23 iyun 2021 10:53
960

Həkim-ftiziatr isti havalarda hansı qidalardan uzaq durmalı olduğumuzu açıqlayıb

Həkim-ftiziatr Valentina Kalaç rus saytlarına müsahibəsində isti havalarda qidalanmaya xüsusi fikir verməli olduğumuzu bildirib və hansı qidaların tez xarab olaraq, zəhərlənmə mənbəyinə çevrildiyini açıqlayıb.

Mütəxəssis yay vaxtı kremli bişintilərdən, eklerdən uzaq durmağı məsləhət görüb. Bütün kərə yağı qatılmış un məmulatları hətta bir saat içərisində xarab ola bilər. Həkim yayda pirojna və tort almamağı, alarkən mütləq təzə olmasını yoxlamağı və saxlamadan yeməyi tövsiyə edib.

Valentina Kalaç yay menyusunda balığın da olmamasını məsləhət görüb. Balıq da tez-tez zəhərlənmə verə bilən məhsuldur. Mütləq təzə halda istifadə edilməlidir.

Bişmiş və hazır xərçəng məhsullarını da yay vaxtı yemək lazım deyil.

Yumurtanın da istifadə müddəti yayda azalır. Üzəri çatlamış, sınıq yumurtaları qətiyyən işlətmək olmaz.

Bundan əlavə, kəsmik alarkən ehtiyatlı olmaq, tarixinə və saxlama müddətinə ciddi şəkildə diqqət yetirmək lazımdır.

Nubar Süleymanova, “İki sahil”