03 iyul 2025 08:12
335

İslam həmrəyliyinin Xankəndi nümunəsi - TƏHLİL

İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün  cənnətməkan Qarabağda  keçirilməsi  İslam dəyərlərinin, birliyinin,  Azərbaycanın çoxsaylı humanist təşəbbüslərinin dünyaya daha bir təqdimatıdır

1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən İnkişaf üçün Regional Əməkdaşlıq (İRƏ) adı ilə iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılan, 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı  ( ECO) kimi fəaliyyətini genişləndirən  qurum beynəlxalq səviyyədə tanınmaqla  böyük nüfuza malikdir. Təşkilatın üzvləri kənd təsərrüfatı, sənaye, nəqliyyat və rabitə, infrastruktur, elm, təhsil, mədəniyyət, energetika sahələrində əməkdaşlıq edir,  terrora qarşı birgə  mübarizə aparırlar. Azərbaycan müstəqillik əldə etdikdən sonra - 1992-ci ildə təşkilata üzv olub. Hazırda mənzil-qərargahı Tehranda yerləşən  ECO-nun 10 üzvü var:  Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan, İran.   ECO-ya üzv  ölkələrdə ümumilikdə 550 milyon əhali yaşayır.  Regional  əhəmiyyətə malik  təşkilat  insan resursları baxımından da  kifayət qədər ciddi potensiala malikdir. Bu potensialına görə təşkilatın böyük perspektivi olduğu hesab edilir.  ECO üzvləri arasındakı illik ticarət dövriyyəsi 76 milyard dollara çatır.
Azərbaycan təşkilatın demək olar ki, bütün üzvləri ilə sıx inteqrasiya, qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi siyasəti yürüdür. Belə ki, Bakı Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanla Asiyadan Avropaya yükdaşımaların təşkilini nəzərdə tutan Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində iqtisadi əlaqələrini genişləndirir.  Bu ölkələrin nəqliyyat infrastrukturlarının inteqrasiyası istiqamətində çoxsaylı mühüm layihələr həyata keçirilməkdədir. Regionda marağı olan və faktiki rəqabət aparan Avropa İttifaqı, ABŞ və Çinin dəstəyini əldə edən layihənin inkişaf perspektivləri çox yüksək qiymətləndirilir.

Ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən, bu sahədə qazandığı  zəngin təcrübəsi nümunə göstərilən  Azərbaycan yenidən dünya ictimaiyyətinin diqqətini cəlb edib.  İqtisadi Əməkdaşlıq Təşkilatının  17-ci Zirvə görüşünün  ölkəmizdə,   Ermənistanın işğalından azad olunan, hazırda  yenidən dirçələn  Qarabağda, Xankəndidə   keçirilməsi  siyasi, iqtisadi  əhəmiyyətli  tarixi hadisə,  suverenliyimizin tam  və qəti qələbəsinin daha bir təsdiqi olmaqla  simvolik  məna daşıır.

2025-ci ilin 3-4 iyul tarixlərində  Qarabağın qəlbi olan  Xankəndidə  liderləri bir araya gətirəcək  İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə  görüşündə təkcə regional  deyil, Qlobal Cənubun,  Avrasiyanın iqtisadi  məsələləri, qarşıda duran problemlər geniş müzakirə olunacaq

 Ötən ilin  noyabrında   planetimizin gələcəyi üçün əhəmiyytəli məsələlərin,  iqlim dəyişikyi ilə bağlı yaranan  risklərin həlli yollarına həsr olunmuş COP29-dan sonra  bu cür geniştərkibli sammitə ev sahibliyi  siyasi sabitliyi baxımından nadir ölkələrdən sayılan Azərbaycanın dünyada möhkmələnən nüfuzundan qaynaqlanır.  COP29-da geniş müzakirə olunan  problemlərin davamı kim dəyərləndirilən  Xankəndi görüşündə dayanıqlı inkişaf,  iqlim dəyişikliyi,   iqtisadi əməkdaşlıq kimi mühüm məsələlər müzakirə olunacaq,  rəy və təkliflər nəzərə alınacaq, hədəflər müəyyənləşdiriləcək,
 Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq «İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Həftəsi»” çərçivəsində  təşkil olunan tədbirlərdə  beynəlxalq  əhəmiyyətli  məsələlərin aktuallaşması, qarşılıqlı əməkdaşlığın genişlənməsini təmin edən iqtisadi əlaqələrin şaxələnməsi  yeni layihələrin həllini tezləşdirir.  

  Azərbaycanın Qoşulmama Hərəkatına  sədrliyi müddətində  maraqlı islahatları,  humanitar siyasəti ilə dünya ictimaiyyətinin diqqətini cəlb edən,  yenilikci lider kimi tanınan Prezident İlham Əliyevin təşəbbüsləri yenə də aktuallaşıb. Qoşulmama Hərəkatının şəbəkəsinin daha da genişlənməsi naminə islahatların vacibliyini  diqqətə çatdıran Prezident  İlham Əliyevin təşəbbüsü ilə təsisatın  Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının, Qadınlar Platformasının  yaradılması, eyni zamanda, Azərbaycan humanizminin, birgə yaşayış qaydalarına sadiqliyinin,  Qlobal Cənubda əmin –amanlığın, siyasi, iqtisadi əməkdaşlığın möhkəmlənməsinə yönələn  təşəbbüslərdir.

 Həftə çərçivəsində, Zirvə görüşü ərəfəsində  ECO-ya üzv dövlətləri  qadınlarının forumunun  Ermənistanın işğalından azad olunan , yeni günlərini yaşayan, istifadəyə verilən Beynəlxalq Hava Limanı ilə  ölkəmizin müxtəlif dövlətləri ilə  əməkdaşlığına  yol açan Laçında  keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun ifadəsidir. Ölkələrarası əməkdaşlıqda insan  resurslarının inkişafına,  qadınların cəmiyyətdə fəallığının artırılmasına, milli-mənəvi dəyərlərin təbliğinə, terrora qarşı birgə mübarizəyə  yönələn bu cür təşəbbüslərin  dünyada dəstəklənməsi   ECO-nun beynəlxalq nüfuzunu  daha da artırır. Regionda  dayanıqlı, inklüziv və davamlı cəmiyyətlərin formalaşmasında qadınların  fəallığı üçün imkanlar səfərbər edilir. Forum, eyni zamanda,  ECO-da  təmsil olunan ölkələrdə yaşayan qadınlar arasında dialoqların təşkili, təcrübə mübadiləsi,  humanist dəyərlərin təbliği baxımından dəyərli  platformadır.

 Həftəsi çərçivəsində Ağdamda  ECO-nun Gənclər Forumunun keçirilməsi də  təşkilatın tarixində iz salan yenilik kimi dəstəkləndi. Qarabağın dilbər güşələrindən olan Ağdam şəhərində keçirilən Forumda   ECO-ya  üzv ölkələrin gənclərinin qarşılıqlı fəaliyyəti üçün əhəmiyətli layihələrin gerçəkləşməsinin vacibliyi diqqətə çatdırıldı.

Adından göründüyü kimi, əsasən iqtisadi məsələlərin həlli üçün platformaya çevrilən  Zirvə toplantılarının ayrılmaz hissəsinə çevrilmiş 6-cı ECO biznes-forumunun Şuşa görüşü də maraqlı nüanslarla yadda qaldı.  Xatırladaq ki, ECO-nun  qərarı ilə Şuşa şəhəri  2026-cı ilin turizm  paytaxtı elan olunub. Regional əməkdaşlığın ümumi arxitekturasının aparıcı qolu olan    biznes forumun   Şuşada  keçirilməsi göstərir ki, bu tədbir sadəcə siyasət müzakirələri üçün platforma deyil, iqtisadiyyatın, qarşılqıl əməkdaşlığın, turizmin inkişafı üçün geniş imkanlar yaradan mühüm iqtisadi  vasitədir.

 İqtisadi Əməkdaşlıq Təşkilatının  Baş katibi Əsəd Məcid Xanın Şuşada keçirilən 6-cı ECO biznes-forumunda söylədiyi «Forumda region ölkələrinin liderləri, ticarət-sənaye palataları və ECO Ticarət və Sənaye Palatasının nümayəndələrinin fəal iştirakı bizi xüsusilə ruhlandırır. Həmçinin bu forum hökumətlərlə özəl sektor arasında dərin və məzmunlu dialoqu təşviq etməyə, aparılan müzakirələri real tərəfdaşlıqlara və iqtisadi baxımdan səmərəli layihələrə çevirməyə xidmət edir» sözləri  , eyni zamanda, Qlobal Cənubun  aparıcı ölkəsi  imicini qoruyan,   Orta Dəhliz kimi, geniş, tərəfdaşları artan digər nəqliyyat  layihələrin mərkəzində yerləşən Azərbaycanın dünya iqtisadiyyatında güclənən  mövqeyinin təsdiqidir.

ECO-nun  Zirvə  görüşünün   Xankəndidə təşkili isə  Ermənistanın işğalından axzad olunan  torpaqlarımızda aparılan bərpa-quruculuq işlərinin beynəlxalq ictimaiyyətə təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır. Sammit 30 ildən çox separatizmə yuva olmuş  Xankəndidə keçirilən ilk tədbir olmaqla   İslam  həmrəyliyinin nümunəsidir. Xunta rejimindən xilas olan Xankəndidən bu həmrəyliyin dünya ictimaiyyətinə çatdırılması Prezident İlham Əliyevin siyasi iradəsinin, qətiyyətinin, müstəqilliyimizin və suverenliyimizin sarsılmazlıq nümunəsidir.

Xuraman İsmayılqızı, "İki sahil"