24 iyun 2021 14:37
976

"SOCAR-Petrofac" BP ilə müqavilə imzalayıb

“SOCAR-PETROFAC” BİRGƏ MÜƏSSİSƏSİ MƏRKƏZİ-ŞƏRQİ AZƏRİ (ACE) LAYİHƏSİNƏ DƏSTƏK VERƏCƏK

SOCAR və “Petrofac” şirkətlərinin birgə müəssisəsi “SOCAR-Petrofac” BP şirkətinin Azərbaycanda əməliyyatçısı olduğu “Mərkəzi-Şərqi Azəri” (ACE) layihəsini dəstəkləmək üçün “BP Azerbaijan” şirkəti ilə 25 milyon dollar dəyərində yeni saziş imzalayıb.

"İki sahil" "SOCAR"a istinadən xəbər verir ki, saziş çərçivəsində layihənin quruda və dənizdə obyektlərin istismara verilməsi və tənzimlənməsi, habelə digər sahələr üzrə mütəxəssislər, eləcə də yardımçı xidmətlər ilə təminatı həyata keçiriləcək.

ACE layihəsi “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunun işlənməsinin hazırkı mərhələsidir. Layihə çərçivəsində yeni dəniz özülünün tikintisi və quraşdırılması, gündəlik 100 min barelədək neft hasil olunması nəzərdə tutulur. Hazırda tikinti işləri davam edir. İlk neftin hasilatı 2023-cü ildə gözlənilir.

“SOCAR-Petrofac” ACE özülünün Bayıl istehsalat sahəsində SOCAR-ın “Azfen” şirkəti tərəfindən tikilməkdə olan üst modulunun təhvil verilməsi üçün mütəxəssislər təyin edəcək. Platformanın üst hissəsi quruda istismara təhvil verildikdən sonra dənizə yola salınacaq və özülün dayaq bloku üzərində yerləşdiriləcək. “SOCAR-Petrofac”ın əməkdaşları tərəfindən həyata keçiriləcək işlər əsasən mexaniki və elektrik quraşdırma, avadanlıqların yerləşdirilməsi və telekommunikasiya xidmətlərini əhatə edir.

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov deyib: “Azəri-Çıraq-Dərinsulu Günəşli” yataqlar bloku Azərbaycanın neft sənayesinin ən gəlirli aktividir. AÇG üzrə müqavilə 2050-ci ilə qədər uzadılandan sonra, burada hasilatın dayanıqlılığını təmin etmək üçün yeni müasir tipli ACE dəniz özülünün tikintisinə başlanılıb. Ölkəmiz üçün olduqca əhəmiyyətli olan bu layihədə “Petrofac” şirkəti ilə birgə müəssisəmiz də xidmət göstərərək öz töhfəsini verəcək. Bu gün SOCAR-ın törəmə şirkətləri və birgə müəssisələri Azərbaycanda nəhəng neft-qaz layihələri həyata keçirən əməliyyatçılara yüksək səviyyədə xidmətlər göstərir. Məhz bunun nəticəsidir ki, Azərbaycanda neft-qaz özüllərinin, boru kəmərlərinin, zavodların, müxtəlif təyinatlı qurğu və gəmilərin tikintisi və quraşdırılması əsasən yerli mütəxəssislər tərəfindən icra olunur. Nəticədə, Azərbaycan vətəndaşları üçün yeni iş yerləri yaranır, onların rifah halı təmin olunur”.

“Petrofac” şirkətinin təlim xidmətləri bölməsinin qlobal rəhbəri Petti Eyd belə şərh verib: “İndi bağladığımız saziş Azərbaycanda həyata keçirilmiş fəaliyyətimizin uğurlarına əsaslanır. “SOCAR-Petrofac” birgə müəssisəsi BP-nin Xəzər dənizindəki əməliyyatlarını daha geniş miqyasda dəstəkləmək üçün böyük imkanlara malikdir. Bu layihə çoxlu sayda iş yerlərinin yaradılmasına yol açır. Saziş müddətində 200-dək mütəxəssisin işə cəlb olunması, obyektlərin təhlükəsiz və uğurla istismara verilməsi üçün tələb olunan bütün yardımçı xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur”.

“SOCAR-Petrofac” birgə müəssisəsi 2017-ci il dekabrın 5-də SOCAR və “Petrofac” şirkətləri tərəfindən ölkənin neft-qaz, neft-kimya sahələrində təlim və tədris istiqamətində kommersiya imkanlarından daha səmərəli yararlanmaq məqsədi ilə yaradılıb. Müqaviləyə əsasən, birgə müəssisədə SOCAR-ın səhm payı 51 faiz, “Petrofac” şirkətinin payı 49 faiz müəyyən edilib. Birgə müəssisənin yaradılmasında təsisçi şirkətlər öz imkanlarından istifadə edərək neftçilərin bilik və bacarıqlarının inkişafına dəstək vermək məqsədi daşıyırlar. Birgə müəssisə Azərbaycanın enerji sektorunda və digər ölkələrdə həyata keçirilən enerji layihələrinə dəstək verir, bu layihələrdə çalışan işçilər üçün daha mükəmməl və müasir proqramlar əsasında təlim-tədris xidmətləri təqdim edir.

Qeyd edək ki, “Petrofac” enerji sənayesinə xidmət göstərən beynəlxalq provayderdir. Onun şaxələnmiş müştəri portfelinə dünyanın aparıcı neft və qaz şirkətləri daxildir. “Petrofac” neft, qaz, emal, neft-kimya, bərpa olunan enerji infrastrukturunun layihələndirilməsi və tikintisini, fəaliyyətini, istismar və idarə olunmasını həyata keçirir. Şirkətin məqsədi müştərilərini dünyanın artan enerji tələbatının ödənilməsində dəstəkləməkdir. Şirkətin 6 dəyəri - təhlükəsiz, etik, innovativ, çevik, keyfiyyətli və qənaətcil çatdırma - onun fəaliyyətinin əsasını təşkil edir.

“Petrofac”ın əsas bazarları Yaxın Şərq və Şimali Afrika regionu, Böyük Britaniya və Şimal dənizidir. Şirkət bu regionlarda effektiv xərclərə və ölkədaxili dəyərləri əsas tutan yerli çatdırma modelinə əsaslanan təhlükəsiz, etibarlı və innovativ fəaliyyət qurmuşdur. Şirkət Hindistan, Cənub-Şərqi Asiya və ABŞ daxil olmaqla digər mühüm bazarlarda da fəaliyyət göstərir. “Petrofac”ın dünya üzrə 31 ofisi və 10 min 700 əməkdaşı var.