24 iyun 2021 14:20
672

Narkomaniya bəşəriyyətin bəlasıdır

26 İyun Narkomaniya və Narkobiznesə qarşı Mübarizə günüdür. Bu münasibətlə Astara Rayon Heydər Əliyev  Mərkəzində  videokonfrans keçirildi.

"İki sahil" xəbər verir ki, tədbirdə Astara Rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, rayon icra hakimiyyətinin hüquq şöbəsinin məsləhətçisi Elnur Rəsulov, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Astara rayon Polis şöbəsinin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis kapitanı Ceyhun Abdulov, Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev çıxış ediblər.  Bildirilib ki, BMT-nin Baş Məclisi 1987-ci ildə narkomaniyaya dair problemlərin daim ictimaiyyətin diqqətində saxlanması məqsədilə 26 iyunu  Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edib.  Azərbaycan Respublikası ərazisində narkomaniya və narkobizneslə bağlı mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən qanunvericiliyin  təkmilləşdirilməsi, dəyişən şəraitə uyğun aparılması hökumətin və dövlətin əsas vəzifələrdən biridir.  Həmçinin ölkədə hüquq-mühafizə orqanları səviyyəsində də narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı lazımi mübarizə tədbirləri  vaxtında görülür.

  Vurğulandı ki, bu gün narkomaniya cəmiyyətin ciddi bəlasına çevrilib.  O, eyni zamanda, yoluxucu xəstəliklər mənbəyidir.   HİV, QİÇS  hepatitlər  kimi qorxulu  infeksion xəstəliklərə yoluxmaya yol açır.  Yeniyetmə və gənclərin narkomaniyaya qurşanması onların təhsildən yayınmasına, ictimai həyatdan kənar qalmasına , sosial tarazlığının pozulması,  sağlamlıqları  zərbə altında qalmasına səbəb olur.  Narkomaniya ilə mübarizədə ən effektiv vasitələrdən biri narkotik istifadəçilərinin ilkin mərhələdə aşkar olunması, onlara narkotiklərdən istifadədən imtina üçün yardım göstərməkdir .

Çıxışlarda  rayonda “ağ ölümə” qarşı  dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı  tədbirlərdən də söz açıldı.

Tədbir iştirakçıları axırda Mərkəzin foyesində 26 İyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günündən  bəs   edən virtual  sərgiyə baxdılar.

 Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü