23 iyun 2021 22:16
1135

Prezident İlham Əliyevin informasiya müharibəsindəki «silahı» şəffaflıq, obyektivlik, sistemlilik, operativlikdir

Hərbi doktrinası olan Azərbaycanın ictimai rəyə təsir imkanları artan informasiya doktrinasının, təkmil strategiyasının da olması ölkəmizin nüfuzunu daha da artırır

44 günlük müharibənin davam etdiyi müddətdə 30-dan artıq xarici KİV-lərə müsahibələrində, dünyanın tanınmış beyin mərkəzlərini təmsil edən siyasətçilərin iştirakı ilə keçirilən «Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq», Nizami Gəncəvi Beynəlxalq Mərkəzin təşkil etdiyi «Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri» adlı konfranslarda verilən sualları məntiqlə cavablandıran Prezident İlham Əliyev qətiyyəti, siyasi hazırlığı, dünya hadisələrini düzgün, ağlın, zəkanın gücü dəyərləndirmək bacarığı və dövlətçilik təcrübəsi ilə hər kəsi heyrətləndirdi. Bu həqiqətin doğurduğu ecazkarlığı müsahibələrdə iştirak edən xarici jurnalistlər dəfələrlə etiraf ediblər. 26 fevral 2021-ci ildə Prezident İlham Əliyevin çoxsaylı xarici jurnalistlərin iştirakı ilə keçirilən mətbuat konfransından bir məqama diqqət yetirək. Böyük Britaniyadan olan müstəqil jurnalistin « Cənab Prezident, bizi bura dəvət etdiyinizə görə Sizə təşəkkür edirik. Düşünürəm ki, mətbuat konfransının uzunluğuna görə Siz artıq dünya rekorduna imza atmısınız. Mən 25 ildir jurnalistika ilə məşğul oluram, ancaq hər hansı bir Prezidentin 4 dildə bu cür mətbuat konfransı aparmasının şahidi olmamışdım» sözləri Prezident İlham Əliyevin beynəlxalq aləmdə yüksək dəyərləndirilən dövlətçilik məharətinin, siyasi hazırlığının, nitq mədəniyyətinin, hərtərfəli şəxsiyyət kimi formalaşan liderlik bacarığının «özünütəsdiq formulu»nun ifadəsidir. Eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatların, beyin mərkəzlərinin dövlət başçıları ilə bağlı keçirdikləri sorğularda həmişə birincilər sırasında yer alan dövlət başçımızın dünyanın siyasi arenasında qazandığı liderlik məharətinin, fəlsəfəsinin etirafıdır.

Adı çəkilən, biri-birindən nüfuzlu tədbirlərdə Azərbaycana müxtəlif baxış bucağından yanaşan, hadisələri qiymətləndirmək səriştəsi fərqli olan jurnalistlərin suallarını dünya hadisələrinin təhlili, ölkəmizin maraqlarının, xalqımızın mənafeyinin qorunması , ən başlıcası isə siyasətin dəyişilməz şərti olan təmkinlə cavablandırmaq qlobal hadisələrin cərəyan etdiyi, ikili standartların, güc amilinin söz sahibi olduğu, ədalətin zülmün kölgəsində itdiyi indiki zamanda, qloballaşan dünyamızda asan deyildir.

Azərbaycan həqiqətlərini, Ermənistanın 30 ildə işğal altında saxladığı torpaqlarımızda törətdiyi vəhşilikləri, vandalizmi, barbarlığı dünya ictimaiyyətinə çatdırmaq üçün geniş auditoriyalarda canlı və yaxud videoformatda təşkil olunan bu cür tədbirlər Azərbaycandan dünyamıza baxış və bəşəriyyətin qorunması çağırışıdır.

«Müharibə vaxtı 44 gün ərzində mən 30-dan artıq müsahibə verdim, çünki buna ehtiyac var idi. Mən dünyaya mesajımızı çatdırmaq istəyirdim, mən həqiqəti və mövqeyimizi dünyaya çatdırmaq istəyirdim. Hər gün mən bəyanatlar verirdim, Azərbaycan xalqına müraciətlər edirdim. Çünki buna ehtiyac var idi, xalqımızın buna ehtiyacı var idi, ordumuzun buna ehtiyacı var idi. Bilirəm ki, mənim həmin o müraciətlərim və mesajlarımın ümumi qələbəmizdə böyük rolu olmuşdur» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, media nümayəndələrinin ermənilər tərəfindən dağıdılmış ərazilərə səfərlərinin işıqlandırılması, daşı daş üstə qalmayan Ağdam haqqında söylənilən «İkinci Xirosima», «Ruhlar şəhəri» ifadələrinin aforizmə çevrilməsi, erməni faşizminin beynəlxalq ictimaiyyətə çatdırılması dövlət başçımızın illərdən bəri göstərdiyi diplomatik səylərin məntiqi nəticəsidir. Hər suala verilən cavab Azərbaycana qarşı göstərilən ədalətsizliyin, artıq leksikonumuzdan çıxarılan Dağlıq Qarabağ münaqişəsi başlandığı vaxtdan ölkəmizə qarşı ikili standartlardan yanaşmanın ifşası, terrorçu daşnakların xalqımıza yaşatdığı ağrı-acıların dünya birliyinə, Ermənistanı dəstəkləyən beynəlxalq təşkilatlara hesabat xarakterli xatırlatmadır.

Prezident İlham Əliyev açıqlamaları ilə xalqımızın iradəsini, qələbəyə inamını, 44 gündə nəyə qadir olduğunu göstərən Azərbaycan Silahlı Qüvvələrinin yenilməzliyini, müdafiə sənayemizin imkanlarını, ordumuzun qüdrətini göstərdi. 30 ilə yaxın erməni işğalından əziyyət çəkən, haqlı olduğu halda haqsız kimi ikili standartlara məruz qalan Azərbaycan Zəfəri ilə illərdən bəri məcburən rastlaşdığı ədalətsizliyin qarşısında «qırmızı işıq» yandırdı. Qalib dövlətin başçısı kimi qürur duyan İlham Əliyev «Mənim beynəlxalq mediaya mesajım ondan ibarətdir ki, hər zaman həqiqətləri söyləyin, siyasi sifarişlərdən uzaq olun. Nəyə görə mən bunu deyirəm? Mən bilirəm ki, biz əlaqələndirilmiş, təşkilatlanmış informasiya hücumuna məruz qalırdıq. Bu əməllər bizim etdiyimizi gözdən salmaq, bizə ləkə yaxmaq və Azərbaycan haqqında, onun hökuməti haqqında yanlış təsəvvürlər yaratmaq məqsədi daşıyıb. Ona görə də sizə səslənirəm ki, həqiqəti söyləyin, mövqeyinizi açıq ifadə edin. Ola bilər ki, bu, jurnalistlərə verə biləcəyim o qədər də yaxşı tövsiyə olmaz. Amma rəhbərlərinizin dediklərinə hər zaman əməl etməsəniz, bəlkə daha yaxşı olardı» sözləri ilə eyni mənbədən idarə olunan ermənipərəst beynəlxalq təşkilatları, onların iradəsi ilə idarə olunan «Sərhədsiz reportyorlar» kimi digər KİV-ləri də həqiqət yoluna dəvət etdi.

Daha çox Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə 26 fevral 2021 –ci ildə təşkil olunan, dörd saatdan artıq müddətdə 35-dən çox dünya mediasının jurnalistinin 50-yə yaxın sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqla zəngin diplomatik bacarığa və səriştəyə malik oduğunu da göstərdi. Çıxış və bəyanatları ilə Qərbdə, Avropa ölkələrində illərdən bəri ermənilərin formalaşdırdıqları «islamofobiya», «anti-Azərbaycan» kimi zərərli düşüncələri Azərbaycanın xeyrinə dəyişən Prezident İlham Əliyev məntiqli cavabları ilə təfəkkürlərdə dönüş yarada bildi. Hətta qərəzli suallarla ölkəmizlə bağlı həqiqətlərə kölgə salmağa çalışan öyrədilmiş jurnalistlərin suallarını belə qətiyyətlə, təmkinlə cavablandıran dövlət başçımız auditoriya qarşısında sözün əsl mənasında siyasi liderlik dərsi keçirdi. Azərbaycanın haqlı mövqeyini konkret faktlarla, beynəlxalq hüquq normaları baxımından izah edərək bütün dünyaya çatdırdı ki, multikultural dəyərlərə sahib, tolerant Azərbaycanın Milli Ordusu yeni mənəvi qaydalar əsasında mübarizə aparır. Döyüş meydanında gücünü , qüdrətini göstərən hərbçilərimiz düşmənimiz olsalar da, mülki erməni əhalisinə qarşı heç vaxt silah işlətməmiş dinc sakinlərlə ləyaqətlə, təmkinlə davranmış, lazım gəldiyi hallarda onlara humanitar yardımlar göstərmişlər. Bu kimi açıqlamalara heyrətlə qulaq asan, bu deyilənlərin şahidi olan xarici jurnalistlər Azərbaycanın ədalətli siyasətini, ordumuzun humanist davranışını bəşəri duyğular və insanlıq naminə xeyirxahlıq kimi dəyərləndirirdilər. Faşist xislətlərini heç vaxt tərgitməyən, işğaldan azad olunmuş ərazilərimizdə təxribat törətməyə çalışan kəşfiyyatçıları Ermənistana qaytaran Azərbaycanın belə humanizmi qarşılığında minalanmış ərazilərin xəritəsini təhvil verməyən işğalçı dövlətin bu hərəkəti beynəlxalq ictimaiyyət tərəfindən də qınanır. Bu günlərdə iki azərbaycanlı jurnalistin ermənilərin Kəlbəcərdə basdırdıqları tank əleyhinə minaya düşərək şəhid olmaları da faşist xislətli, qana həris erməniləri pis əməllərindən çəkindirmir.

Müharibənin gedişində, sonrakı müddətdə beynəlxalq ictimai rəyi Azərbaycanın xeyrinə dəyişməyi bacarmaq qabiliyyəti ilə seçilən cənab İlham Əliyevin informasiya müharibəsindəki Qələbəsi dövlət idarəçiliyindəki uğurlarının, daxili və xarici siyasət məsələlərinə konseptual yanaşmasının təzahürü, düşünülmüş strategiyasının tərkib hissəsidir. Özünün də qeyd etdiyi kimi, nəyi, nə vaxt, necə deməyi planlaşdırmaq təcrübəsinin müəllifi olan Prezident İlham Əliyev sözü yerində və məqamında söyləməyi bacardığını da qətiyyətli cavabları ilə bildirir. Yaponların zərb-məsəllərindən olan «düyünün ağ daşlardan təmizlənməsi» kimi çətin işin öhdəsindən gələn dövlət başçımızın adı müasir dünya diplomatiyasının tarixinə yeni prinsiplərin müəllifi kimi yazıldı. Adətən belə tədbirlərdə yalnız öz ölkələrində deyil, eyni zamanda, dünyada ictimai rəyə təsir edən və Azərbaycana qarşı rəqib mövqedə dayanan, təlimatlandırılmış siyasətçilərin, politoloqların, analitiklərin, jurnalistlərin qərəzli mövqelərinin olmasını da nəzərə alan cənab İlham Əliyev nüfuzlu auditoriyalardakı açıqlamaları ilə Azərbaycanın təşəbbüsü ilə bölgədə yaranan yeni reallıqları diqqətə çatdırmaqla, dünyanın siyasət masasında aktuallığını qoruyan, bəşəriyyətin taleyini həll edəcək qlobal problemlərin həllində aparıcı lider olduğunu da təsdiqlədi. Şəffaflıq, obyektivlik, sistemlilik, operativlik kimi prinsiplərə əsaslanan, yeni dövrün tələblərinə uyğun informasiya strategiyası ilə fərqlənən, Vətən müharibəsində Qələbə qazanan dövlət başçımız bu sahədə də qalib olduğunu bəyan etdi, reallıqları müasir üslubda, həqiqət işığında dünya ictimaiyyətinə çatdırdı. Hərbi doktrinası olan Azərbaycanın ictimai rəyə təsir imkanları artan informasiya doktrinasının da olması ölkəmizin nüfuzunu daha da artırdı. Prezident İlham Əliyevin informasiya sahəsindəki Qələbəsi, dövlətçilik təcrübəsi, zəngin təfəkkürü, fərqli modeli illərdən bəri dünya ictimaiyyətini saxta faktlarla aldadan erməni lobbisinin yalan maşınlarını darmadağın etdi. XXI əsrin tələblərinə uyğun yeni informasiya məktəbi formalaşdırdı.

Bu günlərdə imzalanan Şuşa Bəyannaməsində qeyd olunan «Tərəflər 10 dekabr 2020-ci il tarixində imzalanmış «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında» Anlaşma Memorandumu”na uyğun olaraq Azərbaycan-Türkiyə Media Platformasının imkanları nəzərə alınmaqla, iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahələrində əməkdaşlığı daha da gücləndirəcəklər və bu çərçivədə xarici işlər nazirlikləri arasında davamlı olaraq informasiya üzrə sıx məsləhətləşmələr və mübadilələr həyata keçiriləcəkdir» bəndində nəzərdə tutulan işlərin həyata keçirilməsi ilə hər iki dövlətin birlik və həmrəyliyini, dövlətçilik maraqlarını ifadə edən mətbu orqanları informasiya bolluğu yaratmaqla bölgədəki yeni reallıqların bələdçisi, ideoloji tribunası olacaq.

Xuraman İsmayılqızı, «İki sahil»