Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva
Şərqlə Qərbin ortaq dəyərlər modeli sayılan Azərbaycan dünyanın siyasi, iqtisadi və mədəniyyətlərarası dialoq mərkəzlərindən biridir. Tolerant və mehriban birgəyaşama mədəniyyəti baxımından, artıq dünya üçün bir örnəkdir. Eyni zamanda, bu və ya digər ümumbəşəri dəyərləri ölkəmizin adına həkk edən, onun mövqeyini dünyaya bəyan edən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da fasiləsiz və qətiyyətli fəaliyyətini nəzərə çatdırmalıyıq. Bu gün mübaliğəsiz deyə bilərik ki, dünyanın eşidilən səsində Azərbaycan adının vurğulanmasında Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi və mənəvi rifahının yaxşılaşması naminə ardıcıl fəaliyyəti, eləcə də, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi istiqamətində gördüyü işlər Azərbaycanın beynəlxalq arenada tanınmasına, xalqımız haqqında obyektiv ictimai rəyin formalaşmasına təkan verib. Mehriban xanımın bu genişmiqyaslı layihələri təkcə Azərbaycanda deyil, dünya miqyasında da yüksək qiymətləndirilir. Birinci xanım yaşından, milliyyətindən və dini etiqadından asılı olmayaraq, milyonlarla insanın ürəyini fəth edib. Belə ki, ətrafındakılara humanist münasibəti, ehtiyacı olan insanlara qayğısı, onların dərdinə şərik çıxması Mehriban xanımı xeyirxahlığın və ümidin mücəssəməsinə çevirib.
Mehriban Əliyeva 26 avqust 1964-cü ildə Bakı şəhərində elm, təhsil və mədəniyyət dəyərlərinə xüsusi önəm verən bir ziyalı ailəsində anadan olmuşdur. Uşaqlıqdan aldığı yüksək mənəvi tərbiyə və zəngin intellektual mühit onun gələcək fəaliyyətinin bünövrəsini formalaşdırmışdır. Orta təhsilini Bakı şəhərində tamamladıqdan sonra Moskva Dövlət Tibb Universitetində ali təhsil almış, oftalmologiya ixtisası üzrə elmi fəaliyyət göstərmişdir. Təhsil illərindən başlayaraq humanist ideyalar, insana sevgi və yardımlaşma dəyərləri onun həyat prinsipinə çevrilmişdir. 2004-cü ildən Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban Əliyeva, Azərbaycanın sosial və mədəni inkişafında yeni bir mərhələ açdı. Fondun fəaliyyəti çərçivəsində ölkənin bütün bölgələrində yüzlərlə məktəb, uşaq bağçası, xəstəxana və mədəniyyət ocaqları inşa edilmiş və yenidən qurulmuşdur. Fondun həyata keçirdiyi “Yeniləşən Azərbaycana Yeni Məktəb”, “Diabetli uşaqlara qayğı”, “Talassemiyasız həyat naminə” kimi proqramlar minlərlə insana yeni həyat, yeni ümid bəxş etmişdir. Mehriban xanımın təşəbbüsü ilə Fondun beynəlxalq layihələri də Azərbaycanı dünyada humanizm mərkəzi kimi tanıtmışdır. Pakistan, Gürcüstan, Misir, Rusiya və digər ölkələrdə məktəblərin, xəstəxanaların inşası, qədim abidələrin bərpası onun qlobal humanist missiyasının bariz nümunəsidir.
Mehriban Əliyevanın fəaliyyəti sayəsində Azərbaycan bu gün beynəlxalq səviyyədə mədəniyyətlərarası körpü kimi tanınır. Parisdə, Romada, Berlində, Moskvada, Vatikanda və dünyanın onlarla şəhərində Azərbaycan Mədəniyyət Günləri, sərgilər, musiqi festivalları, elmi konfranslar təşkil edilmişdir. Azərbaycan muğamının dünyada təbliği üçün keçirilən Muğam Mərkəzinin yaradılması, Muğam müsabiqələri və beynəlxalq festivallar milli irsimizin qorunmasına və gələcək nəsillərə ötürülməsinə mühüm töhfədir. Mehriban Əliyeva 2005-ci ildə Milli Məclisə deputat seçilmiş, uzun illər ərzində ölkənin mədəniyyət, sosial və humanitar sahələrində mühüm qanunvericilik təşəbbüslərinə imza atmışdır. 2017-ci ilin fevralında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edildikdən sonra, ölkədə sosial rifah, səhiyyə, təhsil və mədəniyyət sahələrində yeni islahatların aparılmasına rəhbərlik edir. Onun təşəbbüsləri ilə həyata keçirilən sosial layihələr yüz minlərlə insanın həyatına müsbət təsir göstərmişdir.
Mehriban xanımın ictimai-siyasi fəaliyyəti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi ümummilli siyasətin ayrılmaz hissəsidir. Mehriban xanım Prezident İlham Əliyevin ən yaxın və etibarlı silahdaşı olaraq Azərbaycanın tərəqqi sütunlarının daha da möhkəmlənməsində tükənməz əmək sərf edən nümunəvi şəxsiyyətdir. Mehriban Əliyeva Müzəffər Ali Baş Komandanla birgə işğaldan azad edilmiş torpaqlarımızda aparılan sürətli bərpa və quruculuq işlərində yaxından iştirak edərək tarixi ərazilərimizin dirçəldilməsində, mədəniyyət paytaxtımız olan Şuşanın öz zəngin tarixi simasının özünə qaytarılmasında yorulmaz fədakarlığını əsirgəmir. Azərbaycanın Birinci vitse-prezidenti həm də cəmiyyətdə xeyirxahlıq, insanpərvərlik örnəyidir. Aztəminatlı ailələrə, Qarabağ qazilərinə, şəhid ailələrinə və həssas sosial qruplara xüsusi diqqət və qayğı göstərməklə onların sosial dayağına çevrilib. Heydər Əliyev Fondu bu kateqoriyadan olan insanların qayğıları ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli istiqamətində mütəmadi tədbirlər həyata keçirir. Döyüşlərdə yaralanan hərbçilərimiz müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib, həmçinin sağlamlıqlarını itirmiş bir qrup əsgər və zabit yüksək texnologiyalı protezlərlə təmin edilib.
Heydər Əliyev Fondu Qarabağ ərazisində ermənilər tərəfindən dağıdılan, Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihəni uğurla davam etdirir. XVIII əsrə dair Şuşa qalasının divarları, Pənahəli xanın sarayı, kitabxanası, İbrahimxəlil xanın bürcü və qəsri, Xan sarayı və karvansarayı, M.P.Vaqifin mədrəsəsi və türbəsi, Gövhər ağa, Saatlı, Köçərli məscidləri, Xurşidbanu Natəvanın evi və bulağı, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Bəhmən Mirzənin, Xan Şuşinskinin, Sadıqcanın, Y.V.Çəmənzəminlinin, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri, digər tikililər bərpa edilir, restavrasiya işləri aparılır. Şəhərdə infrastruktur layihələri ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpası da sürətlə həyata keçirilir. Yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması, 32 ildən sonra Şuşada, Cıdır düzündə Fond tərəfindən təşkil olunan “Xarıbülbül” musiqi festivalı, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notlarından ibarət “Əbədi imzalar” toplusunun, “Qarabağın mədəni irsi” adlı nəşrlər toplusunun hazırlanması Azərbaycan xalqının mənəvi, tarixi, mədəni irsinin təşviqi və qorunması işinə dəyərli töhfələrdir.
Genişmiqyaslı nəcib əməllərinə görə Azərbaycanın birinci xanımı müxtəlif beynəlxalq mükafatlara, fəxri adlara, təltiflərə, orden və medallara layiq görülmüşdür. "Heydər Əliyev" ordeni (Azərbaycan Respublikası), "Şərəf Legionu" ordeni (Fransa Respublikası), "Dostluq" ordeni (Rusiya Federasiyası), "Hilal-e Pakistan" ordeni (Pakistan İslam Respublikası), "Sreten" ordeni (Serbiya Respublikası), "Macarıstanın Xidmətlərə görə Komandor Xaçı" ordeni, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin "Xüsusi xidmətlərə görə" medalı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalı, Heydər Əliyev Mükafatı, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin "Qızıl ürək" beynəlxalq mükafatı, Beynəlxalq Olimpiya Akademiyasının "Olympic Excellence" xüsusi fəxri mükafatları xeyirxahlıq və ümid mücəssəməsi Mehriban xanım Əliyevanın ömür yolunun dəyərli anlarını əks etdirir. Mehriban xanım Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktorudur. Mehriban Əliyeva minlərlə insana sağlamlığı, ümidi, həyat eşqini qaytarıb. Bu, ən ali missiya və xeyirxahlıq, həm də bənzərsiz bir ömrün uğur səhifələridir.
Sevinc Azadi, “İki sahil”