22 iyun 2021 23:16
703

Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq

Mədəniyyət paytaxtımız Şuşada  bir araya gələn Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladığı tarixi Bəyannamədə  bu fikir xüsusi qeyd edildi ki, bu tarixi hadisə  İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir

44 günlük İkinci Qarabağ müharibəsində  tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar  ölkə və dünya mətbuatının əsas müzakirə mövzularıdır. Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşsa da Qələbəmizi şərtləndirən amillər, dövlətimizin qətiyyətli mövqeyi, düzgün müəyyənləşdirdiyi və hədəfləri özündə ehtiva edən siyasətin nəticələri, Zəfərin  işğalçı Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi zərurətini yaratması və sair kimi məqamlar diqqətdədir. Yeni reallıqların fonunda imzalanan Şuşa Bəyannaməsi bir daha  dünyaya zəruri olan mesajları çatdırdı, yeni əməkdaşlıq formatının yaradılmasını bir tələb kimi qarşıya qoydu.   

Zəfərimizin, Ermənistanın məğlubiyyətinin təsdiqi olan 10 noyabr 2020-ci il tarixli Bəyanatın 9-cu maddəsində, eləcə də 11 yanvar 2021-ci ildə Moskvada Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin birgə keçirdiyi görüşdə imzalanan sənəddə də iqtisadi əlaqələrin qurulması, kommunikasiyaların açılması məsələləri  öz əksini tapıb. Onu da qeyd edək ki,  Nizami Gəncəvi Mərkəzinin  videoformatda keçirdiyi  “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə də  qeyd edilmişdir ki,  nəqliyyat kommunikasiyalarının açılması, qarşılıqlı dialoq, etimad mühitinin formalaşması regionda yeni inkişaf mərhələsinin vacib şərtlərinə çevrilməkdədir.

Amma 10 noyabr Bəyanatının imzalanmasından 7 ay keçməsinə baxmayaraq  Ermənistanın sənəddə əksini tapan müddəaların icrasında yenə də seyrçiliyi vəziyyəti  dəyişə bilər. Bu isə yalnız Ermənistanın düşdüyü acınacaqlı durumu daha da ağırlaşdıracaq. Bu tələb beynəlxalq səviyyədə də səsləndirilir ki,  Ermənistanın siyasi elitası daha çox mövcud şərtlər daxilində gələcəyə baxmalı, antitürk, anti-Azərbaycan stereotiplərlə yaşamamalıdır. Belə olan vəziyyətdə Ermənistan yeni vəziyyəti, real imkanları, qüvvələr nisbətini düzgün qiymətləndirməlidir.

Azərbaycanın bu gün regionda və dünyada  möhkəmlənən mövqeyi göz önündədir. Zəfərimizin açdığı yeni imkanlar region və dünya dövlətlərinə yeni əməkdaşlıq formatlarının iştirakçısı, eyni zamanda, dəstəkçisi olmağa çağırış edir ki, bu da öz növbəsində sülhün, təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycanın İkinci Qarabağ müharibəsi  başlandığı andan işğalçı Ermənistana təklif etdiyi sülh modeli də  regionda sabitliyin, təhlükəsizliyin təmin edilməsi üçündür. Tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələri ilə diqqət çəkən Azərbaycan yerləşdiyi coğrafi məkana, iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinə uyğun olaraq dövlətlər, xalqlar arasında dostluq körpüsü roluna daim yeni əlavələr edir.  Azərbaycanın uğurlu siyasətinin, dövlətimizin başçısı İlham Əliyevin hədəfləri özündə ehtiva edən təkmil addımlarının nəticəsidir ki, 30 ilə yaxın davam edən işğala son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi.  İkinci Qarabağ müharibəsinin Azərbaycanın Qələbəsi, Ermənistanın kapitulyasiyası ilə başa çatdıqdan sonra işğalçı dövlətdə yaşanan siyasi böhran iyunun 20-də növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə nəticələndi.  Tarixi Qələbəmiz bir daha sübut etdi ki,  Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin müstəqil və milli maraqlara əsaslanan siyasəti sayəsində Azərbaycan güclü dövlətə, regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrildi, ölkəmizin maliyyə imkanları, iqtisadi potensialı, hərbi gücü artdı, Azərbaycan beynəlxalq münasibətlər sistemində öz prinsipial mövqeyi ilə seçilən  yüksək nüfuza malik ölkəyə çevrildi.

Azərbaycanın həyata keçirdiyi təcrid siyasəti nəticəsində Ermənistan bütün enerji layihələrindən kənarda qalıb. İşğalçılıq siyasəti həyata keçirib, başqa dövlətlərə əsassız torpaq iddiası ilə çıxış edən, beynəlxalq hüquq normalarına məhəl qoymayan bir dövlətin belə vəziyyətlə üz-üzə qalması qaçılmazdır. Ermənistan özü belə bir halı yaşamasına səbəb olub. Bu gün  tamamilə yeni bir mənzərə yaranıb. Azərbaycan  keçmişi unudub gələcəklə yaşamaq istədiyi halda, Ermənistan hələ də keçmişdə qalıb. Belə olan təqdirdə  yeni reallıqlar fonunda yeni əməkdaşlıq formatlarının yaradılması prosesində  gecikmələr özünü büruzə verir.

Gündəmin əsas məsələsi olan  Zəngəzur dəhlizinin açılması ölkə iqtisadiyyatı və Azərbaycanın regionda söz sahibi olması üçün çox münbit şərait yaradacaq.  Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, inkişafa yeni nəfəs verəcək. Bu dəhliz, həmçinin Qərbdən Şərqə uzanan ticarət yollarının mayakına çevriləcək. Bu səbəbdən də Zəngəzur dəhlizi Azərbaycanın milli maraqlarına tam cavab verir.  Əvvəldə də qeyd etdiyimiz kimi, üçtərəfli Bəyanatın 9-cu bəndində göstərilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Bəyanatın bu bəndi Zəngəzur dəhlizinin reallaşması istiqamətində Azərbaycan üçün hüquqi zəmin yaradır. Yəni  Ermənistan bu dəhlizin açılması üçün üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Zəngilanı Naxçıvanla birləşdirəcək 40 kilometrlik Zəngəzur dəhlizi mütləq açılacaq. Zəngəzur dəhlizinin açılması ilə illərlə blokada şəraitində qalan Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi təmin olunacaq. Maneələrə baxmayaraq, Zəngilan-Ordubad dəmiryolu xətti və bütövlükdə Zəngəzur dəhlizinin açılması üçün real zəmin formalaşıb.

Göründüyü kimi, bu gün regionda uzunmüddətli sülhün, əməkdaşlığın və təhlükəsizliyin təmin olunması üçün real şərait yaranıb. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan özü üzərinə düşən vəzifələri icra edəcək. Ermənistanın revanşist əhvali-ruhiyyəli davranış tərzi isə yalnız onların özünə ziyan verəcək.

Dövlətimizin başçısı İlham Əliyev Şuşada türkiyəli həmkarı ilə bir araya gəlib Şuşa Bəyannaməsini imzaladıqdan sonra mətbuata bəyanatında da iqtisadi əlaqələrin genişləndirilməsi üçün yaranan yeni imkanlardan  bəhs edərək bildirmişdir ki,  önəmli məsələlərdən biri  nəqliyyat məsələsidir. Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb.  Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir: «Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır.»

Hər zaman Azərbaycanın, o cümlədən ədalətin, beynəlxalq hüququn tərəfində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  Şuşadan bu çağırışı etdi ki, bölgədə təsiri olan hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa dəvət edirik. Atəşkəs razılaşmasından sonra artıq bölgədə bütün tərəflər üçün yeni əməkdaşlıq imkanları yaranıb. Azərbaycanlı qardaşlarımın bu məsələdə son dərəcə istəkli olmalarının ən yaxın şahidiyik.

«Türkiyə olaraq biz də coğrafi qonşuluq əlaqələrimizi daha dərin əməkdaşlıqlara yönəltmək istəyirik» söyləyən Rəcəb Tayyib Ərdoğan qeyd etmişdir ki,  Ermənistanın ona xoş niyyətlə uzadılan həmrəylik əlini tutmasını, ortaq gələcəyi birlikdə formalaşdırmaq fürsətindən yaxşı istifadə etməsini arzu edirik. Altılı  platformada  Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İran var. İstəyirik ki, bölgə rahatlıqla, sülh içində yaşanan bir bölgə olsun: «Bu addımı atmaq üçün biz qardaşımla birlikdə hər cür fədakarlığa hazırıq. Cənab Putin eyni qaydada bu cür fədakarlığa hazırdır. Bu istiqamətdə atılacaq addımlarla bölgə bir sülh bölgəsinə çevriləcək.» O da xüsusi qeyd edilmişdir ki, bu tarixi fürsətin reallığa söykənməyən həvəslər, ifadələr və fəaliyyətlərlə qaçırılmaması ən böyük arzumuzdur. Bölgədəki yeni reallığa fayda vermək istəyən hər kəsin nifrət və təhrik siyasətindən əl çəkərək sülh və əməkdaşlığı təşviq etməyə istiqamətlənməsi əsas şərtdir. Belə bir mühit formalaşanda Ermənistan ilə münasibətlərin normallaşması üçün biz də üzərimizə düşəni edəcəyimizi hər fürsətdə deyirik. Bu ümidverici proses Azərbaycan ilə Ermənistanın imzaladıqları atəşkəs razılaşmasını əhatəli və uzaqgörən bir sülh müqaviləsi ilə tamamladıqları halda çox sağlam şəkildə davam edəcəyinə inanırıq.

İki qardaş ölkənin siyasi iradəsi, qətiyyəti sayəsində  reallaşan enerji layihələrinin coğrafiyası genişlənir. Artıq əməkdaşlıq regional çərçivədən çıxaraq  beynəlxalq miqyas alıb. BTC və BTƏ neft-qaz layihələrinin uğurlu sonluqla başa çatması Azərbaycanı regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevirib. İki qardaş ölkənin birgə səyləri nəticəsində əhəmiyyətinə görə enerji layihələrindən geri qalmayan BTQ dəmir yolu layihəsi də reallığa çevrildi. Bu gün artıq dünya çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən, nəzərdə tutulan vaxtda icrası başa çatdırılan Cənub Qaz Dəhlizinin əhəmiyyətindən, dünyanın enerjim xəritəsinə  gətirdiyi  yeniliklərdən bəhs edir. reallıq budur ki, ölkəmiz enerji sektorunda qazandığı davamlı uğurları ilə dünyanın enerji xəritəsini yenidən tərtib etdi.

Şuşada  Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuata birgə bəyanatlarında  qarşıdakı dövrün perspektivlərindən bəhs edilərkən qeyd olundu ki,  ticari və iqtisadi əməkdaşlığın miqyası daha da genişləndiriləcək.  «Azərbaycan ilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və TANAP kimi nəhəng layihələri birlikdə tamamladıq. Bu layihələr ölkələrimizlə birlikdə bütün bölgənin rifahına və sabitliyinə töhfə verir. Trans-Adriatik boru kəməri layihəsi – TAP-ın tamamlanması ilə ölkəmiz ərazisindən keçən Azərbaycan təbii qazı Avropa bazarındakı yerini almışdır» söyləyən Türkiyə Prezidenti qeyd etmişdir ki,  əziz qardaşımın da dediyi kimi, xüsusilə “bir millət, iki dövlət” təməli üzərində yüksəltdiyimiz əlaqələrimizi daha da inkişaf etdirəcək yeni bir tarixi addımı atdıq: «Bu addım çox önəmlidir. Bunu bundan sonrakı prosesdə daha da gücləndirəcəyik və gücləndirərək yolumuza da davam edəcəyik.»

Ümumiləşdirilmiş şəkildə qeyd etsək,  Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə  əlaqələrinin  yeni dövrdəki yol xəritəsi olmaqla yanaşı, Zəfərimizin yaratdığı yeni reallıqların  qarşıya qoyduğu hədəflərin gerçəkləməsinə xidmət edən ilk addımdır.  Bir daha bəyan edildi ki,  artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olunduğunu görürük. Türkiyə Prezidenti bildirmişdir ki,  Azərbaycanın Cənubi Zəngəzur dəhlizi layihəsini çox əhəmiyyətli hesab edir və  dəstəkləyirik. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq dəhliz açılacaq. Bu, çox böyük əhəmiyyət kəsb edir.

Azərbaycan regional inkişafın aparıcı qüvvəsi, yeni reallıqlar fonunda diktə edən tərəf kimi mövqeyini daha da möhkəmləndirir. Ermənistan yeni reallıqlarla barışmaqla özünün gələcək inkişafını təmin etmək imkanındadır. Azərbaycan dövlətinin humanist  addımları buna geniş imkanlar açır.

Yeganə Əliyeva, «İki sahil»