07 iyul 2021 21:37
1853

Ermənilər Qarabağın flora və faunasında da soyqırımı törədirlər

İşğalçı ölkə Azərbaycan xalqına qarşı silahlı terrorunu sonradan ekoloji terrorla davam etdirdi

İşğalçı Ermənistan uzun illərdir ki, Azərbaycana qarşı ekoloji terror siyasəti həyata keçirib. Xüsusilə bu terror həm İkinci Vətən müharibəsindən əvvəl işğal altında saxladığı Qarabağ torpaqlarında, həm də transsərhəd çaylarımızda  baş verib. İşğalçının savaş meydanında aldığı zərbələrdən sonra, onun törətdiyi ekoloji terrora görə də cəza alacağı şübhəsizdir.

Düzdür, bu kimi terrora görə hələ də xarici dövlətlərdən və beynəlxalq təşkilatlardan  Ermənistana qarşı sərt təpki yoxdur. Xüsusilə, aydın olur ki, terrorçu dövlətin bu cinayətdə şərikləri də var. Belə ki,  Almaniyanın  CRONIMET Holding GmbH şirkəti Zəngilan rayonu ərazisindən keçən Oxçuçayın çirkləndirilməsi, çay hövzəsinin flora və faunasının məhv edilməsi işində Ermənistanla işbirliyində olub. Onların dağ-mədən şirkətlərinin cinayətkar fəaliyyəti Oxçuçayda fəlakətli vəziyyət yaradıb. Bununla bağlı ölkəmiz Almaniyanın rəsmi dairələrinə xəbərdarlıq da edib. Lakin özünü təbiət dostu, demokratiya məbədi elan etmiş bu Avropa ölkəsi hələ də susqunluğu ilə sanki Ermənistana dəstək verir.

Bəli, son 30 ildə Ermənistanın Azərbaycan xalqına qarşı silahlı terroru sonradan ekoloji terrorla davam etdi. Xüsusilə 1989-cu ildə ermənilər Şuşa ətrafındakı məşhur Topxana meşəsini kütləvi şəkildə qıranda xalqımız ayağa qalxaraq bu terrora «dur» dedi. Lakin onları himayə edən ölkələrin güclü silah və əsgəri dəstəyi ilə ölkəmizin 20 faizi işğal edildi. Məhz əsl ekoloji terror da o vaxtdan başladı.

Azərbaycanın füsunkar və dilbər guşəsi, dünyada çox nadir və təkrarolunmaz iqlimə, bitki örtüyünə və heyvanlar aləminə malik olan Qarabağ torpaqları uzun illər düşmən tapdağı altında qaldı. Nəhayət, İkinci  Qarabağ müharibəsi zamanı bu torpaqlar işğaldan azad olundu. Vətən müharibəsi nəticəsində, eyni zamanda, yalnız Azərbaycan üçün endemik olan, dünyanın heç bir yerində təbii halda rast gəlinməyən bir çox bitki növləri ilə yanaşı, heyvan növləri də düşmən əsarətindən qurtarıldı. Qarabağ ərazisində bir çox bitki növləri, o cümlədən Hirkan şümşadı, Qafqaz xədicəgülü, gözəl təkəsaqqal, ayı fındığı, adi şabalıd, Şərq çinarı, sağsağan gülxətmisi, təkdənli buğda, Qarabağ dağlaləsi və s. yayılmışdır. Azərbaycanın Şuşa, Laçın, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları dərman bitkilərinin vətəni hesab olunur. Bu ərazilərdə kəklikotu, qantəpər, qırxbuğum, andız, itburnu, əvəlik, erkək qıjı, qatırquyruğu, boymadərən və s. dərman bitkilərinə rast gəlinir. Müalicə məqsədilə dərman bitkilərinin yarpağından, kök və kökümsovlarından, tumurcuğundan, ağac və kolların qabıqlarından istifadə olunur.

Qarabağ və ətraf ərazilərdə yayılan dərman bitkiləri çox ciddi müalicəvi əhəmiyyətə malik idi

Qeyd edək ki,  Qarabağ və ətraf ərazilərdə yayılan dərman bitkiləri çox ciddi müalicəvi əhəmiyyətə malik idi. Belə ki, atəvəliyi  kökünün həlimindən mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Əvəlik aşı ishalın qarşısını almaqla yanaşı, mədənin həzmetmə prosesini yaxşılaşdırır və iştahanı artırır. Atəvəliyinin tərkibində üzvi turşular, C, B1 və A vitaminləri, kalsium, dəmir duzları və başqa maddələr də vardır. Qış qırxbuğumunun yerüstü hissəsindən iltihab əleyhinə, böyrək xəstəliklərinin müalicəsində və qankəsici kimi istifadə olunur. Çöl qatırquyruğu böyrək xəstəliklərinin müalicəsində, iltihab əleyhinə və qankəsici kimi istifadə olunur.

Ermənistanın işğalına qədər Qarabağ heyvanlar aləminin müxtəlifliyi ilə də seçilirdi. Bu ərazilərdə məskunlaşmış fauna növləri sırasında quru onurğalıları xüsusilə üstünlük təşkil edirdi. Burada canavar, çaqqal, çöldonuzu, porsuq, bezoar keçisi, kirpi, cüyür, bəbir, Qafqaz meşəpişiyi, vaşaq, qonur ayı, dovşan və müxtəlif gəmiricilər; toğlugötürən, kərkəs, bildirçin, alabaxta, göyərçin, kəklik, turac kimi quşlar, onurğasızlardan ən geniş yayılan və zəngin növ tərkibinə malik həşəratlar yaşayırdı.

Erməni işğalçıları Ağdam, Füzuli, Cəbrayıl, Tərtər və Xocavənd rayonlarının ərazilərini düşünülmüş şəkildə od vuraraq yandırmışlar. Qəsdən törədilmiş yanğınlar nəticəsində meşə sahələri yanaraq məhv olmuş, torpağın üst münbit qatı yararsız hala düşmüş, ətraf mühitə və canlı təbiətə çox ciddi ziyan dəymişdir. Şuşa meşələrinin yandırılması zamanı ağ fosforlu top mərmilərindən istifadə edilmişdir. Bu silahlardan istifadə insan sağlamlığı üçün də təhlükəlidir. Dəri vasitəsilə sorulan fosfor insan bədənində uzun müddət qala bilir, bir sıra daxili orqanları zədələyir, yaxud ölümlə nəticələnir.

 Bu ərazilərdən keçən təbii su mənbələrimiz Oxçuçay və Ağstafaçay, Bərgüşad çayı, Həkəriçay və digər çaylar Ermənistan tərəfindən ən ağır formada çirkləndirilmiş və nəticədə bu çayların canlı aləmi, demək olar ki, məhv olmuşdur. Bərgüşad çayı Ermənistan ərazisində yerləşən iri yaşayış məntəqələrinin sənaye və məişət-çirkab suları ilə çirklənmiş və çayın zəngin balıq növləri ermənilər tərəfindən talan olunmuş, kimyəvi maddələrlə kütləvi şəkildə qırılmışdır.

«Qırmızı kitab»a düşən bir çox bitki və heyvan növünün kökü kəsilib

Qarabağ, eyni zamanda, «Qırmızı kitaba» düşmüş nadir və nəsli kəsilmək təhlükəsi olan bitki və heyvanların vətənidir. Qafqaz xədicəgülü, gözəl təkəsaqqal, adi şabalıd, Qarabağ dağlaləsi, sağsağan gülxətmisi və s. bitki, Qafqaz tetrası, çöl qartalı, berkut, qara leylək, məzar qartalı və s. heyvan növləri «Qırmızı kitab»a düşmüş növlərdir. Qara leylək Qafqaz tetrası Məzar qartalı 2013-cü ildə Azərbaycan Respublikasının «Qırmızı kitabı»nın 2-ci nəşri hazırlanmış, lakin Qarabağın işğal altında olan əraziləri, o cümlədən Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər və s. ərazilərdə yayılan bitkilər barədə heç bir yeni məlumatlar əldə etmək mümkün olmamışdır.

İşğal altında olan meşələrdə (Laçın, Kəlbəcər, Ağdərə rayonlarında) qiymətli fıstıq, cökə, vələs, palıd ağacları qırılaraq yandırılmış və meşələrimiz məhv edilmişdir. Bu ərazilərdəki qoruqlar antropogen amillərin mənfi təsirinə məruz qalaraq talan edilmişdir.

Torpaqlarımızın işğaldan azad olması nəticəsində Qarabağ və ətraf rayonların canlılar aləmi mənfur düşmənin ekoloji terrorundan qurtulmuşdur. İndi Azərbaycan dövləti Qarabağda ekoloji mühitin sağlamlaşdırılmasını prioritet məsələ hesab edir. İnanırıq ki, yaxın gələcəkdə bu ərazilərin flora və faunasını əvvəlki  mənzərəsinə qaytara biləcəyik.

Elçin Zaman, «İki sahil»