi, Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişdi və bu gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi. Mən demişəm ki, torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib, ancaq döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə mən hakimiyyətə gələndə uşaq olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.»

Gənc nəslin tərbiyə edilməsi hər bir dövlət üçün xüsusi əhəmiyyət daşıyan məsələdir.  Dünyaya baxış fonunda cənab İlham Əliyev bildirir ki, o ölkələrdə ki, bu məsələyə fikir verilmir, onlar  vaxt keçdikcə böyük problemlərlə üzləşə bilərlər. Çünki dünyada gedən proseslər deməyə əsas verir ki, bəzi yerlərdə bu proses kortəbii şəkildə aparılır.  Əgər gənc nəslə ümumbəşəri dəyərlər aşılanmasa,  gələcəkdə problemlər qaçılmazdır.  «Biz indi qlobal dünyada, qlobal informasiya məkanında yaşayırıq» söyləyən cənab İlham Əliyev bu reallığa da xüsusi qeyd edir ki,  Azərbaycan daim informasiya hücumuna məruz qalan ölkədir. Azərbaycana  qarşı nə qədər çirkin kampaniyalar aparılıb. Gələcəkdə də aparılacağı istisna edilmir. Ölkəmizin imicini aşağı salmaq, ölkə daxilində inamsızlıq yaratmaq, saxta faktlar ortaya atmaq - bütün bunların bir məqsədi var: çaxnaşma, xaos şəraitində  hansısa xarici dairələr üçün zəmin yaratmaq.

Azərbaycanın uğurlu siyasəti, reallıqları daim belə cəhdlərə tutarlı cavabdır. Müstəqil siyasət yürüdən, təbliğatı real faktlara əsaslanan ölkə daim qalib olar. Necə ki, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində bu qalibiyyətə imza atdı.  Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında bu məqamı da xüsusi qeyd edir ki, bugünkü Azərbaycan Birinci Qarabağ müharibəsi dövründəki Azərbaycan deyil. O zaman Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə səbəb olurdu. 1992-ci ildə ABŞ Konqresinin ölkəmizə qarşı ədalətsiz «907-ci düzəliş»i tətbiq etməsi ona görə yazılarımızda xüsusi qeyd edilir ki, Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarına görə  işğalçı ölkə kimi tanınmasına səbəb olmuşdur.  Guya işğala məruz qalan tərəf Ermənistandır, Azərbaycan işğalçı dövlətdir. Eyni zamanda, Azərbaycan guya Ermənistanı  blokadada saxlayır. Ermənilərin və erməni diasporunun belə bir qərarın qəbul olunmasında məqsədi Azərbaycanı iqtisadi cəhətdən zəiflətmək, asılı vəziyyətə salmaq idi. Amma Azərbaycan 10 ilə yaxın dövrdə bu ədalətsiz qərarın tətbiqi şəraitində yaşasa da, nəinki iqtisadi cəhətdən zəiflədi, əksinə daha da inkişaf etdi, dayanıqlı inkişaf, sosial-iqtisadi göstəriciləri ilə beynəlxalq maliyyə qurumlarının hesabatlarında öncül yerlərdə dayandı. 2001-ci ildə ABŞ-da baş verən terror aktı rəsmi Vaşinqtonu xarici siyasətində dəyişiklik etmək məcburiyyətində qoydu. ABŞ hökuməti «907-ci düzəliş»in ədalətsizliyini təsdiqləyərək fəaliyyətini bir illik dondurması barədə qərar qəbul etdi. Artıq həmin ildən bugünədək ədalətsiz qərarın birdəfəlik ləğvi problemə çevrilsə də, hər il onun fəaliyyətini dondurması ilə bağlı qəbul olunan qərar yenidən təsdiqlənir. Dövlətimizin real faktlara, tarixi həqiqətlərə əsaslanan siyasəti nəticəsində dünya həqiqətləri olduğu kimi dərk etməyə başladı. Baxmayaraq ki, maraqlar həqiqətləri üstələdiyindən qəbul olunan sənədlər ancaq kağız parçası olaraq qalır. Azərbaycan 28 il BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını gözlədi. Amma elə ölkələr var ki, bu qətnamələr bir neçə saatda tətbiq edilir. Ona görə rəsmi Bakı dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından, xüsusilə BMT Baş Assambleyasından bəyan edirdi ki, bu qətnamələrin icrası üçün vahid mexanizm hazırlanmalı və bütün dövlətlərə eyni şəkildə tətbiq edilməlidir.

Azərbaycan ordusu dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük İkinci Qarabağ müharibəsində aparıcı dövlətlərin, nüfuzlu beynəlxalq təşkilatların 30 ilə yaxın dövrdə edə bilmədiklərini etdi. Haqq-ədalət bərpa olundu, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edildi, işğalçı Ermənistana və ona dəstək verən dövlətlərə bir daha çatdırıldı ki, beynəlxalq hüquq deyilən məfhum var və ona riayət edilməsi mütləqdir.

Bugünümüzün əsas çağırışı ölkəmizə qarşı əsassız kampaniyalara yol verməmək, onların qarşısını qətiyyətlə almaq, ən əsası gənc  nəslin tərbiyə edilməsini gündəlik fəaliyyətimizin önündə saxlamaqdır.  Dövlətimizin başçısı bu çağırışı edir ki, ölkə haqqında həqiqətləri gənc nəsil bilmir, hansı ki, 1991-1992-ci illəri görməyiblər. Bu haqda məlumat verilməlidir ki, onlar bilsinlər, biz nəyin bahasına bugünkü reallıqları əldə etmişik. Vətən müharibəsi, postmüharibə dövrü ilə bağlı məlumatlar verilməli, bütün bunlar izah edilməlidir.

Təbii ki, bu kimi təbliğatın əsasında Azərbaycanın haqqlı mövqeyini müdafiə etmək, həqiqətlərimizi olduğu kimi beynəlxalq ictimaiyyətə çatdırmaq dayanır.  Çünki xaricdən saxta məlumatlar gəlir və bəzi hallarda gənc insanlar buna inanırlar. Məhz o hesabat da bu yalanların  üzərində qurulur. Belə halların qarşısını almaq üçün  gənc nəslimizin milli ruhda, milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi ən başlıca vəzifələrdən biridir. Dövlətimizin başçısı bildirir ki, ənənələrimiz, dəyərlərimiz, yaşayış tərzimiz – bütün bunlar bizim sərvətimizdir. Biz bunları itirə bilmərik və itirməməliyik. Ona görə gənc nəslin tərbiyə edilməsi çox önəmli məsələdir.  Digər önəmli məsələ isə Azərbaycanın tolerant, multikultural dəyərlərə böyük töhfə verən ölkə kimi tanınması və nüfuz qazanmasıdır. Azərbaycan Prezidentinin təşəbbüsü, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə  may ayının 12-13 tarixlərində Şuşanın Cıdır düzündə ənənəvi keçirilməsinə start verilən «Xarıbülbül» musiqi festivalında müxtəlif xalqların, millətlərin musiqi yaradıcılığının təlbiği, onların harmoniyasının yaradılması da dünyaya  Azərbaycandan, tarixi torpağımız olan Qarabağdan ünvanlanan birlik, həmrəylik mesajı oldu.   Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir ailə kimi yaşayır və bundan sonra da bir ailə kimi yaşayacaqlar. Bu, böyük sərvətimizdir.

Ölkəmiz inkişafın yeni mərhələsindədir. Artıq bu il, eyni zamanda, dövlət müstəqilliyimizin 30 illiyini qeyd edəcəyək.  Bu tarixi hadisəni Zəfərimizlə qeyd etməyimiz hər bir azərbaycanlı üçün qürurvericidir.  «Müstəqilliyimizin möhkəmləndirilməsi işində bundan sonra da fəaliyyət göstəriləcəkdir» söyləyən  cənab İlham Əliyev qeyd edir ki,  bu, əbədi prosesdir. Son illərin tarixi göstərdi ki, bütün cəhdlərə baxmayaraq, heç kim Azərbaycanı öz müstəqil yolundan döndərə bilmədi: «Nə qədər cəhdlər göstərildi ki, bizi bu və ya digər avantüraya cəlb etsinlər, bizi təhrik etsinlər, hətta bəzi dost ölkələrlə bizim aramıza girsinlər. Bu cəhdlər çox olub. Sadəcə olaraq, geniş ictimaiyyət bundan xəbərsizdir. İstisna edilmir ki, bundan sonra da çox olacaq. Ancaq biz müstəqil siyasət apararaq bütün bu cəhdləri alt-üst edirik.»

Bütün bu reallıqlar fonunda Şuşa Bəyannaməsində birgə diaspor fəaliyyətinin xüsusi qeyd edilməsi səbəbsiz deyil. Əvvəldə də qeyd etdiyimiz kimi, dünyada Azərbaycana və Türkiyəyə qarşı əsassız iddialarla çıxış edən güclü erməni diasporunun olduğunu unutmamalıyıq.  Hər bir məsələdə bir-birinin yanında olan iki dost, qardaş ölkənin birliyi, həmrəyliyi dünyaya nümunədir.  İkinci Qarabağ müharibəsi başlandığı gündən Azərbaycanın tək olmadığını bəyan edərək həm ölkəmizi qürurlandıran, həm də  daxili işimizə müdaxilə etməyə çalışanlara lazımi mesajı çatdıran qardaş ölkənin  diasporu da bu dostluğa öz töhfəsini vermək üçün səylər göstərir.  Cənab İlham Əliyevin  “Bir millətin iki diasporu olmaz” ideyası ilə ortaq dəyər və mədəniyyətimizi təbliğ edən, həqiqətlərimizin  dünya ictimaiyyətinə  çatdırılmasında birgə addımlar atan  diasporumuzun qarşısında daha sıx  ciddi işbirliyi  tələb edən imkanlar  açılır. Şuşa Bəyannaməsində diaspor fəaliyyətinin  birləşdirilməsi müddəasının yer alması  bugünədək görülən  işlərin məntiqi davamıdır. Ümumilikdə,  Şuşada imza atılan Müttəfiqlik  Bəyannaməsi iki qardaş ölkənin  diasporlarının birgə fəaliyyəti üçün Yol Xəritəsidir. Həm döyüş meydanında, həm də informasiya cəbhəsində qalib olan Azərbaycan tarixi Zəfəri ilə regionda   yaratdığı yeni  reallıqların əsl mahiyyətini Şuşa Bəyannaməsi əsasında lazımi ünvanlara çatdırır.

Yeganə Əliyeva, «İki sahil»