”Anlamaza yumruq düyünlə söz qandır” deyən babalarımız yəqin elə nankor erməniləri nəzərdə tutaraq bu zərb-məsəli yaradıblar. “Zərb” sözünün mənası da elə vurma, vuruş, zərbədir. Yumruq zərbəsi güclü olsun deyə bir əlin beş barmağının sıx birləşməsi vacibdir. Əks -təqdirdə zərbənin təsir gücü olmaz...
Uşaq çağlarımızda bir ovcun içində beş barmağın beş qardaş kimi birliyi haqqında çoxlu nağıllar oxumuşuq, hətta barmaqlarımıza adlar qoyub uşaq oyunları da oynamışıq. Dərk etmişik ki, cəmiyyətin də güclü olmaq amili onun yumruq kimi birliyindən başlayır.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2019-cu ilin oktyabrında Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi" bəyanatı da xalqımızın güc və həmrəyliyinin rəmzi olan “Dəmir yumruq”un gerçək və real bir həqiqətə çevrilməsinin başlanğıc nöqtəsi oldu.
...“Dəmir Yumruq” əməliyyatı ilə Azərbaycan 44 günlük Vətən müharibəsində düşmənin 30 ilə yaxın işğal altında saxladığı və xarabazara çevirdiyi yurd yerlərimizin azad edilməsinə nail oldu. Hərbi yolla, döyüşərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdi. Dünya Ermənistanın qarşısında yenilməz, müasir və çevik Azərbaycan Ordusunun nəyə qadir olduğunu gördü. İllər boyu özünün deyil, yalnız himayədarlarının köməyinə arxalanan erməni hərbi -siyasi rəhbərliyi ağır məğlubiyyətə düçar oldu.
Danışıqların 30 ilə qədər uzanması xalqımızın səbir kasasını daşırmışdı. “Dəmir yumruq” Vətən dərdinə son qoydu.
Azərbaycan öz Silahlı Qüvvələrinin gücü ilə ölü doğulmuş körpəni xatırladan Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsinin icrasına nail oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ”Azərbaycan respublikası BMT-nin Ermənistanın işğal edilmiş torpaqların azad edilməsi haqqında qərarını yerinə yetirdi.”
Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Vətən müharibəsi günləri iki cəbhədə öz yumruğunu bayraq kimi yuxarı qaldıraraq həm döyüş meydanında, həm mediada qələbə qazandı. "Hər kəs bizim gücümüzü gördü, hər kəs bizim dəmir yumruğumuz nədir, anladı.”
Müharibə günlərində dünya birliyi Azərbaycan xalqının iradəsinin, ordumuzun sarsılmaz qüdrətinin, dövlət başçımızın müdrikliyinin və uzaqgörənliyinin şahidi oldu. Biz həm döyuş, həm də siyasət meydanında sübut etdik ki, Qarabağ Azərbaycan torpağıdır.
Zəfər günü yumruq kimi düyünlənən qədim qalalarımız da məğrurcasına 30 il ərzində əyilmiş qamətini dikəltdi.
Ali Baş Komandan dəmir yumruğunun gücünü və hikmətini xalqa belə açıqladı: "Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq!”
“Dəmir Yumruq” həm də 20 ildən artıq bir müddətdə davam etdirilən güclü iqtisadi siyasətlə şərtlənən hərbi və diplomatik üstünlüyün nəticəsidir. Müharibədə qalib gəlmiş ordu həm də sülhün təminatçısı rolunu oynayır. Bu gün Azərbaycan xalqının dəmir yumruq kimi bir olmasının nəticəsidir ki, Azərbaycanın dövlət başçısı “Dəmir yumruq” fəsəfəsini dəmir məntiqlə daha qüdrətli Azərbaycan uğrunda diplomatik müstəvidə mübarizəsini əzmlə davam etdirir.
Qoy bundan sonrakı hər günümüz, ay-ilimiz uğur üstə uğur, qələbə üstə qələbə, sevinc üstə sevinc gətirsin!
Şəhidlərimizə ehtiramımız, dövlətimizə inamımız sonsuzdur!
Nurəddin Muğanlı, “İki sahil”